Müxalifət İlham Əliyevin çıxışına reaksiya verdi

İsa Qəmbər: “İlham Əliyevin həvəsi varsa, öz polisi ilə birlikdə rəqəmləri daha dəqiq saysın”

Həsən Kərimov: “İlham Əliyev 92-93-cü illərdə Bakıda deyildi”

Source:


İsa Qəmbər: “İlham Əliyevin həvəsi varsa, öz polisi ilə birlikdə rəqəmləri daha dəqiq saysın”


Həsən Kərimov: “İlham Əliyev 92-93-cü illərdə Bakıda deyildi”

Prezident İlham Əliyevin iyunun 24-də Avropa Şurası Parlament Assambleyasındakı çıxışında yaddaqalan məqamlardan biri də müxalifətlə bağlı səsləndirdiyi fikirlər oldu.  AŞPA zalında prezidentin  çıxışına etiraz edən azərbaycanlı gəncləri nəzərdə tutaraq, “İndiki müxalifət 90-cı illərdə ölkədə xaos yaradanlardır. Baxın, bu zalda etiraz edənlər də o dövrü xatırlamırlar” –  söyləyən dövlət başçısı həmçinin,  müxalifətin sonuncu mitinqinə 840 nəfərin gəldiyini vurğuladı.

Meydan TV həmin dövrdə hakimiyyətdə olan partiya rəhbərlərinin prezidentin çıxışına münasibətini öyrənib.

Müsavat Partiyasının başqanı,  AXC-Müsavat hakimiyyəti dövründə  Milli Məclisin sədri olmuş  İsa Qəmbər hesab edir ki,  o zamankı iqtidar xalqın iradəsinə uyğun faəliyyət göstərib:

“Azərbaycanın son yüz illik tarixində 3 il var ki, bu illər xüsusilə fərqlənib. Birincisi, 1918-20-ci illər Müsavat hakimiyyəti deyilən Azərbaycan Cümhuriyyəti dövrü, ikincisi də 1992-93-cü il Ellçibəy hakimiyyəti deyilən dövr. Bu iki dövrdə Azərbaycan həqiqətən müstəqil bir dövlət kimi mövcud olub. Həqiqətən də xalqın iradəsi ilə, xalqın marağına  uyğun  fəaliyyət göstərib. Əminəm ki, 1992-93-cü illər haqqında böyük elmi araşdırmalar yazılmalıdır. Kitablar hazırlanıb ortaya qoyulmalıdır. Və həmin bir il ərzində xalq naminə edilən addımlar son 20 ildə Heydər Əliyev rejimi tərəfindən təkrarlanmayıb. Mən bütün bu uğurları təkrarlamaq istəmirəm. Amma bir xatırlatma edim. 1993-cü ilin yazında Avropa Bankının postsovet ölkələri arasında apardığı araşdırmanın hesabatı var idi. Həmin hesabatda qeyd olunurdu ki, postsovet ölkələri arasında ən çox iqtisadi islahatlar aparan, bu sahədə  ən çox inkişafa nail olan ölkə Azərbaycandır. Əliyevlər istər Heydər Əliyevin dövründə, istərsə də İlham Əliyevin dövründə bizim hakimiyyətin etdiyinin heç yüzdə birini etməyib. Edə də bilməz. Çünki bizim hakimiyyət xalqa xidmət edirdi, bu hakimiyyət isə bir ailəyə – öz ailəsinə xidmət edir. Buna görə də 1992-93-cü illərlə bağlı yalanlara son qoyulmalıdır. Əlbəttə, mürəkkəb dövr idi. Real, gərçək bir müharibə gedirdi və müstəmləkədən yeni ayrılmışdıq. Çətinliklər çox idi, amma işıqlı bir dövr idi.  Necə ki, 1920-ci ildə Rusiya Azərbaycanı  yenidən işğal etməsə idi, Azərbaycan bu 100 ildə çox yüksək səviyyədə inkişaf etmiş olacaqdı, eləcə də 1993-cü ildə iyun qiyamı olmasaydı, Elçibəy hakimiyyətini Əliyev  rejimi əvəz etməsəydi,  Azərbaycan bu gün Avropa  xalqları ailəsində özünün layiqli yerini tutacaqdı”.

İ. Əliyevin müxalifətin mitinq iştirakçılarının sayı ilə  bağlı səsləndirdiyi fikrə isə Müsavat başqanı belə şərh verib: “ Əvvəla, bu, çox səviyyəsiz yanaşma idi. Dövlət başçısının belə bir səviyyəsiz yanaşması olmamalı idi.  İlham Əliyevin həvəsi varsa, öz polisi ilə birlikdə rəqəmləri daha dəqiq saysın. Çünki polis başqa, Əliyev başqa rəqəm deyir. Amma elə həmin o AŞPA-nın iclasında 5-6 gəncin aksiyası bütün dünyaya səs saldı.  Çünki o 5-6 nəfər gəncin mövqeyi  Azərbaycan demokratik ictimayyətinin, əslinə qalsa, Azərbaycan xalqının mövqeyi  idi. Ona görə də aksiya iştirakçılarının sayı həlledici amil kimi təqdim edilə bilməz”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Həsən Kərimov da hesab edir ki, İlham Əliyev o illər haqda fikir yürüdə bilməz:

“Mənə elə gəlir ki, 1992-93-cü illər Azərbaycan ictiami-siyasi həyatında ən şərəfli illərdən biridir. Yeni müstəqilliyini qazanmış Azərbaycanda Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy və onun komandası  hakimiyyətə gəldi. Həmin dövrdə həmin komanda Qarabağ uğrunda savaş aparırdı. 1992-93-cü illəri faciəli adlandıran İlham Əliyev isə həmin dövrdə Azərbaycan sərhədlərinə belə yaxın gələ bilmir, Moskvada fərariliklə məşğul idi. O dövrün faciəli olduğunu  iddia etmək İlham Əliyevə heç də başucalığı gətirməz. İ.Əliyev həmin dövrdə olanları bilə də bilməz. Çünki o dövrdə o, Azərbayacanda deyildi və Azərbaycan haqqında heç bir  təsəvvürü yox idi.  Həmin dövrdə Azərbaycanda söz azadlığı, sərbəst toplaşmaq azadlığı var idi. İlham Əliyev hakimiyyətə gələndən sonra isə bütün bunlara son verilib və  Azərbaycan siyasi məhbuslar meydanına çevrilib. Mənə elə gəlir ki, AŞPA-da bunları inkar etmək, prezident olan bir şəxsə başucalığı gətirməz”.

“Mitinqdəki insanların sayına gəlincə, prezidentdən bu fikri eşitməyimə təəccübləndim. Bilmirəm İlham Əliyev mitinqdəki adamları sayırdımı?  Sərbəst toplaşmaq azadlığını boğmaq, bütün meydanı polis əhatəsində saxlamaq, mitinqə gələn insanlara təzyiq göstərmək neçə illərdir ki, İlham Əliyevin hakimiyyətinin əsasını təşkil edir. Məncə, kifayət qədər narazı qüvvələr meydana çıxmışdı. İlham Əliyev həqiqətən də müxalifətin mitinqində dəstək olmamasını göstərmək istəyirsə, buyursun, YAP da mitinq eləsin, müxalifət də. Onda görərik ki, kimin nə qədər dəstəkçisi var”.

Ana səhifəXəbərlərMüxalifət İlham Əliyevin çıxışına reaksiya verdi