Ucarlı səhmdarlar: Məcburuq vətəndaşlıqdan imtina edək

Zavodun içində o qədər texnikası, mal-qarası və s. var. Hamısını satıblar, darmadağın ediblər.

Source:


Şikayətçilər Türkiyə səfirliyinin önündə də aksiya keçirmək istəyirlər

“1997-ci ildən Ucar Pambıq Açıq Səhmdar Cəmiyyəti özəlləşdi. Ucar camaatının da bu zavodda səhmləri var idi. Daha doğrusu, çekləri, dvidentləri… Bizə dedilər ki, gətirin həmin çeklərin hamısını zavoda təhvil verin, yoxsa sizi işdən çıxaracağıq. Biz də əlacsız gətirib bütün “vauçer”lərimizi qoyduq zavoda. Qanunla zavod öz gəlirindən bizə də pay verməlidir. Ancaq 23 ildə bir qəpik də görməmişik”.

Ucar sakini Bəxtiyar Kərimov belə deyir. O da Ucar Pambıq Açıq Səhmdar Cəmiyyətinin səhmdarıdır. Daha 20 səhmdarla birgə Prezident Administrasiyasının qarşısında gözləyib.

Deyir, onları qəbul edənədək buradan getmək fikirləri yoxdur.

“Bir-iki il deyil, 20 ildən artıqdır işləyirlər. Qanunla gəlirlərinin müəyyən hissəsini bizə də verməlidirlər. Ancaq bugünədək bizə bir qəpik də verən olmayıb. Bir neçə il bundan öncə “MKT İstehsalat Kommersiya” şirkəti həmin zavodla müqavilə bağladı. Birgə işləyirlər, ancaq camaatın pulunu vermirlər. Özərindən başqa qazanan yoxdur” – daha bir şikayətçi Bəhrəm Quliyev belə söyləyir.

Şikayətçilər deyirlər ki, indiyədək yazmadıqları, şikayət etmədikləri qurum qalmayıb. Ancaq bir nəticəsi olmayıb. Bu qədər şikayətdən sonra onlara zavoddan deyilib ki, sizin səhmlərinizin 16 manat qiyməti var:

“Zavodun içində o qədər texnikası, mal-qarası və s. var. Hamısını satıblar, darmadağın ediblər. Üstəlik, səhmdarların iştirakı olmadan. İndi də deyirlər ki, sizin çeklərin qiyməti 16 manatdır".

"Hara yazdıq, cavab gəlmədi. Son olaraq gəldik bura. İlk dəfə 3 gün əvvəl gəlmişdik. Zavod rəhbəri Şaban Səmədovun oğlu Şəhriyar Səmədov zəng edib dedi ki, qayıdın geri, sizin pullarınız hesablanıb veriləcək. Dedi, 3 günə bütün problemləriniz həllini tapacaq. Biz də insanıq, inandıq və geri döndük. Gedəndən sonra məlum oldu ki, bizə 200 manat nəzərdə tutublar. Bununla razılaşmadıq, 500 manatadək qaldırdılar. Camaat da hirsləndi, dedilər, biz dilənçi deyilik, nə edirik, 500 manatı. İllərdir milyonlar qazanmısınız, bizə rəva bildiyiniz 500 manatdır? Yenidən bu gün gəldik Prezident Administrasiyasının qarşısına”, – şikayətçilərdən Xavər Səmədovanın sözləridir.

“3 gün əvvəl də Prezident Administrasiyasının önünə gəlmişdik. 20-dən çox adamıq. Gəldik ki, etiraz edək. Bu zaman rəhbərliyin oğlu zəng etdi bizə. Yalvardı, yaxardı ki, pulunuzu verəcəyik, dönün rayona. Biz də inanıb, qayıtdıq. Bizə dedilər ki, hərənizə 200 manat pul verəcəyik. 23 ildir zavod işləyir, 23 ildir qazanırlar, səhmdarlara cəmi 200 manatı layiq bilirlər. Bizin dvidentlərimizin, çeklərimizin ən azı 5-10 min qiyməti var. Bunun qarşılığında bizə 200 manat vermək istəyir. Camaat da dedi ki, biz dilənçi deyilik, istəmirik. Biz də yenidən gəldik bura. İndi də deyir ki, yaxşı edirik, bir qəpik də verməyəcəyik. Çünki siz yenidən getmisiniz Prezident Administrasiyasının önünə. Biz vətəndaşlar olaraq qalmışıq pis durumda. Administrasiyadan da deyirlər ki, sizi ancaq ayın 8-də qəbul edə bilərik. Biz borc-xərclə bura qədər gəlib çıxmışıq. İndi bir də gedib 8-də nə ilə gələk? Məcburuq gedək Türkiyə Səfirliyinin önünə ki, biz vətəndaşlıqdan imtina edirik, bizi qəbul edin,”- Bəxtiyar Kərimov deyir.

Məsələyə münasibət bildirən Zavod direktoru Şəhriyar Səmədov səhmdarların səbrli olmasını məsləhət görüb:

“Bilirsiniz, biz də səhmdarıq, həmin problem həm də bizimdir. Kaş bir az səbrli olalar. Administrasiyanın qarşısına getməklə, Türkiyə səfirlliyinə müraciət etməklə nə əldə edəcəklər? Bir az səbrli olsunlar, həll olunacaq problemdir. Cənab prezidentimiz indiyədək hansı problemi həll etməyib? O, hər şeyi həll edər. Biz də onlar kimi səhmdarıq və bu, həm də bizim problemimizdir. Biz də tezliklə problemin həll edilməsinin tərəfdarıyıq. Biz buna görə onlara demişik ki, bir neçə gün gözləyin, çalışırıq”.

Ana səhifəBölgəUcarlı səhmdarlar: Məcburuq vətəndaşlıqdan imtina edək