Yol İdarəsinin rəsmisi: Böyük deyirsə, sür dərəyə, sürməlisən

“Razılaşmadı, dedi ki, qan təzyiqim var, Basqal yüksək yerdir”.

Source: Specify Source


Şikayətçi: "Maşınımı 1500 manata bir nəfərə satıblar"

Göyçayın Çərəkə kənd sakini Samir Kərimov qanunsuz olaraq işdən çıxarıldığını deyir.

O, səkkiz il Göyçay rayon 17 saylı Yol İstismar İdarəsində çalışıb.

Samir Kərimov Meydan TV-yə bildirib ki, idarənin müdiri Tehran Muradlı onu Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən işdən azad edib.

Həmin maddəyə əsasən, onun peşəkarlıq səviyyəsinin kifayət qədər olmadığı, ixtisasının (peşəsinin) tutduğu vəzifəyə uyğun gəlmədiyi əsas götürülüb.


"Pandemiya dövründə məni işdən çıxardılar, işsiz, maaşsız qaldım"

“2012-ci ildən idarədə işləyən bir adamı təcrübəsiz kimi işdən uzaqlaşdırmaq haqsızlıqdır. Həmin idarədə uzun illər işləmişəm. Bu müddət ərzində iki müdir dəyişmişəm. Səkkiz il öncə “TATRA” markalı yük maşını aldım, idarənin balansına saldırdım. İdarənin işini görə-görə də öz çörəyimi qazanırdım. 8 il biz belə işləmişik. Tehran Muradlı gələndən sonra isə dedi ki, ancaq biz deyən yerlərdə işləməlisiniz. İki uşaq atasıyam. Pandemiya dövründə məni işdən çıxardılar, işsiz, maaşsız qaldım”, – Samir Kərimov belə deyir.


"Maşınımı 1500 manata bir nəfərə satıblar"

Samir Kərimovun sözlərinə görə, məzuniyyətdə olduğu halda onu işə çağırıblar. İşə çıxandan sonra isə idarə müdiri aralarında mübahisə yaranıb: “2020-ci iyununda iyirmi bir günlük məzuniyyətə çıxdım. Yüksək təzyiqim olduğu üçün müalicə alırdım. Məzuniyyət vaxtı idarədən zəng etdilər ki, “Göyçay-ATF” şirkəti tərəfindən İsmayıllının Basqal kəndində işə başlanılıb. İşləyə bilirsənsə, gəl, buna görə əlavə pul veriləcək. Mən məzunyyətdə olduğumu xatırlatdım. Əlavə etdim ki, Basqal dağlıq ərazidir, mən yüksəklikdə işləyə bilmirəm, hipertoniyam var. Dedilər ki, onda icazə ver, sürücülərdən biri sənin maşınını götürüb, ora işləməyə getsin. Razılaşdıq. Üzərindən iki həftə keçdi. Məzuniyyətim bitdi, idarəyə gəldim ki, maşınım hələ də geri qaytarılmayıb. Mənə dedilər ki, qoy maşın bir həftə də orada qalsın, çünki iş davam edir. Maşınımın geri qaytarılmadığını görüb, rəhbərliklə danışmaq qərarına gəldim. Müdirin yanına gedib, maşının nə vaxt qaytarılacağını soruşdum. Bildirdim ki, artıq işləmək istəyirəm. Müdir dedi ki, işləmək istəyirsənsə, Basqala getməlisən. İşləməsən, maşını başqa sürücüyə verəcəyəm. Mən də dedim ki, axı biz söz danışdıq. Maşını iki aydır, görmürəm, gəlməlidir. Vəziyyətinə baxım, sonra yenə fikirləşərik. Burada da işimiz var. Mən burada işləməliyəm. Dedi ki, yox, maşın gəlməyəcək. Hamının maşını gəldi təmirə, yoxlanışa, ancaq mənimkini Basqalda saxladılar”.

img-20210207-wa0061.jpg
Əmək kitabçası


"Müdir dedi ki, əlindən gələni beş qaba çək"

“Müdir dedi ki, işləyirsənsə, işlə. İşləmirsənsə, sənə yaxş yol. Maşını idarə etməyə sürücü taparam”, – şikayətçi bildirir.


