Sülh müqaviləsi…

Bizə təqdim olunan sənədləsə bağlı saysız suallar var, vətənimiz, torpağımız naminə, illərdir yaşadığımız faciələri bir daha yaşamamaq üçün, həm də bir qədər toxtamaq, hər şeyin yaxşı olacağını rəsmən eşitmək istəyirik

Mənbə: Meydan TV


…Moskva vaxtı ilə

Bu gün çox böyük coşquyla qutlanan, zəfər kimi təbliğ olunan 10 noyabr tarixə nə vaxtsa Dağlıq Qarabağın yenidən işğalı günü kimi düşə bilər. Heç bir qanun tanımayanların gecə qərarı uzun illərdir davam edən, faciələr gətirən, ailələri soysuz qoyan münaqişənin növbəti illərə saxlanması, növbəti bəlalara yol açmasıdır. Xarici ölkə qoşununun – Qarabağ savaşının başlıca səbəbkarının, bütün gücüylə işğalçı Ermənistanın yanında olan Rusiyanın “sülhməramlı” kimi, həm də qanunsuz şəkildə Azərbaycana buraxılması 1920-ci ilin, 1990-cı ilin, 1992-ci il Xocalı faciəsinin və başqa faciələrimizin sayğısızca unudulması, tarixə, həm də bu illərdə tökülən qanlara, yumşaq desək, hörmətsizlikdir.

44 günlük savaşın, vətən müharibəsinin ölkədə yaratdığı birliyin sonu belə olmamalıydı. Müharibənin bu fazasında, Şuşanın azad edilməsindən sonra müqaviməti qırılan, döyüş ruhu ölən düşmənin əsas dayağının – Xankəndinin beş addımlığında dayanıb Rusiyanı Qarabağda söz sahibinə çevirmək indiyədək verilən vədləri, müsahibələri boşa verdi. Paşinyana barmaq silkələmək, yumruq göstərmək, “iti qovan kimi qovmaq” harda qaldı? Unutmayın, bundan sonra Paşinyanın indi də Xankəndidə yallı getməyə gəlməsi üçün 5 kilometr enində olan və rusların qoruduğu koridor yetərlidir.

Bəs Rusiya münaqişəyə müdaxilə etmir, Azərbaycanın öz torpaqlarını işğaldan qurtarması uğrunda apardığı savaşa qarışmırdı? Azərbaycan Dağlıq Qarabağdan kənarda olan torpaqlarını heç tam azad edə bilmədi. Xankəndiyə yaxınlaşanda, ermənilərə Qarabağda son zərbə vuranda “münaqişəyə neytral qalan” Rusiya özünü yetirdi. Bəllidir, Rusiya heç vaxt regiondan getməmişdi, İlham Əliyevin müharibə dövründə dəfələrlə vurğuladığı kimi, Ermənistanı həmişə silahla pulsuz təmin edirdi. Bütün bunları bilə-bilə, bəs bizdə bu qədər arxayınlığın, sonadək möhkəm dayanmaq bəyanatlarının dalında nə dayanırdı?

İlham Əliyev: “Bizi heç kim dayandıra bilməz, biz bu yolu sona qədər gedəcəyik!” (14 oktyabr, 2020. Haber Turk telekanalına müsahibədən).

“Bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Bunu hər kəs bilməlidir. Bizim qabağımızda heç kim dura bilməz. Çıxsın yırtıcı Ermənistan dövləti bizim torpağımızdan. Ondan sonra atəşkəs təmin edilər” (İlham Əliyevin xalqa müraciətindən. 17 oktyabr 2020).

“Elə qüvvə yoxdur dünyada ki, bizi dayandıra bilsin” (İlham Əliyevin xalqa müraciətindən. 8 noyabr 2020).

Nəyə görə “yırtıcı Ermənistan dövləti” Azərbaycan torpağından çıxmadan atəşkəs təmin edilir? Qarantiya varmı, hər addımı xəyanət olan ermənilər razılaşdırılan qrafikə uyğun torpaqlarımızı boşaldacaq? Yazı bütünlüklə suallardan ibarət ola bilərdi, cavabını çoxunun axtardığı suallardan, ancaq gərək yoxdur, elə bir neçə sual da yetərlidir. Tezliklə bu sualların ağlabatan cavabı verilməlidir. Xalq-Ordu-Dövlət birliyindən danışırdıq, onunla qürur duyurduq, bu birliyə sevinirdik. İndi bu çətin günlərdə kürək söykənən həmin xalqa cavab verilməlidir. Küçədəki toy-bayram eyforiyasını kənara qoymalı, soyuq başla xalqa həqiqət deyilməlidir. Görünən odur ki, həm də nə qədər gec deyil yenə birgə çıxış yolları aramalıyıq, həm də o birliyi qoruyub saxlamaqla.

Hansı qüvvə(lər) bizim verdiyimiz vədləri yerə vurdu? “Dünyada bizi dayandıra bilən” hansı qüvvə(lər) oldu? Nəyin qarşılığında o qüvvələr bir gecənin içində bizi dayandırdı? Haqlı mübarizəmizə, öz torpaqlarımızı işğaldan qurtarmaq üçün apardığımız müharibəyə qarışmayan Rusiya ilə tərəf kimi niyə müqavilə bağladıq, həm də bizimlə savaşan Ermənistanın onu imzalayıb-imzalamadığını bilmədik. Düzdür, hamımız bilirdik, Qarabağı bizdən Rusiya alıb, Ermənistanı bizimlə vuruşduran da, onu silahlandıran da torpaqlarımızı işğalda saxlayan da Rusiyadır. Bəs niyə onun neytral qalacağına inandıq?

Bu suallarda müzəffər ordumuzun zəfərinə heç bir şübhə yoxdur. Onlar müharibə meydanında qələbə qazandılar. Şəhidlərimizin qarşısında diz çökürük, yaralılarımızın, qazilərimizin qarşısında baş əyirik, onlar tarix yazdılar, həm dəqanlarıyla…

Bizə təqdim olunan sənədləsə bağlı saysız suallar var, vətənimiz, torpağımız naminə, illərdir yaşadığımız faciələri bir daha yaşamamaq üçün, həm də bir qədər toxtamaq, hər şeyin yaxşı olacağını rəsmən eşitmək istəyirik:

Noooldu?..


P.S.

Yeri gəlmişkən, Moskva vaxtı ilə imzalanan atəşkəsdən sonra Xırdalana atılan raketlə bağlı hələ də heç kim açıqlama verməyib…

Ana səhifəXəbərlərSülh müqaviləsi…