Vəfa Nağı bələdiyyə üzvlüyündən uzaqlaşdırılıb

“Mənim korrupsiya haqda dediklərim, yazdıqlarım isə əsassız deyil”.

Source: VOA


Bələdiyyə üzvü məhkəməyə müraciət edəcək

İctimai fəal Vəfa Nağı Neftçala rayon Xolqaraqaşlı bələdiyyə üzvlüyündən kənarlaşdırılıb. Bu barədə məlumatı Vəfa Nağının özü yazıb. Onun sözlərinə görə, kənd bələdiyyəsinin sədri Əlibala Səlimov avqustun 20-də bununla bağlı qərar verib.

“Məsələ burasındadır ki, Səlimov 17 ildə saxta yolla seçdiyi üzvləri ilə heç vaxt iclas çağırmayıb. Mən gələndən sonra belə bir ənənəyə səbəb olmağıma şadam, di gəl ki, keçirilən iclasların protokolları nə də hər hansı bir sənədi olub. “Sizə protokol veriləcək” deyib ayları aylara calayıb, sonunda məni uzaqlaşdırıblar. Xatırladım ki, ölkə xaricində olduğum üçün iclaslara qatıla bilməmişəm, bununla bağlı poçtdan məktub göndərmişəm. Amma yoldaş Əlibala müəllim tələm- tələsik məni uzaqlaşdırıb ki, onun rüşvətxorluğuna və qeyri-qanuni əməllər törətməsinə mane olmayım”.

Vəfa Nağı deyib ki, seçicilərinin və öz hüquqlarını sona qədər qorumaq üçün məhkəməyə müraciət edəcək.

Bələdiyyə sədri Əlibala Səlimov isə Meydan TV-yə deyib ki, qərar qanunvericiliyə uyğun verilib:

“Vəfa xanım bələdiyyənin iclaslarına qatılmırdı. “Bələdiyyə haqqında” Qanunun 22-ci maddəsinin 6-cı bəndinə əsasən, ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə üzvlükdən xaric edirlər. Bizdə də bələdiyyənin Hüquq Komissiyası var. Vəfa Nağı 3 dəfə iclasa qatılmadığına görə həmin komissiya gündəliyə onun qurumdan xaric edilməsi məsələsini saldı. Ancaq biz yenə də bu məsələni baxılmamış saxladıq. Novbəti iclasda biz bunu gündəliyə saldıq”.

Əlibala Səlimov deyir ki, hər iclasdan bir neçə gün əvvəl bütün bələdiyyə üzvlərinə poçt vasitəsilə məktub göndərilir və onlar toplantıya dəvət olunur:

“Bütün bələdiyyə üzvləri kimi Vəfa xanımı da məlumatlandırmışıq. Vəfa xanım deyir ki, guya toplantılara gələ bilməyəcəyi ilə bağlı məktub göndərib. Hanı o məktub? Surəti, göndərdiyi poçtun qəbzi varmı? Bizə belə bir məktub gəlməyib. Ona görə də dördüncü dəfə iclasa qatılmayanda 7 nəfərlik bələdiyyə üzvlərinin 6-nın səsi ilə onu uzaqlaşdırmışıq”.

Vəfa Nağı deyir ki, məktubu göndərdiyinə dair qəbz var və məktubu izləməyə alıb:

“İstanbuldan, Kadıköy poçtundan məktub göndərmişəm. İclasa çağırış gələndə valideynlərim zəng vurub xəbər verib və mən məktub göndərmişəm. Əlimdə faktım var və artıq məktub çatmışdı. Bunu bilmək istəyirdilərsə, niyə məni kənarlaşdırırdılar? Mən iclaslara gedəndə heç vaxt bələdiyyə üzvlərinin hamısını bir yerdə görmürəm. Bəzən 5, bəzən 7 nəfər gəlirdi. Demək ki, bu, planlaşdırılmış bir işdir və istəyiblər ki, məni uzaqlaşdırsınlar. Ancaq bu planlarını həyata keçirməyə çox tələsiblər”.

image_from_ios (2).jpg
Vəfa Nağının bələdiyyəyə göndərdiyi məktubun qəbzi

Vəfa Nağı göndərdiyi məktubun qəbzini də Meydan TV-yə təqdim edib. Hazırda Neftçala Rayon Məhkəməsində bələdiyyə sədrinin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında Vəfa Nağıya qarşı məhkəmə prosesi gedir.

Bələdiyyə sədri Vəfa Nağının Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edir.

Bələdiyyə sədri iddia ərizəsində yazıb ki, Vəfa Nağı mediaya müsahibələrində, sosial şəbəkə hesablarından paylaşdığı yazılarında onu təhqir edib, böhtan atıb.

Vəfa Nağı isə heç kimi təhqir etmədiyini deyir.

“Mənim korrupsiya haqda dediklərim, yazdıqlarım isə əsassız deyil. Kənd sakinlərinin şikayətləri var. Bu barədə hüquq-mühafizə orqanlarına da şikayətlər göndərilib. Təəssüf ki, onlar araşdırılmayıb, nəticəsiz qalıb”, – deyə Vəfa Nağı bildirib.

Bələdiyyə üzvü hesab edir ki, məqsəd bu yolla onu susdurmaqdır: “Gördülər ki, digər təzyiq formaları – şəkillərimi yaymaqla biabır eləyib kənddən çıxarmaq cəhdi nəticə vermədi, indi bu üsula əl atıblar. İstəyirlər ki, məni susdursunlar, yol verdikləri qanunsuzluqlar, korrupsiya əməlləri haqda danışmayım. Amma alınmayacaq”.

Ana səhifəBölgəVəfa Nağı bələdiyyə üzvlüyündən uzaqlaşdırılıb