"Tehran Muradlı məni ac qoydu"

Kərimov deyir ki, həmin maşına 7500 manat pul verib: “Müdirə dedim ki, maşına 7500 manat pul vermişəm. Səkkiz ildir ki, bu maşın qoruyub-saxlayıram. Dövlətin balansına keçirmişəm. Dövlətin maşını, dövlətə işləməlidir. Mən niyə gedib, hansısa şirkətə işləməliyəm? İki gündən sonra məni idarəyə çağırdılar. Dedilər ki, işə gəlmirsən, yayınırsan. Yalandan tabel qoyub, işçilərə qol çəkdirirdilər. Halbuki hər gün idarəyə gedib, sənədə qol çəkirdim. İki dəfə xidməti məlumat verdilər, ardınca da şiddətli töhmətlə cəzalandırdılar. Dedilər ki, bizim dediyimizlə oturub-durmalısan. Basqal yolu layihəmiz var, biz onu işləməliyik. Avqustun 31-də əmrimi verib, işdən azad etdilər. Maşınım da orada qaldı. Maşınımı 1500 manata bir nəfərə satıblar. Tehran Muradlı məni ac qoydu. Neçə dəfə dedim ki, maşınımın pulunu qaytarın. Axı mənim maşınımı satmısınız. Əhəmiyyət verən olmadı. Dedi ki, əlindən gələni beş qaba çək. Get, nə bilirsən elə. 265 manat alırdım, amma əlavə gəlir çox olurdu. Nə əməkhaqqımı, nə də məzuniyyət pulumu verdilər. Dövlət Əmək Müvəttişliyi Xidmətinə teleqram vurdum ki, işə baxılsın. Ən azından hesab-kitab aparılmalıdır. Onun da bir nəticəsi olmadı”.

img-20210207-wa0060.jpg
Əmək kitabçası


Kadrlar şöbəsinin əməkdaşı: "Müqaviləsinə xitam verilib"

Göyçay 17 saylı Yol İstismar İdarəsinin müdiri Tehran Muradlı Meydan Tv-nin əməkdaşının zənglərinə cavab verməyib.

İdarənin kadrlar şöbəsinin işçisi Təranə Abdullayeva bildirilib ki, Samir Kərimov işinə məsuliyyətsiz yanaşdığı üçün dəfələrlə xəbərdarlıq olunduqdan sonra müqaviləsinə xitam verilib: “Kobudluq və məsuliyyətsizlik edib. Basqalın yolu çətindir. Maşınlarımız orada dayanır. İşçiləri daha sonra başqa maşınla aparıb-gətirirlər. Razılaşmadı, dedi ki, qan təzyiqim var, Basqal yüksək yerdir. Hətta iş orda deyil və böyük deyirsə, sür dərəyə, sürməlisən. Dövlət Əmək Müfəttişliyinə də şikayət etmişdi. Oradan da gəliblər, sənədlər təqdim olunub”.


Əmək Müfəttişliyi: "İdarə vətəndaşa məzuniyyət pulu ödəməlidir”

Dövlət Əmək Müfəttişliyinin Ağsu regional ərazi şöbəsinin müdiri Əliyunis Mütəllibov Meydan TV-yə bildirib ki, şikayətçinin müraciəti araşdırılıb: “Araşdırma bitib, cavabı vətəndaşa göndərmişik. Samir Kərimovun idarədəki fəaliyyətinə 70-ci maddəsinin c bəndinə əsasən xitam verilib. Araşdırmaya əsasən, idarə vətəndaşa məzuniyyət pulu ödəməlidir”.

img-20210207-wa0062.jpg
Əmək kitabçası
Ana səhifəBölgəYol İdarəsinin rəsmisi: Böyük deyirsə, sür dərəyə, sürməlisən