İlham Əliyev

Источник: Foto: Azərtac

Başlıq: İlham Əliyev

Tarixçidən Prezidentin dediklərinə cavab: Özünüzü o kişilərin yerinə qoyun!

“Bu günümüzün müasirləri, siz hansı seçimi edərdiniz?”

Prezident İlham Əliyevin mayın 28-də Qaradağ rayonunda salınan “Qobu Park-3” yaşayış kompleksində məcburi köçkünlərlə görüşü zamanı Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları haqqında söylədikləri müzakirə predmetinə çevrilib.

Dövlət başçısı əvvəllər də oxşar fikirlər söyləmişdi. Ancaq əvvəlki illərdə dedikləri 28 may görüşündəki qədər rezonans doğurmamışdı.

“Nə üçün Respublika iki ildən də az yaşadı?”

Ölkə başçısı “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” deyərək əlavə edib:

“Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk respublika məhz Azərbaycanda yarandı, Azərbaycan xalqı bunun təşəbbüskarı olub. Eyni zamanda, biz bu gün də tarixdən ibrət götürməliyik. Nə üçün Respublika iki ildən də az yaşadı? Nə üçün süqut etdi? Nə üçün müstəqilliyi qoruya bilmədi? Bu suallardır. Biz düzgün nəticə çıxarmaq üçün tarixi bilməliyik. Burada heç bir mifologiyadan söhbət gedə bilməz. Hansısa hadisələri şişirtməklə biz özümüzü aldatmamalıyıq. Nə üçün? Çünki o hadisələr təkrarlanmasın. Nə üçün? Çünki müstəqilliyimiz əbədi olsun. Azərbaycan Xalq Cümhuriyyəti rus imperiyasının dağılması nəticəsində yaranmışdır. Ancaq cəmi iki ilə yaxın yaşadı”.

“İrəvanı Ermənistana verməyi heç vaxt bağışlamaq olmaz”

İlham Əliyev 1918-ci il müstəqilliyinin şərti xarakter daşıdığını vurğulayıb:

“Bakıda söz sahibi xarici generallar idi və Azərbaycan Xalq Cümhuriyyəti öz addımlarını, hətta dövlət atributları ilə bağlı planlarını gərək onlarla razılaşdıraydı. Respublika Azərbaycan ərazisinə tam nəzarət etmirdi. Əlbəttə ki, biz heç vaxt unutmamalıyıq ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanı, bizim qədim şəhərimizi Ermənistana vermək idi. Bunu heç cür əsaslandırmaq və heç vaxt bağışlamaq olmaz. Ona görə biz bu həqiqətləri bilməliyik və gənc nəsil də bilməlidir. Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik. Həqiqəti bilməliyik ki, bu, təkrarlanmasın. Xalq Cümhuriyyəti cəmi iki ilə yaxın yaşadı, müstəqilliyi qoruya bilmədilər. Azərbaycanın başında duranların bir çoxu ölkəni tərk etdi, müstəqillik əldən getdi. Bilirsiniz, gözəl şüarlar demək olar. Amma bu şüarların arxasında gərək iradə, güc və əməl olsun”.

“Günahkar biz tarixçilərik”

Prezidentin çıxışından sonra sosial şəbəkədə müzakirələr başlanıb. Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi “Facebook” hesabında ölkə başçısının dediklərinə münasibət bildirib.

Solmaz Rüstəmova-Tohidi hesab edib ki, ölkə başçısı ictimaiyyət qarşısında belə suallar qoyursa, bunun ilk günahı, özü də daxil olmaqla tarixçilərdədir.

Professor yazır ki, qədim Azərbaycan şəhəri İrəvanın 1918-ci il mayın 29-da ermənilərə “verilməsi”, daha dəqiq deyilərsə, güzəştə gedilməsi faktdır. Amma tarix elmi istənilən faktın yalnız təsbit olunmasını deyil, onun baş verdiyi şəraiti və şərtləri kompleks şəkildə araşdırmağı tələb edir.

