Konqresdə keçirilən dinləmələrdə Azərbaycandakı insan haqları və demokratiya məsələləri müzakirə olunub
ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası (Helsinki Komissiyası) Azərbaycan hökumətini avtoritarizmə doğru yönəlməkdənsə, insan hüquqları və demokratiya sahəsində öz öhdəliklərini yerinə yetirməyə çağırıb.
Bu çağırışlar iyunun 11-də Konqresdə keçirilən xüsusi dinləmələrdə səslənib.
“Biz Azərbaycanı regionda mühüm dost və tərəfdaş hesab edirik, bu, o deməkdir ki, onun taleyinə biganə deyilik” – Komissiyanın rəhbəri senator Bencamin Kardin bildirib.
“Vaşinqtonun Azərbaycanda daxili siyasi vəziyyətlə bağlı şubhələri var və bu, narahatlıq doğurur, çünkü Azərbaycan düzgün istiqamətdə irəliləmir” – Kardin deyib.
KİV və toplaşma azadlığı problemi ilə yanaşı son iki ildə böyük sayda fəalın həbsi, siyasi motivli təqiblərə məruz qalması, hökmlərin oxunması qeydə alınıb.
“Ölkənin ATƏT və AŞ çərçivəsində öhdəliklərinə uyğun şəkildə yaşamaq əvəzinə avtoritarizmi gücləndirməsi bizi narahat edir. Biz bu tendensiyanı dəyişmək üçün Azərbaycanla işləmək istəyirik.
ABŞ stabil və çiçəklənən Azərbaycanı görmək istəyir, əgər real demokratik irəliləyiş olmasa biz əsl sabitlik və inkişafı görməyəcəyik” – senator vurğulayıb.
Azərbaycanın ABŞ-dakı səfiri dinləmələrdə iştirak etməyib. O, təhlükəsizlik üzrə başqa müşavirədə olduğunu bildirib.
Helsinki Komissiyasında keçirilən dinləmələrin əhəmiyyəti ondan ibarətdir ki, Konqresin nümayəndə heyəti ATƏT PA-nın sessiyasına və rəhbərliklə ikitərəfli görüşlərə daha yaxşı hazırlaşsın.
Ötən ilin sentyabrında Azərbaycana səfərindən imtina edilmiş Dövlət katibinin köməkçisinin müavini Tomas Melia iki ölkə arasında dialoqda demokratiya məsələsinin vacibliyini qeyd edib. O deyib ki, “dialoqun davam etdirilməsi üçün yenidən Azərbaycana gəlmək istərdi”.
“Dövlət katibinin köməkçisinin müavini postunda üç dəfə Azərbaycana gəlmişəm. Prezident İlham Əliyev də daxil olmaqla, aparıcı dövlət məmurları, həmçinin müxalifət liderləri, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər ilə görüşlər keçirmək niyyətində olmuşam. Hesab edirəm ki, bizim fikirlərimizi bölüşmək məqsədilə hökumətdənkənar azərbaycanlıları dinləmək üçün bu, mühüm imkandır”, – o qeyd edib.
Tomas Melianın sözlərinə görə, Azərbaycanda vətəndaş azadlıqları ilə bağlı vəziyyət son beş ildə pisləşib və pisləşməkdə davam edir.
Hələ 2009-cu ildən demokratik islahat tərəfdarları, əsasən müxalifətçi siyasi partiyaların ölkənin siyasi həyatında iştirakı çətinləşib, lakin QHT və müstəqil fəalların nəsə etmək imkanları var idi.
O vaxtdan vəziyyət xeyli pisləşib. 2011-ci ildə özgəfikirliliyin sıxışdırılması güclənib, Bakıda dinc mitinqlər təşkil etmək istəyən gənclər həbs olunub.
2013-cü ilin əvvəlindən dinc özgəfikirlilik üçün məkan daha da məhdudlaşdırılıb, əsas azadlıqların reallaşması daha da mürəkkəbləşib. Vətəndaş cəmiyyətinin bir sıra fəalı, jurnalistlər azadlıqdan məhrum edilib. Həbs olunanların arasında prezidentliyə namizəd, REAL hərəkatının lideri İlqar Məmmədov, müxalifətçi jurnalist və Müsavat Partiyası sədrini müavini Tofiq Yaqublu, NİDA hərəkatının üzvləri, bloger Abdul Əbilov, dini alim və fəal Taleh Bağırzadə, “Xural” qəzetinin redaktoru Əvəz Zeynallı, Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədli və başqaları var.
