Satınalmalarda Dibirovlar izi…

Dörd ildə tenderlərdə 788 min manatdan çox vəsait udan sülalənin bir ucu Dövlət Satınalmalar Agentliyinə, digər ucu isə “Pasha Construction”a çıxır

Source:


Dörd ildə tenderlərdə 788 min manatdan çox vəsait udan sülalənin bir ucu Dövlət Satınalmalar Agentliyinə, digər ucu isə “Pasha Construction”a çıxır


I


yazı

…Parkın kənarında yaşlı çinar ağacı vardı. Diqqəti cəlb edən isə ağacın budaqları, yarpaqları arasına dürtülən torbalardı. Çayxanaya yığışan işsiz insanlar ola biləcək adi işlər üçün hər gün bura tolaşırlar. Söhbət Balakən rayonunda yerləşən Fəhlə parkından gedir.

Balakən turizm imkanları böyük olan rayonlardan biridir. Ancaq sakinləri çörəkpulu ardınca əsasən Rusiyaya üz tutur. Rusiyaya gedə bilməyənlər isə günəmuzd iş üçün Fəhlə parkına toplanır.

Onlardan biri – İlqar Ağcayev 1994-cü ildən işsizdir. İxtisasca qaynaqçıdır. Ailə üzvlərinin sayı 4 nəfərdən ibarətdir və ailəsini günəmuzd fəhləliklə saxlayır: “Bu il vəziyyət daha pisdir. Fəhləlik də yoxdur. Parka çıxdığım gün iş verən olduqda bir günə 10-15 manat pulum olur. Qalan vaxtlar isə bekarçılıqdı”.


Balakənlilərin heç də hamısı işsiz olmur

Elə ailə, hətta nəsil var ki, hər il dövlət satınalmaları müsabiqəsində tender qalibi olur. Belə ki, 2013-cü ildə Balakən rayonundan elan olunmuş müsabiqədə Dibirovlar soyadı diqqəti cəlb edir. Araşdırmanı bir qədər dərinləşdirdikdə isə Dibirovların nəinki 2013-cü il, eləcə də 2011, 2012, hətta 2014-cü ildə keçirilən müsabiqələrin qalibi olduğu üzə çıxdı. Bəs kimdir Dibirovlar?

İl etibarilə öncədən başlasaq, Hacı Müslüm oğlu Dibirov, Yusif Müslüm oğlü Dibirov, Kərimət Müslüm oğlu Dibirov, Cavad Müslüm oğlu (ər) Dibirov, Ayzənət Abakar qızı (arvad) Dibirova hər il tenderi fiziki şəxs olaraq udublar.

2011-ci ildə Hacı Dibirov müxtəlif istiqamətlər üzrə ayrı-ayrı sifarişlərdən müsabiqənin qalibi olub. Belə ki, Balakən rayonundakı kəndlərin ərzaq təminatını əsasən o həyata keçirir. Həmin il üzrə Hacı Dibirovun tenderdə udduğu məbləğ 65 min100 manat olub. Digər qardaş Yusif Dibirov 68 min 420 manatlıq müsabiqənin qalibi olub. Dibirovlar nəslinin başqa bir nümayəndəsi Kərimət Dibirov isə 75 min 960 manat malların, işlərin və xidmətlərin yerinə yetirilməsi üçün tenderin qalibi olub. Üç qardaş 2011-ci ildə cəmi 209480 manatlıq vəsait əldə edib.


2012-ci ildə Dibirovların qohumlarının adları büdcə siyahısında artıb

Hacı Dibirov 2012-ci ildə 57 min 290 manatlıq müsabiqənin qalibi olub. Yeni gələn qohumlardan biri Ayzənət Abakar qızı Dibirova 67 min 225 manatlıq, onun həyat yoldaşı  Cavad Müslüm oğlu Dibirov isə 63 min 239 manatlıq müsabiqənin qalibi olublar. Həmin il üçün Dibirovlar 187754 manatlıq büdcə vəsaitini əldə ediblər.


Dörd ilə 788303.1 manat qazanc

2013-cü ildə büdcə vəsaitlərinin iş üçün bölüşdürülməsində Dibirovlar ailəsinin üzvlərinin sayı yenə artıb. Hacı Dibirov 95 min 317 manat, Yusif Dibirov 28 min 270 manat, Aynəzər Dibirova 73518.5 manat, Cavid Dibirov isə 26 min 419 manatlıq müsabiqənin qalibi olublar. Ümumilikdə məbləğ 22 min 3524,5 manat edib.