“Ermənilər bölgənin demoqrafik vəziyyətini əsaslı surətdə dəyişmişdi”

Solmaz Rüstəmova-Tohidinin sözlərinə görə, ermənilərin (Osmanlı və Qafqaz) hələ XVII əsrdən bəri Avropa, Rusiya və Yaxın Şərq ölkələrinin dəstəyi ilə “Dənizdən dənizə” dövlət yaratmaq uğrunda apardıqları ciddi mübarizə, I Dünya Müharibəsində qalib Antanta dövlətləri (İngiltərə, Fransa, Rusiya, ABŞ) tərəfində əlisilahlı nizami ordularda vuruşması, erməni siyasətçilərinin genişmiqyaslı diplomatik təbliğatın nəticəsi olaraq bu müharibənin sonluğuna yaxın erməni dövlətinin yaranması danılmaz zərurət idi, söhbət sadəcə onun hansı ərazilərdə yaradılacağından gedirdi:

“İddia etdikləri Osmanlı vilayətləri 1915-ci ildən başlayaraq xəyanətkar erməni əhalisindən demək olar ki, təmizlənmişdi. Erməni mənbələrinin özlərinin yazdığına görə 350-450 min hüdudunda Osmanlı erməniləri 1916-1917-ci illərdə daşnak qoşunlarının müşayiəti ilə Cənubi Qafqaza, əsasən İrəvan quberniyasının ərazilərinə keçmiş və burada yerli azərbaycanlı əhalini kütləvi surətdə qırıb qovmuşdu. Nəticədə bölgənin demoqrafik vəziyyətini əsaslı surətdə dəyişmişdi”.

“…Azərbaycan siyasətçilərinə israrlı şəkildə “ermənilərə bir qədər ərazi güzəştə etmək” kimi “tövsiyələr” edirdi”

Solmaz Rüstəmova-Tohidi 1918-ci ildə öz dövlətini yaratmaq ərəfəsində olan azərbaycanlıların real vəziyyətinin gürcülərdən, hətta geniş əraziləri ələ keçirib, sadəcə siyasi mərkəz məsələsini həll edən ermənilərdən də pis olduğunu qeyd edib:

“Paytaxt Bakı daxil olmaqla bütün quberniya ərazisinin (Bakı, Şamaxı, Göyçay, Cavad, Ərəş, Lənkəran qəzaları) işğal altına düşdüyü, həmin ərazilərdə yaşayan xalqın bir hissəsinin məhv edilmiş, qalan hissəsi düşmən idarəsi altında girov, ya dağlarda, meşələrdə, yarğanlarda, çöllərdə sərgərdan dolaşaraq aclıqdan, soyuqdan, qorxudan, xəstəlikdən qırıldığı, İrəvan-Zəngəzur mahallarından on minlərlə qaçqının Gəncə-Qarabağa axışdığı bir zamanda 70 faizi ermənilərdən ibarət 12-16 minlik Qırmızı Ordu Azərbaycan milli qüvvələrinin son “bastionu” Gəncəyə hücuma hazırlaşırdı. Bütün bunlara son qoyacaq Azərbaycan ordusu, silah-sursat, maliyyə olmadığı bir şəraitdə - 1918-ci ilin mayında Azərbaycan nümayəndə heyəti (M.Ə.Rəsulzadə və M.H.Hacinski) Batumda, Osmanlı dövlətinin Qafqaz qoşunları komandanlığı ilə Bakının və Azərbaycan torpaqlarının biloşevik-rus-erməni qüvvələrindən azad edilməsi ətrafında çox ağır danışıqlar aparırdı. Həmin dövr gürcülərin arxasında Almaniya, ermənilərin arxasında İngiltərə və Fransa kimi qəyyum dövlətlərin durduğu bir şəraitdə azərbaycanlıların yeganə pənahı Osmanlı dövləti idi və bu dövlətin nümayəndələri Azərbaycan siyasətçilərinə israrlı şəkildə “ermənilərə bir qədər ərazi güzəştə etmək” kimi “tövsiyələr” edirdi. “Bir qədər ərazi” altında İrəvan şəhəri nəzərdə tutulurdu, çünki həmin dövr İrəvan quberniyasına daxil olan 7 qəzadan artıq 5-i, o cümlədən quberniyanın ikinci böyük şəhəri - Aleksandropol (Gümrü) türk qoşunlarında idi və ortada onları boşaltmaq niyyəti yox idi. Belə bir şəraitdə “ermənilərə veriləcək siyasi mərkəz” ancaq İrəvan şəhəri ola bilərdi. Əslində isə bu zaman yalnız İrəvanın deyil, Bakının və bütünlə Azərbaycanın taleyi həll olunurdu”.

