Yadigar Sadıqlı

Источник: Foto: Meydan tv

Başlıq: Yadigar Sadıqlı

Yəhudilərin katerləri qaçırması

Fransadakı mürəkkəb daxili vəziyyət 1969-cu ilin aprelində de Qollun istefası ilə nəticələndi

1954-cü ildə Əlcəzairdə Fransa əsarətinə qarşı milli-azadlıq müharibəsinin başlanması, Misirin 1956-cı ildə Süveyş kanalını milliləşdirməsi Fransa-İsrail yaxınlaşmasına səbəb oldu. Bu dövrdə Fransa İsrailə silah satır, İsrail isə ərəb ölkələrində olan casus şəbəkəsi vasitəsilə əldə etdiyi məlumatları fransızlarla bölüşürdü.

Amma Əlcəzair xalqının müstəqillik uğrunda mübarizəsi 1962-ci ildə qələbə ilə başa çatdıqda Fransanın İsrailə marağı azaldı. Prezident Şarl de Qoll Fransanın fövqəldövlət kimi davranmasına, ABŞ-dan müstəqil siyasət yürütməsinə çalışırdı. Bu siyasətin ən böyük təzahürü ölkənin 1966-cı ildə NATO-nun hərbi strukturlarını tərk etməsi və ABŞ hərbi bazalarını ölkədən çıxarması oldu.

İndi Paris ərəblər arasında mövqeyinin bərpası qayğısına qalır, onların İsraillə münasibətlərində bitərəf arbitr rolunu oynamağa çalışırdı. De Qoll həm İsraillə, həm ərəb dünyası ilə eyni dərəcədə yaxşı münasibətlərin qurulmasını nəzərdə tutan bu siyasəti "paralel xətlər" adlandırırdı.

Bununla yanaşı, son dərəcə sərfəli silah satışından imtina edilmədi. 1960-cı illərdə Fransa İsrailin əsas silah təchizatçısı idi. İsrail ordusu "Mystere-4" və "Mirage-3" təyyarələri, "Super Frelon" helikopterləri, AMX-13 tankları və Fransa istehsalı olan digər texnika ilə silahlanmışdı. İsrail ordusunun əsas zirehli texnikasını təşkil edn 515 ədəd Şerman tankları ABŞ istehsalı olsa da, Fransadan alınmışdı. Fransızlar sonralar bu maşınların modernləşdirilməsinə, xüsusən yeni topla təchiz olunmasına da kömək edirdilər.

Paralel xətlərin "toqquşması" 1967-ci ildə baş vardi. Həmin il İsraillə bir sıra ərəb dövlətləri arasında gərginlik pik həddə çatdı. Misir prezidenti Camal Əbdül Nasir "yəhudiləri dənizə tökməyə, bir millət kimi məhv etməyə" çağırırdı. Tərəflər arasında müharibənin qaçılmaz olduğu aşkar görünürdü.

Tarixə Altıgünlük müharibə adı ilə düşəcək hərbi əməliyyatların başlanmasına iki gün qalmış, iyunun 3-də Paris bütün tərəflərə hücum silahının satışına moratorium elan etdi. Bu, xüsusən İsrail üçün ağır zərbə oldu, çünki Fransa, dediyimiz kimi onun əsas silah təchizatçısı idi. Hər şeydən əlavə, İsrail artıq pulunu belə ödədiyi 50 ədəd yeni "Mirage-5" təyyarəsindən ümidini üzməli oldu.

Ərəb ölkələri isə bu moratoriumdan elə də narahat olmadılar. Düzdür, onlar da Fransadan arabir silah alırdılar. Yuxarıda xatırladığım AMX-13 tankları Misir və Suriya ordularında da vardı. Hətta sırf Misirin sifarişilə məhdud sayda (24 ədəd) M4/FL10 tankları buraxılmışdı. Bununla belə, ərəblərin əsas silah təchizatçısı SSRİ, Çexoslovakiya və digər sosialist ölkələri idi.

