Qubada: Qiymətlər ucuz olsa, camaatımız pulu elə özümüzə xərcləyər

“Əvvəlki illərə nisbətən bu il ərəblər az gəldi”

Source: Meydan TV


“Əvvəlki illərə nisbətən bu il ərəblər az gəldi”

İlkin Abbasov artıq üçüncü ildir ki, yayı Qubada keçirir. Amma turist kimi yox. O, dincəlmək üçün deyil, işləmək üçün yaşadığı Şabran rayonundan Qubaya gəlir.

Bakıdan 168 km məsafədə yerləşən Quba

tarixi memarlıq abidələri və səfalı guşələri ilə turizm mərkəzinə çevrilib. Qubanın Xınalıq kəndini az qala bütün ölkə tanıyır. Şahdağın yaxınlığında, dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə yerləşən Xınalıq kəndi Quba şəhərindən 57 km-lik məsafədədir. Bu kənd daha çox heyvandarlıq və xalq sənəti inciləri ilə məşhurdur.

Yolun uzunluğu və yerləşdiyi coğrafi məkanın çətinliyi heç də bütün turistlərin yolunu Xınalıqdan salmır.

Amma Qubaya gedib Qəçrəş deyilən əraziyə baş çəkməyən yəqin ki, tapılmaz. Qəçrəş kəndinə uzanan yolboyu düzülmüş kafelər, istirahət mərkəzləri yayda dolu olur. Elə İlkin Abbasov da həmin kafelərdən birində çalışır. İlkinin sözlərinə görə, sözügedən ərazi qışda da fəaliyyət göstərir. Çünki qar görmək üçün Qubaya üz tutanlar da az deyil. İlkin isə yalnız yayda işləyir:

“Yayda işləmək əlverişlidir, həm hava imkan verir ki, elə kafedə gecələyim, həm də istidən qaçıb gələnlər qar görməyə gələnlərdən çox olur”.

Qazancına gəlincə, İlkinin narazılığı yoxdur:

“24 yaşım var. Yaşadığım kənddə cavanların çoxu işsizdi. Əksəriyyəti Bakıya üz tutub. Bir ara mən də getmək istədim, sonra gördüm böyük şəhərlərdə yaşamaq çətindir, qazancın elə yolpuluna, kirayəyə çıxır. Üç ildir gəlirəm bura, şükür, aylıq qazancım da var, bəxşişlər də pis olmur. Hərdən xarici qonaq olanda bəxşiş lap əla olur”.

Amma İlkin Abbasovu üzən işin müvəqqəti olmasıdır:

“Cəmi 3-4 ay qazancım olur, sonra yenə qayıdıram kəndə, yenə pulsuzluq, çətinlik. Bu cür yaşamaqla nə özünə şərait yaratmaq, nə də evlənib oğul-uşaq sahibi olmaq olar. Görək də, Allah kərimdir, yəqin bir çarə tapılar”.

Qubada otellərin biri
Qubada otellərin biri

Qubanın etnik tərkibi də zəngindir. Burada tatlar, ləzgilər, yəhudilər və digərləri yaşayır. Digər həmsöhbətimiz əslən qubalı olan Murad Tanarverdiyevdir. O, ixtisasca müəllimdir, amma peşəsi üzrə çalışmır. 36 yaşlı Muradın Bakıda kiçik biznesi var. Deyir ki, payızda alma tədarükü ilə məşğul olur. Rayonda valideynlərinin böyük alma bağı var. O bağın meyvələrinin şəhərdə satışını təşkil edir. Yayda isə daha çox Qubaya turist aparmaqla məşğuldur. Əsasən ərəblərin rayonlarına səfərini təşkil edir:

“Əvvəlki illərə nisbətən bu il ərəblər az gəldi. Halbuki son iki ildə nə qədər ərəb daşımışam Qubaya. Düzdür, kafeləri bərbad günə qoyurlar, amma əvəzində yaxşı pul xərcləyirlər”.

Murad Tanarverdiyev deyir ki, tarixçi olduğundan turistləri əsasən tarixi yerləri görməyə aparır. Bir də səfalı yerlərə – Təngaltıya, Qəçrəşə:

“Hərdən Xınalığa da aparıram, o da yaxşı pul verəndə. Düzdür, yol əvvəlkinə görə yaxşıdır, amma uzaqdır, adama gedib-gəlmək elə də sərf etmir. Bir də yəhudilərin yaşadığı Qırmızı Qəsəbə tərəfə aparıram. Oranın da təbiəti gözəldir. Bİrcə pis olan odur ki, turizmi lazımı səviyyədə inkişaf etdirmirlər. Qiymətlər ucuz olsa, camaatımız Gürcüstana, Türkiyəyə tökdüyü pulu elə özümüzə xərcləyər. Bizim təbiət gözəlliyinə görə onlardan heç də geri qalmır”.

