Yunis Səfərovun imtina etdiyi vəkili məcburi saxladılar

“Prokurorluğun qərarı məhkəmə dövrünü əhatə edə bilməz”.

Yunis Səfərov, Foto: Meydan TV


Elçin Sadıqov Məhkəmə-Hüquq Şurasına şikayət edəcəyini deyir

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazovu güllələməkdə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmənin hazırlıq iclasının qərarı açıqlanıb. Məlum olub ki, vəkillərin qaldırdıqları vəsatətlərin heç biri təmin olunmayıb. Bircə təqsirləndirilən şəxslər məhkəmə qarşısında olarkən onların əllərindəki qandalların açılması məsələsi həllini tapıb.

Vəkillər cinayət işinin təkrar araşdırma üçün prokurorluğa qaytarılması, təqsirləndirilən şəxslərdən bir neçəsinin səhhətində kəskin problemlərlə əlaqədar hökmə qədər ev dustaqlığına buraxılması, onların xəstəliklərilə əlaqədar tibbi ekspertizadan keçirilməsi, bu işə Gəncə Ağır Cinayətlər Məhkəməsinin yox, Bakı Ağır Cinayətlər Məhkəməsinin baxması, məhkəmə prosesinin audio və videolentə alınması kimi vəsatətlər qaldırmışdılar.

Yanvarın 8-də Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilən iclasda Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev, hakimləri Məhəmməd Bağırov və Nural Əliyev elan edib ki, bu vəsatətlərin heç biri təmin olunmur.

Bir gün əvvəl Yunis Səfərov özü də ona dövlət hesabına vəkil təyin edilmiş Elman Ağayevdən imtina etmiş, məhkəmə zalında yaxınlarına səslənərək, vəkil Elçin Sadıqovla müqavilə bağlamalarını istəmişdi. Onun qohumları istədiyi vəkillə müqavilə bağlayıblar. Lakin hakimlər E.Sadıqovun onun hüquqlarını müdafiə etməsinə icazə verməyib. Bildiriblər ki, onun haqqında prokurorluğun 5 sentyabr 2019-cu il tarixli qərarı var. Qərara əsasən, E.Sadıqov vəkil etikasına riayət etmədiyinə görə Y.Səfərovun müdafiəsindən uzaqlaşdırılıb.

Hakimlər Y.Səfərovun dövlət hesabına vəkildən imtinasını da qəbul etməyib. Hərçənd, Y.Səfərov deyir ki, E.Ağayev vəkil kimi onun hüquqlarını faktiki müdafiə etmir. Hüquqları pozulsa da, vəkil heç bir addım atmır, əksinə, onun heç bir şikayəti olmaması barədə açıqlamalar verir.

Məhkəmə zalında iştirak edən E.Sadıqov bildirib ki, hazırda baxılan cinayət işi ilə onun uzaqlaşdırıldığı iş eyni deyil. Vəkilin sözlərinə görə, Y.Səfərovun müdafiəsindən uzaqlaşdırılması barədə prokurorluğun qərarı da istintaq dövrü üçün keçərli idi, məhkəmədə yox:

“Prokurorluğun qərarı məhkəmə dövrünü əhatə edə bilməz”.

Təqsirləndirilən şəxslərin əllərindəki qandalların məhkəmə zalında açılmasına gəlincə, vəkillər bu haqda vəsatət qaldırarkən bu cür münasibətin ədalət mühakiməsinin prinsiplərinə zidd olduğunu bildirmişdilər: “Onlar davranış qaydalarını pozmursa, səs-küy salmırsa, məhkəmə qarşısında qandallı saxlanmaları yolverilməzdir. Bu, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına da ziddir”.

Məhkəmə sədri qandalların açılması barədə göstəriş versə də, ardınca belə bir replikası olub: “Biz bu jesti eləyirik, amma unutmayın ki, artıq-əskik nəsə olsa, yenə qandallar taxılacaq. Bəziləri deyir ki, ay Avropa Məhkəməsinin qərarlarına ziddir, nə bilim… Avropa Məhkəməsində təkcə ələ yox, lap ayağa da qandal vururlar”.

Bu cinayət işi üzrə məhkəmə baxışı yanvarın 16-na yəyin edilib.

Məhkəmədən sonra vəkil Elçin Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, onun işə buraxılmaması barədə qərar əsassızdır və Məhkəmə-Hüquq Şurasına şikayət edəcək.

Təqsirləndirilən şəxslərdən Mahir Əzizovun anası Məhbubə Əzizova da məhkəmənin hazırlıq iclasının qərarına etiraz edib. Bildirib ki, oğlunun işinə obyektiv baxılıb, ədalətli qərar çıxarılmasa, özünə qəsd edəcək: “İlk iclaslardan göründü ki, bunların obyektiv, ədalətli qərar çıxarmaq fikri yoxdur. Bizim də vəkilimizi buraxmadılar. Əvəzində dövlət hesabına vəkil təyin ediblər, ondan da çox narazıyıq. İnanın, intihar həddindəyəm. Belə davam eləsə, özümə qəsd edəcəm”.

Sabiq icra başçısı və mühafizəçisi 2018-ci il iyulun 3-də güllələnib. Bu hadisəyə görə mühakimə olunan 12 nəfər bunlardır: Abdullayev Hamlet Ramiz oğlu, Əzizov Mahir Əziz oğlu, Əliyev Akif İsmayıl oğlu, Mustafayev Rasim Hafiz oğlu, Qurbanov Ceyhun Ələkbər oğlu, Zeynalov Firudin Etibar oğlu, Zalov Cəfər Mürsəl oğlu, Məmmədov Vüqar Vaqif oğlu, Salahov Ceyhun İsrayıl oğlu, Bağırov Anar İslam oğlu və Sərxani Ağa Hüseyn oğlu.

Onlara qarşı Cinayət Məcəlləsinin 33 maddəsilə ittiham irəli sürülüb. Bunların arasında 29, 120 (qəsdən adam öldürməyə cəhd), 181 (quldurluq), 214 (terrorçuluq), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya dövlətin konstitusion quruluşunu zorla ələ keçirmə) və başqa maddələr var.

Ana səhifəSiyasətYunis Səfərovun imtina etdiyi vəkili məcburi saxladılar