Tusk: Rusiyanın Gürcüstana uçuş qadağası əsassızdır

“Avropa İttifaqı Gürcüstanın hazırkı problemlərinə qarşı dəstək verməyə hazırdır”

Source: Youtube

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk deyir ki, Rusiyanın Gürcüstana birbaşa uçuşlara qadağa qoyması"əsassızdır və qeyri-mütənasibdir, – Azadlıq Radiosu xəbər verir.

Rusiya və Gürcüstan arasındakı münasibətlər üç həftə əvvəl Rusiyanın bir millət vəkilinin ziyarətinin ardından Tbilisidə başlamış etirazlardan sonra daha da gərginləşib. Bir çox etirazçı Gürcüstan ərazisində rus qoşunlarının hələ də mövcud olmasından narahat olduqlarını dilə gətirib.

2008-ci ilin avqust ayında Gürcüstan Rusiya ilə müharibə aparıb və ərazilərini itirib.

Rusiya Prezidenti Vladimir Putin iyun ayının 21-də Gürcüstanda etirazların başlamasından bir gün sonra ölkəyə olan uçuşlara qadağa qoyub. O, bu qərarını vətəndaşların təhlükəsizliyi ilə əlaqələndirib. Putinin bu addımı Gürcüstanın turizm sənayesinə zərbə endirib. Hər il 1 milyondon çox Rusiya vətəndaşı Gürcüstanı ziyarət edir.

Tusk deyib ki, Avropa İttifaqı Gürcüstanın hazırkı problemlərinə qarşı dəstək verməyə hazırdır.

"Avropa İttifaqı Gürcüstanla həmrəydir və ölkənin suverenliyinə və ərazi bötüvlüyünə sadiqdir,"- Tusk Gürcüstanın Qara Dəniz sahilində yerləşən Batumi şəhərində Şərq Tərəfdaşlığının 10 illiyi münasibətiylə keçirilən konfransda çıxış edərkən qeyd edib.

O əlavə edib ki, Brüsselin Avropa İttifaqı və NATO-ya üzv olmaq üçün çalışan Gürcüstanla əlaqələri ortaq dəyərlərə dayanır.

"Bugünkü görüşlərdən sonra mən hiss edirəm ki, Gürcüstanı çox yaxşı gələcək gözləyir,"- Tusk deyib.

Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ildəki 5 günlük müharibədən sonra mövcud deyil. Rusiya hazırda iki separatçı Gürcüstan torpağı Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyır. Bu ərazilərdə rus qoşunları mövcuddur.

Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalını "uzunmüddətli perspektivdə qeyri-sabitlik gətirəcək məyusluq" adlandırıb.

"Gürcüstan əhalisinin reaksiyası burada və tərəfdaşlarımız tərəfindən diqqətə alınmalıdır,"- Zurabişvili Tuskla görüşdən sonra bildirib.

Ana səhifəDünyaTusk: Rusiyanın Gürcüstana uçuş qadağası əsassızdır