“Vəkillər Kollegiyasında çox biabırçı vəziyyət yaranıb”

“Vəkillər Kollegiyasında çox biabırçı vəziyyət yaranıb”


Vəkil Adil İsmayılovun son 2 həftədə Vəkillər Kollegiyasının rəhbərliyinə ünvanladığı suallar və iradlar bir sıra məqamları gündəmə gətirib. Təəssüf ki, kollegiyanın rəhbərliyindən bununla bağlı suallara cavab almaq cəhdimiz alınmadı. Ona görə yaranan sualların bir qısmini Adil İsmayılovun özünə ünvanladıq.


Adil müəllim, Azərbaycanda vəkillik sahəsində durumun problemli olmasını əksəriyyət etiraf edir. Onillərdən sonra Vəkillər Kollegiyasının rəhbərliyi dəyişdi, ölkə başçısı vəkilliklə bağlı sənəd qəbul etdi. Bir ildən artıq vaxt da keçib. Sizcə, nə dəyişdi, hansı problemlər həllini tapdı?

Bir ildə nə dəyişdiyini görmək üçün bizim kollegiyanın rəhbərliyi ilə olan mübahisəyə baxmaq kifayətdir. Dəyişilən elə bir şey yoxdur, vəkillik olduğu yerdə qalıb. Yeri gəlmişkən, Azər Tağıyev Vəkillər Kollegiyasına 1989-cu ildən rəhbərlik edib, amma rəsmi olaraq 1992-ci ildən. İndi çalışan vəkillərin böyük əksəriyyətinin yeganə gördüyü adam Azər Tağıyev olub. Yəni müqayisə etmək imkanı yox idi. İndi yeni rəhbərlikdən danışılsa da, mən elə deməzdim, indikilər yeni-köhnə rəhbərlikdir. Bu adamlar da gələndən sonra elə bir dəyişiklik olmadı. Kosmetik nəsə olub, yeni binaya köçüblər, vəsiqələrin forması dəyişib, əvvəl bir az başqa cür idi. Hamısı üzdə olan kosmetik dəyişikliklərdir. Keçən il vəkilliyin inkişafı ilə bağlı prezidentin sərəncamı da oldu, mütərəqqi sənəd idi, çox gözəl məsələlər qoyulmuşdu, vəkilliyin maddi-texniki bazasını möhkəmləndirmək, kollegiyada şəffaflığın, aşkarlığın təmin edilməsi… Amma təəssüf ki, onların heç biri yerinə yetirilmədi.


Azərbaycanda “Gənclərə yol açmaq lazımdır” ifadəsi artıq klişeləşib. Vəkillər Kollegiyasında son dəyişikliklər həm də onunla müşayiət olundu ki, onu idarə edənlərin demək olar ki, hamısı simaca gənclərdir. Bu gənc nəslin kollegiyanı onilliklər boyu idarə etmiş yaşlı nəsildən fərqi nədədir?

Bu məsələ gündəmə gələndən çox sadə suallar eşidirəm. Əksər suallar ondan ibarətdir ki, Adil İsmayılov, nə dəyişdi ki, birdən-birə danışmağa başladın. Mən 1991-ci ildən vəkillik sahəsindəyəm. İnsanlar da daha bezir ki, axı Adil İsmayılov nə istəyir? Çox sağ olun ki, gəldiniz, amma qarşı tərəfdən kimsə gəlmədi. Suala gələk, düzdür, rəhbərliyin əksəriyyəti cavanlardır. Amma rəhbərliyin necə formalaşması başqa bir mövzudur. Bax, neçə illərdir danışmırdım, Azər Tağıyevlə nəsə etməyin mümkünsüz olduğunu bilirdim. Allah rəhmət etsin, Azər Tağıyev daxilən yeniliyin əleyhinə olan adam idi. Çox vaxt adamlara deyirlər ki, yaşınıza görə hörmət edirik, mən əleyhinəyəm, heç kim yaşıma görə hörmət etməsin. Çünki yaşa görə hörmət üzdə olan hörmətdir, səmimi deyil. İnsanın özünə görə hörmət lazımdır. Demişdilər ki, yeni rəhbərlik gələcək və nəsə dəyişəcək. Ancaq heç nə dəyişmədi, bunu da qoyuram kənara. Mən neçə illərdir çox ümid edirdim ki, gənc vəkillər gələcək, kollegiyanın tərkibi dəyişəcək və qurumda yeni atmosfer hiss olunacaq. Söhbət ondan gedir ki, gənc vəkillər heç nəyi dəyişmədilər. Mən gözləyirdim ki, onlar daha müstəqil olacaq, öz hüquqları üçün mübarizə aparacaqlar, bunu görmürəm və çox narahatam. Bu gün Adil İsmayılov önə çıxıb nəsə deyir, mənim yeganə məqsədim var, vəkil və vəkillik layiq olduğu yerə gəlsin. Mən bunun üçün qabağa çıxmışam, gözləyirdim ki, gənslər məni müdafiə edəcəklər, amma o müdafiə hələ hiss olunmur. Düzdür, tək-tək adamlar var, zəng edənlər var, ancaq nədənsə hamı qorxur.


