Sevən ”düşmənlər”…

Cənubi Qafqazın düşmənçilik mühitində yaranan sevgi əhvalatları…

Source:

İki insan biri-birinə vurulanda, adətən, heç biri digərinin hansı millətdən olduğu barədə fikirləşmir. Sevgi münasibətlərində “kimya” tamamilə fərqli reaksiyalar əsasında işləyir, (psevdo)vətənpərvərlik və vətənə sevgi prinsipləri ilə yox. Lakin insan öz çevrəsindən qopmuş halda yaşaya bilməz, heç bunu istəmir də.

Münaqişə vəziyyətində olan xalqların nümayəndələri arasında qaşırıq nigahlar – ikiqat maqarlı mövzudur. Çünki saysız-hesabsız ssenarilərə parçalanır, ərlə arvadın aid olduğu iki fərqli toplumun, amansız qarşıdurmada ölümünə mübarizə apardığı məqamlarda müxtəlif davranış strategiyaları ilə nəticələnir.

Öz taleyini “düşmən” xalqın nümayəndəsi ilə birləşdirməyə qərar vermiş insanlar nələr hiss edirlər? Azərbaycan, Gürcüstan və Ermənistandan olan jurnalist qrupumuz, oxucuların həmin insanları anlamasına yardım edəcək bir mənzərə yaratmağa çalışıblar.

Onların övladları nə hiss eləyiblər? Bütöv xalqlar arasındakı münaqişədən asılı olan həyatlar necə keçib?

Onar necə yaşayıblar? Necə yaşayırlar?

Mən qorxunc “erməni” sözünü eşitməmək üçün ordan qaçdım

Sofiya dərzidir, təxminən, 40–a yaxın yaşı var. Sarısaçlı, hündürboylu, ağ, zərif dərili bir qadındır. Həyat yoldaşı almandır, hazırda Avropada yaşayır. Bir qızı var.

O, Bakıda doğulub, burda boya-başa çatıb. Atası azərbaycanlı, anası ermənidir. Sofiya üçün öz hekayətini danışmaq asan deyildi, çünki yeniyetməlik dövründən, münaqişə başlayandan sonra Bakıda keçirdiyi həyatdan xatırlamaq istəmədiyi çoxlu ağır anlar qalıb yaddaşında:

“Atamla anam qohumların razılığı olmadan evlənmişdilər. Hər iki tərəfdən olan qohumlar istəyirdilər ki, onların hər biri “özününkü” ilə ailə qursun. Amma atamla anamı sözün əsl mənasında böyük sevgi birləşdirmişdi və onlar evləndilər. Biz – bacımla mən doğulduq. Və tezliklə atamın qohumları anamı “özününkülər”dən daha çox istəməyə başladılar. Anamgil tərəfdə də eyni vəziyyət idi…”

Qarabağ müharibəsi başlayana qədər ailə öz həyatını yaşayırdı. O vaxta qədər Sofiya ilə bacısı, analarının milli mənsubiyyətinə görə heç bir problemlə üzləşməmişdilər:

“Hərdən heç mən özüm də bilmirdim ki, sinfimizdə, ya da tanışlarımızın arasında kim hansı millətin nümayəndəsidir. Hər şey, demək olar ki, bir günün içində dəyişdi. “Səssiz razılaşmaya” əsasən, bütün ermənilər düşmənə çevrildilər. O vaxt bu, məni həm çox təəccübləndirir, həm də çox qorxudurdu. 12-13 yaşım vardı və baş verənlərin gülünc olduğunu anlayırdım. Ömrü boyu Ermənistana ayağı dəyməmiş, köklü bakılı olan anam qəflətən cəmiyyət üçün yararsız insana çevrilmişdi. Məndə permanent, davamlı günah hissi və qorxu yaranmışdı…. Günah hissi – çünki özümdən asılı olmadan “düşmənlərə qoşulmuşdum”… Və qorxu… Qorxurdum ki, yenə kimsə üzümə baxıb “sən niyə belə sarı, ağbənizsən, yoxsa təmiz azərbaycanlı deyilsən?” deyə soruşacaq. Tez-tez yalan söyləməyə, “təmiz azərbaycanlıyam, ya da anam rusdur” deməyə məcbur olurdum…”

Ancaq erməni əsilli anasına görə ailəyə hücumlar başlayanda onları müdafiə edən də azərbaycanlı qonşuları olub:

“Yadımdadı ki, atamın maşını ilə anamın iki bacısını gətirməyə getmişdik. Onlar bir yerə yaşayırdılar, ikisi də subay idi. O vaxt artıq həyacanlı günlər başlamışdı, xalamgili bizə aparırdıq. Maşının arxasınca qaçanlar, daşa basanlar vardı… Anama qarşı şəxsi hücumlar yox idi – bizim məhəllədə hamısı köhnənin qonşuları, əksəriyyəti qohumlar idi. Odur ki, MİS-ə gəlib vətəndaşların soyadlarına görə “düşmən” axtarılanda bəxtimiz gətirdi, möcüzə sayəsində bu təhlükə bizdən yan keçdi… Xalalarım bir-iki ay bizim evdə gizləndilər, sonra çıxıb getdilər. Mənzillərini, əşyalarını – hər şeyi atıb getdilər…”.

İlk vaxtlar Sofiyanın anası üçün çox ağır keçib. O, ev dustağı kimi yaşayırmış:

“Anam, təxminən, iki il evdən bayıra ayağını atmadı. Hətta mağazaya da getmirdi. Münaqişə başlamazdan əvvəl müəllimə idi. 1988-ci ildə qarşıdurma başlayanda işi atdı. Bizi atam saxlayırdı. İki yerdə işləyirdi”.

Dəyişən təkcə Sofiyanın, ailəsinin həyatı deyildi. Onun doğma şəhəri başdan –ayağa dəyişmişdi. Bakıya Qarabağdan axın başlamışdı. Ermənilər, yəhudilər, bəzən ruslar da şəhəri tərk eləyirdilər. Sofiyanın ailəsinə isə təzə qonşular gəlmişdilər:

“Təzə gələn qonşular bizi sevmirdilər. Aramızda məişət münaqişələri olurdu. Məsələn, bizim həyətdə böyüyən bitkinin yarpaqları bir dəfə onların pəncərələrinə çırpılmağa başlamışdı. Onlar da qışqırıb-bağırırdılar, axırda hər şey bizim düşmən olmağımıza bağlanırdı. Onlar bizə rəsmən nifrət eləyirdilər. Bacımla mənim üçün həyətə çıxmaq, başqaları ilə söhbət eləmək rahat deyildi. Daim bizim ünvanımıza deyilən o dəhşətli – “ermənidi” sözünü eşitməkdən qorxurduq…”.

Atam pasporstolda anama görə təhqir olunandan sonra dünyasını dəyişdi

Sofiya göz yaşları içində, titrək səslə ailəsinin faciəsini danışır. Bu hadisə onun 16 yaşı olanda baş verib.

“Atam həddindən artıq emosional, ziyalı, dərin və çox həssas insan idi. Əgər bir az təmkinli olsaydı… Bəlkə indi hər şey başqa cür olardı. İçində yaşadığımız daimi qorxu… Məncə, o, bizdən daha çox qorxurdu. Çünki öz qadınlarına qarşı məsuliyyət hiss eləyirdi, ancaq əlindən heç nə gəlmirdi. Bakını inanılmaz dərəcədə sevirdi. Deyirdi, nə qədər ki, qovmayıblar, məni heç nə burdan getməyə məcbur eləyə bilməz… (pauza) Bütün bunları xatırlamaq çox ağırdır. Mənim 16 yaşım vardı, pasport almalıydım.

Həmin gün pasportstola gəldik, orda br nəfər oturmuşdu.. Bığı, qarnı, harın, özündənrazı, parıldayan üzü vardı. Gözlərində isə – o vaxtların “müdrikliyi”. Atama “sən” deyə müraciət eləyirdi və onu, yaşlı-başlı kişini təqsirkar uşaq kimi danlayırdı. Söhbətin məğzi çox sadə idi. Bütün məğz bir sualda əks olunurdu: Sən niyə erməniylə evlənmisən?!

Atam onun qarşısında dayanmışdı, “günahkar” görkəmlə nəsə cavab verirdi. Onun emosionallığını, bizim üçün qorxduğunu bilən mən, bütün bunların onu daxilən necə parçaladığını təsəvvür edirdim… “Söhbət” çox uzun çəkdi. Mən isə atamın yanında dayanmışdım və düşünürdüm ki, nə vaxtsa bu adamı öldürəcəm. Mənim 16 yaşım vardı… O adamın hətta soyadını da yadımda saxlamışam…

Bir müddətdən sonra atam infarkt keçirdi. Mən 16 yaşımda atamı itirdim. O, bütün o baş verənlərə tab gətirmədi…”

18 yaşı olanda Sofiya işə düzəlir. O, çox bacarıqlı dərzi idi, üstəlik atası da tanışlar arasında hörməti olan adam idi, buna görə də Sofiya iş tapmaqda çətinlik çəkmir. Ancaq anasının milliyyəti onu hər yerdə izləyir:

«Bir adam vardı. Uzun illər münasibətimiz oldu. Taleyin ironiyasına bax ki, o, Qarabağ qaçqını idi. Ailəsi ermənilərə aid hər şeyə nifrət eləyirdi. Çünki qohumları müharibədə həlak olmuşdu. O insanların özlərini necə pis hiss elədiklərini, necə əzab çəkdiklərini çox gözəl başa düşürdüm. Başa düşürdüm ki, yarı hissəmin erməni olmağında heç bir təqsirim yoxdu, amma günah hissi məni tərk eləmirdi”.

Hərdən belə nigahlarda doğulan uşaqlar qurbana çevrilirlər…

Mütəxəssis rəyi

Psixoloq Elmir Əkbər hesab edir ki, düşmən xalqlar arasındakı qarışıq nigahlardan doğulan uşaqlar hərdən valideynlərindən daha çox əziyyət çəkirlər:

“Bəzən cəmiyyət belə uşaqlara qarşı böyük qəddarlıq göstərir. Qonşular, qohumlar həmin uşaqlara ağır sözlər deyə, köklərini, qanlarını, onların cəmiyyətlərinə aid olmayan valideynlərini ələ sala bilərlər. Ən ağrılısı isə odur ki, hərdən nənə-babalar da belə uşaqlara, onların psixikasını zədələyən sözlər deyirlər. Bir, ya da hər iki valideynə görə yaşanan daimi günah hissi, ətraflarının amansızlığı, istehzası – bütün bunlar onları yaralayır, bəzən də qəddarlaşdırır”.

“Məni həmişə bir cümlə ilə susdurmaq olar: sənin anan ermənidir!”

Artıq 11 ildir ki, Sofiya Avropada yaşayır. Anası, heç nəyə baxmayaraq, Bakıda qalıb. Sofiya deyir ki, anasının mehriban xasiyyəti “milli mənsubiyyətindən” güclü çıxıb:

“Qohumlarımız hər şeyə rəğmən onu sevirlər. Çox maraqlıdır, onlar deyirlər ki, sənin ananı sevirik, amma bütün ermənilər- düşməndirlər”.

Zamanla Sofiya bu vəziyyətlə barışıb:

“Bəli, barışmışam. Əgər uşaq vaxtı bizə, mənə göstərdikləri münasibətə öldürmək, cəzalandırmaq istəyirdimsə, indi sadəcə başa düşmüşəm ki, onlar böyük çoxluqdadırlar. O cür fikirləşən hər kəsə nifrət eləyə bilmərəm. Qapanmaq və onları ürəyimə buraxmamaq mənim üçün daha asanır. İnsan kimi danışanda, münaqişədə heç bir təqsiri olmayan adamlara normal münasibət göstərməyə səsləyəndə, dərhal səndə erməni kökləri axtamağa başlayırlar və mən heç kimə sübut eləyə bilmərəm ki, bu çağırışların səbəbi damarımda axan qan deyil. .. Amma məni bir cümlə ilə susdura bilərlər – sənin anan ermənidir!”

Qanımdakı bu qarışıqlıq olmasaydı, həyatda daha cəsarətli, açıq olardım…

2005-ci ildə Sofiya Bakını tərk eləyib. O öz taleyini, bəxtini hər dəfə “erməni” sözü eşidəndə diksinməyəcəyi yerlərdə axtarmağa başlayıb:

“Əgər qanımdakı bu qarışıqlıq olmasaydı, mən həyatda daha cəsarətli, daha açıq olardım. Fikirlərim dəyişməzdi, amma anamın erməni olduğu faktını üzümə çırpıb məni susdura bilməzdilər. Bu, elə bir cümlədir ki, istənilən məntiqli səbəbim ona dəyib parça-parça olur. Buna görə də ordan qaçdım”.

Annanın əri dedi ki: “Mənim qohumlarımın yarısı abxazdır, onlara necə güllə atım?!”

Gürcüstan

Anna abxazdı. 55 yaşı var. Hərçənd ona güclə 40 yaş vermək olar. Yəqin ona görə ki, çox aktiv qadındır, ictimai işləri sevir. Bu şən, qədd-qamətli qadın Suxumidə doğulub, orda böyüyüb. Gələcək əri ilə də elə orda tanış olub. Ərinin milliyətcə abxaz yox, gürcü olması nə Anna, nə də onun qohumları üçün əhəmiyyət kəsb eləyib. Çünki bu, müharibədən xeyli əvvəl idi..

