XİN-in şüşədən çıxan cini

DTX əməliyyatından sonra XİN idarə rəisi maraqlı açıqlama verdi ki, pulların 20 faizini biz xərcləyirdik, qalanını da nazirlik xərcləyirdi.

Seymur Həzi, Foto:: Meydan TV


Ceyhun Bayramov kimə və necə qulaq asacaq?

İlham Əliyev yeni XİN rəhbəri təyin etdi. Azərbaycanda bu postun adı çəkiləndə yada ilk növbədə işğal problemi düşür. Kim bu işlərdə nələr edib? Heydər Əliyevin on illik hakimiyyətindən sonra İlham Əliyev özünə yeni Xarici işlər naziri təyin edəndə Elmar Məmmədyarov Qarabağ münaqişəsinə dair belə bir açıqlama vermişdi: “Biz problemin həlli üzrə sıfır nöqtəsindəyik”. Beləcə, biz də durmadan yazdıq ki, İlham Əliyevin naziri Heydər Əliyevin siyasətinə “heç” qiyməti verdi. Belə də olmuşdu. Hətta, bu cəsur açıqlamadan və Məmmədyarovun öz türkcəmizi bilməməsini əsas gətirib, ( kişi Azərbaycanda olur ki, dilimizi də bilsin?) onun möcüzələr yaradacağını yazanlar da var idi. Nəhayət, gün gəldi 2020-ci ilin yayına. Məlum oldu ki, Məmmədyarov sıfır nöqtəsində çox qala bilməyib. Ona görə də “Xudafərin körpüləri” və hidroqovşaqlara dair sazişlərə girərək mövqeyini funksiyanın mənfi qrafikinə doğru dəyişib. Pis odur ki, olmasın, əsas hesablamaq üçün nəyinsə olmasıdır. Heç olmasa, kişi yerində saymayıb. “Zastoy” heç yaxşı olmazdı.


İtən pullar və itkin düşən nazir

DTX əməliyyatından sonra XİN idarə rəisi maraqlı açıqlama verdi ki, pulların 20 faizini biz xərcləyirdik, qalanını da nazirlik xərcləyirdi. Əlbəttə, bilmək çətindir ki, nazirlik “nazir”mi deməkdir, yoxsa başqa şifrəli bir məna yükü daşıyır? Hər bir halda bizim işimiz bunu araşdırmaqdır, amma prokurorluğun işini DTX görürsə, yəqin ki, bizə də əziyyət çəkməyə imkan verməzlər, kimsə ortaya çıxıb, işimizi görəcək. Amma maraqlı o oldu ki, İlham Əliyev hökumətin toplantısında naziri tapa bilmədiyini deməsi Məmmədyarovun xətrinə dəyib. Elə buna görədir ki, nazir əslində çoxdan istefa verdiyini mətbuata sızdırmağa cəhdlər edib. Məmmədyarov görüb ki, Ermənistanın hücum etdiyi gecənin məsuliyyətini də onun üstünə yıxmaq istəyirlər, özünü qorumağa cəhd edib. Amma reallıq budur ki, belə bir hadisə vaxtı bizim XİN yox kimi göründü. Məgər, bu idarə sadəcə, Məmmədyarovdan ibarətdir? Hər bir halda onu deyə bilərəm ki, mən XİN divarları arasında bu nazirliyi Məmmədyarovdan daha yaxşı tanıyan və ondan daha qabiliyyətli iki adam tanıyıram- müavinlər Araz Əzimov və Xələf Xələfov. Bu adamlara nə olub ki, Hikmət Hacıyev bizi erməni nazirlə görüşdə təmsil etsin? Xüsusilə Araz Əzimov bu münaqişənin ən yaxşı bilicisi sayılır. Bizim bir nömrəli problemimiz Qarabağ münaqişəsidirsə, niyə XİN-ə bu işi bilənlər, aktiv diplomatiyada bişmiş adamlar rəhbərlik etməməlidir?


Diplomatlar və kompromatlar

İlham Əliyev yeni naziri qəbul edərkən diplomatik korpus haqqında çox bədgüman danışdı. Hətta onların bir çoxunu xarici xüsusi xidmət orqanlarına işləməkdə suçladı. Bunu necə başa düşmək olar? Doğurdanmı Əliyevə qarşı dipkorpusda itaətsizlik var? Yoxsa, o icrası mümkün olmayan tapşırıqlar verir? Bunları araşdırmaq lazımdır təbii ki, amma bu bəyanatı vermək lazım idimi? Əlbəttə, yox. Erməni mediası və sosial şəbəkə fəalları bundan istifadə edirlər. Amma bundan daha pisi bizi Qərb ölkələrində təmsil edən diplomatların olduqları ölkələrdəki nüfuzlarına zərbə dəyməsidir. Birinci şəxs səviyyəsində etibarlılığı şübhə altına alınan diplomatla kim nəyi və niyə ciddi müzakirə etməldir ki?


Yeni nazir nə edə bilər?

Ceyhun Bayramov Mikayıl Cabbarovun izi ilə Təhsil Nazirliyinə gəlib çıxmışdı. Onun XİN-ə istiqamət almasında maraqlı məqamlar ortaya çıxır. Məsələn, Əliyev son DTX və DİN təyinatından başqa demək olar ki, bütün əksər təyinatlarında idarələrə kənardan şəxslərin gətirilməsinə üstünlük verir. Eldar Mahmudov polisdən MTN-ə, Mədət Quliyev Pentensiar Xidmətdən DTX-ya, Mikayıl Cabbarov İçərişəhər Qoruq İdarəsindən bütün hökumət portfelinə, Ceyhun Bayramov isə Təhsil Nazirliyindən XİN-nə təyinat alıb. Bütün bu təyinatların hamısının sonucu isə uğursuzluq olub. Ceyhun Bayramov diplomat deyil, siyasətçi heç deyil. Onun ingilis dili bilməsi bu işdə heç nəyi həll etmir. Dövlətin yazılmamış maraqlarını bilmək və onu yazılan sətirlərin arasında müdafiə etmək siyasətçi olmayanın işi deyil. Üstəlik, o təlimatları kimdən alacaq, bu da ciddi məsələdir. Hikmət Hacıyevdən, İlham Əliyevdən, yoxsa, Mikayıl Cabbarovdan? Bütün hallarda biz ona Azərbaycan naminə işlərində uğurlar arzulayırıq, ümid edirik ki, bizim analizimiz düz çıxmaz.

Ana səhifəXəbərlərXİN-in şüşədən çıxan cini