Sualıma müəyyən qədər cavab verdiniz, amma bəzi konkret məqamlar var. Kollegiyanın saytını, onun arxivini, qurumla bağlı mediada getmiş məlumatları araşdırdım, ancaq qurumun maliyyə məsələləri ilə bağlı hər hansı hesabata, yaxud bu yöndə məlumata rast gəlmədim. Siz son zamanlar kollegiyaya daha çox maliyyə məsələləri ilə bağlı suallar ünvanlamısınız. Bəs əvvəlki rəhbərliyin vaxtında belə suallarınız olmuşdumu, yoxsa ilk dəfədir bu məsələni qabardırsınız?

Bəli, bu məsələdə də çox adamı maraqlandırır ki, nə oldu, indi yadınıza düşdü? Azər Tağıyevin vaxtında çox qəribə bir situasiya vardı, belə bir ifadə var: adam nə özü yemirdi, nədə başqalarına yedizdirmirdi. Kollegiyaya gələn pullar orda da qalırdı, Tağıyev heç yerə xərcləmirdi. İndi həmin dövr haqqında danışanda köhnə binanı və s. məsələləri xatırladırlar. Bilirsiniz, Azər Tağıyev Biləcəridən o yana çıxmırdı. AXC hakimiyyətinin xarici işlər naziri Tofiq Qasımov haqda deyirdilər ki, o Azərbaycana ezamiyyətə gəlib. Bu adam daim xaricdə olurdu, başa düşürəm, onun vəzifəsi xarici işlər naziri idi. Amma bu gün Vəkillər Kollegiyasının saytına baxanda belə təəssürat yaranır ki, Anar müəllim arada Azərbaycana ezamiyyətə gəlir. Oxuyursın ki, bir gün bir ölkədə, başqa gün başqa ölkədə, bunlar hamısı müsbətdir. Ancaq hesabat verilməlidir ki, nəyin hesabına xaricə gedirlər?! Qayıdıram Azər Tağıyevin dövrünə, psixologiyasını bilmək üçün onunla söhbət edirdim, deyirdim ki, bu təşkilatı sənə veriblər, amma işlədə bilmirsən. Bura pullu obyektdir, yerinə adam gətir, işlətsin. Əlbəttə, bunları zarafatla deyirdim. O da cavab verirdi ki, heç nəyi, maşını, evi yoxdur. Deyirdim ki, Azər müəllim, bununla fəxr etmək lazım deyil, siz Azərbaycanın bir nömrəli vəkilisiniz, kollegiyanın sədrisiniz, hər şeyiniz olmalı və ən yaxşı şeylər sizin olmalıdır. Çünki sərbəst peşədir, pul qazanın. Sən “mənim heç nəyim yoxdur” fikrinlə fəxr edirsənsə, bu, sənin bədbəxtliyindir. İndi şükür Allaha, təzə rəhbərlik gəldi və “obyekt”i necə işlətmək lazım olduğunu göstərdi. Ardınca “obyekt”in haqqında söhbətlər başlandı.


“Obyekt” sözünü ciddi işlədirsiniz, yoxsa sıradan bir söz olaraq?

Yəni obyektdir və sədr ora öz mülkiyyəti kimi baxır, onun hərəkəti və davranışı belə deyir.


Ümumiyyətlə, kollegiya maliyyə barədə məlumatları açıqlamalıdırmı? Çünki onlar bu barədə suallara cavab verirlər ki, yalnız qapalı iclaslarında üzvlərinə hesabatlar verirlər, məlumatları yaymaq öhdəlikləri yoxdur.