Onların bir oğlu, bir qızı olub…

Anna deyir ki, onun bütün doğmaları, qohumları sırf gürcü, ya abxaz deyil. Kiminsə ana tərəfində gürcülər olub, kiminsə ata qohumları abxaz. Sanki hər kəs nəhəng gürcü-abxaz ailəsində toplaşmışdılar.

Amma müharibə başladı. Və onların hər biri özünə konkret bir milliyyət seçməyə, kiminsə tərəfin tutmağa məcbur oldu:

«Ərimin ana tərəfdən qohumları abxaz idilər və “özününkülərin” yanında döyüşməyə getdilər. Mənim qohumlarımın da arasında döyüşənlər vardı. Gürcülərin tərəfində döyüşən gürcü qohumlar da yox deyildi. Bütün bunlar qohumlar arasındakı münasibətə ciddi təsir eləyirdi. Müharibədən əvvəl aralarında olan güvən hissi yoxa çıxdı. Çünki hər kəs müharibəni fərqli yaşamışdı. Hər kəsin öz baxışı vardı və bu, ümumi münasibətlərə təsir eləyirdi”.

Abxaz cəmiyyəti kifayət qədər balacadır. Hamı bilirdi ki, Annanın əri gürcüdü. Anna onun heç bir günahı olmadığını nə qədər izah eləməyə çalışsa da, ailənin orda qalmağı günü-gündən çətinləşirdi. Daimi təzyiqlər, əyri baxışlar, qohumlarla mübahisələr… Müharibədən sonra ailə Tbilisiyə köçdü.

Abxaz Anna üçün də, gürcü Otar üçün də, onların qarışıq qanlı uşaqları üçün də eyni dərəcədə ağır idi:

«Burda heç kimimiz yox idi. Tbilisi bizim üçün yad şəhər idi. Mən abxaz olduğumu heç vaxt gizlətmirdim və zərbələrə davam gətirə bilirdim. Xoşbəxtlikdən gürcülər bura köçən abxazlara qarşı kifayət qədər tolerantdır. Çünki seçim elədiyimizə, burda yaşadığımıza görə bizi “öz” abxazları hesab eləyirlər. Gürcüstanda yaşadığımız bütün illər ərzində iki dəfə özümə qarşı açıq-aşkar mənfi münasibətlə üzləşmişəm. Birinci dəfə – uşaqları poliklinikaya aparanda. Mən rusca danışmağa başladım, qeydiyyat şöbəsindəki tibb bacısı abxaz olduğumu öyrənəndə üstümə qışqırdı. Ancaq növbədə dayanmış bir qadın məni müdafiə elədi. Dedi ki, “elə sizin kimi millətçilərin ucbatından Abxaziyada müharibə başladı”.

İkinci dəfə maddi yardım almaqdan ötrü növbədə dayananda. O vaxtlar bizim kimi qaçqınlara hər şey verirdilər. Mənim abxaz olduğum aydınlaşanda bəziləri etiraz eləməyə başladılar, “biz orda əzizlərimizi itirmişik, bu isə hələ kömək almağa gəlib” dedilər… Dedilər ki, sənin burda olmağa nə haqqın var? Amma onda da məni müdafiə eləyən ağlıbaşında insanlar tapıldı”.

Anna deyir ki, övladlarını ortaq mədəniyyətdə böyüdüblər, ancaq bütünlükdə onlar gürcüdülər:

“Ərim onlarla gürcü dilində danışır, mən rus dilində. Onlar yarıabxaz olduqlarını heç vaxt gizlətməyiblər. Abxaziyanı görməyi çox istəyirlər. Yaşamağa yox, qonaq kimi getməyi. Biz internetlə, telefonla qohumlarımızla əlaqə saxlayırıq”.

Aralarındakı möhkəm sevgiyə, bağlılığa baxmayaraq, Annanın ailəsinə də nifaq düşüb:

“Biz bir neçə il əmin-aman yaşamışıq. Sonra Sovet İttifaqı dağılmağa başladı. Ərim SSRİ-yə hər zaman tənqidi münasibət bəsləyirdi və həmin dövrdə Zviad Qamsaxurdiyanın hərəkatını dəstəklədiyinə görə sevinirdi. O, bu hərəkatda Gürcüstan üçün yeni imkanlar görürdü,” – deyə Anna danışır.

O, siyasətin ailələrinə bu qədər nüfuz edəcəyini heç vaxt ağlına gətirməyib. Ancaq indi bunu təəccüblə xatırlayır. Çünki özü həmişə siyasətdən uzaq insan olub.