“Ayrı-ayrı fəalların ölkədən çıxışına məhdudiyyətin qoyulması da problemdir, bu hökumətin ATƏT-in əsas prinsiplərinə sadiqliyini şübhə altına alır”, – Melia bildirib. O xatırladıb ki, 2006-cı ildən hökumət AXCP lideri Əli Kərimlini ölkədən buraxmır, onun pasportunun fəaliyyət müddətini uzatmaqdan imtina edir.
“Bu gün Berndə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ATƏT ölkələrində hüquq müdafiəçilərinin mühüm rolunu müzakirə edir. Təəssüf ki, Azərbaycanın aparıcı hüquq müdafiəçisi Leyla Yunus tədbirdə iştirak edə bilməyib. Belə ki, Azərbaycan hakimiyyətini Arif və Leyla Yunusların pasportlarını müsadirə edib.
Bundan bir neçə gün əvvəl aprelin 19-da tanınmış jurnalist Rauf Mirqədirov həbs olunub. Onların hər üçün “xalq diplomatiyası”na tərəfdar olublar. Bu, azərbaycanlılarla ermənilər arasında münasibətlərin qurulmasına xidmət edir, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün həlledici əhəmiyyət kəsb edir”.
Dövlət katibinin köməkçisinin müavini Erik Rubin öz çıxışında Azərbaycanla energetika sahəsində əməkdaşlığın vacibliyini qeyd edib. O deyib ki, demokratiya və insan haqları ABŞ üçün prioritet olaraq qalır.
NED təşkilatının Rusiya və Avrasiya üzrə proqram direktoru Miriam Lanskoy deyib ki, Bakı insan hüquqları mövzusunu qapatmaq və ATƏT qarşısındakı öhdəliklərini yerinə yetirməmək üçün neftdən iştirak edir.
Bununla yanaşı Azərbaycan iyunun sonlarında ATƏT PA-nın sessiyasını keçirməyə hazırlaşır. Beynəlxalq forumlarda iştirakına baxmayaraq, son on ildə Azərbaycanda azadlığın səviyyəsi xeyli aşağı enib. Ölkə yarıazad durumdan konsolidasiya edilmiş avtoritarizm yolunu tutub.
Azərbaycan hakimiyyəti hökuməti tənqid edənlərə hücumları davam etdirmək üçün Ukrayna hadisələrindən istifadə edib. QHT-lər üçün vəziyyət çətinləşib. Fevral düzəlişləri QHT-lərə qarşı sanksiyaların tətbiqinə imkan verib.
“Belə ki, qeydiyyatdan keçməyən QHT artıq qrant və ianə ala bilməz. QHT-nin qeydiyyatından imtina isə vətəndaş cəmiyyətini çıxılmaz vəziyyətə salır. Düzəlişlərə görə, öz qrantını qeydiyyatdan keçirməyən QHT-lər üçün cərimələr kəskin şəkildə artırılıb” – o qeyd edib.
Azərbaycan öz qanunvericiliyini DTİHB-nin və Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırmalıdır, NED nümayəndəsi hesab edir.
Öz növbəsində Tomas Melia əlavə edib ki, sabitliyə zəmanətin ən yaxşı yolu demokratik proseslərin və institutların möhkəmləndirilməsi, qanunun aliliyinə və əsas azadlıqlara hörmətlə yanaşılmasıdır.
“Bütün bunlar uzunmüddətli daxili sabitliyə xidmət edəcək, iqtisadi investisiyalar və artım üçün cəlbediciliyi artıracaq. Azərbaycan üçün ən yaxşısı hər bir vətəndaşa azadlıq və ona öz potensialına nail olmaq üçün məkan verməkdir. Hesab edirik ki, bu, qısamüddəti və uzunmüddətli perspektivdə hər iki xalqın və hökumətin maraqlarına uyğundur” – deyə senator fikrini yekunlaşdırıb.