Altıgünlük müharibədən ilyarım sonra Fransa-İsrail münasibətlərini bir az da pisləşdirən daha bir hadisə baş verdi. 1968-ci il dekabrın 26-da Fələstin Xalq Qurtuluş Cəbhəsinin (FXQC) iki üzvü Afina hava limanında İsrailin El Al aviaşirkətinə məxsus sərnişin təyyarəsini atəşə tutdular. Nəticədə bir sərnişin həlak oldu və bir stüardessa ağır yaralandı.

FXQC-nin mənzil qərargahı Livanda yerləşirdiyinə görə İsrail hökuməti bu ölkəyə qarşı qisas aksiyası keçirməyi planlaşdırdı. Rafael Eytanın başçılığı altında xüsusi təyinatlı "Sayeret Matkal" dəstəsinin və İsrail ordusunun desantçılarının keçirdiyi əməliyyat nəticəsində Beyrut hava limanında Livana məxsus 14 (bəzi mənbələrdə 13) boş təyyarə partladıldı və heç bir itki vermədən geri döndülər.

Bu hadisə geniş rezonans doğurdu. Livan Birinci və İkinci dünya müharibələri arasındakı dövrdə Fransanın mandatı altında olduğundan Paris buraya öz nüfuz dairəsi kimi baxırdı. Bu səbəbdən onların reaksiyası xüsusilə əsəbi idi.

***

Ərəb ölkələrilə permanent müharibə vəziyyətində olan İsrail daha çox özünün quru və hava qüvvələrinə diqqət ayırırdı. 1960-cı illərin əvvəllərində isə hərbi-dəniz qüvvələrinə də diqqət ayırmağın vaxtı çatdığı düşünüldü. İlk növbədə idarəolunan raketlərlə silahlanan katerlər əldə etmək qərara alındı.

Bunun üçün əvvəlcə Qərbi Almaniya ilə razılığa gəlindi. Katerlər almanların "Yaquar" sinifli torpeda katerləri əsasında yaradılacaqdı və "Saar-3" (ivritdən tərcümədə: fırtına) sinfi adlandırılacaqdılar. Amma bir qədər sonra ərəb ölkələri liqasının təzyiqi nəticəsində almanlar bu sövdələşmədən imtina etdilər.

İsrail bu dəfə Fransa ilə razılığa gəldi. 1965-ci ilin iyulunda imzalanan razılaşmaya əsasən, Şerbur tərsanələrində İsrail üçün 12 raket kateri düzəldiləcəkdi. Yenə də ərəblərin etirazına hədəf olmamaq üçün gəmilər "patrul kreyseri" kimi qələmə verilirdi. Uzunluğu 45 metrə, maksimal sürəti 40 düyünə (1 düyün = 1852 metr) çatan katerlər yəhudilərə silahsız təhvil veriləcəkdilər və yalnız İsraildə özlərinin istehsal etdikləri "Gabriel" raketlərilə təchiz olunacaqdılar.

Buna görə də 1967-ci ildə tətbiq edilən "hücum silahlarına embarqo" katerlərə aid edilmədi. O zaman Fransada ictimai-siyasi vəziyyət yetərincə mürəkkəb idi (bir il sonra ölkəni kütləvi iğtişaşlar bürüdü) və hökumət Şerbur tərsanələrində çalışan minlərlə adamı işsiz qoymağa cəsarət etmədi.

1967-ci ilin aprelindən 1968-ci illərin sonlarına kimi 6 kater inşa edilərək sifarişçiyə təhvil verildi. Altıncı kater "Sayeret Matkal"ın Beyrut aksiyası günü, dekabrın 28-də İsrailə yola düşdü. Yeddinci kater isə yenicə suya buraxılmışdı və hələ sınaqlardan tam keçməmişdi.

Dediyimiz kimi, Fransa Beyrut aksiyasına sərt reaksiya verərək onu Afinadakı terror aktına qeyri-adekvat cavab adlandırdı. De Qoll hətta yəhudilərin "bütün sərhədləri keçdiyini" elan etdi. Aydın oldu ki, rəsmi Paris İsrailin əleyhinə hansısa addım atacaq.

