Vətən xaini

“Antimilli ünsür”, “vətən xaini”, “gördük də qərbi, demokratiya bizə lazım deyil” ifadələri göydə uçuşur.

Foto: Meydan TV


Qaranlıq ordularının ən dəhşətlisi – köləliyini sevən qaranlıq ordusudur

Sentyabrın 27-də başlayan müharibə Azərbaycan daxilində əvvəl heç vaxt görünməyən milli birlik yaratdı. Azərbaycan ordusu xalqın tam dəstəyilə beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü bərpa etmək üçün başlatdığı hərbi əməliyyatı uğurla davam etdirirdi və sona, separatçıların tam şəkildə təslim olmasına çox az qalmış Rusiya dövriyyəyə girdi.

Naxçıvanla sərhəddə, Ermənistan səmasında müəmmalı şəkildə vurulan helikopterdən sonra Bakıda iki möhkəm partlayış eşidildi və gecə ilə məlum birgə bəyənat imzalandı.

Bu andan etibarən müharibə dövründə daim cəmiyyəti məlumatlandıran, yaranan bütün suallara aydınlıq gətirən hökumət qeybə çəkildi. Ortada isə çoxlu qaranlıq və cavabları aydın olmayan suallar qalırdı. Eyni zamanda, getdiyi hər yerə özü ilə qan və işğal aparan rus ordusunun "sülhməramlı" adı altında Dağlıq Qarabağa yerləşməsi, Azərbaycanın milli maraqlarını düşünən və tarixdən az-çox məlumatı olan hər kəsdə ciddi narahatlıq yaratmaqdaydı.

Cavablanmayan suallar ölkənin gələcək taleyi və milli təhlükəsizliyi ilə birbaşa bağlı olduğundan, hökumətin susqunluğu insanlarda ciddi narahatlıq yaradırdı. Qələbə eyforiyasının ardınca yavaş-yavaş narahatlıqlar dilə gətirilməyə başlandı.

Dövlətin tam olaraq nəyə razılaşması ilə bağlı müstəqil ekspertlər, vətəndaş cəmiyyəti və ictimai-siyasi fəallar öz fikirlərini yazsalar da, bu, ən yaxşı halda yalnız təxminlər idi. Danışmalı və insanların beynindəki sualları aydınlaşdırmalı olan hökumətdir. Təəssüf ki bu edilmədi.

Baş verənlər, imzalanan razılaşma və Dağlıq Qarabağla bağlı beyinlərdə ilişib qalan suallar razılaşmadan keçən 20 gün ərzində dövlət rəsmiləri tərəfindən hələ də cavablandırılmayıb.

Və ən pisi odur ki, razılaşma gecəsinin ertəsi günündən başlayaraq, hökumət mümkün olan seçimlərdən ən pisini edərək köhnə taktikaya geri döndü, öz nəzarətində olan media və trol qrupları ilə birlikdə ölkənin taleyindən narahat olan, sual verən insanlara qarşı iyrənc qarayaxma kampaniyası başlatdı.

Hücum və aşağılama kampaniyası eyni yerdən idarə olunduğu dəqiq şəkildə hiss olunan, kütlənin də küyə gedib təkrarladığı "hamı politoloq çıxıb" ifadəsi ilə başlandı. İnsanların öz vətəninin taleyindən narahat olması, suallar verməsi və vəziyyəti şərh etməsinin cəmiyyət üçün nə qədər vacib olduğunu dərk etməyən böyük bir kütlə danışan ağızları yummaq üçün başladılan kampaniyanın kuklalarına çevrildilər.

Ardınca bayrağa bürünüb yaltaqlıq edənlərin liderliyində "Qələbəmizi kiçiltməyin", "Bu xalqı parçalamayın", "Müharibə bitdi, müxalifət xainliyinə qayıtdı" ifadələrinin müşayiətilə ölkənin aydın, demokratik düşüncəli insanlarına qarşı psixoloji səlib yürüşü başlandı.

Və bu səlib yürüşü ortalığı əməlli-başlı bulandırıb. Dünənə qədər normal hesab etdiyimiz nə qədər adam bu səlib yürüşünə qoşuldu, danışan ağızları yummaq üçün trollardan və hökumətdən daha artıq canfəşanlıq göstərməyə başladılar. Sual verən, rus ordusunun gəlişindən narahatlığını dilə gətirən hər kəs bir anda kütləvi ittihamlara və təhqirlərə məruz qaldı. Və çox təəssüf ki, başladılan bu kampaniya bütün şiddətilə davam edir.

İnsanların çoxu anlayışları qarışdırır, vətəndaş olmağın nə demək olduğunu dərk etmir. Müharibə edən ölkədə birlik olmaq vətəndaşlıq borcudur, lakin gördüyü problemləri dilə gətirmək də vətəndaşlıq borcudur. Anlayana…

Və bütün bunlardan sonra, illərdir ələ saldığımız AzTV təbliğatının faktiki olaraq işlədiyini görmək çox ağrılıdır. AzTV təbliğatını şərti qəbul edin, söhbət bütün hökumət nəzarətində olan media orqanlarından gedir. Məsələ burasındadır ki, insanların çoxundan soruşsanız "AzTV"-lərə inanmadıqlarını deyəcəklər, lakin "AzTV"-lərin onların beyninə şüuraltı yeritmək istədiyi bütün ideyaları böyük bir çoxluq mütləq şəkildə mənimsəyib. Ən dəhşətlisi budur.

"Antimilli ünsür", "vətən xaini", "gördük də qərbi, demokratiya bizə lazım deyil" ifadələri göydə uçuşur.

Hər ötən gün daha çox sayda insan dövlətin zorakı cəza tədbirlərinə, məsələn, maska taxmayan vətəndaşın divara dirənib şəklinin çəkilməsinə və ya bayrağı başına taxıb rəqs edən tələbənin ən sərt şəkildə cəzalandırılmasına haqq qazandırır. Hər gün minlərlə insan onunla əks fikirdə olanlar haqda "sizi bu yazdığınıza görə həbs etmək lazımdır" fikirləri səsləndirir, xoşuna gəlməyən fikirlərə hüquq-mühafizə orqanlarını etiketləyir.

"Böyük qardaş" isə bütün bu olanlara xoşhallıqla gülümsəyir… Cəmiyyətin bütün işığını kəsmək üçün təhsilsizliklə, bayağılıqla, sovet üsullarıyla yetişdirilən qaranlıq ordusu artıq xidmətə hazırdır. Özü də qaranlıq ordularının ən dəhşətlisi-köləliyini sevən qaranlıq ordusudur…

Onların isə qarşılarında bircə hədəfləri var: "Vətən xainləri".

Bəs kimdir onlar, o vətən xainləri?

Sən, mən, o, biz, siz, hamımız. Narahat olan, sual verən, nəyisə tənqid edən hər kəs, yeni nəsil modern trolların gözündə vətən xainidir. "Qələbəmizi gözü götürməyən!!!"-dir.

Onların, daha doğrusu, onları manqurtlaşdırıb zombiyə çevirənlərin məqsədi də budur: "Bu xalqı parçalamayın!!!", yəni fərqli düşüncə olmasın, hamı sussun və hamının əvəzinə AzTV danışsın. Eynilə Şimali Koreyadakı kimi…

Şimali Koreyada bircə nəfər belə "vətən xaini" yoxdur…

Ana səhifəXəbərlərVətən xaini