“Müharibə, qapımızı referendum görkəmində döydü. Həmin referendumda “SSRİ-nin qorunmasının lehinə, ya da əleyhinə” səs vermək lazım idi. Mən İttifaqın qorunmasının lehinə səs verdim. Çünki onların yerinə gəlməli olan hökumət millətçilərdən ibarət idi. “Gürcüstan – gürcülər üçündür!” – Zviadçıların əsas şüarı belə idi. Mən əsl gürcü olmayan özümə, övladlarıma görə qorxurdum. Mənim elə səs verməyim ərim üçün zərbə oldu. İlk dəfə ailəmizdə fikir ayrılığı yarandı. Dəyərlərin parçalanması baş verdi. Mən hesab eləyirdim ki, Zviadçılar Hərəkatı – faşizmdir, o isə bunu görmürdü. O vaxt ilk dəfə anladım ki, ən doğma, ən yaxın insanım mənim kimi düşünməyə bilər. Bu, onun üçün də qəribə idi,”- deyə Anna hisslərini bölüşür.

Cəmiyyətdə, ailədə baş verən nifaqa baxmayaraq, onlar ailələrini qorumağı bacarıblar. Annanın əri hərbi əməliyyatlarda iştirak etməyib, deyib ki:

“ Siz məni həbs eləyə, güllələyə bilərsiniz, ancaq mənim qohumlarımın yarısı abxazlardır, onlara necə atəş açım?” Özümüz üçün qərar verdik ki, birinci yerdə – bizim ailəmiz, bizim uşaqlarımız gəlir. Siyasi baxışlarımız necə olur-olsun, vəziyyət pis olanda bir-birimizin köməyinə yalnız özümüz gələcəyik, o siyasətçilər yox. Bunu qızğın, sərt mübahisələrdən sonra anlamağa nail olduq. Biz münaqişədən keçdik. Və onu sülh yolu ilə həll etməyi bacardıq. Bu məsələ bütün müharibə boyu və irəlidə bizi gözləyən, Tbilisidə keçirdiyimiz, yaşamağa çalışdığımız ağır illərdə həll olundu”.

“Bəs gürcü kişilərlə ailə qurmuş başqa abxaz qadınlar tanıyırsınız” sualına Anna belə cavab verir:

“Bəli, tanıyıram. Elələri burda o qədər də çox deyil. Onlar da mənim kimi ərləri ilə gəliblər. Dağılan nigahlar da olub. Ailədaxili münasibətləri möhkəm olan cütlüklər müharibə sınağından çıxmağı bacardılar. Münasibətlərində əvvəldən qırılmalar olan ailələrdə isə müharibə o qırıqlığı daha da artırdı. Elə qadınlar var ki, ərləri döyüşüb. Onlar həddindən çox əzab çəkiblər, bu, həmin ailələr üçün böyük yaradı. Onların Abxaziya ilə qohumluq əlaqələri də, demək olar ki, qırılıb. O qadınları Abxaziyada satqın hesab eləyirdilər. Ancaq Abxaziyanın özündə hətta müharibədən sonra da gürcü-abxaz nigahları bağlanır. Adətən, abxazlar gürcü qadınları ilə evlənirlər”.

Lakin bütün o ağır illərə, çətinliklərə baxmayaraq, Anna fikrini dəyişməyib. O, yenə də əmindir ki, sevdiyin, ərə getmək, ya da evlənmək istədiyin insanın milliyətinə heç vaxt fikir vermək lazım deyil.

Annanın 28 yaşında bir qızı var – reklam agentliyində işləyir. 29 yaşlı oğlu isə inşaatçıdır. Onlar hələ evli deyillər, amma Anna uşaqlarının başqa millətin nümayəndəsini özlərinə həyat yoldaşı seçmələrini problem hesab eləmir:

“Həyat yoldaşı seçdiyin insanın milliyyətinə yox, insani keyfiyyətlərinə baxmaq lazımdır. Ən əsası, sizə yaxın olan həyat qaydalarına, dəyərlərə sahib olmasıdır. Hətta müharibədən sonra da mən monoetnik nigahların əleyhinəyəm”.

“…Belə insanları nə gürcü, nə də abxaz cəmiyyəti sonuna qədər qəbul eləmir və onlara az güvənir”

Mütəxəssis rəyi

On ildən çoxdur ki, müxtəlif sülhməramlı layihələrdə işləyən sosioloq Elene Natenadze danışır ki, Abxaziyada gürcü-abxaz ailələri bütün qarışıq ailələrin 40%-ni təşkil edir ki, bu, əlbəttə, böyük göstəricidir. Onun fikrincə, qarışıq ailələrin, güvənin bərpası prosesində müsbət rolundan tez-tez danışırlar, hərçənd bu, birmənalı şəkildə belə deyil.