Həmin dövrdə İsrail Müdafiə Nazirliyinin Parisdə silah satınalma missiyasına kontr-admiral Mordexay Limon rəhbərlik edirdi. Artıq 6 il Parisdə olan Limon bütün dairələrdə yaxşı əlaqələr yarada bilmişdi. Məhz bu əlaqələr nəticəsində o, 1969-cu il yanvarın 4-də, şənbə günü olduqca vacib məlumat əldə etdi: bazar ertəsi Fransa İsrailə silah satışı ilə bağlı tam embarqo tətbiq edəcək.

Özü dənizçi olan Limonun yadına dərhal Şerburdakı katerlər düşdü. Onların biri artıq suya buraxılmışdı və ilk növbədə onu xilas etmək lazım idi. Həmin gəminin kapitanı vəzifəsinə yenicə yiyələnən Moşe Tabaka zəng etdi və söylədi: "Sizin İsraildə ailənizi ziyarət etmək xahişiniz qəbul olunub, təcili yola düşün". Nə baş verdiyini dərk etməyən, amma sual verməyin yersiz olduğunu anlayan Moşe Tabak elə həmin gün saat 16.30-da kateri dənizə çıxardı.

***

Embarqo tətbiqinə baxmayaraq, qalan beş katerin inşası davam etdirildi. Fevral, may, avqustda daha üç kater suya buraxıldı. Son iki kater ilin sonuna qədər hazır olmalı idi. Hətta İsrail dənizçilərinin Şerburda qalmalarına və katerləri mənimsəmələrinə icazə verilirdi. Tərsanənin sahibi Feliks Amio, həm də əhalisinin çoxu tərsanədə işləyən Şerbur bələdiyyəsi embarqonun uzun sürməyəcəyinə ümid edirdilər. Buna müəyyən ümidlər də vardı.

Fransadakı mürəkkəb daxili vəziyyət 1969-cu ilin aprelində de Qollun istefası ilə nəticələndi. Seçki kampaniyası zamanı embarqonu yumşaldacağını vəd edən Jorj Pompidu ikinci turda 58% səs toplayaraq yeni prezident oldu. Amma bu vəzifədə elə ilk mətbuat konfransındaca hər şeyin əvvəlki kimi qalacağını bildirdi.

Belə olduqda israillilər anladılar ki, katerləri xilas etmək üçün yalnız özlərinə güvənə bilərlər. Təl-Əvivdə əvvəlcə "sərt plan" müzakirə edildi. İsrail dənizçilərinin katerləri gecə ilə ələ keçirib qaçırmaları təklif olundu. Amma Baş nazir Qolda Meir Fransa ilə bütün körpüləri yandırmamaq üçün əməliyyatın sırf qanun çərçivəsində baş tutmasını şərt qoydu.

***

1969-cu ilin avqustunda Şimal dənizinin Norveç sektorunda ilk neft yatağı tapıldı. Növbəti aylarda aparılan kəşfiyyat işləri burada çox böyük neft və qaz yataqlarının olduğunu aşkar etdi. İsraillilər öz katerlərini "xilasetmə" əməliyyatında bu amildən istifadə etmək qərarına gəldilər.

Mordexay Limon bir dostunun məsləhəti ilə Norveçin Akers Mekaniske Verksted tərsanəsinin Baş direktoru Martin Siemlə tanış olur. İkinci dünya müharibəsi zamanı alman işğalına qarşı Norveç müqavimətinin iştirakçısı olan Siem yəhudilərə rəğbətlə yanaşırdı və onlara kömək etməyə razılıq verir.

