Anar Məmmədlinin həbsində siyasi motivlərin olması ilə bağlı ATƏT-in qanununa düzəliş edildi
ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində daha bir dəyişiklik qəbul edilib.
Təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında
norveçli nümayəndə iclasda Anar Məmmədlinin həbsində siyasi motivlərin olması ilə bağlı ATƏT-in qanununa 44-cü düzəlişin edilməsini təklif edib.
O, bildirib ki, Anar Məmmədli Azərbaycanda seçki monitorinq mərkəzinin sədri olub: “Anar Məmmədli saxtakarlıqla bağlı həbs edilib. Onun əleyhinə verilən məhkəmə qərarı ATƏT-in qanunları ilə ziddiyyət təşkil edir”.
Ancaq Azərbaycan nümayəndəsi Rəbiyyət Aslanova təklifi qəbul etməyib. Xanım Aslanova bildirib ki, Məmmədlinin əməlində cinayət tərkibi varsa, o, niyə həbs edilməsin? “O, siyasi səbəbdən həbs edilməyib: “Bu təklif Azərbaycanın əleyhinədir” – deyə deputat bildirib.
Rəbiyyət Aslanova hesab edib ki, təklif müəllifi Azərbaycan haqqında məlumatlara malik deyil: “Anar Məmmədlinin işinə obyektiv qiymət vermək üçün bu işi dəqiq öyrənmək lazımdır. Bu təklifi verən norveçli nümayəndəyə müxtəlif qruplardan məlumatlar ötürülüb. Azərbaycan huqüq müdafiəçisi ilə bağlı dialoqa hazırdır. Bu məsələdə hər hansı siyasi motiv yoxdur”.
Nəticədə dəyişiklik 30 lehinə, 14 əleyhinə səs toplayaraq qəbul edilib.
Daha sonra “Helsinki+40: “Hər bir insanın təhlükəsizliyi layihəsinə” 45-ci düzəlişlə bağlı müzakirələr aparılıb. Bu, ATƏT-in ofisinin Bakıda açılması və mandatının yenilənməsi ilə bağlıdır. İsveçrə nümayəndə heyəti Habsburg Duqlas çıxış edərək Azərbaycanda ATƏT-in ofisinin açılmasının və mandatının yenilənməsinin gərəkdiyini vurğulayıb.
Yenə də Rəbiyyət Aslanova bu təklifi dəstəkləmədiyini bildirib. R.Aslanova deyib ki, təklifin müəllifi ATƏT-Azərbaycan əlaqələrinə kölgə salır: “Bu baradə mən həmin təklifin müəllifləri ilə dialoq aparmağa hazıram. Bu təklifin Azərbaycanın xarici siyasətinə heç bir dəxli yoxdur. Biz həmin təklifin əleyhinəyik. 45-nömrəli şifahi düzəliş qəbul edilir”.
Amma səsvermə dəyişikliyin qəbulu ilə bitib.
R.Aslanova isə səsverməyə etiraz etdiyini və onun etirazının qəbul edilmədiyini vurğulayıb: “İlk növbədə, demək istəyirəm ki, mənim etirazımı görməzliyə vurdunuz. Sizin iclası aparmağınıza mən öz etirazımı bildirirəm”.
Sonda isə ATƏT-PA-nın Layihə qətanaməsi ilə bağlı səsvermə qəbul edilib.