“Bu günümüzün müasirləri, siz hansı seçimi edərdiniz?”

Tarixçi bildirib ki, Milli Şurasının 29 may tarixli iclasında “İrəvanın Ermənistana güzəştə gedilməsi” məsələsini müzakirəyə çıxaran Azərbaycan hökumətinin başçısı Fətəli Xan Xoyskinin bu hadisəni dönə-dönə “qaçılmaz tarixi zərurət”, “bizlər üçün acı həqiqət” kimi qiymətləndirməsinin fərqinə varmaq lazımdır:

“Mən istənilən auditoriyada bu məsələdən bəhs edəndə dinləyicilərimə “özünüzü o kişilərin yerinə qoyun!” təklifini edirəm. Çünki “Bakının azadlığı İrəvandan keçir” mənasında tövsiyə-şərt qarşısında qərar qəbul etməli olan kişilər – Batumda danışıq aparanlar, Tiflisdə Milli Şura üzvləri daha böyük itki (Bakı və Azərbaycan) ilə daha kiçik itki (İrəvan) arasında seçim etməli idilər. Bu günümüzün müasirləri, siz hansı seçimi edərdiniz? Qərar verməzdən əvvəl aşağıdakı sualları da nəzərə almağınızı təvəqqe edirəm. Heç öz paytaxtını qaytarmağa imkanı olmayan Azərbaycan hökuməti İrəvan şəhərini faktiki olaraq özündə saxlaya bilərdimi? Bu şəhəri qoruyacaq Azərbaycan ordusu vardımı? Ümumiyyətlə, azərbaycanlılardan bu “güzəşti” soruşan, ya icazə gözləyən vardımı?

Burada bir məqamı da nəzərə alın ki, istər öz dövründə, istərsə bu gün bizim özümüzdən və türklərdən başqa heç kim İrəvanı Azərbaycan şəhəri hesab etmirdi. Ermənilər bu məkanı daim özlərinin tarixi, digərləri isə Rusiya İmperiyasının quberniya şəhəri bilirdilər, indi də belə hesab edilər. Odur ki, həmin dövr üçün dövləti olmayan və bu səbəbdən rəsmi şəkildə İrəvana hər hansı iddia etməyə hüququ çatmayan azərbaycanlıların bu iddiasını heç ciddiyə almırlar. Məhz bu sonuncu səbəbdən həmin “güzəşt” aktı hər hansı tərəflərarası müqavilə şəklində mövcud olmayaraq, yalnız Milli Şuranın 29 may tarixli iclasının protokolunda öz əksini tapıb və erməni nümayəndələri ilə də bu “güzəştin” müqabilində Qarabağa iddialardan imtina edəcəkləri barədə yalnız şifahi razılaşma əldə etmək mümkün olub. Bu məntiqdən çıxış edərək, F.X.Xoyskinin “İrəvanı ermənilərə güzəştə getdik” ifadəsini əslində İrəvana “sahiblik”, eləcə də siyasi şəraitdən doğan çarəsizlik və gücsüzlük qarşısında, necə deyərlər, “ən pis şəraitdə yaxşı sima saxlamaq” cəhdi kimi də qiymətləndirmək olar. Bu ifadə ilə Azərbaycan hökumətinin başçısı ən azı İrəvanın o dövrə qədər Azərbaycan şəhəri olduğu və ermənilərə məhz “güzəştə gedildiyi” faktını təsdiqləyirdi”. Professor xatırladıb ki, 1918-ci ildə İrəvanda 321 min əhalinin 230 min nəfəri erməni, 80 mini azərbaycanlı, qalan 11 mini digər millətlərin nümayəndələri idi.