1967-ci ilin aprelindən 1968-ci illərin sonlarına kimi 6 kater inşa edilərək sifarişçiyə təhvil verildi

1967-ci ilin aprelindən 1968-ci illərin sonlarına kimi 6 kater inşa edilərək sifarişçiyə təhvil verildi

Источник: Foto: arxiv

Tezliklə Panamada Starboat SA adlı saxta şirkət yaradıldı. Bu şirkətdən Şerbur tərsanələrinə daxil olan müraciətdə Şimal dənizində geoloji kəşfiyyat işlərində istifadə üçün sürətli və kiçik ölçülü bir neçə kater lazım olduğu bildirilirdi. Həmin katerlərdən tələb olunan digər xarakteristikalar da "təsadüfən" İsrail katerlərinki ilə üst-üstə düşürdü.

Fransa hökuməti bu təklif barədə ilk növbədə elə Mordexay Limonu məlumatlandırdı. Çünki embarqo öz yerində, İsrailin bu katerlər üzərində hüququ vardı və onun razılığı olmadan heç kəsə satmaq olmazdı. Limon gözdən pərdə asmaq üçün bu təklifə qəti etiraz etdi, bərk əsəbləşdiyini göstərdi, fransızların ünvanına xeyli ittihamlar səsləndirdi və sonda öz hökumətinə bu barədə məlumat verəcəyini söylədi. O, bir neçə gündən sonra fransızlarla əlaqə saxlayaraq narazı halda bildirdi ki, onun bütün etirazlarına baxmayaraq, İsrail hökuməti gəmiləri satmağa razılıq verir. İnandırıcılıq üçün bu dəfə öz hökumətini də tənqid etdi.

Bu arada oktyabrın 14-də dördüncü və nəhayət, dekabrın 15-də beşinci kater suya buraxıldı. Artıq əməliyyatı yekunlaşdırmaq lazım idi. Həmin vaxt Mordexay Limon isə Starboat şirkətinin nümayəndələri ilə danışıqlarda "kəskin" tələblər irəli sürür və bununla fransızların şübhələrini ortadan qaldırırdı.

Fransızlardan təkcə Şerbur tərsanəsinin sahibi Feliks Amio məsələdən xəbərdar idi. Amma o da məsələnin yekunlaşmasını yəhudilərdən az istəmirdi. Embarqo tətbiqindən sonra İsrail pul köçürməsini dayandırdığından Amio beş gəminin inşası üçün risk edərək xeyli borca girmişdi və müflisləşmə təhlükəsi qarşısında idi.

Dekabrın 22-də Parisdə iki müqavilə imzalandı. Birincisində İsrail alacağı kompensasiya müqabilində katerlər üzərindəki hüququndan imtina edirdi. İkinci müqaviləyə görə, beş kater cəmi 10 milyon 125 min dollar müqabilində Starboat şirkətinə satılırdı. Katerlər yanvarın 20-ə kimi yeni alıcıya təhvil verilməli idilər.

Ertəsi gün Limon və Siem fransızlardan gizli şəkildə daha bir müqavilə imzaladılar. Bu müqavilədə Starboat aldığı katerləri yenidən İsrail hökumətinə satmağı öhdəsinə götürürdü.

***

Müqavilələr imzalanana qədər İsrail hərbi-dəniz donanması və Mossad kəşfiyyatı əməliyyatın texniki cəhətlərini həll etmək üçün işlər görürdülər. Katerlərin yanacaq tutumu onların İsrailə qədər məsafəni (3100 dəniz mili və ya 5741 kilometr) qət etməyə imkan vermirdi. Yolüstü hər hansı ölkənin limanına girmək də arzuolunan deyildi, çünki Fransanın tələbi ilə gəmilər saxlanıla bilərdi. Bu səbəbdən onlara dənizdə yanacaq doldurmaq qərara alındı.

Hər biri 200 ton ehtiyat yanacaqla təmin olunan iki gəmidən biri katerləri Cəbəllüttariq boğazı, digəri isə Malta yaxınlığında qarşılamalı idilər. Vaxta qənaət etmək məqsədilə bütün beş katerə eyni vaxtda yanacaq doldura bilmək üçün tədbirlər görülmüşdü. Həm də diqqət cəlb etməmək üçün bunu havanın qaranlıq vaxtında etmək nəzərdə tutulurdu.

