Təxəyyülsüz ssenari

Ukraynadakı hadisələr fonunfa Rüstəm müəllimin Milli Şura sədrliyindən istefası və ümumiyyətlə siyasi prosesləri tərk etməsi səssiz keçildi. Sanki ölkə üçün çox vacib olan bu il, cəmiyyətin böyük kəsimi tərəfindən ona bir rəmzi fiqur kimi bəslənən ümidləri altında keçməmişdi.

Amma doğrudan da süni surətdə “stəkanda burulğan” yaradılmasına nə ehtiyac? Xatirinizdədirsə görkəmli kinodramaturq hələ avqustun çız-ha-çızında gərgin montaj etməklə məşğul idi, ona bu işdə mane olmaq doğru olmazdı, və əslində bir kimsə mane də olmurdu.

Bəlkə də kino və ümumiyyətlə incəsənətlə maraqlananlar xatırlayar, 2010-cu ildə baş redaktoru olduğum Kultura.Az portalında kinoşünas Ulvi Mehti Rüstəm müəllimin çəkdiyi “Kabusun gözüylə” filmini müstəsna kəskinlikdə tənqi etmişdi. Bu film kinodramaturqun (bu dəfə rejissor qismində) çəkdiyi hələlik son filmi idi. Filmin ilk ictimai baxışından sonar gedən bu məqalə dərc edilən kimi, bu haqda cəmiyyətdə çox böyük mübahisələr başladı, əlbəttə ki, çoxları (təbii ki, əksəriyyəti filmi ümumiyyətlə görməyənlər və kino-falan ilə ən az maraqlananlar idi) tam səmimi olaraq qəzəblənmişdilər. Bu gün kimi aydındır ki, bizim cəmiyyətdə “müqəddəs kötüklər” olan ağsaqqalların hər hərəkəti təqdir olunmalıdır, daha söhbət filmdən-zaddan getmirdi təbii ki. Ritorika təxmini ” …, axı siz kimsiz ki … … … !” üslubunda gedirdi, amma mən o filmi özüm görməsəydim heç bir halda bu kəskinlikdə yazını (hələ yarısını, lap kəskin ifadələri yumşaltmalı, bəzilərini ümumiyyətlə kəsib çıxarmalı olmuşduq) dərc etməzdim. Çünki bu filmi görməsəydim, bəlkə özüm də buna, yəni o kəskinlikdə tənqidin obyektivliyinə inanmazdım.

Bu film bir zamanlar istedadlı kinodramaturqun sonu idi, hətta sovetlər çərçivəsində, bu 70 il ərzində kifayət qədər uğursuz yolu olmuş Azərbaycan kinosunda belə bu qədər qüsurlu film tapılması asan iş deyildi – filmi seyr edənlər nədən bəhs edildiyini gözəl anlamalıdırlar. İndi isə filmin bu qədər qüsurlu olması səbəblərini anladım – reallıq hissi bu qədər güclü olan şəxsdə bütün bədii təxəyyül yerli-dibli ölməli idi, təxəyyülsüz isə heç bir incəsənət əsəri əsla yarana bilməz. Bu üzdən Rüstəm müəllimin bu filminə əsər demək olmazdı və burada Ülvi tamamilə haqlı idi. Təbii ki, cəmiyyətin çox böyük kəsimi bunlara rəğmən bizə, və təbii ki, başilica olaraq müəllifə çox aqressiv basqılarını yeritməkdə idi. Ülvi o zaman çox təhqir olundu, kinodan heç xəbəri olmayanların onun haqda nələr yazdığını burda təkrarlamaq istəmirəm, bizdə necə deyərlər – “olan olub, keçən keçib”.

Lakin bu il gözlərimiz qarşısında baş verən və hansısa təxəyyüldən çox uzaq hadisələr də sübut etdi ki, “bu dəfə ssenarini xalq yazmadı”. Bu dəfəki ssenaridə xalqın izi-tozu olmadı deyəsən, kinodramaturqun özü ola bilsin ki, baş rolda idi, amma bu baş rol yalnız absurd teatrın yaradıcısı, məşhur irland yazıçısı və dramaturqu Samuel Beckett tərəfindən 1949-cu ildə qələmə aldığı “Qodonu gözlərkən” pyesinin süjet xəttindəki rolu oynaya bilərdi. Bu pyesdə məlum olduğu kimi, əvvəl səhnədə sırf onları xilas edəcək Qodunu gözləyən və bir-biri ilə mübahisə edən iki personaj – Vladimir və Estraqon (adları dəyişə də bilər, problem deyil), sonra onlara daha iki anlaşılmaz personaj Pozzo və Lucky (bunların da isimləri dəyişilə bilər, problem deyil) əlavə olur. Kifayət qədər uzun-uzadı absurd mətnlər səsləndirən bu iki personaj axıra yaxın səhnəni tərk edir, başqa epizod – oğlan, elə hey səhnədə peyda olaraq Qodonun mütləq gələcəyini qalanlara söyləyir. Sonda əsas iki personaj Qodo sabah da gəlməsə kəndir axtarmalı olacaqları qənaətinə gəlirlər, lakin pyes “onlar heç bir yerə tərpənmir” cümləsi ilə bitir. XX əsrin absurd teatrının ən parlaq nümunələrindən biri olan bu əsərin süjetini burada əsla təhlil etmək fikrim yoxdur, zatən buna ehtiyac da yox, fikrimcə hər şey kifayət qədər şəffaf və bəllidir.

Belədə isə reallıq hissi güclü olan insanlara çox dərin sayğım var.


P.S. Bəlkə aidiyyatı olmasa da: keçən il dahi alman bəstəkarı C.W.Gluck tərəfındən ölmüş sevgilisini yenidən bulmaq cəhdi ilə cəhənnəmə-aidə enmiş Orfey haqdakı antik yunan əfsanəsinin süjetinə yazılmış “Orfey və Evridika” operasının 250 illiyi idi. Dünya opera sənətinin incilərindən və çox vacib mərhələlərindən olan bu əsərin süjeti əfsanəni tamamilə təkrarlayır – gənc sevgilisini itirmiş Orfeyin iztirablarına acıyan baş allah Zevs və başqaları, yenidən Evridikanı qaytarmağa razı olur və sevgi allahı Amuru yollayaraq bunun üçün Orfeyə xüsusi şərtlərini bildirirlər. Beləcə Aiddən, antik yunan cəhənnəmindən sevgilisini çıxarmağa nail olmuş Orfey onun üzünə bir daha baxmamalıdır, əks təqdirdə Evridikanı bir daha itirəcəkdir, lakin bundan xəbərsiz Evridika, ondan ötrü cəhənnəmə enmiş sevgilisinin hətta onun üzünə belə baxmamasından çox əzablar çəkir. Sonda Orfey hər şeyə rəğmən onun sifətinə baxmalı olur və sevgilisini bir daha, əbədi olaraq itirir. Operanın mərkəzi ariyası, “Che farò senza Euridice?” (“Evridikasız mən nə edim?”) məhz bu epizodda ifa edilir. Zövqlü dinləmələr.

Ana səhifəVideoTəxəyyülsüz ssenari