Qiymətlərə gəlincə, o qədər də ucuz hesab olunmur. Məsələn, Qəçrəş yolundakı kafelərdə bir çaynik çay və mürəbbənin qiyməti 10 manatdır. Pomidor-yumurta, pendir və yağın daxil olduğu səhər yeməsi menyusunun qiyməti 25 manatdan başlayır. Bal, qaymaq əlavə olunarsa, qiymət yüksəlir.

Murad deyir ki, xidmət səviyyəsi aşağı olsa da, yeməklərinin dadına və qiymətinə görə Çənlibel gölünün ətrafındakı restoranlar daha əlverişlidir:

“Qəçrəşi hamı tanıyır, gələnlər çox olur deyə qiymətləri də istədikləri kimi qaldırırlar. Bilirlər ki, gələn onsuz da dönəcək. Amma Çənlibel tərəf belə işlək yer deyil. Orda məsələn, saca qoyulmuş toyuq, xiyar-pomidor, çörək və sair 35-40 manata başa gəlir. Qəçrəşdə isə təxminən bir şiş lüləkabab 5 manat, tikə kabab 6, xan kababı 7 manatdır”.

Həmsöhbətimiz deyir ki, Qubada ev kirayələmək də otellərdə qalmaqdan sərfəlidir:

“Şəraiti yaxşı olan otellerin bir gecəlik qiyməti təxminən 100 manatdan başlayır. Buna gecə qalmaq və səhər yeməyi daxildir. Evləri isə ucuz kirayələmək olur. Elə yerli camaatın əsas qazancı turizmdən çıxır deyə evini kirayəyə verənlər də çoxdur. Bakıya yaxın olduğunda çox vaxt adamlar tezdən gəlib, gecə də qayıdırlar”.

Quba şirniyyatı ilə də tanınır. Rayona gələn turistlər geri döndüyündə özləri ilə paxlava, şəkərbura götürür. Elə şəhərin mərkəzində bir çox yerdə bu şirniyyatlar həm satılır, həm də sifariş edilir. Quba şəkərburasının birinin qiyməti 1-1,20 manatdır. Bu şirniyyatın qiyməti aşağı olmasa da, meyvələr Bakıya nisbətən ucuzdur. Əsasən mövsümi meyvələr yolboyu düzülən piştaxtaları bəzəyir.

Gah günəşin şüaları altında yanan, gah da sərin mehi, yağmurlu havası ilə onu görməyə gələnləri qarşılayan Qubaya getmək nə qədər asandırsa, Bakıya doğru uzanan kələ-kötür yollarla geri dönmək o qədər əziyyətlidir. Sürətli avtomobil yolunun bir neçə km-lik hissəsində böyük çuxurlar əmələ gəlib. Yolun paytaxta gəliş hissəsindəkı problem özünü Siyəzən rayonundan başlayaraq, Xızının Giləzi qəsəbəsinə qədər olan hissədə daha çox göstərir.

Bu vəziyyət sürücülər üçün təhlükə yaradır. Sürücülərin əksəriyyəti yolda tez-tez zolaq dəyişdirməyə məcbur qalırlar. Çuxura düşməmək üçün edilən ani manevrlər isə magistral yolda qəza riskini artırır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə mətbuata deyib ki, yol çəkilən zaman tikinti işləri aparan podradçı şirkətlərin işinə nəzarət olunmayıb. Bu səbəbdən yolda konstruktiv səhvlərə yol verilib. Yolda qrunt sularının ötürülməsi üçün drenaj sistemi pis qurulub və yaxud bəzi hissələrdə, ümumiyyətlə, bu sistem yaradılmayıb. Yolun dağılmasının digər bir səbəbi isə həddindən artıq yüklənən avtomobillərin həmin yoldan hərəkət etməsidir.

Anar Nəcəflinin sözlərinə görə, yolun deformasiyaya uğrayan hissələrində təmir işləri aparılır.

Ana səhifəBölgəQubada: Qiymətlər ucuz olsa, camaatımız pulu elə özümüzə xərcləyər