Həll ediləcək başqa məsələ katerlərin heyətlə təmini idi. Şerbur tərsanələrində cəmi 40 hərbi dənizçi vardı (Starboat SA elan etmişdi ki, katerlər onlara təcili lazımdır və yeni heyət toplayaraq gəmilərə alışdırmağa vaxt yoxdur, buna görə də onların Şimal dənizinə aparılması üçün israillilərin yardımına ehtiyacı var). Beş kateri qaçırmaq üçün isə 120 (hər katerə 24 dənizçi) lazım idi. Buna görə də Avropanın müxtəlif ölkələrindən keçməklə 80 dənizçi iki-iki olmaqla "Milad bayramını qeyd etmək üçün" Şerbura yollandılar. Dekabrın 23-də onların hamısı Şerburda idilər.

Hər hansı problem yaranmaması üçün onlar həqiqi pasportları ilə səfər edirdilər. Belə olduqda isə bu qədər yəhudinin bayram üçün Şerburu seçməsi diqqət çəkə bilərdi. Üstəlik, daha məlumatlı birisi yəhudilərin Milad bayramını qeyd etməmələrini də yada sala bilərdi. O səbəbdən, əməliyyatı bacardıqca tez, dekabrın 24-də, fransızların başı Milad bayramına qarışan vaxt başlamaq lazım idi.

Təxminən 7-8 gün davam edəcək səfər üçün ərzaq hazırlığı görmək də vacib idi, üstəlik bunu da diqqət çəkmədən etmək gərəkirdi. Katerlərdəki heyət üzvləri tez-tez və az-az alış-verişlər edərək gəmilərdə ərzaq ehtiyatı yaratdılar.

Katerlərdən yalnız ikisi radiocihazla təchiz olunmuşdular. Digər üç katerlərin əlaqə saxlaya bilmələrindən ötrü Parisdə üç ədəd ratsiya cihazı alındı. İki kilometrə qədər məsafəni tutan bu oyuncaq cihazlar batareya ilə işlədiklərinə görə tam 150 ədəd batareya alındı.

Başqa bir problem katerlər işə salınarkən səsin diqqət cəlb etməsi ola bilərdi. Şerbur sakinlərini bu səsə alışdırmaq üçün əməliyyatın başlanmasına bir neçə gün qalmış hər gecə gəmilərin mühərriki işə salınırdı. Əhalinin şikayəti əsasında limana gələn polislərə isə bunun gəmiləri qızdırmaq üçün vacib olduğu söylənilirdi.

Katerlər Starboat SA şirkətinə satıldıqdan sonra artıq mülki texnika sayılırdı və buna görə də mülki tərsanəyə keçirildilər. Bu, onların qaçırılmasını asanlaşdırdı. Dekabrın 24- də saat 19.30-da "turist" 80 dənizçinin hamısı artıq katerlərdə idilər. İsraillilər Şerbur limanının saat 20.30-da tərk etməyi planlaşdırırdılar. Amma Biskay körfəzində fırtına olduğu üçün vaxtı bir neçə dəfə təxirə saldıar. Yalnız saat 02.30-da Şerburu tərk etdilər və dənizə çıxdılar.

***

Şerburdan çıxandan sonra katerlər fransızların xəbər tutub tədbir görməmələri üçün əvvəlcə düz qərbə tərəf üzərək Fransa ərazi sularından uzaqlaşdılar. Neytral sulara çıxdıqdan sonra isə cənuba döndülər. İspaniyanın cənub sahillərinin yaxınlığında onları yanacaqla birlikdə "Lea" gəmisi gözləyirdi. Dəniz dalğalı olduğundan və katerlərin toqquşa biləcəklərinə görə, bütün beş katerə eyni vaxtda yanacaq doldurulmadı. Dörd gəmiyə iki-iki, daha birinə isə ayrılıqda dolduruldu. Buna görə də proses az qala bir sutka - 17 saat çəkdi.

