Güclü yağan dolu evlərin damlarını uçurub, şiferlərini qırıb, ağacları və bostan sahələrindəki bitkiləri məhv edib
İyunun 10-da axşam saatlarında ölkənin qərb rayonlarında tufan olub, güclü dolu yağıb. Çoxsaylı evlərə, avtomobillərə, əkin sahələrinə, meşə zolaqlarına ziyan dəyib. Elektrik enerjisinin, qazın verilməsində fasilələr yaranıb. Güclü külək yüzlərlə ağacı kökündən çıxarıb. Elektrik dirəkləri açıb.
Yerli sakinlərin dediklərinə görə, güclü yağan dolu evlərin damlarını uçurub, şiferlərini qırıb. Ağacları və bostan sahələrindəki bitkiləri məhv edib. “Fırtına birdən gəldi. Güclü dolu ilə müşayiət olunan tufan bir anda hər şeyi məhv etdi. Evimin çardağının şiferləri sanki bir neçə kiloqram ağırlığında daşlarla qırıq-qırıq edilib. Bütün şiferlər sınıb. Avtomobilimin qabaq şüşəsi sınıb, damı batıq-batıqdır. Bağ və bostanımda bitki qalmayıb. Mal-qaranı dolu necə döyübsə, qorxudan tövlədən çölə çıxmır”, – Göygöl rayonunun Çaykənd kəndinin sakini Gürzalı Orucov Turan-a bildirib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı yaydığı ilkin məlumatda deyilir ki, iyunun 10-da axşam saatlarında Gəncə, Göygöl, Tərtər, Bərdə, Yevlax, Oğuz, Ağdaş, Goranboy, Şəmkir rayonlarında intensiv leysan yağıb, şimşək çaxıb, güclü külək müşahidə olunub.
Göygöl, Daşkəsən, Gədəbəy və Tovuz rayonlarında güclü dolu düşüb, burulğanlı hava və güclü külək olub, intensiv şimşək çaxıb. Hava şəraitinin kəskin dəyişməsi nəticəsində göstərilən rayonların bir çoxunda yaşayış binalarına, inzibati binalar, fərdi yaşayış evlərinə, rabitə və elektrik xətlərinə, minik avtomobillərinə, kənd təsərrüfatına ciddi ziyan dəyib. Gəncə və Daşkəsən rayonlarında evləri, həyətyanı sahələri su basıb.
Hazırda qeyd olunan problemlərin həlli istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən tədbirlər görülür. Müəyyən edilmiş ərazilərə şəxsi heyət və texnika cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.