Saakaşvili Zelenskidən Ukrayna vətəndaşlığının bərpasını xahiş edib

“Ukraynanı müvəffəqiyyətli və güclü etmək üçün həyatımı verməyə hazıram”

Source: Meydan.TV

Ukraynanın Odessa əyalətinin qubernatoru olmuş Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yeni prezidentdən Ukrayna vətəndaşlığını bərpa etməsini istəyib.

Azadlıq Radiosu xəbər verir.

Saakaşvilinin vəkili Ruslan Çornolutskiy mayın 22-də "Facebook"da yazıb ki, Saakaşvili rəsmi şəkildə Ukrayna prezidenti Volodymyr Zelenskiyə müraciət edib. Ondan vətəndaşlığının bərpasını xahiş edib.

2015-ci ildə Saakaşviliyə Ukrayna vətəndaşlığı verilmişdi. O, Zelenskinin sələfi, prezident Petro Poroşenko tərəfindən Odessaya qubernator təyin edilmişdi.

Bu səbəbdən eyni ilin dekabrında Tbilisi hakimiyyəti Saakaşvilini Gürcüstan vətəndaşlığından məhrum etmişdi. Çünki Gürcüstan ikili vətəndaşlığa icazə vermir.

Daha sonra Poroşenko ilə Saakaşvili arasındakı əlaqələr korrupsiya iddialarına görə gərginləşdi. Poroşenko 2016-cı ilin noyabrında onu Odessa qubernatoru vəzifəsindən azad etdi.

2017-ci ilin iyulunda Saakaşvili Yeni Qüvvələr Hərəkatı adlı müxalif partiya qurdu. Bundan sonra Poroşenko fərman verərək, Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etdi.

Mayın 22-də Çornolutskiy həmçinin, Saakaşvilinin Zelenskiyə yazdığı məktubu onlayn göndərib.

Saakaşvili məktubda deyir ki, Poroşenkonun onu Ukraynanın vətəndaşlığından məhrum etməsi "qeyri-qanuni" olub. Çünki bu addım onu dövlətsiz qoyub. Bu, Ukrayna Konstitusiyasını və beynəlxalq qanunları pozub.

Saakaşvili məktubunda Zelenskinin mayın 20-də andiçmə mərasimində vurğuladığı nöqtəyə toxunub. Yeni prezident çıxışı zamanı bildirmişdi ki, Ukraynanın gələcəyi üçün işləmək istəyən hər kəsə vətəndaşlıq verməyə hazırdır.

"Mən nəinki özümü ukraynalı hesab edirəm, Ukraynanı müvəffəqiyyətli və güclü etmək üçün həyatımı verməyə hazıram", – Saakaşvili bildirib. Əlavə edib ki, o, Ukraynada hökumət vəzifəsi istəmir.

Saakaşvili məktubunda Zelenskidən onun ən azından Ukraynaya daxil olması ilə bağlı qadağanı götürməsini xahiş edib. Deyib ki, bu, onun məhkəmədə özünü müdafiə etməsi üçün önəmlidir.

Saakaşvili hal-hazırda həyat yoldaşının vətənində, Niderlandda yaşayır.

Ana səhifəDünyaSaakaşvili Zelenskidən Ukrayna vətəndaşlığının bərpasını xahiş edib