Bu yaxınlarda Azadlıq Radiosunda çox təsirli bir fotosessiya dərc edilmişdi, Bakı tramvayları haqda, ismi “Son tramvay” idi. Sonra Bakıda son tramvay hərəkətinin Bakıda son olaraq 1999-cu ildə çəkilmiş kiçik bir filmi də yayınlandı.
İlk tramvay xəttimiz düz 20 il əvvəl, qorxunc 1993-ün dekabrında bizdə, NZS-də sökməyə başladılar. O zaman yaxşı xatirimdədir: mövcudluğuna uzun illər öyrəşdiyimiz 3 və 4 nömrəli tramvayların bir daha biz tərəflərə gəlməyəcəyini anlayanda nədənsə dəhşətə gəldim və bu hiss əsla vərdiş etdiyimiz nəqliyyat vasitəsinin itirilməsi ilə bağlı deyildi. O zaman tramvaylar bərbad vəziyyətdə idi, gec-gec gəlir və çox yavaş hərəkət edirdilər. Bu hiss yəqin ki, dəmir yolu ilə bağlı olub, şəhər nəqliyyatının, infrastrukturunun ana xəttinin barbarcasına, problemsiz-filansız, çox rahatca məhv edilməsindən doğmuşdu. Tarix kitablarından oxuduğumuz bütün mənbələrdə, müharibə zamanı belə dəmir yoluna nəzarətin çox-çox vacib olduğu qeyd edilir, dəmir yolunun istənilən yerdə müstəsna olaraq dövlətin mülkiyyətində olması yaddaşa gəlirdi. İndi isə gözlərimiz önündə bu mülkiyyət məhv edilirdi və bu 93-cü ilin məşum qışında çox açıqca verilmiş bir mesaj idi…
Hərdən deyirlər ki, 20 il tarix üçün heç nədir. Necə yəni heç nədir cənablar? 1917-ci ildə bolşevik çevrilişi ilə Rusiya parçalanıb tikə-tikə oldu, dünyanın siyasi xəritəsindən silinməsi labüdlüyü ilə üzləşdi, amma 20 il sonra, 1937-də o zamankı dünyanın ən mərkəzləşmiş, bəlkə də ən militarist bir dövlətinə çevrildi. 1920-ci ildə Osmanlı imperiyasını (faktiki indiki Türkiyə qarışıq) tamamilə dünya siyasi xəritəsindən silmək üçün Sevr müqaviləsi bağlandı və bu hamıya Türkiyənin ümumiyyətlə sonu kimi gəlirdi. Lakin 20 il sonra, artıq 1940-cı ildə Kemalist Türkiyəsi Avropada İsveçrə ilə bərabər təklərdən idi ki, vituoz xarici siyasəti nəticəsində tam neytral qalaraq 2-ci Cahan Savaşının dəhşətlərindən özünü qoruya bildi. Başqa misal: 1918-ci ildə Versal sülh sazişi ilə darmadağın olunmuş Almaniya 1938-ci ildə artıq bütün Avropanı ilhaq edəcək bir qüdrət yığmış mərkəzləşmiş dövlət idi. Hitler Almaniyası ümumiyyətlə cəmi 12 il (1933-1945) ömür sürməsinə rəğmən dünya tarixində bədnamlığı ilə silinməz bir iz buraxıb.
Yüzlərlə belə misal var. Necə yəni 20 il heç nədir? Bəlkə bizim son tarix üçün heç nədir, belə deyək?
Hind fəlsəfəsində və müxtəlif dinlərində (Hinduizm, Buddizm, Caynizm və s.) karma adlı mərkəzi bir anlayış var. Əslində bu fəlsəfədə karma səbəb-nəticə qanunundan irəli gələn çox vacib bir kosmik-ilahi düzən kimi çıxış edir. Bu qanuna əsasən insan taleyini, onun əzablar, və ya məsudluq içində yaşamasını, onun öz hərəkətləri müəyyənləşdirir – əlbəttə ki, şəxslərin və toplumların öncələr etdiyi hərəkətlər nəzərdə tutulur. Karma anlayışı, sanki bir spiritual konsept kimi, hər bir insanın hesab maşınına çevrilərək onun gələcək həyatını etdiyi istər pozitiv, istərsə də neqativ hərəkətlərinə əsasən ölçərək dəqiqliklə ayarlayır.
Beləliklə də karma insanı öz həyatına, öz gələcəyinə və daim yenilənən taleyinə tamamilə cavabdeh edir. Bu dinlərdə karmadan azad olmağın heç bir yolu yoxdur (bəzi müstəsna cərəyanlar burada quru, yəni müəllimin rolunu qeyd edərək, karmanın kiçik hissəsini onun yuya bilməsini vurğulayır, lakin bunlar istisnalardır), insanı etdiklərindən heç bir, hətta ən ilahi qüvvə də xilas edə bilməz, bütün edilmişlər, istər müsbət, istər mənfi – cavabını almalıdır, heç bir dua, heç bir tövbə, heç bir dini ritual bunun qaşılığını verə bilməz. Karma insan həyatı boyunca davamlı olaraq daima istehsal edilir və istənilən şəxsin gələcək həyatını formalaşdırır.
