Süyümbikə – Qazan xanlığının sonuncu qadın hökmdarı

Süyümbikə – Qazan xanlığının sonuncu xanbikəsi, Noqay Ordasının qurucusu əmir Yedigeyin kötükcəsi.

Source: meydan.tv

Süyümbikə – Qazan xanlığının sonuncu xanbikəsi, Noqay Ordasının qurucusu əmir Yedigeyin kötükcəsi. Gözəlliyi və vətənsevərliyi haqqında əfsanələr dolaşan; şəninə şeirlər və hətta opera yazılan, tablolar çəkilən; döyüş meydanında İvan Qroznıyla savaşan, Tatarıstanın milli qəhrəmanı, sevgi və ağrı dolu həyatını əsirlikdə başa vuran “sevimli xanım”.

****

Tanınmış Noqay bəyi Yusif Mirzənin qızı Süyüm (Sevim) bikənin 1516-20-ci illər aralığında doğulduğu təxmin edilir. Geniş çöllərin parlaq günəşi altında azad həyat sürən qızcığaz 1533-cü ildə dar pəncərəli xan sarayına – intriqaların heç bitmədiyi çevrilişlər ocağına gətirilib və bir il əvvəl hakimiyyətə gəlmiş, onunla eyni yaşlarda olan Can-Əliyə ərə verilib. Bu izdivacın baş memarı, Can-Əlinin anası Gövhərşad oğluna Yusif bəyin qızını almaqla saraydakı mövqelərini möhkəmlətmək istəyib – yenicə devrilmiş Qazan xanı Səfa Giray Noqaya, qaynatası Mamay Mirzənin yanına getmişdi və Yusif bəylə qohumluq sayəsində balans yaratmaq, Can-Əliyə noqaylıların dəstəyini qazandırmaq məqsədi güdüb.

Amma Can-Əlinin sayğısızlığı ucbatından gənslərin ulduzu barışmayıb, Süyümbikə ağlayaraq atasına məktublar yazıb, evə qayıtmaq istədiyini bildirib. Bundan qəzəblənən Yusif Mirzə qızını geri göndərməyi və xanı taxtdan salmağı tələb edib.

1535-ci ildə daha əvvəl Səfa Girayın devrilməsində iştirak etmiş Qazan bəyi Bulat Şirin növbəti çevrilişə rəhbərlik edib, Can-Əli öldürülüb, Səfa xan yenidən taxta çıxıb. Süyümbikəni bu dəfə ona ərə veriblər.

Səfa xanın dörd arvadı vardı, Süyümbikə 5-cisi olur. Amma xan onu hamısından çox sevib, onların arasında güclü bir bağ yaranıb. Heç bitməyən saray çəkişmələri bu dəfə də Süyümbikənin taleyini dəyişib.

****

Onun həyatında baş verənləri daha yaxşı anlamaq üçün tarixə qısa bir rekursa ehtiyac var. Qazan xanlığı XV-ci əsrin birinci yarısında, Qızıl Orda xanı Toxtamışın sülaləsindən olan Uluq Məhəmməd tərəfindən yaradılıb. Bəlli zamanlarda ərazisi 750 min kv.km-ə qədər çatan bu türk dövləti indiki Tatarıstan, Başqırdıstan, Çuvaş, Mari El, Mordova və Udmurt respublikalarının ərazisini əhatə edib.

Mövcud olduğu ilk dövrlərdən xanlığın siyasi həyatı çəkişmələrlə müşayiət olunub və əsasən iki qrup arasında – qonşu Moskva knyazlığıyla vassal münasibətlərinin qalmasını istəyənlərlə Krım xanlığının siyasətini dəstəkləmək və müstəqil qalmaq tərəfdarları arasında gedib. Mövcud olduğu 115 ilin son 100 ilində Qazan xanlığında hadisələrin gedişini bu qarşıdurma müəyyən edib.

Uluq Məhəmməd və oğlu Mahmudun dövründə xanlığın ərazisi davamlı şəkildə böyüyüb. Tez-tez rus torpaqlarına hücum edən Uluq Məhəmməd 1439-cu ildə Moskvanı 11 gün mühasirədə saxlayıb, 1944-cü ildə Nijnı Novqorod və Ryazan knyazlıqlarına basqın edib, 1445-ci ildə Suzdal ətrafındakı döyüşdə rus qoşunlarını böyük məğlubiyyətə uğradıb və hətta böyük knyaz II Vasilini əsir götürüb (Bir neçə ay sonra böyük məbləğdə ödəniş qarşılığında azda edib), Moskva knyazlığı üzərinə xərac qoyub. 1521-ci ildə isə Qazan xanı Sahib Giray böyük knyaz III Vasiliyə qalib gələrək onu alçaldıcı sülhmüqaviləsiimzalamağa məcbur edib.

