Sərhədsiz Reportyorlar: Azərbaycanda çoxsəslilik boğulur

“Bunlara boyun əyməyənlər qurama ittihamlarla həbs edilir”.

Foto: “Sərhədsiz Reportyorlar”


“Azərbaycan hökumətinin 2019-cu ilin sonlarında elan etdiyi islahat gözləntiləri suya düşməkdədir”

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) 2021 – Dünya mətbuat azadlığı indeksini açıqlayıb.

Sənəddə Azərbaycan 180 ölkə arasında 167-ci sıradadır. Ötən ilə baxanda bir sıra irəliləyib. 2020-ci ildə Azərbaycan sıralamada 168-ci yerdə idi.

Sənədin Azərbaycanla bağlı hissəsində bildirilir ki, ölkədə hər cür çoxsəslilik boğulur. Müstəqil jurnalistlər, blogerlər təhdidə, şantaja, rüşvətə məruz qalırlar:

“Bunlara boyun əyməyənlər qurama ittihamlarla həbs edilir. Azərbaycandan mühacirət edən jurnalistlər, blogerlər yaşadıqları ölkələrdə rahat buraxılmır, onları susdurmaq üçün Azərbaycandakı yaxınları, ailə üzvləri basqı altında saxlanılır. Əsas güvənli xəbər resursları bloklanmış qalır”.

RSF bildirir ki, Azərbaycan hökumətinin 2019-cu ilin sonlarında elan etdiyi islahat gözləntiləri suya düşməkdədir.

Hesabata görə, son 1 ildə 180 ölkədə 6 jurnalist, 4 media işçisi öldürülüb. 305 jurnalist, 100 vətəndaş jurnalisti, 12 mediada çalışan şəxs məhkum edilib.

Hesabatda keçmiş SSRİ ölkələrindən ən pis göstərici Türkmənistana aiddir – 178-ci yer. Gürcüstan 60-cı, Ermənistan 63-cü sıradadır.

Mətbuatın azad olduğu ölkələrə gəlincə, ilk üçlükdə Norveç, Finlandiya, İsveç gəlir.

Sənəddə Şərqi Avropa və Orta Asiyada informasiyanı nəzarətə almaq istəyinin “yoluxucu” səviyyədə yayıldığı bildirilir. Buna misal olaraq Rusiyadakı vəziyyət çəkilir:

“Rusiya modeli ilə gedən digər hökumətlər COVID-19-a qarşı dezinformasiya ilə mübarizə ehtiyacından mətbuat azadlığına əlavə məhdudiyyətlər qoymaqdan ötrü bəhanə kimi yararlandılar”, – RSF vurğulayır.

Orta Asiya respublikalarından bircə Qırğızıstan 79-cu pillədə, yəni indeksin birinci yarısında yer alıb. Tacikistan indeksdə bir pillə geriləyərək 162-ci olub.

RSF bildirir ki, 180 ölkədən yalnız 12-də jurnalistika üçün əlverişli mühit yaradılıb.

RSF-nin 2020-ci ildə açıqladığı “Dünyada mətbuat azadlığı indeksi”ndə isə

Azərbaycan

180 ölkə arasında 168-ci yerdə idi. 2019-cu ildə isə Azərbaycanın vəziyyəti daha yaxşı olub – 166-cı yer.

Ana səhifəSiyasətSərhədsiz Reportyorlar: Azərbaycanda çoxsəslilik boğulur