Anar müəllim sədr olana qədər kollegiyanın 900 üzvü vardı, indi 1500 nəfərdir. Azər müəllim xəstəliyi ilə bağlı istefa verəndən sonra seçki məsələsi gündəmə gəldi. Mən bir çox adama müraciət etdim ki, kim sədr olmaq istəyirsə, önə çıxıb iddiasını və proqramını ortaya qoysun. Heç kim qabağa çıxmadı. Anar Bağırovun özünə də demişəm ki, namizədliyiniz var, gələcəklə bağlı planlarınızı deyin. Hətta yaxşı bir təklif də verdim, indi də onun üstündə dayanıram, bildirdim ki, ümumi yığıncağa gedin, 900 vəkili bir yerə toplamaq problem deyil və onlardan səs alın. Bugünkü gün də tam rahat şəkildə deyin, məni bütün vəkillər seçdi. Amma bunun əvəzinə konfrans keçirib, 900 vəkildən 116 nümayəndə iştirak edib və onlar guya Anar Bağırovu sədr seçib. Mənim üçün maraqlıdır, nə Bağırovu sədr seçmişəm, nə də onu sədr seçənləri seçmişəm. Çox rahatlıqla deyə bilərəm ki, Anar Bağırov mənim sədrim deyil. Bu vəziyyəti aradan qaldırmaq üçün çox rahat şəkildə yenidən ümumi yığıncaq çağrılsın, 1500 nəfərdən 750-nin vəkilliklə, ümumiyyətlə, əlaqəsi yoxdur. Beləliklə, 1 ay əvvəldən 1500 nəfərə müraciət edirsən, məlum olur ki, 700-800 arası bəlkə də iştirak etmək istədi. Yox, məcbur edilənlər də ola bilər, çox gözəl, iştirak etsinlər. Ötən həftə Türkiyədə vəkillərin toplantısı ilə bağlı məşhur video paylaşdım, çıxış edən İstanbul Bürosunun başqanıdır. Türkiyə bürosunda 41 min vəkil var, onun 27 min nəfəri səsvermədə iştirak edib, onun da 30 faizi 10 nəfər namizəddən İstanbul vəkillərinin indiki başqanına səs verib, adamı seçdikləri üçün çox rahatlıqla danmışa bilir. Mənim də təklifimin əsasında bu amil dayanırdı ki, Azərbaycanda da belə etmək olar.


Sizinlə kollegiya arasındakı qovğada ədliyyə naziri Fikrət Məmmədovun oğlunun adı da hallanır. Onun xeyriyyəçi obrazı da tez-tez nəzərə çarpır, hansısa vəkil ofislərini təmir etdirdiyi, texniki dəstək verdiyi bildirilir. Sizin paylaşımların altında bu məsələyə tez-tez toxunulur. Nə deyə bilərsiniz bu barədə?

Mən ümumi suallar qoymuşdum və məğzi o idi ki, kollegiyanın nə qədər vəsaiti var, nə qədər toplanır və hara xərclənir? Bu gün Bakıda və və bölgələrdə bəzi vəkil bürolarında təmir işləri görülür. Vəkil olaraq mənim bunu bilmək haqqım var ki, bunlar hansı pulla görülür? Soruşurlar ki, 12 saylı büroda nə iş görülməsinin sənə nə aidiyyatı var? Prezidentin fərmanında Nazirlər Kabinetinə vəkillərə müvafiq binaların verilməsinə dair göstəriş var, 12 saylı büronun isə çox maraqlı tarixçəsi olub. 12 saylı büro paytaxtın ən gözəl və mərkəzi yerindədir, Neftçilər prospektində. Təxminən 200 kvadrat metrdir. Bazar qiymətlərini bilirəm, o binanı satışa çıxarsalar, qiyməti 2 milyon manatdan çoxdur. Amma bina kollegiyanın balansında deyil. Niyə? Çünki deyirlər, Azər Tağıyevin vaxtında oranı Əmlak Komitəsinə veriblər. Guya kollegiya binadan imtina etdiyi üçün komitəyə verilib. Tam səmimi və açıq deyirəm, bunanın Əmlak Komitəsinə qaytarılmasına yeganı bir səbəb ola bilər: özəlləşdirmək. Nə vaxtsa bina özəlləşəcək. Ancaq bir qəribə məsələni deyim, həmin binanı kim özəlləşdirmək istəyibsə, ölüb. Büronun birinci rəhbəri Mais müəllim olub, bina özəlləşdiriləndə vəfat etdi, hətta deyilənə görə, özəlləşdirilmişdi, sonra ləğv olundu. Ardınca gələnlər də özəlləşdrimək istəyəndə öldülər. Onu demək istəyirəm ki, birdən-birə həmin büroya kənardan müdir qoyurlar. Mənim onunla heç bir problemim yoxdur və ola da bilməz. Atasını yaxşı tanıyıram, zamanında bir yerdə də işləmişik, hazırda nazirdir, sözüm olsa, özünə demək imkanım var. Həmin bina təmir olunub, sualım var, niyə kollegiyanın binası Əmlak Komitəsinin balansındadır? İkinci, təmir hansı vəsait hesabına görülüb, yaxud prezident tərəfindən ayrılan vəsaitlə nə ediblər? Qoy, cavab versinlər, məni maraqlandıran odur ki, kollegiyanın pulu ora xərclənib, ya yox.


