SOCAR-ın ixtisara düşmüş əməkdaşı: 2 aydır pul ödənilmir

Lakin ödənişlərin gecikdirilmə səbəbləri açıqlanmır

Foto: SOCAR


“Heç kim necə dolanacağımızı fikirləşmir”

“Bu ilin əvvəlində ixtisara düşmüşəm. Dedilər ki, ixtisar olunaraq proqrama qoşulanlar yeni işlə təmin edilənədək əməkhaqqının 50 faizini alacaq. Lakin 2 aydan artıqdır pul ödənilmir”.

Bunu Meydan TV-yə SOCAR-ın ixtisara düşmüş, şirkətdə işlə təmin olunacağı ümidi ilə adının açıqlanmasını istəməyən şəxs bildirib.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair Proqram”a əsasən işçilərə əvvəllər aldıqları orta aylıq əmək haqqının 50 faizi həcmində müavinət ödənilir, həmçinin onların tibbi sığortası proqramda olduğu müddətdə saxlanılır. İxtisara salınmış işçilərin şirkətin digər struktur bölmələrində yerləşdirilməsi prosesi də proqram çərçivəsində həyata keçirilir.

Şikayətçi söyləyib ki, onlara kart hesabı açmağı tapşırıblar: “Təkcə mən deyil, digərləri də pul almayıb. Deyirlər ki, proqrama qoşulmuş əməkdaşların pulunu məşğulluq mərkəzləri ödəyəcək. Əlavə heç bir məlumat verilmir, ancaq gözləməyimizi tapşırırlar. Hər gün kart hesabını yoxlamaqdan yorulmuşam. Heç kim necə dolanacağımızı fikirləşmir. Fevral ayından indiyədək evimə toyuq, ət, meyvə ala bilməmişəm. Yaşlı atamın pensiyası kommunal xərclərə, bir də gündəlik təlabat mallarına çatmır”.

Şirkətin digər əməkdaşı isə yazıb ki, 20 ildən artıqdır çalışdığı sahə ixtisara salınıb. İllərdir laborant işləyib, ixtisara düşərək proqrama qoşulub. İndi isə ona qaz operatoru vəzifəsi təklif edilib, ancaq bu sahədən azacıq da olsa məlumatlı deyil.

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə deyib ki, proqrama qoşulanlara ödənişin gecikdirildiyi ilə bağlı rəhbərlik etdiyi təşkilata da müraciətlər edilib. Lakin ödənişlərin gecikdirilmə səbəbləri açıqlanmır:

“Proqrama qoşulanlar ixtisaslarına uyğun işlə təmin edilmirlər. Ümumiyyətlə, SOCAR maksimum dərəcədə işçilərin sayının ixtisar yolu ilə deyil, “könüllü” işdən çıxmaqla, yəni ərizə yazdıqmaqla azaltmağa çalışır. İşçilərə proqrama qoşulmaq, yaxud əməkhaqqının 5 mislini almaq təklif olunur. Bununla da göstərmək istəyirlər ki, şirkət ixtisar etməyib, işçilər özləri ərizə yazıb işdən gediblər. Amma təəssüf ki, bu məsələdə həmkarlar təşkilatı işçilərin deyil, işəgötürənin yanındadır. Halbuki hər ay əməkhaqlarından həmkarlar təşkilatına üzvlük haqqı tutulub”.

Hüquq müdafiəçisi qeyd edib ki, işçilərin şikayətinə reaksiya verilmir. “Təşkilatımıza “Muradxanlı” Neft və Qaz Çıxarma İdarəsindən şikayət daxil olub. İşçilər yazırlar ki, “Muradxanlı”da ixtisarlar gedir, bir sahə bir neçə nəfərə tapşırılır. Eləcə də digər NQÇİ-lərdə vəziyyət eynidir”.

SOCAR-dan isə Meydan TV-nin sualını tam cavablandırmayıblar, ödənişlərlə bağlı problem olmadığını deməklə kifayətləniblər.

Ana səhifəSosialSOCAR-ın ixtisara düşmüş əməkdaşı: 2 aydır pul ödənilmir