Müvəqqəti güzəştə getməyə məcbur olan Milli Şura yalnız bir şərt irəli sürür…”

Solmaz Rüstəmova-Tohidi Prezidentin “AXC dövründə müstəqillik şərti xarakter daşıyırdı, Bakıda söz sahibi xarici generallar idi və Azərbaycan Xalq Cümhuriyyəti öz addımlarını, hətta dövlət atributları ilə bağlı planlarını gərək onlarla razılaşdıraydı, Respublika Azərbaycan ərazisinə tam nəzarət etmirdi” fikrinə də münasibət bildirib.

O qeyd edib ki, Azərbaycan siyasi qüvvələri hələ müstəqillik elan etməz xeyli əvvəl, öz ərazilərinə və milli hüquqlarına sahib olmaq üçün “Azərbaycan muxtariyyəti” şüarını irəli sürdükləri vaxt dərhal qonşu dövlətlərin böyük etirazları ilə qarşılaşıblar: “İran dövləti bu ifadədəki “Azərbaycan” adına etirazını bildirərək, bu ada haqqı “çatmayan” qafqazlıları İran Azərbaycanına ərazi iddialarında ittiham edib və bu məsələni Paris Sülh konfransına qədər çıxarıb. Rusiya dövləti (Ağ hökumət və bolşeviklər), erməni milli, siyasi-hərbi qüvvələri isə “muxtariyyət” kəlməsində azərbaycanlıların dövlətçilik iddialarını görərək, onlara “muxtariyyət” əvəzinə “bir yığın xarabazarlıqlar” (Şaumyan) vəd edib və 1918-ci il mart-iyul aylarında kütləvi qırğınlar törətməklər bu “vədlərinə” əməl ediblər. Azərbaycan xalqının varlığı, Azərbaycan ərazilərinin bütövlüyü ciddi təhlükə altında idi. Mövcud plana görə Bakı daxil olmaqla bütün Xəzəryanı ərazilər Rusiyaya, Gəncə, Qarabağ, Zəngəzur, İrəvan torpaqları Ermənistana, Zaqatala-Qazax dairələri isə gözləmə mövqeyində duran gürcülərə keçməli idi. Məhz bu anlam qarşısında Zaqafqaziya Seymində əks siyasi-ideoloji mövqelərdə duran 4 Azərbaycan fraksiyası özündə birləşməyə güc taparaq 1918-ci il 28 mayında İstiqlal bəyannaməsini – Müstəqil Azərbaycan dövlətinin yarandığını elan edirlər. Lakin Bakı və işğal altında olan torpaqlar azad edilməyincə, bu müstəqillik hələ yalnız “kağız” üzərində idi. Müstəqilliyə “can verəcək” qüvvə isə Qafqaz İslam Ordusu və yaranmaqda olan Azərbaycan hərbi birləşmələri olmalı idi. Lakin həmin ilin 17 iyununda Tiflisdən Gəncəyə gələn Milli Şura və Azərbaycan hökuməti burada “Müstəqillik” aktını qəbul etməyən bir dəstə yerli əhali və onların tanınmış xadimləri ilə üzləşir.

Məlum olur ki, müəyyən daxili səbəblər, eləcə də “düşmən qonşular” əhatəsi faktından çıxış edən bu əhali qrupu Azərbaycan xalqının xilasını müstəqil dövlətçilikdə deyil, Osmanlı dövlətində ilhaq olunmaqda-birləşməkdə görür. “İlhaqçılar” adlanan bu qrup həmin dövr artıq Gəncədə olan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və onun müşaviri Əhməd bəy Ağayevin timsalında öz tərəfdarlarını tapırlar. “Gəncə böhranı” adlanacaq və Azərbaycan dövlətçiliyi üçün ilk ciddi təhlükə sayılacaq bu hadisənin təfərrüatına varmadan Milli Şuranı “xalqın rəyini öyrənmədən İrəvanı ermənilərə verməkdə” ittiham edən bəzi “rəsmi” tarixçilərə bir ritorik sual edək. İşğal qarşısında sərgərdan düşmüş xalqın rəyini öyrənmək üçün nə vaxtı, nə imkanı olmayan Milli Şura üzvləri, həmin xalqın digər hissəsinin də müstəqillikdən imtina kimi rəyi ilə hesablaşacağı təqdirdə Azərbaycanın sonrakı taleyini necə təsəvvür edirsiniz? Bu zaman cəmi 4 aydan sonra Osmanlı İmperiyasının özünün tam məğlubiyyətə uğrayaraq dağıldığı, tutduğu bütün ərazilərdən çıxarıldığı, sonralar Osmanlı rəhbərlərinin rüsvayçı Sevr müqaviləsini imzalayacağı və yalnız Mustafa Kamalın misilsiz hərəkatı nəticəsində türklərin öz dövlətçiliklərinin müdafiəsinə qalxacağını nəzərə alın. Odur ki, bu növ “xalqın rəyi” və xarici hərbi iradə qarşısında yenə də müvəqqəti güzəştə getməyə məcbur olan Milli Şura yalnız bir şərt irəli sürür: İstiqlalı qorumaq!”

