Zəlzələdən zərərçəkən: Niyə bu yaşımda kirayələrdə qalmalıyam?

“Fikir verdim, orada kim ki, yalvar-yaxar etdi, imkansız olduğunu dedi, onları qabağa çəkdilər”

Source: Specify Source


“Evimizi bərpa edib, təhvil verin”

“Ötən il baş verən zəlzələdən sonra Ağsu Rayon İcra Hakimiyyətinə müraciət etdik. Gəlib, evə baxıb təmir yazmışdılar. Üzərindən aylar keçsə də, heç bir xəbər-ətər çıxmadı. Mən Fövqəladə Hallar Nazirliyinə məktub yazandan sonra cavab gəldi ki, sizin eviniz siyahıya alınmayıb”.

Bu sözləri Meydan TV-yə Ağsu şəhəri, Söhbət Quliyev küçəsi 5, ev 10 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Dilarə Çoban qızı Nemətova deyir.

Bildirdiyinə görə, ötənilki zəlzələdən sonra onlara aid fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb. Şikayətçi söyləyir ki, zəlzələdən 15 gün sonra yerli icra hakimiyyətinə müraciət edib. Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılan komissiya üzvlərinin evdə keçirdiyi ilkin baxışdan sonra verdiyi rəy onları qane etməyib:

“Müraciətimizdən sonra gəlib maraqlandılar, evə təmir yazmışdılar. Bir müddət heç bir xəbər-ətər çıxmadı. İkinci dəfə Layihə İnstitutundan gəlib baxdılar. Bizdən soruşdular ki, bu evə nəyə görə təmir yazılıb? Təmirlik deyil, mütləq bərpa olunmalıdır. Layihə İnstitutundan gələnlər də baxdılar, çıxıb getdilər. Özləri də gördü ki, evin içərisindən baxanda bayır görünür. Yeriyəndə döşəmə silklənir. Əvvəllər ev bu vəziyyətdə deyildi. Güclü bir adam divara möhkəm yumruq vursa, uçacaq. Bundan sonra Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Fövqəladə Hallar Nazirliyinə dəfələrlə məktub yazdım. Fövqəladə Hallar Nazirliyindən cavab gəldi ki, evlə bağlı şikayətinizi araşdırdıq, qeydiyyat sistemində ad-soyadınız yoxdur”.

89506599_2543159556004422_2763752085643067392_n.jpg
“Layihə İnstitutundan gələnlər də baxdılar, çıxıb getdilər”

Dilarə Nemətova bu məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyətinə gedərək, icra başçısı Vahid Tağıyevin qəbulunda olub. Araşdırma zamanı siyahıyaalmada ad-soyadının olduğu ortaya çıxıb:

“İcra Hakimiyytinə getdim, yoxlatdırdım, orada sistemdə ad-soyadım çıxdı, 197-ci adam idim. Görüş zamanı yeni icra başçısı adamlara dedi ki, evlə bağlı buraya gəlməyin, məni narahat etməyin, bu işlərə Fövqəladə Hallar Nazirliyi baxır. Fikir verdim, orada kim ki, yalvar-yaxar etdi, imkansız olduğunu dedi, onları qabağa çəkdilər. Belə etdikləri üçün üzərindən bir ildən çox vaxt keçməyinə baxmayaraq, hələ də bizim evimizə heç bir əncam çəkilməyib. Mən orada bildirdim ki, bizim yaşayacaq yerimiz yoxdur. Rayonda dolanmaq olmur. Məcbur olub, kirayədə yaşayırıq. Evimizi bərpa edib, təhvil verin. Bildirdilər ki, narahat olmayın, sizin növbəniz çatanda biz özümüz axtarıb sizi tapacağıq. Üzərindən neçə ay keçdi, xəbər çıxmadı. Bu yaxınlarda, təxminən üç ay öncə yenə də Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Fövqəladə Hallar Nazirliyinə məktub yazdım. Fövqəladə Hallar Nazirliyindən mənə cavab gəldi ki, sizin evinizin smeta dəyəri hesablanır. Hesablama başa çatandan sonra rayonun icra hakimiyyətinə göndəriləcək. İcra hakimiyyətindən sizi çağıracaqlar, işə başlanılacaq. Üzərindən üç ay keçib, hələ də çağırmayıblar”.