Qazan xanları rus torpaqlarına üst-üstə 40 dəfədən çox basqın ediblər. XVI-cı əsrin birinci yarısında – krımlı Giray nəslinin nümayəndələri taxtda olduqları dönəmdə Qazan xanlığı və Moskva knyazlığı arasında savaş, demək olar ki, heç bitməyib. Qazan xanları həm də buna görə hakimiyyətdə uzun müddət qala bilməyiblər. Onların, demək olar ki, heç biri öz əcəliylə ölməyib.

****

Süyümbikənin əri Səfa Girayın ölümü müammalı olub – müxtəlif vaxtlarda 3 dəfə taxta çıxmış (1525-32; 1535-46; 1546-49) xan 1949-cu ildə qəflətən vəfat edib.

Xan qvardiyasının rəhbəri krımlı Kuçakın təklifi və dəstəyilə onun yerinə Süyümbikədən olan 3 yaşlı oğlu Ödəmiş taxta çıxarılır (Səfa xanın əvvəlki evliliklərindən olan oğulları Mübarək və Bulük Krımda yaşayırdılar), anası azyaşlı xanın regenti elan olunur.

Bu şəxslə bağlı ziddiyyətli məlumatlar var. «Qazan xanlığının tarixi» əsərində Kuçak və Süyümbikə arasında yaxın münasibət olduğu yazılıb, amma araşdırmaçılar sərt qaydaları olan Qazan sarayında belə macəraların mümkünsüz olduğunu əsas gətirərək bu iddianın doğruluğunu mümkünsüz hesab edirlər. Bundan başqa, Süyümbükəylə bağlı məlumatlarda onun Səfa Girayı çox sevdiyi və ərinin vəfatından sonra çox dərd çəkdiyi bildirilir.

Süyümbikə hakimiyyətdə cəmi iki il qala bilir. Ərinin anti-Rusiya siyasətini davam etdirən xanbikə bu qısa müddət ərzində xeyli populyarlaşır – kəndliləri, sənətkarları və xırda tacirləri vergilərdən azad etməsi ona xalq arasında böyük rəğbət qazandırır. Bu fakta görə tarixçilər ona “kəndlilərin kraliçası” deyirlər.

****

Süyümbikənin sonrakı taleyi haqqında versiyalar müxtəlifdir. Xalq arasında məşhur olan, əfsanə xarakterli versiyaya görə, rus çarı İvan Qroznı onun gözəlliyi haqqında eşidib elçilərini Qazana göndərir və xanbikə onlara rədd cavabı verdiyi üçün bir müddət sonra böyük orduyla gəlib şəhəri mühasirəyə alır. Xanlığı xilas etmək üçün Süyümbikə ona ərə getməyə razılıq verir, amma şərt qoyur ki, çar yeddi gün ərzində Qazanda 7 mərtəbəli bir qüllə tikdirməlidir. İvan Qroznı razılaşır və “ildırım sürətli” tikinti başladır. Bir günə bir mərtəbəsi tikilən bina həftənin sonuna hazır olur. Süyümbikə qülləyə çıxıb şəhər və şəhərlilərə vidalaşmaq üçün icazə alır, amma sonuncu mərtəbəyə qalxandan sonra özünü ordan aşağı ataraq intihar edir.

Amma qalanın tikilmə tarixi sonrakı dövrə aid edildiyi üçün tarixçilərin böyük əksəriyyəti bu versiyanı doğru saymır. Çox az araşdırmaçı, məsələn, Kazan İnperator Universitetinin rektoru, tarixçi Nikolay Zaqoskin iddia edir ki, qüllə 1552-ci ilə qədər artıq mövcud olub.

Hazırda Süyümbikə qülləsi adlandırılan bu tikili XVII əsrin sonu, XVIII əsrin əvvəllərinə aid edilir. Tatarlar bu qülləni öz vətənlərinin əsas simvolu hesab edirlər. Misir üçün piramidalar, Paris üçün Eyfel qülləsi, London üçün Tauer qalası nədirsə, bu qüllə də Kazan üçün odur.

Yazılı mənbələrdə adı ilk dəfə 1777-ci ildə çəkilən qüllənin inşasıyla bağlı heç bir dəlil qalmayıb. Qazan xanlığının XVI—XVII əsrlərdəki idarəçiliyinə aid sənədlər 1701-ci ildəki Moskva yanğını zamanı məhv olub, xanlığın öz ərazisindəki sənədlərsə Kazan şəhərinin işğalı zamanı tələf edilib.