Solmaz Rüstəmova-Tohidi

Solmaz Rüstəmova-Tohidi

Источник: Foto: google.az

““Bakı alınmasa, hər şey bitdi, əlvida, Azərbaycan” teleqramları…”

Solmaz Rüstəmova-Tohidi bildirib ki, 1918-ci ilin iyul ayının sonlarında Qafqaz İslam Ordusu Bakıya yaxınlaşdığı vaxt Almaniya, Rusiya, İngiltərə kimi böyük dövlətlərin və ermənilərin dünyaya səpələnmiş siyasi qüvvələrinin hər vəchlə Bakının bu ordu tərəfindən alınmasına mane olurdu:

“Azərbaycanlılara ən yaxşı halda Gəncənin paytaxt kimi vəd olunması, Bakının isə “sərbəst” şəhər (вольный город) – hamının şəhəri, Bakı neftinin- hamının nefti elan edilməsi şərtləri qarşısında Türk ordusu komandanlığının və Azərbaycan xadimlərinin göstərdiyi iradə və mətanəti qeyd etməmək olarmı? Rəsulzadənin bu məsələ ətrafında İstanbulda açdığı geniş diplomatik “döyüş”, bu ideyanın əsas müəlliflərindən Almaniyanın İstanbuldakı səfirliyinə və bütün digər Avropa ölkələrin nümayəndəliklərinə təqdim etdiyi “Bakı ... Azərbaycan üçün ölüm-dirim məsələsidir” –sonluğu ilə bitən ultimatumlar, Azərbaycana göndərdiyi “Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbaycan” teleqramları bir tərəfdən, göstərilən güclü təzyiqlər qarşısında Bakıya hücumu saxlamış Osmanlı dövlətinin başçılarının bu məsələdə dəyanəti, məxsusi olaraq Almaniyaya çağırılan Tələt Paşanın Bakının Azərbaycana məxsus olduğuna dair açıq bəyanatı, Ənvər Paşanın Qafqaz İslam Ordusu komandanlığına teleqraf vasitəsilə yaza bilmədiklərini çaparla göndərərək “şəhəri tezliklə azad edin” əmrləri, yenə də Rəsulzadənin Bakının türk ordusu tərəfindən işğalı ittihamları qarşısında “Bakı Azərbaycan adına azad edilməlidir! Bakıya ilk olaraq Azərbaycan hökuməti girməlidir!” kimi çağırışları AXC xadimlərinin məhz müstəqillik uğrunda mübarizəsinin həqiqətən şanlı səhifələri idi və bəli, burada Cümhuriyyət xadimləri qonşu və qardaş Osmanlı dövlətinin generallarının dəstəyindən yararlanırdılar. Mudros sazişinə əsasən I Dünya Müharibəsində məğlub türk qüvvələri Azərbaycanı tərk etdikdən sonra da Azərbaycan hökuməti hələ tam müstəqil şəkildə fəaliyyət imkanı əldə etmir.

