DİN-in mətbuat xidməti Anar Şıxəliyevin niyə bıçaqlandığını bilmir
Bir neçə gün öncə Binəqədi rayon 5-ci Polis Bölməsinin rəisi Anar Şıxəliyevin bıçaqlanması ilə bağlı xəbər yayıldı. Hadisə ilə bağlı ilkin məlumatlarda bölmə rəisinin keçirilən əməliyyatların birində bıçaqlandığı bildirildi. Lakin mətbuatda gedən xəbərlərə görə, Binəqədi Polis Bölməsində çalışan sıravi polislər yaxınlıqda yaşayan yerli sakinlərlə söhbət zamanı təmamilə başqa şeylər danışıblar. Polislər bildirib ki, həmin gün heç bir əməliyyat olmayıb və Anar Şıxəliyev iş yerinə belə gəlməyib. İddiaya görə, çox nadir hallarda işə gələn Şıxəliyev, ümumiyyətlə, davranışına və sürdüyü həyat tərzinə görə polis sisteminə yad bir şəxsdir. Onun daxili işlər naziri Ramil Usubovun qohumu olduğu və bu qohumluq əlaqələrindən istifadə etdiyi də deyilir.
Hadisə baş verən gün isə bölmə rəisi dostunun “Mercedes Galenvagen” markalı avtomobili ilə Xutor qəsəbəsində “avtoş”luq edərkən yerli sakinlərin etirazı ilə qarşılaşıb və tərəflər arasında mübahisə yaranıb. Yüngül içkili olan rəis yerli sakinləri nalayiq söyüşlərlə təhqir etdiyinə görə, cavanlardan biri ona bıçaq xəsarəti yetirib.
Məlumatda o da vurğulanır ki, DİN rəhbərliyi bu hadisənin mətbuata sızmasından narahat olub və hadisəni ictimayyətə əməliyyat kimi təqdim edib. Halbuki, həmin gün Binəqədi polisində heç bir əməliyyat tədbiri həyata keçirilməyib. “Bu, sadəcə Anar Şıxəliyevin növbəti nadincliyinin nəticəsi idi” – deyə, polis işçiləri qeyd edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə Meydan TV-yə məsələni araşdıracağını desə də, günün ikinci yarısında yalnız bu fikri söyləməklə kifayətlənib: “Bölmə rəisi haqqında yazılanlar şayiədir. Anar Şıxəliyevin, ümumiyyətlə, cənab nazirlə heç bir qohumluq əlaqəsi yoxdur. Bütün bunlar məqsədli şəkildə yayılır, polisin adına ləkə yaxmaq üçün qara piar aparılır”.
Mətbuat xidmətinin əməkdaşı bölmə rəisinin niyə bıçaqlandığı haqda sorğuya cavab verə bilməyib. Hadisədən bir neçə gün keçsə də, mətbuat xidmətində bu haqda informasiya olmadığını, işin araşdırıldığını və bu məsələyə prokurorluğun baxdığını bildirib.