Xudat sakini: Bələdiyyə sədri torpağı bizə baha satmaq istəyir

Şikayətçi iddia edir ki, əvvəlcə ona fərdi mənzil tikintisi məqsədilə torpaq sahəsi ayırmaq istəməyiblər.

Source: Specify Source


"Bələdiyyə sədri əli ilə prezidentin şəklini göstərib deyir ki, pulu bu istəyir, qanunu bu kişi qoyub”

“Bir ildən çoxdur ki, mən oğluma torpaq sahəsi ala bilmirəm. Həyat yoldaşım bazarda alver etdiyi üçün Xudat bələdiyyəsinin sədri Elman Allahyarov bizə torpağı baha satmaq istəyir”.

Bunu Meydan TV-yə Xaçmaz rayonu, Xudat şəhər, 3-cü şöbə sakini Samirə Mirkərim qızı Əlibəyova deyir. Bildirir ki, oğlu 1998-ci il təvəllüdlü Məcid Kərimov Çingiz oğluna torpaq sahəsinin ayrılması ilə bağlı Xudat bələdiyyəsinə rəsmi müraciət edib. Şikayətçi iddia edir ki, əvvəlcə ona fərdi mənzil tikintisi məqsədilə torpaq sahəsi ayırmaq istəməyiblər. Sonradan razılığa gəlinsə də, bugünlərdə torpaq başqa bir vətəndaşa satılıb:

“Birinci həyat yoldaşım 21 yaşım olanda məni iki azyaşlı körpə ilə atıb, Rusiyaya getmişdi. Uşaqlarımın birinin üç, digərinin isə dörd yaşı vardı. Müəyyən vaxta kimi valideynlərimin yanında qaldım. Sonra ikinci dəfə ailə həyatı qurdum. Hazırda dörd övladım var. İkinci evliliyimdən də iki oğlum var. Biri səkkiz, digəri doqquz yaşındadır. Böyük oğlum böyüdükcə, ailədə soyuq münasibət yaranırdı. Hiss edirdim ki, ögey ata ilə bir evdə qalmaqdan narahatdır. Oğlum 2016-cı ilin oktyabrında əsgərliyə getdi. İlyarım hərbi xidmətdə oldu. 2018-ci ilin aprel ayında evə qayıtdı. Əsgərlikdən gələndən sonra fəhləlik etdi, daş daşıdı, ev tikintisində işlədi, gördü ki, bununla heç nə etmək olmur. Həm də daimi iş deyil, yenidən hərbiyə qayıtdı. 2019-cu ilin avqustunda artıq bir il idi ki, hərbçi kimi işləyirdi. Gəncədəki N saylı hərbi hissədə çalışır. Elə hərbi qulluğu da orada başa vurub. Sonradan onları Murovdağa göndəriblər. Ötən il sentyabrda başlayan döyüşlərdə iştirak edib”.

img_6009.jpg
Torpaq sahəsinin planı və ölçüsü

Samirə Əlibəyovanın sözlərinə görə, oğlu MAXE kimi hərbi xidmətdə çalışmağa başlayanda onun üçün torpaq sahəsi almaq qərarına gəlib. Dediyinə görə, məmur süründürməçiliyi ilə üzləşib:

“Uşaq işləyəndən sonra dedim ki, pul göndərər, torpaq alaram. Sonra daş alarıq, yavaş-yavaş ev tikərik. 24 yaşı var, artıq evə gəlmir. Ötən il müharibədən öncə on günlük məzuniyyət götürüb, gedib Biləsuvarda dostunun evində qalıb. Soruşanda da deyir ki, ana, nə var, orada, nəyə gəlim? Getdikcə, bizdən soyuyur. Mən də istəyirəm ki, uşağım küçələrdə qalmasın, ona bir gün ağlayım. Keçən il noyabrın 28-də evdən gedəndir. Sentyabrın 27-də müharibənin başladığından xəbərsiz idim. Oğlum zəng etdi ki, ana, müharibə başlayıb. Telefonda səsləri eşidəndə dəhşətə gəlmişdim. Müharibə başladı, bitib, bu vaxta qədər oğlum hələ evə gəlməyib”.

“Mən bələdiyyə sədrinə müharibədən öncə və döyüşlər gedən vaxt müraciət etdim. Dedim ki, torpağı özüm üçün yox, oğluma istəyirəm”, – şikayətçi deyir:

img_6006 (1).jpg
Daşınmaz əmlakın dövlət reyestri xidmətinin çıxarışı

“Sonuncu dəfə gedəndə məndən bir sot üçün iki min manat pul istədi. İki sot almaq üçün dörd min manat verməliyəm. Həyat yoldaşımla bazarda alver edirik deyə bizə qiymət oxudu. Mən də dedim ki, axı torpağın sotu bu qiymətə deyil. Dövlət rüsumu nədirsə onu ödəyim, lakin mənimlə razılaşmadı. Mən də Birinci vitse-prezident Mehriban Əliyevaya, Ombudsmana, Daxili İşlər Nazirliyinə şikayət məktubu yazdım. Məktubumda qeyd etmişdim ki, torpağı pulsuz istəmirəm. Dövlətin rüsumu nədirsə, ödəyim. Bir müddət sonra eşitdim ki, mənim üçün verilən plan torpağını başqa adama satıb. Artıq bu adamın əlindən bilmirəm ki, hara kimə müraciət edim”.