Müttəfiq dövlətlərin razılığına əsasən Cənubi Qafqaz, o cümlədən Azərbaycan İngiltərənin təsir dairəsinə verilir. Bununla belə Azərbaycan hökuməti addım-addım öz müstəqilliyinə doğru irəliləyir. Noyabrın 9-da vaxtilə Gəncədə, sözü keçən ilhaqçıların təklifi ilə qəbul edilmiş Osmanlı dövləti bayrağına bənzər, qırmızı, 8 guşəli bayraq dəyişdirilir. Yeni, 3 rəngli bayraq Azərbaycan ictimai-siyasi və fəlsəfi fikrinin illərlə formalaşdırdığı milli idealları – türkçülük, müasirlik, islamçılığı tərənnüm edən dövlətçilik atributu kimi qəbul edilir. 1918-ci ilin 17 noyabrında gəmi ilə ilk dəfə Bakı limanına qədəm qoyan ingilis hərbi qüvvələrinin komandanı general Tomsonun ilk əmri həmin o bayraqları yerə endirmək olur! Lakin şəhərdə ingilis general-qubernatorluğu yaranmasına və bütün idarəçiliyin, həmçinin Bakının neft mədənləri onun nəzarəti altına keçməsinə baxmayaraq, Azərbaycan hökuməti bu mürəkkəb şəraitdə belə geri çəkilmir. Son nəticədə Azərbaycan milli-siyasi qüvvələrinə mənfi münasibət bəsləyən general Tomson cəmi 40 gündən sonra – dekabrın 27-də Fətəli Xan Xoyski hökumətini ölkədə yeganə qanuni hakimiyyət orqanı kimi tanıyır”.

“Dövrün tarixi reallığı çox az zaman ərzində sübut etdi ki, yox!”

Professor “Nə üçün Respublika iki ildən də az yaşadı?” sualına da cavab verib.

O deyib ki, düşmən dövlətlər əhatəsində yaşayan, daim düşmən münasibətlər və qıcıqlarla, xarici və daxili təhlükələrlə üz-üzə duran, hətta bu zaman da deklarasiya etdiyi dəyərlərə və demokratiya prinsiplərinə sadiq qalan Cümhuriyyətin 23 aylıq “Möcüzə”sinin səbəbini ilk növbədə onun qurucularının şəxsində axtarmaq lazımdır. Azərbaycan Cümhuriyyətinin özü süqut etmədi. Azərbaycan Cümhuriyyəti özündən qat-qat və hər barədə güclü qonşu dövlət tərəfindən birbaşa hərbi müdaxilə nəticəsində işğal olundu və süquta uğradıldı:

“Müstəqilliyi qorumaq mümkün idimi? Dövrün tarixi reallığı çox az zaman ərzində sübut etdi ki, yox! Mümkün deyildi. Neft amilinin güclü amili bolşevik Rusiyasının işğal planlarında Azərbaycanı qabağa salsa da, az sonra Ermənistanın və bu iki Qafqaz respublikasından qat-qat güclü dayaqları olan Gürcüstanın da işğal olunması buna sübutdur və əlavə dəlillərə ehtiyac görülmür. Amma çox qısa zamanda yaradılan Cümhuriyyət Ordusu öz dövlətini və onun müstəqilliyini son qanınadək qorumaq əzmini nümayiş etdirdi. İşğal ərəfəsində Qarabağda, işğal planın tərkib hissəsi olaraq başlamış erməni qiyamını yatıran Azərbaycan hərbi qüvvələri Cümhuriyyətin aldanma yolu ilə (Qızıl Ordunun Azərbaycandan keçərək Anadoluya, Mustafa Kamal qüvvələrinə köməyə gedəcəyi şayiələri) hərbi işğala məruz qaldığını biləndən az sonra - may ayının sonlarında məşhur Gəncə üsyanına qalxdılar, fədakar Gəncə camaatının dəstəyi ilə şücaətlər göstərdilər, artıq ardı kəsilməyən düşmən qüvvələri qarşısında tab gətirə bilməyəcəklərini anladıqları bir zamanda belə 1920-ci ilin 28 mayında Cümhuriyyətin 2-ci ildönümünü qeyd etdilər. Gəncə üsyanı da, sonra Qarabağ və digər bölgələrdəki üsyanlar da qan içində yatırıldı. Azərbaycan Cümhuriyyətini qurmuş və ona başçılıq etmiş Böyük Kişilərin əksəriyyəti qətlə yetirildi, “müstəqilliyin” ləzzətini dadaraq bu dövləti sevən, yaşadan, müdafiə edən azərbaycanlıların çoxu yeni hökumət tərəfindən qətllərə, həbslərə, sürgünlərə məruz qaldı”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/udibpt

Самое читаемое