Sərhəddə saxlanılanlar: İlham Əliyevə müraciət etdik, ünvana çatmadı

Onlar bildiriblər ki, səfirlik və digər dövlət qurumları vəkillərin cəlb edilməsində və mənzillə təminat məsələsinin həllində heç bir yardım göstərməyiblər.

Source: Архив


Kullarda çadır şəhərciyi tam dolub, ətrafında kortəbii düşərgə yaranır…

Dağıstanın sərhəddə yerləşən Kullar kəndində Vətənə buraxılmasını gözləyən Azərbaycan vətəndaşlarının sayı yenidən artıb.

Bu barədə “Turan” İA məlumat yayıb.

Məlumatda bildirilir ki, 600-ə yaxın adam tutan çadır şəhərciyi tam dolub və onun ətrafında yenə də kortəbii düşərgə yaranır:

“Adamlar antisanitar şəraitdə çadır vasitələrindən tikilmiş anbarlarda yaşamağa məcburdur. Kim bacarırsa, yerli sakinlərdən və ya mehmanxanalarda icarəyə otaq götürür. Həftədə bir dəfə 450-460 nəfərin sərhəddən buraxılması Kullardakı vəziyyətin səngiməsi üçün açıq-aydın kifayət deyil. Payızın gəlişi və hava şəraitinin pisləşməsi ilə düşərgə sakinlərinin vəziyyəti daha da pisləşəcək. Belə təəssürat yaranır ki, bu, Azərbaycanın dövlət orqanlarını narahat etmir. Bakıda problemi görməməyə çalışırlar. Fövqəladə Hallar Nazirliyinin sərhəddin Azərbaycan tərəfində yaradılmış karantin məntəqəsində 1200-ə yaxın adamı qəbul etmək imkanı olsa da, çadır düşərgəsi bu müddətdə 30-40 faizdən çox dolmayıb”.

Agentlik iyun iğtişaşları zamanı 93 nəfərin saxlanıldığını xatırladaraq bildirib ki, onlardan 83 nəfəri 10 sutkaya qədər inzibati həbsə məruz qalıb:

“Onlarla Azərbaycan vətəndaşına qarşı CM-in iki maddəsi ilə cinayət ittihamı irəli sürülüb, bunun biri ağır cinayətlərə aiddir”.

Şahidlərdən biri “Turan”a deyib ki, saxlanılanların çoxu, ümumiyyətlə, etiraz aksiyasında iştirak etməyib:

“Gecə düşərgədə bütün gəncləri araşdırma aparmadan tutublar. Rusiyanın hüquq-mühafizə orqanları sübut toplamaq üçün özlərinə əziyyət verməyiblər. Şübhəliləri aldadıblar, söz veriblər ki, əgər etirafedici ifadələrin altına imza atsalar, onları buraxacaqlar. Həbs olunanlar rus dilini bilmədikləri üçün hətta ittihamın mahiyyətini də başa düşməyiblər, çünki peşəkar tərcüməçilərlə təmin edilməyiblər”.

Məlumatda dağıstanlı vəkil Murad Vəlixanovun azərbaycanlı fəallara dəstək göstərdiyi qeyd olunub.

Murad Vəlixanov ibtidai istintaqın noyabrın 17-dək uzadılacağını söyləyərək əlavə edib ki, məhkəmə istintaqı gələn il başlayacaq:

“Mən Azərbaycanın dövlət qurumlarının fəaliyyətsizliyinə təəccüblənirəm. Azərbaycandan olan bir şəxs kimi həmyerlilərimizin hüquqlarının qorunması işinə qoşuldum. Amma mən saxlanılanların hamısının vəkili ola bilmərəm, üçünün vəkiliyəm. Digər müttəhimləri müdafiə etmək üçün vəkillərin cəlb ediləcəyilə bağlı diaspor təşkilatlarının və oliqarxların vədləri vəd olaraq qalıb. Bəzi mütəhimlərin valideynləri özləri vəkilləri cəlb ediblər, amma hamının belə imkanı yoxdur. Hətta müttəhimlərin ev dustaqlığına keçirilməsi üçün mənzillə təminat məsələsində də diaspordan heç bir dəstək yoxdur və hər şey ayrı-ayrı adamların səylərilə olur. Biri tanımadığı adamın mənzilinin icarə haqqını ödəyib, digəri soydaşına evində sığınacaq verib. Xüsusilə ehtiyacı olan, valideynləri olmayan bir gənci öz evimə yerləşdirmişəm. Bəs səfirlik, Diasporla İş Üzrə Dövlət Komitəsi və Azərbaycan dövlətindən maliyyə yardımı alan diaspor təşkilatları haradadır?”.