Hind fəlsəfəsinin dərikliklərinə getmədən bircə bunu qeyd edək ki, orada karmadan xilasın bircə yolu var – işıqlanmaq, tərki-dünya olaraq ümumiyyətlə karma istehsal etməmək və doğuluş zənciri – sansaradan azad olaraq bir daha dünya və onun əzablarına tuş gəlməmək, qısası əbədi məhv olmaq. Məhv dedikdə cismani məhv nəzərdə tutulur, burada ruhi olaraq məhv mümkün deyildir.
Karma çox vacib anlayışdır, çünki o yalnız hansısa individuumun həyatının formalaşdırmır, hər bir insan təbii ki, öz valideynlərinin övladı olduğu üçün onların da karmasının bir hissəsini öz üzərinə götürür, bundan sonra nəsil, tayfa, millət, xalq və ölkə karmaları da gəlir. Bütün bunların kölgəsi hər bir fərdin üzərinə düşməkdə və onun indiki və gələcək taleyini formalaşdırmaqdadır.
Bu mənada bizim ölkənin dəhşətli bir karması var.
Xatirimə 20 il əvvəlin dəhşətli yayı gəlir yenə də. Həyatımın ən dəhşətli yayı. O zaman öz üzərimdə iyrənc cəmiyyətin olmazın basqısını hiss edirdim, özümə qarşı gənc olduğum səbəbdən hər zaman və bütün sferalarda dərin nifrət hissi duyurdum. Və bunların nəticəsi kimi özüm də özümə nifrət edirdim – gənc olduğum üçün. Yeganə arzum tez qocalmaq idi. Çünki o zaman dəqiq bilirdim ki, gəncliyə bu nifrət heç halda bitməyəcək, bəlkə də artıq əbədi belə davam edəcək, çünki tarix də bunu sübut etməkdə idi. Yekə-iyrənc-qıllı-dazal kişilcikər o zaman müxtəlif yerlərdə ylğılıb bu tipli söhbətlər edirdi: “O kişi indi helə yaşındadı ki, o kişiyə taa heç nə lazım dög. Baax, pul lazım dög, vəzifə lazım dög, ad-san da heş lazım dög. O kişi elə kak raz camaatı spasat eləməh üçün gəlif.” Heç kimə gün kimi aydın şeyləri anlatmaq mümkün deyildi, “uşağın biri” buddalara ağılmı verəcəkdi? Əslində isə gənclik çox-çox zaman haqlı olur, sadəcə bizim arxetipik-feodal “cəmiyyətin” gənclərə dərin nifrəti gözünü necə tutursa buna əsla inana bilmir.
“Lost in translation” (“Tərcümənin mümkünsüzlüyü”) adlı bir film var, Sophia Coppalanin filmidir, on il bundan öncə lentə alınıb. İlk baxışda həqiqətən anlamamışdım, dahi rejissorun övladının sadəcə səfeh bir kino macərası təki gəlmişdi mənə bu əsər. Əsas mesajını çox sonralar anladım. Sırf formal cəhətdən “turistik” formatda çəkilmiş bu filmdə əslində insanlar arasında ünsiyyətin tərcüməsinin mümkün olmamasından danışılır. Mövzu fərqli cəmiyyətlərin sırf kültür müxtəliflikləri ilə yanaşı individuumların dünyanı dərkindən, bir çox zaman hətta eyni dildə belə danışsalar da, müxtəlif insanların və hətta toplumların təsəvvürlərin inikas nöqtəsinin kəsişməsinin mümkünsüzlüyündən bəhs edilir.
Yəni ünsiyyət bəzi insan qrupları arasında hətta eyni dildə olsa da, tərcüməsi mümkünsüzdür. Film 2003-ci ildə çəkilsə də, biz bunun bariz nümunəsini hələ 20 il öncə gördük, əfəndilər. Əslində bizim başdan ayağa qədər yalanlar üzərində qurulmuş cəmiyyətimizi hansı qanunların idarə etdiyini anlamaq üçün yenidən velosiped ixtira etməyə ehtiyac yoxdur.
Velosiped demiş, cəmiyyət də əslində velosipedin hərəkət prinsipi ilə irəliləyir. Cəmiyyətin inkişafı bir addım da dayana bilməz, əks təqdirdə aşacaqdır. Biz illər uzunu gənclərə olan bu münasibəti dəyişdirə bilməsək də, ən azından bu problematikanı dilə gətirdik, ortaya qoyduq, ardı isə artıq gəncliyin özünün işidir. Gəncliyə inanaq cənablar, gələcəyə ümid varsa yalnız onlara görədir.
Ötən 20 il isə nə qədər faciəli olsa da, o zamandan keçən illəri boşuna hesab etmirəm, əslində hamı layiqli, karmik cəzasını aldı və almaqda davam edir. Əslində indinin zaman yüksəkliyindən nə qədər çalışsam da, bizim cəmiyyətin fərqli modelini təsəvvürümdə belə qura bilmirəm. Tam inanıram ki, hətta o zamankı Elçibəy hökuməti Qarabağı da geri alsaydı, ölkəni demokratik idarəetməyə gətirsəydi belə “yox e, o kişi başqadı, o olsaydı tamam başqa şey olacaxdı” – deyəcəkdilər. Onlar öz karmalarını öz hərəkətləri ilə qurdular, istədikləri də baş verdi, qısası hamı arzusuna çatdı yəni. Hazırda da 20 ilin “tarixin çox kiçik bir dönəmi” olduğunu deyənlər öz karmalarının sahibidirlər.