Yaşar Xudiyev: Saç-saqqalımı, sırğalarımı asanlıqla həzm etmirlər

Yaşar Xudiyev
Yaşar Xudiyev


Səyahətçi 10 min kilometrlik yolu piyada getməyi düşünür


Yaşar Xudiyev unikal insandır. Onu 2015-ci ildə velosipedlə çıxdığı Afrika səyahətiylə tanıdım. Misirin paytaxtı Qahirədən ta Afrikanın o biri ucuna – Ümid burnuna yol almışdı. Daha sonra yaralandığı haqda xəbərlər gəldi. Sudanda, cəngəllikdə oğrular tərəfindən döyülərək ölümcül hala salınmış və əşyaları oğurlanmışdı. Xoşbəxtlikdən, özündə güc tapıb cəngəllikdən çıxmış və sağalmışdı. Və təbii ki, səyahətini sona çatdırmışdı. Səyahəti bitirdikdən sonra kitab yazdı. “Velosipedlə Afrikaya” Azərbaycan dilində yazılan ən yaxşı səyahət kitabıdır, fikrimcə…


Yaşar yenə yoldadır. Bu dəfə Azərbaycandan başlayıb Asiya qitəsinin sonuna qədər getməyə qərarlıdır. Amma maşınla yox, velosipedlə də yox, piyada!



– Yaşar, biz səninlə 2016-cı ildə Tbilisidə görüşəndə demişdin ki, növbəti səyahətimdə piyada gəzəcəm. Bu qərara necə gəlmişdin?

– Elədir. Velosipedlə pedallayanda nədənsə sürət məni qane etmirdi. Daha aramla getmək istəyirdim. Dağlar olurdu ki, onlara dırmaşa bilmirdim. Kolluqlara girib özümə cığır açaraq yerimək istəyirdim, alınmırdı. Səhra qumlarında isə velosipedim batırdı, hərəkət etmirdi. Təbiəti bütünlüklə hiss etmək üçün hər ağaca, hər künc-bucağa toxunaraq getmək istəyirdim. Ona görə piyada getmək beynimə girmişdi.

Səmra Sədrəddinli və Yaşar Xudiyev
Səmra Sədrəddinli və Yaşar Xudiyev



– İndiyə qədər piyada hansı ölkələrdən keçmisən?

– İndiyə qədər Azərbaycan, Dağıstan, Kalmıkıya, Həştərxan əyalətindən keçib Qazaxıstana girmişəm. Qazaxıstan çöllüklərində düz 2 ay ayaq döyüb, noyabrın 8-də Özbəkistana çatdım. Daha sonra Özbəkistanın tərkibində olan Qaraqalpakstan Muxtar Respublikasına girib, dekabrın 9-da onun mərkəzi şəhəri Nukusa çatdım. Toplam 2300 kilometr civarında piyada yol getmişəm.



– Mümkünsə, bizə hazırda olduğun yer haqda danış…

– Hazırda Buxara şəhərindəyəm. Nukusda səfərim havanın kəskin soyuq keçməsi səbəbindən dayandı. Çünki son 10 gün ərzində şaxtalı-qarlı havada ayaq döymüşəm və yerimək çətinləşib. Orada mart ayına qədər ödənişsiz qalmağa yer tapmadığım üçün qatarla Buxara şəhərinə gəlmişəm. Piyada səfərim mart ayının əvvəlində Nukusda məhz dayandığım nöqtədən davam edəcək…

Məncə, istəyənlər Buxara haqda kifayət qədər məlumat tapa bilərlər. Mən isə qaldığım yer haqda danışa bilərəm. Buxaranın İçərişəhərində 19-cu əsrdə tikilmiş “Olimjan” adlı karvansarayda bir hücrədə yaşayıram. Karvansarayda düz 22 hücrə var. Müasir zamanda bu hücrələr fərqli sahələrin təyinatına çevrilib. Bir hücrədə fotoqraf şəkil çəkir, digərində kasalara, qablara naxış vurulur, birində dəmir boşqablar hazırlanır, rəngli boyalarla şəkil çəkilir, başqa biri kitablarla dolub, növbəti hücrədə isə köhnə vinildə fars mahnıları oxunur…