İş üzrə keçənlərin təqsirinə gəlincə, vəkil Vəlixanov deyib ki, onların saxlanma şəraiti müttəhimlərin xeyrinədir:

“Əsasən müdafiə tərəfi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin ikinci hissəsi (həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılığın tətbiqi, hakimiyyət nümayəndəsinə qarşı) üzrə ittihamın bu maddənin birinci hissəsinə (hakimiyyət nümayəndəsinin həyat və sağlamlığı üçün təhlükəli olmayan zorakılığın tətbiqi…) tövsif edilməsi barədə vəsatət qaldırıb. 318-ci maddənin 1-ci hissəsi üzrə pul cəriməsi şəklində alternativ cəza növləri nəzərdə tutulur. RF CM-in 167-ci maddəsinin birinci hissəsi (başqasının əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsi, əgər bu əməllər əhəmiyyətli dərəcədə zərərə səbəb olubsa) üzrə ittihama gəlincə, əmtəəşünaslıq ekspertizası müəyyən edib ki, güc strukturlarının avtomobillərinə bəyan edildiyi kimi, 400 min rubl yox, cəmi 38 min rubl ziyan vurulub ki, bu da yumşaldıcı amildir. Bu maddə həmçinin azadlıqdan məhrumetmə ilə bağlı olmayan alternativ cəza tədbirlərini nəzərdə tutur”.

Gürcüstanda azərbaycanlı siyasi mühacirlər tərəfindən yaradılmış Hüquq və Azadlıqlar İnstitutunun rəhbəri Avtandil Məmmədli bildirib ki, lap əvvəldə Azərbaycan oliqarxlarını və diaspor rəhbərlərini təmsil edən bəzi şəxslər çoxvədli mesajlar göndərirdilər:

“Hazırda Ənvər Muradov, Ceyhun Namazov, Elbrus Əhmədov, Əziz Fərəczadə, Emin İmaməliyev və Elmar Mehdiyev ev dustaqlığına keçiriliblər. Bununla yanaşı, heç kim Rövşən Hüseynov, Tural Qiyasov və Nahid Ağayevi mənzillə təmin etməyi öz üzərinə götürmədiyinə görə məhkəmə ev dustaqlığına buraxmayıb. Azərbaycan hakimiyyəti və diaspora insanların həbsdə saxlanılmaması üçün mənzil axtarışına kömək etmir. Vəkil Vəlixanov müttəhimlərdən birinə – Ceyhun Namazova öz evində sığınacaq verib”.

“Turan” İA-ın müxbiri təqsirləndirilən şəxslərin (Elmar Mehdiyev, Ceyhun Namazov, Emin İmaməliyev və Əziz Fərəczadə) qohumlarını rəyini öyrənib.

Onlar bildiriblər ki, səfirlik və digər dövlət qurumları vəkillərin cəlb edilməsində və mənzillə təminat məsələsinin həllində heç bir yardım göstərməyiblər.

Emin İmaməliyevin atası Sahib İmaməliyev deyib ki, səfirlikdən məktub alıb və orada onun oğluna ittihamın irəli sürüldüyü maddə göstərilib.

İkinci qrup Qarabağ müharibəsi əlili Sahib İmaməliyev dəfələrlə Azərbaycanın müxtəlif dövlət qurumlarına, hətta prezident İlham Əliyevə müraciət etdiyini deyir, lakin ona heç bir reaksiya verilməyib.

O hesab edir ki, onun dövlət başçısına müraciəti, sadəcə, ünvana çatmayıb, çünki Əliyev veteranların problemlərinə həmişə diqqət yetirir.

Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Turan” İA-ın müxbirinə bildiriblər ki, bu qurum Azərbaycan səfirliyi ilə birlikdə müttəhimlərin vəkillərlə təmin edilməsi və onlara maddi dəstək göstərilməsi məsələsini həll edib.

Hazırda Dövlət Komitəsinin nümayəndəsi Dağıstandadır. Konkret olaraq kimlərə vəkil tutulması və maddi yardımın həcmi, vəsaitin haraya köçürüldüyünün dəqiqləşdirilməsi xahişinə qurumdam yazılı sorğu göndərməyi təklif ediblər.

Ana səhifəSiyasətSərhəddə saxlanılanlar: İlham Əliyevə müraciət etdik, ünvana çatmadı