89548519_2543159846004393_5562158535820705792_n.jpg
Dilarə Nemətova

“Evi özümüz ailə qurandan bir neçə il sonra, 1989-1990-cı illərdə tikmişik. Üçotaqlı evdir, qarşı hissəsində isə artırma- zal var. Rayon yeridir, iş yoxdur, kasıblıq ucbatından evi tam təmir etdirə bilməmişik. Otaqlardan biri tavansız və döşəməsizdir”,- şikayətçi deyir:

“O vaxt hamı evi kürsüyə kimi ikiqat mişar daşı ilə tikirdi. Kürsüdən sonra da birqat daşla hörülürdü. Biz də kasıblıq dərdindən elə tikdik. Daha fikirləşmədik ki, bunun gələcəyi necə olacaq. Üç uşaqla nə vaxta kimi qayınata-qayınana yanında yaşayacaqdıq? Əvvəldən divarlarda çatlar var idi. Zəlzələdə isə ümumiyyətlə, ələgəlməz hala düşdü. Birqat daşla hörüldüyü üçün divarlardakı çatlar dərinləşdi, yaşamaq üçün təhlükəlidir. Zəlzələ olanda nəvəm yeni doğulmuşdu, yeddi aylıq idi. Körpədə oksigen çatışmazlığı vardı. Gəlin qorxurdu ki, uşağa nəsə olar. Divarın da çatları getdikcə böyüyürdü. Gəlin dedi ki, mən burada yaşamağa qorxuram, oğlum onu da götürüb Bakıya gəldi. Kirayə ev tutdular”.

Dilarə Nemətova hazırda beş nəfərdən ibarət ailəsi ilə birgə Bakı şəhərində kirayə evdə məskunlaşıb. Söyləyir ki, Ağsu rayonunda iş olmadığı üçün orada mənzil kirayələyə bilməyiblər:

“Oğlumun arxasınca da biz Bakıya gəldik. Düşündük ki, Ağsuda tək, işsiz-gücsüz qalıb nə edəcəyik. Mən demirəm ki, evimi mütləq söküb yenisini tiksinlər. Heç olmasa bərpa etsinlər. Ev yelləncək kimi yellənir Ailədə beş nəfərik, həyat yoldaşım, mən, oğlumla, gəlinim və bir də körpə uşaq. İş yoxdur, dolanışıq yoxdur. İş olsa, həm dolanarıq, həm də evin çatlayıb-partlamış yerlərini özümüz düzəldərdik. Ona da imkan yoxdur. Oğlum zorla kirayə pulunu verir, qalan pul da ancaq yeməyimizə çatır. Hələ indiyədək bizim evə hökumətdən bir qəpik girməyib. Niyə mən bu yaşımda kirayələrdə qalmalıyam? Rayonda çoxu pul verib, evini sökdürüb yenidən tikdirdi. Bu qədər haqsızlıq olar? Bizim evə yalnız təmir yazmaqları adama pis təsir edir. İcra Hakimiyyətində dedilər ki, narahat olma, get, əlini qoy qulağının dibinə, otur. Necə yəni get otur, gözlə. Necə olur ki, növbə gəlib mənim evimə çatmadı? Mən 197-ci adamam, üzərindən bir ildən çox vaxt keçib”.

89846552_2548230885497289_6747793028204724224_n.jpg
“Fövqəladə Hallar Nazirliyindən cavab gəldi ki, evlə bağlı şikayətinizi araşdırdıq, qeydiyyat sistemində ad-soyadınız yoxdur”.

Ağsu Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorundan Meydan TV-yə bildirilib ki, şikayətçinin rüşvət iddiası əsassızdır:

“Zəlzələdən sonra hər hansı bir evin tikilməsi sənədləşmə əsasında aparılır. Ekspertiza rəyindən, iki nazirliyin qiymətləndirməsindən keçir. Ondan sonra tikintiyə, yaxud bərpaya qərar verilir. Vətəndaşın adı siyahıda varsa, onun evində də təyinatına uyğun təmir-bərpa işləri aparılacaq. Bu iş icra hakimiyyətinin yox, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir”.

Fövqəladə Hallar Nazirliyi Zəlzələ bölgəsi üzrə Qərargahının rəisi Həsən Qasımzadə Meydan TV əməkdaşı ilə söhbətində evlərdə aparılan qiymətləndirmənin dəyişməyəcəyini bildirib:

“Müraciətlərdən sonra tərkibində rayon icra hakimiyyətinin nümayəndələri və həmçinin bizim mütəxəsisilərin olduğu heyət evlərə baxış keçirib. Smeta dəyəri müəyyən olunduqdan sonra təmir işlərinə başlanılacaq”.

2019-cu il fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

Zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir çox fərdi və çoxmənzilli yaşayış evlərinə ziyan dəyib.

Prezident İlham Əliyevin sərəncamına əsasən, indiyədək dövlət büdcəsindən təbii fəlakətdən zərər görmüş hər üç rayona ümumilikdə 7 milyon manat ayrılıb.

89771121_2548232378830473_3561303726981382144_n (1).jpg
“Üç uşaqla nə vaxta kimi qayınata-qayınana yanında yaşayacaqdıq?”
90262461_2548235862163458_7249179208167981056_o.jpg
“Təmirlik deyil, mütləq bərpa olunmalıdır”
89850475_2548232532163791_8210277174003892224_n.jpg
“Güclü bir adam divara möhkəm yumruq vursa, uçacaq”
Ana səhifəBölgəZəlzələdən zərərçəkən: Niyə bu yaşımda kirayələrdə qalmalıyam?