Bundan sonra Cəbəllüttariq boğazından keçən katerlər burada da Fransanın cənub sahillərində maksimum uzaqda, Şimali Afrika sahillərinə yaxın üzürdülər. Dekabrın 29-da səhər Lampeduz adasının yaxınlığında "Dan" gəmisi ilə görüşərək ikinci dəfə yanacaq doldurdular. Proses bu dəfə 14 saat çəkdi. Hava şəraitinə görə bu yanacağın da çatmayacağı ehtimalı vardı və israillilər ehtiyat tədbirlər görmüşdülər. Amma üçüncü dəfəyə ehtiyac olmadı.

Dekabrın 31-də katerlər İsrail sularına daxil oldular. Xüsusi ajiotajda maraqlı olmayan hökumət onların yalnız hava qaralandan sonra Kişon limanına daxil olmalarını tapşırdı. Heyət hələ də mülki formada idi, mətbuata da bildirilirdi ki, gəmiləri hərbi dəniz donanması almayıb, İsrailin mülki şirkətlərinin birinə icarəyə verilib. Onların üzərində hələ də STARBOAT yazısı dururdu.

***

Əməliyyatın başlanmasının ertəsi günü Feliks Amio etməli olduğu işi gördü: katerlərin yoxa çıxması barədə polisə xəbər verdi. Amma xəbər iki gün mətbuatdan gizli saxlanıldı. Yalnız dekabrın 27-də Londonun Daily Telegraph qəzeti katerlərin yoxa çıxmasını xəbər verdi. Gecə saatlarında isə BBC katerlərin Cəbəllüttariq boğazını keçdiyini xəbər verdi, ertəsi gün görüntülər paylaşdı. Gəmilərin Şimal dənizinə deyil, Aralıq dənizinə yollanması məsələnin əsl mahiyyətini açdı.

Fransa rəsmiləri Milad tətillərini yarımçıq qoyaraq geri döndülər. Müdafiə naziri Mişel Debre xüsusilə fəallıq edirdi. Özü də yəhudi olan Debre bu işdə əli olması haqqında şayiələrdən qorxurdu və buna görə hətta Baş qərargah rəisinə katerləri tutmağı əmr etdi. Amma general Mişel Furke neytral sularda belə davranmaq hüququ olmadığını əsas gətirdi və Baş nazir Şaban-Delmasa apelyasiya etdi. Amma hətta Baş nazir də Debreni sakitləşdirə bilmədi, bunun üçün Pompidunun müdaxiləsi lazım gəldi.

Prezident bildirdi ki, münasibətlərin daha da korlanması xeyirli deyil və vəziyyətdən az itki ilə çıxmaq lazımdır. İsrail müdafiə nazirliyindən Mordexay Limonun geri çağırılması istənildi. Ərəblərin könlünü oxşamaq üçün onun "persona non grata" elan edildiyi bildirildi. Eləcə də Fransa müdafiə nazirliyinin bir neçə məmuru işdən çıxarıldı.

İnsident Martin Siemə təsirsiz ötüşmədi. O, Akers Mekaniske Verksted tərsanəsinin Baş direktoru vəzifəsindən istefa verməli oldu. İsrail hökuməti ona kompensasiya olaraq 200 min dollar ödədi.

Ajiotaj yatana qədər katerlərə heç bir silah yerləşdirilmədi. Yalnız 1970-ci ilin yayında "Gabriel" raketləri və "OTO Melara 76 mm" topu ilə təchiz edildilər. Onlar Tükəndirmə müharibəsi, Məşhər günü savaşı və Livan müharibəsində iştirak etdilər. Yeni katerlərin inşası ilə əlaqədar 1980-ci illərin sonlarında donanmanın tərkibindən çıxarıldılar.

Baş verən hadisə İsrail-Fransa əməkdaşlığına ciddi təsir göstərdi. Bundan sonra İsrailin əsas silah təchizatçısı ABŞ oldu.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/wm1bp5

Самое читаемое