“Qarışıq ailələrin üzvləri, gərginliyə yol verməməkdən ötrü, adətən, mübahisəli mövzulara toxunmamağa çalışırlar. Qarışıq ailələrdən olmayan və hazırda, məsələn, Suxumidə yaşayan abxazlar isə adətən, qarışıq ailələrin üzvləri olan və Tbilisidə köçkün qismində yaşayan abxazlara skeptik yanaşırlar. Abxazlarda konkret şəxsiyyətlər güvən yaradır, “qarışıq ailəyə üzvlük” statusu yox. Özləri qarışıq ailələrdən olmayan abxazlarda, bir çox halda qarışıq ailələrə üzvlük güvəndən çox, güvənsizlik duyğusu yaradır. Faktiki olaraq, belə insanları nə gürcü, nə də abxaz cəmiyyəti axıra qədər özününkü kimi qəbul eləmir və onlara çox güvənmir” – deyir Natenadze.

Onun sözlərinə görə, qarışıq ailələrin üzvləri tez-tez cəmiyyətdə, necə deyərlər, “özününkü” olduqlarını sübut eləməyə məcbur olurlar. Bu isə o deməkdir ki, onlar aid olduqları cəmiyyətdə hökm sürən bütün fikirləri, müzakirələri bölüşürlər və əks tərəflə razı deyillər.

“Nəticədə qarışıq ailələrin üzvləri həm gürcü, həm də abxaz cəmiyyətlərində radikal mövqe sərgiləyirlər. Bunu səbəbi isə odur ki, onlar marginallaşmış icma olmaq istəmirlər. Təbii ki, radikal mövqeyə sadiqlik barışıq və yaxınlaşma prosesini son dərəcə çətinləşdirir”- deyə sosioloq fikrini bitirir.

“Onlar iki mədəniyyətin daşıyıcısına çevrildiklərinə görə minnətdarlıq hiss edirlər…”

Mütəxəssis rəyi

Qafqaz Regional Təhlükəsizlik İnstitutunun direktoru Aleksandr Rusetski hesab eləyir ki, münaqişə qarışıq nigahların dinamikasına təsir edib. Silahlı qarşıdurma nəticəsində belə nigahların sayı azalıb.

“Belə ailələrin nümayəndələrini iki kateqoriyaya ayırmaq olar. Birincilər – münaqişlərə qarşı indifferent (laqeyd) olanlardır – münaqişələr onlara ciddi təsir eləmir. İkinci kateqoriyaya daxil olan ailələr – sülməramlı proseslər üçün təhlükəli olanlardır. Hərdən belə ailələrin üzvləri etnik natamamlıq hiss eləyirlər və aqressiv, destruktiv davranırlar. Məşhur bir ifadədə deyildiyi kimi “Roma Papasından daha çox katolik” olurlar. Üçüncü kateqoriya da var – onlar, hər iki mədəniyyətin daşıyıcısı olduqlarını qəbul edir və bu fakta minnətdarlıq hissi ilə baxırlar. Belə insanlar öz mənşələrini cəmiyyətin və aid olduqları milli qrupların xeyrinə istifadə eləməyə çalışırlar. Biz sülhməramlı hərəkatın potensialını və bu resurslardan necə istifadə etməli olduğumuzu, onları münaqişənin tənzimlənməsi prosesinin parçasına necə çevirə biləcəyimizi anlamaq üçün araşdırma aparırıq” deyir Rusetski.

Mən heç nəyi dəyişmədim – nə azərbaycanlı soyadımı, nə də Ermənistan adlı ölkəni…

Ermənistan

Feliks, Ermənistanın atletika üzrə əməkdar məşqçisidir. 77 yaşlı, mavigözlü, hündürboylu insandır. Feliks Eçmiədzində, Ermənistanın paytaxtı Yerevandan 20 km aralıda yaşayır. Evinin sadə bağçasında arvadı Culyettanın yetişdirdiyi rəngbərəng çiçəklər görünür. Tut ağacının yanında ştanq dayanıb. Feliks hər səhər saat 6-da orda məşq eləyir. Onun günü belə başlayır. O əmindir ki, gələcəkdə ölkəyə yeni dünya çempionları verəcək və dünya Ermənistanın sorağını hələ eşidəcək. Onun iş masasında jurnallar, albomlar, qəzetlər, çoxsaylı medallar və fəxri fərmanlar var. Ziqmund Freydin kitabı da daima əlinin altındadır.