Samirə Əlibəyova ona ayrılan torpağın başqasına satılmasından narahat olduğunu deyir. Bildirir ki, bələdiyyəyə ilkin olaraq müəyyən məbləğdə ödəniş də edib:

“Sənədləşmə məsələsində məndən pul istədi, 328 manat ödədim. Beş sot torpaq verməli idi. Oğlum İkinci Qarabağ Müharibəsində döyüşüb. Elman Allahyarov torpağı başqasına satıb. Ona dedim ki, uşağım orada sizi qoruyur, siz də burada rahat gəzirsiniz. O, da mənə cavabında dedi ki, uşağını oxutdurardın, ora göndərməzdin. Mən də dedim ki, mən saxladım, o, saxladı, bu saxladı. Bəs vətəni kim qoruyacaq? Öz oğlu bütün günü “Jeep”lə o yan-bu yana gəzir. Elman Allahyarov dedi ki, mən on beş ildir burada elə-belə oturmamışam. Üstümə qışqırır ki, pulu mən istəmirəm. Əli ilə prezidentin şəklini göstərib deyir ki, pulu bu istəyir, qanunu bu kişi qoyub. Mən pulu özüm üçün istəmirəm, cibimə qoymuram. Məni təhqir etdi ki, çıx bayıra, qapını ört”

img_6007.jpg
Ombudsman Elmira Süleymanovanın Ədliyyə Nazirliyinə və Samirə Əlibəyova məktubu

Xaçmaz rayonu Xudat bələdiyyəsinin sədri Elman Allahyarov Meydan TV-yə bildirib ki, Samirə Əlibəyova dövlət rüsumunu ödəmədiyi üçün torpaq başqa vətəndaşa satılıb:

“Torpağı bu il yanvarın 6-7-də satmışıq. Samirə Əlibəyovanın torpağının sənədi 2019-cu ilin sentyabrından hazırdır. Sənədin də saxlanma müddəti 60 gündür. Bu müddət ərzində vətəndaşa xəbərdarlıq olunur, rüsumu ödəmədiyi təqdirdə torpaq başqasına satılır. Biz vətəndaşa ötən il sentyabrın 19-dan müraciət etmişik ki, 1680 manat pulu bələdiyyənin hesabına ödəyin və gəlin, torpağınızı sənədləşdirin. Noyabrın 18-də bu müddət bitdi. Şifahi olaraq neçə dəfə müraciət etdik ki, gəl, ödə. Oğlu müddətdən artıq xidmət edən hərbçidir deyə istəyir ki, beş sot torpağı havayı alsın. Deyir ki, mənim oğluma torpaq pulsuz verilməlidir. İzah edirəm ki, torpağın pulsuz verilməsi qanunla tənzimlənir. Yalnız üç kateqoriya vətəndaşlara, imtiyazla verilir: Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olanlara, on beş il xidmət göstərib, tərxis olunmuş hərbi qulluqçulara və şəhid ailələrinə. İzah edirəm ki, siz bu kateqoriyaya düşmədiyiniz üçün torpağı sizə ümumi qaydalarla verməliyik. Bununla da bağlı vətəndaşın özünə rəsmi məktub yazmışam. Samirə Əlibəyovanın öncədən ödədiyi 320 manat avans isə onun özünə qaytarılacaq. Onsuz da Samirə Əlibəyova həmin torpağı istəmirdi. Deyirdi ki, su dayanan yerdir. Başqa bir yerdən torpaq istəyir. Əmlak Məsələləri Dövlət Komitəsindən mütəxəsis dəvət edib, həmin yerin alqı-satqı predmeti olub-olmaması barədə arayış alınmalıdır. Bundan sonra mümkün olarsa, vətəndaşa istədiyi yerdən torpaq verərik. Biz vətəndaşa torpaq verməkdən imtina etməmişik. Sadəcə olaraq, o, torpağı ya havayı, yaxud da hissə-hissə, yüz manat ödəməklə almaq istəyir. Bu da mümkün deyil”.

img_6012.jpg
Xudat bələdiyyəsinin sədri Elman Allahyarovun cavab məktubu
img_6008.jpg
Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayış
Ana səhifəBölgəXudat sakini: Bələdiyyə sədri torpağı bizə baha satmaq istəyir