Adil müəllim, Anar Bağırov sədr olandan sonra bir sıra həmkarınızı prokurorluğun, Penitensiar Xidmətin şikayəti əsasında kollegiyadan uzaqlaşdırıb. Ümumiyyətlə, kollegiya bu qurumlardan müraciət gələndə əksər hallarda vəkilləri cəzalandırır. Bu, nədən qaynaqlanır?

Bu adamlar düşünürlər ki, kollegiyanın yeganə rolu hardasa bir vəkili cəzalandırmaqdır. Bunlar özlərini cəza mexanizmi hesab edirlər. Çox biabırçı vəziyyət yaranıb, cinayət prosesində iki tərəf var: ittiham və müdafiə, birinci tərəf vəkildən şikayət edir, deməli, yaxşı müdafiəçi olduğu üçün şikayət edir də. Məgər ittiham tərəfi yazmalıdır ki, Adil İsmayılova mükafat verin?


Azər Tağıyevin sədr olduğu vaxt belə şeylər olurdumu?

Onun vaxtında mənim haqqımda bir dəfə Baş prokuror Zakir Qaralov, iki dəfə də müavini Rüstəm Usubov şikayət yazıb. Cəzalandırılmağım barədə təqdimat veriblər və məni heç nəyə görə cəzalandırıblar. Hətta bir dəfə 10 dəqiqəlik kollegiyadan çıxarıblar, nə vaxtsa bu barədə yazacam, Rəyasət Heyətinin 9 üzvündən 8-i kollegiyadan çıxarılmağıma səs verib. Sonra Azər müəllim təklif edib ki, töhmət verilsin. Ondan sonra bir dəfə töhmət verilib. Hərdən zarafatla deyirəm ki, Azər Tağıyevin vəkillikdə böyük xidməti Adil İsmayılovun bu gün vəkil olmasıdır.


Ölkə başçısı bir həftə əvvəl bildirmişdi ki, məhkəmə- hüquq sistemində köklü dəyişikliklər olmalıdır. Sizcə, vəkillik sahəsi hansı islahatlara, dəyişikliklərə ehtiyac duyur?

Mənə suallar verirlər ki, siz vəkilliyin islahatlarını, yenilənməsini gündəmə gətirirsiniz, sistem dəyişməsə, nə etmək olar? Bilirsiniz, hər kəs öz evində təmizliyə başlamalıdır. Bu gün mən Adil İsmayılov olaraq vəkillikdə normal seçkinin, təmizliyin, şəffaflığın, hesabatlılığın və aşkarlığın tərəfdarıyam. İslahatı ondan başlayaq ki, bütün vəkillərin ümumi yığıncağı çağrılır, toplantıda hər şey yenidən formalaşır. Anar Bağırovun yaxşı bir müsahibəsi var, deyir ki, məni necə seçiblərsə, Rəyasət Heyətinin üzvlərini də elə seçiblər. Deməli, onun necə seçilməyindən özünün xəbəri var, konfransda iştirak edənlər də bunu görüb. Bir daha deyirəm, normal seçki keçirilir, ardınca rəhbərlik formalaşdırılır və rəhbərlik üzvlərin qarşısında hesabat verir ki, nə qədər pul gəlir, hara xərclənir, nə üçün xərclənir və ümumiyyətlə, xərclənməlidirmi? Əgər bu miqyasda dəyişiklik edə bilsək, sabah ölkə miqyasında başqa sahələrdə, yəni hər kəs özünün evində təmizliyə başlasa, çox yaxşı nailiyyətlərimizi olar. Mən həmişə deyirəm ki, qarşıda bizi xoş günlər gözləyir və biz o günləri görəcəyik.

Ana səhifəVideo“Vəkillər Kollegiyasında çox biabırçı vəziyyət yaranıb”