Mənimlə qonşu hücrədə göyərçinlər yuva qurub, hər səhər ətrafa sülh və sevgi saçırlar. Yerli buxaralılar fars dilində danışırlar, İran havalarını çox sevirlər. Mənim hücrəm isə elə lap qədim zamanlarda olduğu kimi səyyahlar üçün ayrılıb. Divarlar rəngli parçalarla bəzədilib, yerə xalça atılıb, üstünə döşək və mütəkkələr sərilib. Hücrəm Cəmşid adlı gözəl bir insan tərəfindən icarəyə götürülüb. Bu vaxta qədər 100-ə yaxın səyahətçi burada təmənnasız qalıb, istirahət edib. Cəmşid ayaqla gəldiyimi eşidəndə burada istədiyim qədər qalıb, istirahət edə biləcəyimi dedi. Buna çox sevindim…



– Bəs aşırı yorulanda və ayaqlarında ağrılar olanda öhdəsindən necə gəlirsən?

– 6-7 gündən bir ən az bir-iki günlük dayanıram. Eyni zamanda hər gün gecələr yatanda ayaqlarım istirahət edir. Hələ bir şikayətim yoxdur. Ayaqlarım sözümə baxır.



– İstər piyada, istərsə də velosipedlə xeyli ölkə gəzmisən. Bunların arasında soyuq münasibətləri olan, ciddi konflikt yaşayanlar da var. O ölkələrdə insanlarla tanış olursan, evlərində qalırsan. Bu qədər fərqli mədəniyyətdən, fərqli maraqları olan insanlarla necə rahat ünsiyyət qurursan? Nələrə diqqət edirsən?

– Əlbəttə ki, Dağıstan, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə adamlar mənim saç-saqqalımı, qulağımdakı sırğaları, özümü təbiətin bir hissəsi hesab edib, sülh və sevgiyə inanmağımı asanlıqla həzm edə bilmirlər. Amma bu, mənim, ümumiyyətlə, vecimə deyil… İlk olaraq onların qəlbini qırmaq, şok yaşatmaq istəmirəm. Üstümə çox gələndə isə bunu azadlığımın əlimdən alınması kimi qəbul edib həmin yeri dərhal tərk edirəm. Belə hallar dəfələrlə olub. Mənim üçün ən vacib şey azadlığımdır…

Yaşar Xudiyev
Yaşar Xudiyev



– Səyahətdə çox az pul xərclədiyin, nəqliyyatdan istifadə etmədiyin məlumdur. Bəs minimum səyahət xərclərini necə idarə edirsən? Plan qurursan?

– Bu səyahətimə “Velosipedlə Afrikaya” kitabından gəlmiş minimum gəlirlə çıxmışam. Günlük xərcim 1 dollar 20 sent civarındadır. 1 kq düyü, 3 kərpic çörək , yarım kilo şirin kökə, 1 paçka sosiska ilə heç kimdən yardım istəmədən 150 km məsafəni 5-6 gün ərzində gedə bilirəm. Yayda suyu kalmık və sonsuz qazax çöllərində artezian quyularından və hec xəritədə olmayan kanallardan tapırdım. Soyuq aylarda isə 2 termos isti çay 1 günümə bəs edir. Ən çətin şey yayın cırhacırında su tapmaqdır. Su mənim üçün çox müqəddəsdir.



– Yenə qonaqlama saytlarından istifadə edirsən, yoxsa piyada gəzdiyin üçün birbaşa ünsiyyətdə olmaq daha rahatdır?

– Adətən kiməsə “məni qonaqlayın” demirəm. Çünki özümü daha azad hiss etdiyim gəcəqondumu, yəni çadırımı çiynimdə daşıyıram. Bu vaxta qədər özümü heç kimin evində çadırımdakından daha azad hiss etməmişəm. Təbii ki, kimsə qapısını açıb gecələməyə çağıranda, yaxud bir boşqab yemək verəndə ona etiraz da etmirəm…



– Afrikada olduğu kimi yenə tək səyahət edirsən. Aylar boyu yolda olan bir insan olaraq sevgi həyatını necə yaşayırsan?