Qırmızı kərpicdən tikilmiş qüllə hazır olandan çox az müddət sonra şərqə doğru əyilməyə başlayıb və bu ancaq XX əsrdə bilinib. Əvvəlcə dəmir bəndlərlə möhkəmlləndirilib, sonra (1913) dəmir həlqələrlə bərkidilib. Amma tikili əyilməyə davam edib və 1930-cu ildə qüllənin yuxarı hissəsiylə məhvəri arasındakı fərq 1,28 metrə çatıb. 90-cı illərin əvvəlində əyilməni 1,9 metr fərqlə durdura biliblər. Hazırda Süyümbikə qülləsi dünyanın ən əyri tikililərindən biridir.

****

O dövrə aid tarixi faktlar əfasənədəki qədər romantik deyil.

Səfa Girayın ölümündən sonra yenidən vüsət almış saray intriqaları xanlığı Rusiya üçün asan şikara çevirir. Bu durumdan yararlanan İvan Qroznı birinci dəfə 1550-ci ilin qışında Qazana 100 minlik qoşun göndərir, Kuçakın rəhbərlik etdiyi xanlıq qoşunu bu hücumu dəf edir. Bəzi mənbələrə görə, 13 fevral tarixli döyüşdə hətta Süyümbikə özü də iştirak edir.

Bir il sonra Qroznı yenidən Qazan xanlığına qoşun göndərir. Süyümbikə yardım üçün Osmanlıya müraciət edir. Amma ruslar onun göndərdiyi elçiləri hələ yoldaykən öldürürlər. Qazanlılar üçün çətin dövr başlayır. Otuz min qazanlı, üç min də naqoylu döyüşçsü olan Süyümbikə nəyin bahasına olursa-olsun, xanlığın müstəqilliyini qorumağa çalışır. Amma şəhər hər tərəfdən mühasirəyə alınandan sonra vəziyyət dözülməz hal alır. Getdikcə əhalinin bu Krım kökənli hakimiyyətə qarşı narazılığı artırmağa başlayır, daxildəki ruspərəstlər, o cümlədən, Rusiyanın müttəfiqi, qonşu Qasım xanlığı yaranmış situasiyadan istifadə edib “bulanıq göldə balıq tutmağa” başlayırlar. Kuçak başda olmaqla, 46 qvardiyaçı ələ keçirilib Moskvaya aparılır və orda edam olunur.

Krım xanlığından da dəstək ala bilməyən Süyümbikə taxtdan salınır. Hakimiyyət Rusiya tərəfdarlarının əlinə keçir. Onlar müvəqqəti hökumət yaradıb Qasım xanı Şah-Əlini taxta dəvət etmək üçün onun yanına nümayəndə heyəti göndərirlər. Şah-Əlinin təklifiylə Moskvaya da nümayəndələr göndərilir.

Orda sülh müqaviləsi imzalanır, qazanlılar “xanı və xanbikəni, bütün qalan krımlıları və onların uşaqlarını” çara təhvil vermək öhdəliyi götürürlər.

1551-ci ilin 11 avqustunda müvəqqəti hökumət Süyümbikə və oğlu Ödəmişi Bibars Rastov və hacı Əli-Mirgenin müşayətiylə Zöya kəndindəki rus qərargahına yola salır. Bütün qazanlılar onları yola salmaq üçün Volqa sahilinə toplaşırlar – vida anında onlar da ağlayır, Süyümbikə də.

Qazansu çayının mənsəbində ana və oğlunu rus hökumətinin nümayəndəsi knyaz P.S.Serebryanı qarşılayır və sabahısı gün özü və daha bir neçə şəxsin müşayətiylə Moskvaya aparır.

Xalq arasında məşhur olan rəvayətlərdən bir də budur ki, xanbikə knyaz Serebryanıdan həyat yoldaşı Səfa xanın məzarını ziyarət etmək üçün icazə istəyib və ora gedərək ərinin qəbri üstündə yanıqlı ağı deyib. «Qazan xanlığının tarixi» əsərinin naməlum müəllifinə görəsə, Süyümbikə ruslara təhvil veriləcyini bilməyib, “bilsəydi, özünü öldürərdi”.

Moskvada İvan Qroznı onları təmtəraqla qarşılayır. Orda çarın Süyümbikəyə evlənmək təklif etdiyi və bununçün onun xristianlığa keçməsini istədiyi də xanbikə haqqında dolaşan rəvayətlər arasındadır. Deyilənə görə, Süyümbikə dinini dəyişməkdən imitina edib, İvan Qroznı da ata evinə qayıtmasına mane olmaq üçün onu Şah-Əliyə ərə verib və bir müddət sonra Qasım şəhərinə göndərib. Qısa müddət ərzində sevimli ərini, sonra da hakimiyyətini itirmiş Süyümbikə həm də oğlundan və vətənindən məhrum edilib.