Feliksin evində balaca bir güşə də var. Orda valideynlərinin fotolarını sevgi ilə qoruyur. Anası Yepraksiya Danielyanın və atası… Əsgər Əliyevin… Bəli, Feliks Əliyev etnik azərbaycanlıdır.

Son 46 ildir ki, Feliks Əliyev Eçmiədzindən beş kilometr aralıda yerləşən Qexanist kəndindəki ağır atletika məktəbində işləyir. Onun 50 şagirdi var, əlindən bir neçə nəsil keçib. 34 idman ustası, 8 beynəlxalq səviyyəli idman ustası və idman ustalığına namizədlər hazırlayıb.

Feliks Əliyev öz hekayətini danışmağa başlayanda mavi gözləri göz yaşlarından daha da maviləşir:

“Mənim ata köküm İrandan gəlmiş azərbaycanlılardır. Atam məşhur klarnetçi idi. Eçmiədzində onu yaxşı tanıyır və hörmət eləyirdilər. Toylara, ad günlərinə, dəfn mərasimlərinə çağırırdılar,”- deyə Feliks Əliyev xatırlayır. O, atasının musiqi alətini hələ də qoruyub saxlayır.

Feliks Əliyevin həyat yoldaşı 68 yaşlı Culyetta Yenokyan milliyətcə ermənidir. Onun zərif üz cigiləri var, baxışlarından hüzur yağır, gözləri isə həmişə gülümsəyir. Bizi qəhvəyə qonaq eləyə-eləyə erməni-azərbaycanlı münaqişəsi başlayanda üzləşdikləri çətinlikləri necə dəf elədiklərindən, ailəni necə qoruya bildiklərindən danışır.

“Biz əmin-aman, firavan yaşayırdıq, üç övlad böyütmüşdük. İki qız, bir oğlan. Millətlər arası qarşıdurma zamanı qayınatam özünü çox pis hiss eləyirdi. Amma qonum-qonşu, dostlar deyirdilər ki “Əli can (ermənilərdə də, azərbaycanlılarda da “can” sözü insana yaxınlıq və hörmət anlamına gəlir), sən yaxşı adamsan, narahat olma, sizi incitmələrinə icazə vermərik. Sizin başınızdan bir tük belə düşməyəcək!”

Həqiqətən də bizim ailəmizi heç kim incitmədi” – Əliyevin həyat yoldaşı deyir.

Feliks Əliyev nə soyadını dəyişir, nə ailəsini atır, nə də başqa ölkəyə köçür. Oğlu və nəvəsi də Əliyev soyadını daşıyır.

“Əgər soyadımı dəyişsəydim, özüm özümə hörmət eləməzdim. Mən – atamın soyadını daşıyıram. Amma Ermənistandan da köçməzdim. Bura mənim ölkəmdir. Yalnız əclaflar ailələrini ata bilərlər”.

Hətta erməni-azərbaycanlı müharibəsinin ən ağır günlərində belə Feliks ölkədən çıxmağı ağlına gətirməyib, baxmayaraq ki, həmin günlər həyatının ən pis dövrü olub. Millətçilərin hücumlarından çəkinən şagirdləri öz məşqçilərini evə ötürmək üçün məşğələlərin axırına qədər gözləyiblər…

“Bakıdakı, Sumqayıtdakı hadisələri və onların baş verdiyi günlərdə Feliks Əliyev adlı birinin Ermənistanda yaşamağa davam elədiyini təsəvvür edə bilərsiz? Əgər şagirdlərim məndən üz döndərsəydilər, gedərdim burdan. Ancaq onlar məni qətiyyətlə dəstəklədilər, baxmayaraq ki, buna gərək yox idi. Mən çox hörmətli insanam, düşünmürəm ki, kimsə məni incitməyə cəsarət edərdi”- Əliyev qürurla söyləyir.

Feliksin Azərbaycanda qohumları var. Ancaq onlarla ortaq heç nəyi yoxdur. Bir dəfə Feliksin atasının dostu onun hələ də Eçmiədzində yaşadığından xəbər tutanda heyrətlənib.

Feliks və Cülyetta cütlüyünün iki qızı da ərdədir, Eçmiədzində yaşayırlar. Oğlu – ağır atletika üzrə idman ustası Vladik Əliyev Ukraynada məskunlaşıb. Onların beş nəvəsi var. Vladikin oğlu – balaca Feliks Əliyev 2015-ci ildə gənclər arasında ağır atletika üzrə Ukrayna çempionu olub.