– Mən bilərəkdən həmişə tək səyahət edirəm. Afrikada səyahətim zamanı ola bilsin ki, kiminləsə bir neçə saat pedallamışam, ya yox… Səfərlərimə kimisə cəlb edib onların həyatını təhlükəyə atmaq istəmirəm. Zənnimcə, hərənin gedəcəyi bir yol var və onu özü getməlidir. Yol yoldaşı seçmək çox çətindir. Mənim sevgim artıq ümumbəşəridir, ürəyində təbiətə, səmaya, aya, ulduza, ağaca, böcəyə sevgisi olan bütün yaxşı adamları mən də səvirəm. Sülh və sevgi deyirəm…



– “Velosipedlə Afrikaya” kitabın maraqla qarşılandı, demək olar ki, hamısı satıldı. Bu dəfə də səyahətin haqda kitab yazmağı planlayırsan?

– Bu piyada səfərin toplam uzunluğu təxminən 10 000 kilometrdir. Asiya qitəsinin sonudur. Mən hələ 2300 kilometr getmişəm. Bunu 2 ildən tez bitirəcəyimə, yaxud, ümumiyyətlə, bitirə biləcəyimə əmin dəyiləm. Ona görə də indidən bir şey deyə bilmirəm. Əlbəttə ki, bu səyahəti də nə vaxtsa kağıza köçümək fikrim var.

Yaşar Xudiyev (Ortada)
Yaşar Xudiyev (Ortada)



– Keçən səyahətində “demokratiya üçün pedallayıram” şüarı ilə gəzirdin. Bir neçə universitetdə mühazirələrin olmuşdu, mediada çıxışlar etmişdin. Yenə də hər hansı şüarın varmı?

– Bu səyahətim daha çox təbiətlə baş-başa qalmaq, aramla yerimək, ruhumla ünsiyyət qurmaqla bağlıdır. Məncə, piyada gəzmək səyahətlərin ən primitiv və daha maraqlı formasıdır. Burada yalnız sən və ayaqlarındır. Köməyinə gələcək başqa bir şey yoxdur. Qısası, bu, özüm üçün etdiyim, yalnız özümə vacib olan səfərdir. Burada işim yeriməkdir. Heç bir şüarım yoxdur.



– Hazırkı səyahətin dövründə başına gələn maraqlı əhvalat varsa, bizimlə bölüşməyini istərdim…

– Yaddaşım o qədər də güclü deyil. Ona görə də fikrən səfərimin əvvəlinə səyahət edib nəyisə xatırlamaqda acizəm. Hər şey gündəliyimdədir. Son günlərdə baş verən bir hadisəni danışa bilərəm: hansısa səbəbdən 20-25 gün əvvəl bəzi əşyalarım itdi. Onların arasında məni qonaqlayan insanlar və onların uşaqlarını əyləndirdiyim harmonikam da vardı. Buna görə bir müddət musiqisiz yeriməli oldum. Son günlər mənimlə karvansarayda qalan iki italyan velosipedçidən biri Kristian (Christian) harmonikamın itdiyini biləndə çox təəssüfləndi.

Söhbətdən sonra qonşu hücrəyə isti çay gətirməyə getdim. İçəri qayıdanda Kristian əlində bir qutu tutmusdu. “Al, bu sənədir”, – dedi. Qutunun içində 1872-ci ildə istehsalına başlanmış “Hohner” markalı alman harmonikası vardı. Kristian “mən onda ifa etməyə çalışsam da, alınmadı. Qoy sənin olsun, axı sən o notlarla yol insanlarını əyləndirirsən…” – dedi.

O gündən həm hücrədə, həm fərqli ictimai yerlərdə çoxlu notlar çalıram və çox xoşbəxtəm. Bu harmonikanın mənə çatmasında isə ən əsas rol bizi birləşdirən yolun üzərinə düşür; Sülh və sevgi…

Yaşar Xudiyev
Yaşar Xudiyev
Ana səhifəVideoYaşar Xudiyev: Saç-saqqalımı, sırğalarımı asanlıqla həzm etmirlər