2014-cü ildə satınalmalarla bağlı elan olunan müsabiqədə isə Hacı Dibirov 66 min 235, Aynəzər

Dibirova 101 min 309,6 manatlıq tenderin qalibi olublar. Bu rəqəmlərin də cəmi 167 min 544,6 manat civarındadır. Dörd illik toplam rəqəm isə 788 min 303.1 manat olub.


Kimdi Dibirovlar?

Satınalmalarda əsasən ərzaq məhsullarının təminatını həyata keçirən Dibirovlar Vergilər Nazirliyində müxtəlif obyektləri qeydiyyatdan keçiriblər. Belə ki, Balakəndə kompyuter satışını və təmirini həyata keçirən obyekt, ərzaq məhsullarının, spirtli içkilər və pərakəndə satışla məşğul olan dükanlar, eləcə də Qullar kəndində anbar.

Dibirovların kimliyini araşdırdıq. Araşdırmalarımız bizi Zamir Cavad oğlu Dibirovun üzərinə gətirdi.

O, 1987-ci ildə anadan olub. Uzun müddət Balakən rayonunda icra başçısı olmuş Asif Məmmədovun köməkçisi işləyib. Münasibətləri o qədər yaxın olub ki, A.Məmmədov Şamaxı rayonuna icra başçısı təyin olunanda belə Zamir Dibirovu özünə köməkçi qismində həmin rayona aparıb.

Zamir Dibirov hazırda Satınalmalar üzrə Dövlət Agentliyinin işçisidir. Agentlikdə İqtisadi Təhlil və Nəzarət Şöbəsində aparıcı məsləhətçi işləyir. O, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin Şura üzvüdür.

Zamir Dibirov satınalmalarda tez-tez tender qalibi olan Cavad və Ayzənət Dibirovların kiçik oğludur. Onların böyük oğlu Zaur Dibirov isə “Pasha Construction”da işləyir. Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində də onların birgə ünvanda qeydiyyatda olduğu göstərilib. Bundan əlavə, Zamir Dibirovun bibisi Nəcibə Dibirova prezident tərəfindən “Tərəqqi medalı”na layiq görülüb. Nəcibə Dibirova Baləkən rayonunda müəllimə işləyir. Zamir Dibirovun əmisi Hacı Dibirov rəssamdır və Balakəndə qalereyası var.

Satınalmalar üzrə Dövlət Agentliyinin əməkdaşı Zamir Dibirovla əlaqə saxladıq. Agentliyin işçisinin yaxın qohumlarının dövlət satınalmalarında iştirak edib, qalib gəlməsinin nə dərəcədə qanuni olduğunu soruşduq. Zamir Dibirov onlara rəsmi sorğu ilə müraciət etməyimizi məsləhət gördü. Üç iş gününün keçməsinə baxmayaraq sorğumuza cavab gəlmədi…

Dibirovlara məxsus çoxsaylı obyektlərin hər birində bir və ya iki işçi var. Halbuki bütünlükdə rayonda işsizlik ciddi həddə çatıb.

“İndi vəziyyət daha pisdir. Tək-tək hallarda kimsə evinə aparıb iş gördürür. Fəhlə pulu da belədir ki, bir maşın daşı 3-4 nəfərə boşaltdıqda 5-10 manat, evdə iş gördürəndə də 3-5 manat pul verirlər. Başqa iş-güc yoxdur” – bunu da digər Balakən rayon sakini Soltan Yusubov söylədi.

Onun sözlərinə görə, Sovetlər dönəmində Balakəndə tütün, konserv zavodları olub. Hazırda müəssisələrin heç biri işləmir: “İş yerlərimiz vardı. Tütünlə yanaşı, ipəkçiliklə məşğul olub rayon camaatı, ancaq indi heç nə yoxdur. Camaata torpaq veriblər heç kim ondan istifadə edə bilmir. Əvəzində müəyyən adamlar çıxıb ki, həmin torpaqları ucuz qiymətə yerli əhalidən alırlar”.

Ana səhifəXəbərlərSatınalmalarda Dibirovlar izi…