Həyat yoldaşı Cülyetta fəxrlə deyir ki:

“Erməni-azərbaycanlı qarşıdurması hər şeyi dəyişdi, amma bizim ailəni yox. Əgər mən erməni ilə ailə qurmuş olsaydım, Felikslə olduğum qədər xoşbəxt olmazdım. O, çox gözəl insandır. Onunla çox xoşbəxtəm”.

Cütlüyün fikrincə, nə qədər ki, hər iki ölkədə hakimiyyət dəyişməyib, münaqişə həll olunmayacaq:

“Əliyevlə Sarkisyan gedəndən sonra.. Bəlkə o zaman nəsə həll olundu. Ancaq bu hakimiyyətlərlə – heç vaxt”.

Feliks üçün ən ağrılı mövzu Qarabağ müharibəsi və sərhəddə xidmət eləyən əsgərlərdir. Cəbhə xəttində baş verən son hadisələrdən danışanda Feliks Əliyev həyacanlanır. Yaxın vaxtlarda onun şagirdlərindən bəziləri və iki nəvəsi də hərbi xidmətə yollanacaq.

“Hazırda şagirdlərimdən beşi sərhəddə xidmət eləyir. Onlardan biri iki-üç günə qayıtmalıdır. Tezliklə yay səfərbərliyinin vaxtı çatacaq. Mənim necə narahat olduğumu, nələr çəkdiyimi təsəvvür edin. Söz tapa bilmirəm. Dördgünlük müharibə dövründə şagirdlərimdən biri “mən könüllü olaraq cəbhəyə getmək qərarına gəlmişəm” – dedi. Cavabında “oğlum, mənə sənə bunu necə qadağan edə bilərəm? Ancaq uşaqları, qadınları və yaşlı insanları öldürmə…”- dedim. Mən hər şeyimi verərdim ki, sülh olsun” – deyir Feliks Əliyev.

Feliks Əliyevin şagirdi, 55 yaşlı Yuri Sarkisyan təkcə Ermənistanda yox, bütün dünyada məşhurdur.

O, ağır atletika üzrə dünya çempionu (1982, 1983), Olimpiya Oyunlarının gümüş mükafatçısı və qızıl, gümüş, bürünc medallarının sayına görə Avropa və dünya çempionatlarının rekordsmenidir. Yuri Sarkisyan məşqçisi ilə işlədiyi günləri belə xatırlayır:

“Bu, 1982-ci ildə olub, mən dünya çempionu titulu uğrunda mübarizə aparırdım. Həmin vaxtlar mənim cəmi iki məşq üsulum vardı. Bir gün məşqçi Feliks əlində içi torpaqla dolu balaca kisə ilə gəldi və dedi: “tez ol, idman ayaqqabılarını çıxart və bu torpağın üstünə çıx. Onu sizin bağdan gətirmişəm”. Mənim onun tapşırığını necə sürətlə yerinə yetirdiyimi təsəvvür edə bilməzsiniz. Ondan sonra mənim səviyyəm artdı və dünya üzrə rekord vurdum, düny çempionu oldum”…

Rəsmi məlumat: Milli Statistika Xidmətinin məlumatlarına görə, 2005-ci ildə Ermənistanda 29 azərbaycanlı qeydə alınıb.

Etnoqraf Arsen Akopyan bildirir ki, onların sayı daha çox ola bilər, lakin insan milliyətinin xatırlanmasını istəmirsə, bu, onun qərarı və haqqıdır.

Ermənistanda yaşayan azərbaycanlılar artıq milli azlıqlar qismində qeydə alınmırlar. BMT-nin qaydalarına əsasən, sayı 1000-dən az olan milli azlıqlar siyahıya daxil edilmir.

Etnoqrafın fikrincə, qarışıq nigahlı ailələr üçün etnik münaqişələr, adətən, faciəyə çevrilir. Hərçənd istisnalar da olur:

“Qarışıq nigahlar problemin yumşaldılması üçün vacib faktor ola bilməzlər, çünki etnik münaqişələrdə onlar heç bir rol oynamırlar. Eyni şəkildə gürcü-osetin münaqişəsinə baxsanız, görəcəksiniz ki, qarışıq nigahlar çox olub, ancaq bu münaqişənin yaranmasına əngəl ola bilməyib. Ailələr münaqişənin faciəsi ilə yaşayırlar, o faciəni öz çiyinlərində daşıyırlar” – deyir Arsen Akopyan.

Ana səhifəXəbərlərSevən ”düşmənlər”…