1553-cü il yanvarın 8-də Qazan xanı Ödəmiş Giray xaç suyuna salınıb və ona xristian adı verilib (Aleksandr Safakiriyeviç). Bütün müsəlman dünyasında olduğu kimi, xristianlığı qəbul etmiş xanları Qazanda da taxta çıxarmırlarmış. Yəni İvan Qroznının Ödəmişi Moskvaya gətirib orda xristianlaşdırmaq planı krımlılar sülaləsinin Qazan taxtına yolunu kəsmək məqsədi güdüb.

Sonralar Ödəmiş rus ordusunun zabiti kimi Rusiya-Livon (indiki Latviya və Estoniya ərazisindəki dövlət) müharibəsində iştirak edib və çox gənckən (20 yaşında) dünyasını dəyişib.

****

Qoca, çirkin və çox da qəddar biri olan Şah-Əlinin qürurlu və üsyankar Süyümbikəni hərəmdən çıxarıb Nijeqorod vilayətinin Vıksa rayonun Vilya kəndində sürgündə saxladığı; başqa bir versiyaya görəsə, öz sarayının zirzəmisinə saldığı haqda məlumatlar var (Vilya kəndinin adının rus dilindəki “vıla”, yəni “ağlayırdı” sözündən yarandığı və Süyümbikənin həmin yerdə durmadan ağlamasıyla əlaqəli olduğuğu qeyd edilir).

Qızını Şah-Əlinin əsirliyindən azad etmək üçün Yusif Mirzə dəfələrlə İvan Qroznıya yazılı müraciət edir, amma buna nail ola bilmir. Süyümbikəyə icazə verilir ki, tez-tez atasına məktub yazıb öz vəziyyəti haqqında onu məlumatlandırsın, amma Noqaya göndərməzdən əvvəl bu məktubları ruslar özləri oxuyurlarmış və arzuolunmaz məlumatların Yusif Mirzəyə çatdırılmasına imkan vermirlərmiş.

****

Süyümbikənin harda və nə vaxt vəfat etməsi barədə də versiyalar müxtəlifdir. Tatarıstan Elmlər Akademiyasının tarix, dil və ədəbiyyat institutunun professoru Fatih Urmançeyev Qədim Aktlar Arxivində Süyümbikənin adı keçən sonuncu sənədin tarixinə əsasən bu qənaətə gəlib ki, Qazan xanlığının sonuncu xanbikəsinin mümkün ölüm tarixi 1957-ci ildir və Şah-Əlinin Qasım şəhərindəki mavzoleyində tapılan üstü pozuq qəbir daşlarından biri ona aiddir.

Belə iddialar da var ki, Süyümbikə Vilya kəndində, Şah-Əlinin məxsusi onun üçün tikdirdiyi 8 guşəli məqbərədə dəfn edilib.

Amma «Qazan xanlığının tarixi» əsərində Şah-Əlinin ölümündən (1559) sonrakı tarixdə də Süyümbikədən bəhs edilir. Eyni zamanda, bu əsərdə “kəndlilər kraliçasının” xristianlığa keçməsi və Yelena adını götürüb rahibəliyə başlaması barədə eyhamlar olduğu da bildirilir.

****

Süyümbikənin faciəli taleyi həm tatar, həm də rus folklorunda geniş əks etdirilib. Ərinin məzarı üstündə dediyi ağı Tatarıstanda bir neçə bəndlik “Süyümbikə beyti” adıyla məşhurdur. Rus yazıçıları, şairləri, rəssamları və bəstəkarları onun şəninə əsərlər yaradıblar – M.Xeraskov “Rossiyada” poemasını, S.N.Qlinka “Süyümbikə və ya Qazanın məğlubiyyəti” operasını, P.Qruzintsev “Məğlub edilmiş Qazan” əsərini, Katerino Kavos “Süyümbikə və ya Qazan xanlığının fəthi” baletini, A.P.Rahştul “Noqay mirzəsi Yusifin qızı, Qazan çariçası Süyümbikə” tablosunu, naməlum rəssam “Süyümbikə və oğlu Ödəmiş” tablosunu ona həsr edib.

Və 2020-ci ildə Kazan şəhərində Süyümbikənin heykəli ucaldılacaq – Tatarıstan SSR-in 100 illiyi münasibətilə…

Ana səhifəXəbərlərSüyümbikə – Qazan xanlığının sonuncu qadın hökmdarı