Mətanət Əzizova: “Geniş yayılmış praktikaya əsasən hər bir QHT hansısa nazirliyin kurasiyasında olmalıdır”
Mətbuatda Qadın Krizis Mərkəzinin fəaliyyətinin dayandırıldığı barədə məlumat yayıldı. Mərkəzin nümayəndəsi Azad İsazadə də qurumun rəhbəri Mətanət Əzizovanın Bakıda olmadığı səbəbindən fəaliyyətin dayandırılmasını ən məqbul qərar adlandırıb.
Mühacirətdə olan Mətanət Əzizova Meydan TV-yə qərarı verməyin çox çətin olduğunu söyləyib: “Bu gərarı vermək çox çətin idi, amma ayrı çıxış yolumuz yox idi”.
Onun sözlərinə görə, mərkəz bir neçə il əvvəl Ədliyyə Nazirliyinə qeydiyyat üçün sənədlərini təqdim etsə də, qeydiyyata almayıblar: “ Sonuncu görüşdə nazirliyin nümayəndəsi mənə dedi ki, sənədləriniz ideal vəziyyətdədir, qeydiyyatdan keçirə bilərik, lakin Qadın, uşaq və ailə problemləri üzrə Dövlət Komitəsindən dəstək məktubu lazımdır. Bu praktika geniş yayılıb, hər bir QHT hansısa nazirliyin kurasiyasında olmalıdır. Komitə ilə qeyri-rəsmi sorğu-sual apardım, bildirildi ki, təşkilatımıza dəstək olmayacaq, səbəb komitəni tənqid etməyimizdir”.
Mətanət Əzizova bildirdi ki, onlar qeydiyyata alınmaları üçün yerli məhkəmə instansiyalarından keçiblər və şikayətləri Avropa İnsan Haqları Məhkəmələrinə göndərilib: “İndi gözləyirik. Bu gün Azərbaycanda elə situasiya yaranıb ki, müstəqil qeydiyyatdan keçən QHT-lər də bəzi layihələri dayandırıblar. Səbəb isə layihələrin gerçəkləşməsinə süni maneələr, Ədliyyə Nazirliyindən bildirişlərin alınması (bu bildirişlər olmadan bank hesabından pul çıxartmaq mümkün deyil) və ya bank hesablarının bağlanması. Bu gün Qadın Krizis Mərkəzi üçün işləmək çətindir. Ofis problemi, maliyyənin əldə oluna bilməməsi, nəhayət, işçilərin istintaqa çağrılmaq narahatçılığı və başqa səbəblər mərkəzin fəaliyyətini müvəqqəti dayandırmağa məcbur edir. Amma biz beynəlxalq təşkilatlarla əməkdaşlığımızı davam etdirəcəyik, qadınlara aid hesabatlar hazırlamaq, KİV-lə əməkdaşlıq və s. Məqsədimiz işi dayandırmaq yox, müraciət edən insanların təhlükəsizliyini qorumaq və fəaliyyətin bərpası üçün çıxış yolları axtarmaqdır”.