Qış, əlil arabası və 6-cı mərtəbə

Xəyalən gözəl bir ada boyu qaçdığımı, üzümə gülümsəyən gözəl qızların…

Source:

Qışı, ümumiyyətlə soyuğu sevmirəm. Bəlkə də ilan ilindən olduğuma görədir. Axı ilanlar ancaq isti havalarda fəal ola bilirlər. Demirəm ki, qışda tam passivləşirəm, heç nə edə bilmirəm. Amma qışda bir növ ilan kimi “yuvama” çəkilməyə məcbur oluram.  Bunun əsas səbəbi – əlilliyimdi.

Amma hərdən qışda ilanların ənənəsini pozuram. Çətinliklə də olsa, gəzməyə çıxıram. İsti havalarda elədiyim kimi, həyət-bacada oluram. Mənə ziyanı ola biləcəyini gözə alıram.

Tam sağlam olduğum vaxtlarda soyuq hava, şaxta demədən günümü açıq havada keçirirdim. İndi əlil arabasında oturmuşam. Soyuq havalarda vaxtımın çoxu evdə keçir. Bunun bir neçə səbəbi var. Əlil arabasında oturan bütün adamların bir qayda olaraq, qan dövranı zəif işləyir. Nəticədə yuxarıda qeyd elədiyim soyuqdəymə və soyuqdəymədən əmələ gələn xəstəliklər yaranır. Bu işin anatomik tərəfi.

İşin baqşa tərəfi də var. İnfrastrukdur. Mən Sovet vaxtı inşa edilmiş 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yaşayıram. Lift isə 6-cı mərtəbə ilə, 7-ci mərtəbə arasındadır. Mən liftə  çatmaq üçün 9 pilləkan adlamalı oluram. Bu isə asan və mənim təkbaşına bacaracağım iş deyil. 9 pilləkanı qalxmaq üçün kənar adam, özü də  fiziki cəhətdən güclü adam lazımdır. Bu işi adətən atam, bəzən də qohumlardan,  və dostlardan kimsə etməli olur. Hər birinə ayrı-ayrılıqda minnətdaram. Onu da qeyd edim ki, bir neçə dəfə qəza da yaşamışam. Prosesi düzgün yetirməyənlərlə birgə hamımız pilləkanlardan dal-dala yıxılmışıq. Xoşbəxtlikdən ciddi zədə almamışam.

Hərdən gedə bildiyim yerlər də adətən qapalı məkanlar olur. Oralar da nə yazıq ki, əyləncə və vaxt keçirtmək baxımından o qədər də ürəyimi aça bilməyən alış-veriş, əyləncə mərkəzləridir. Belə şeylərə görə də,  qış vaxtı evdə otururam. Evdə, çalışıram özümü çox darıxdırmayım. Düzdür, bu, həmişə alınmır. Mən həmişə ünsiyyət təşnəsi oluram. Dost-tanışlara, qohumlara, hətta heç tanımadığım, anlayışlı insanlara ehtiyac duyuram. Çevrəmdəki insanlar isə işlərinin çoxluğu və gündəlik, şəxsi və ailə qayğılarına görə ziyarətimə gələ bilmirlər.

Çoxları ümumiyyətlə, iş və qayğıları olmasa belə, gəlmirlər yanıma. Çox yaxınlarım belə. Canları sağ olsun. Rastlaşandada deyirlər: “nə qulluq edim, darıxmışam sənin üçün…”

Bunu yazmaqda məqsədim odur ki, yazını görənlərin mənim kimi əlil olan dostları, qohumları, qonşuları, tanışları yadına yadlarına salsın. Çox yox, ayda bir dəfə yad eləsinlər onları. Bilsəniz bu onlar üçün necə xoşbəxtlik gətirir?!

İndi məni həmişə yoxlayan, mənə kömək edib,  sevindirən, dəyərli xalam oğlu Kamrandır. Bibim oğlu Əsəd də belə idi amma hazırda əsgərlikdədir. Bir də dostum Eltac var…Eltac hər ay, soyuq-isti demədən yanıma  gəlir. Ayaqlarında müəyyən fiziki məhdudiyyət olsa belə…

Günümü evdə idman hərəkətləri etməklə, bir də ən çox sevdiyim məşğuliyyət – mütaliə ilə keçirirəm. Bədən fiziki hərəkətlərə ehtiyac duyduğu kimi, beynin də hərəkətə gəlməsi üçün oxumağa ehtiyacı var.

Kitablar ən yaxın dostlarımdır və mən onlara çox etibar edirəm. Kitabla danışarkən, onlar danışar. Danışmadıqda isə düşünməyimə imkan verərlər. Hollywood və dünya filmlərini izləyirəm, kinoları tənqid etməkdən böyük zövq alıram. Ölkə və dünya gündəmini izləyirəm, siyasətlə maraqlanıram. Musiqiyə qulaq asıram…

Pəncərədən həyətə və ordakı həyata baxıb, özümə ürək-dirək verirəm. Xəyalən yaşıl bir adada, dəniz kənarında qaçdığımı görürəm. Mənə gülümsəyən gözəl qızların yanından qaça-qaça keçirəm.

Bunları düşünə-düşünə, uzaqlarda batmaqda olan günəşə baxıram…

Nazim Hikmətin “Nikbinlik” şerində bir misra var:

-Güzel günler göreceğiz çocuklar, güneşli günler

Ana səhifəMənim FikrimcəQış, əlil arabası və 6-cı mərtəbə