Salyandan deputatlığa namizədliyini irəli sürən qazi prezidentə şikayət edib

“Sual yaranır, niyə məhz mənə imza verənlərə təzyiq göstərilir?”

Source: Foto: sosial şəbəkə


“Kimlərinsə maddi marağı var”

60 saylı Salyan-Neftçala dairəsindən namizədliyini irəli sürən 2015-ci ilin oktyabrında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə mina partlaması nəticəsində ayağını və gözünü itirən Kamil Musavi yerli icra orqanlarının yaratdığı maneçiliklərlə bağlı prezidentə müraciət edib.

Bu barədə Kamil Musavi Meydan TV-yə danışıb.

O, bildirib ki, yerli icra orqanları ona imza verən vətəndaşlara imzalarını geri götürülmək üçün təzyiq edirlər:

“Bu adamlar anlamırlar ki, mən imzatoplama kampaniyasını videoçəkiliş qaydasında həyata keçirmişəm. Amma yerli icra orqanları vətəndaşlara deyirlər ki, guya, səhv etdiklərini desinlər. Apardığımız sorğu nəticəsində vətəndaşlar icra nümayəndələrinə deyirlər ki, sən gəlib mənə Kamil Musaviyə imza verməmək üçün təzyiq etdin”.

Onun sözlərinə görə, bu cür hallar Salyan rayonunun Kərimbəyli, Noxudlu, Yenikənddə, Partaxalat kəndlərində baş verib. Onun sözlərinə görə, təzyiqlər müxtəlif formada olur.

“Birinə deyirlər ki, sosial müavinətini kəsəcəyik, başqa birini qohumunu işdən çıxartmaqla hədələyirlər”.

Kamil Musavi prezidentə və birinci vitse-prezidentə şikayətindən sonra hüquq-mühafizə orqanlarından reaksiyalar aldığını bildirib:

“Məndən başqa 12 nəfər namizəd olmaq istəyir. Sual yaranır, niyə məhz mənə imza verənlərə təzyiq göstərilir? Deməli, kimlərinsə maddi marağı var”.

Kamil Musavi imza vərəqələrini DSK-ya təqdim etdiyini deyib.

Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin rəsmisi Aqşin Babayev Meydan TV-nin bu barədə sorğusuna cavab verdi ki, rəhbərliyi məlumatlandıracaq və tədbir görüləcək.

Ana səhifəSiyasətSalyandan deputatlığa namizədliyini irəli sürən qazi prezidentə şikayət edib