Vəkil: Tofiq Yaqubluya Nəsimi Polis İdarəsində 1 saat işgəncə veriblər (yenilənib)

Ona şiddətli işgəncələrin verildiyini dedi, qabırğası sınıb.

Source: Vəli Quliyev

***



16.40.



Vəkil Nemət Kərimli oktyabrın 21-də 30 sutka inzibati həbs cəzası alan Tofiq Yaqublu ilə görüşüb.


Vəkil Tofiq Yaqublunun qabırğasının əzildiyini bildirib:


“Ona 1 saat işgəncə veriblər. Sifətində və başında şişlər var, yerişində çətinliklər sezilir. Sol qabırğasında möhkəm ağrılar hiss edir. Sol gözünün altında qaraltı var. Onu Nəsimi Rayon Polis İdarəsində döyüblər. Tofiq bəy deyirdi ki, ona 3-4 nəfər işgəncə verib. İşgəncə verərkən Tofiq Yaqubluya deyiblər ki, efirə çıxıb səhvini etiraf etsin. Amma o etiraz edib və əvvəlki kimi siyasi fəaliyyətini davam etdirəcəyini söyləyib”.


Nemət Kərimli Tofiq Yaqublunun saxlanma şəraitindən narazılıq etmədiyini söyləyib.


Vəkil baş verənlərdən Respublika Prokurorluğuna və Nəsimi Rayon Məhkəməsinə şikayət edəcəyini bildirib.


Tofiq Yaqublunun qızı Nigar Həzinin sözlərinə görə, o, bu gün atası və 15 sutka inzibati həbs cəzası alan həyat yoldaşı Seymur Həzi ilə görüşə bilməyib:


“Nə məlumat ala bildim, nə də görüşə icazə verdilər. Dedilər yeni gətirilib, olmaz. Bu, çox məntiqsizdir. Atam həkim nəzarətində olmalıdır. Hospitala aparsalar da, yenidən təcridxanaya qaytarılması anlaşılmazdır. Məncə, əmr yuxarıdan gəlib. Burada saxlanılan Cabbar Savalanlının anası da gəlmişdi. Onu da oğluyla görüşə buraxmadılar”.

***


13.25.


Tofiq Yaqublunu 1 saat əvvəl təcili yardımla hospitala aparıblar. Ancaq hara aparıldığı bilinmir. Bu məlumatı Tofiq Yaqublunun qızı Nigar Həzi "Facebook" səhifəsində paylaşıb.

***


“Əgər Tofiq Yaqubluya bir şey olsa, bütün məsuliyyət İlham Əliyevin üzərindədir”

30 sutka inzibati cəza alan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işgəncəyə məruz qaldığı bildirilir.

Məlumatı onun qızı Nigar Həzi yayıb.

Nigar Həzinin sözlərinə görə, atası oktyabrın 21-də zəng edərək işgəncəyə məruz qaldığını bildirib:

“Ona şiddətli işgəncələrin verildiyini dedi, qabırğası sınıb. Atam təcili həkim müayinəsi tələb edir. Əgər Tofiq Yaqubluya bir şey olsa, bütün məsuliyyət İlham Əliyevin üzərindədir”.

Nigar Həzi bu gün atası ilə görüşə gedəcəyini qeyd edib:

“Vəkili ilə görüşüb müqavilə imzalayacam. Sonra vəkili görüşə gedəcək”.


Tofiq Yaqublu

oktyabrın 19-da Demokratik Qüvvələrin Milli Şurasının “28 may” metrostansiyasının önündə təyin etdiyi mitinq zamanı həbs olunub. O, 30 sutka inzibati cəza alıb.

Həmin gün AXCP-dən 10 nəfərin saxlanıldığı və onların inzibati cəza aldığı bildirilib:

“AXCP Sumqayıt şöbəsindən məclis üzvü Cabbar Savalanlı Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 20 sutka, Gəncə şöbəsindən Bəxtiyar Yusubov 19 oktyabrda saxlanılıb, növbəti gün Səbail Rayon Məhkəməsinin qərarı ilə 15 sutka, partiyanın Ali Məclis üzvü Nicat Abdullayev 10 sutka, Saatlı rayon şöbəsindən Abış Astanov Saatlı Rayon Məhkəməsinin qərarı ilə 10 sutka, Hacıqabul rayon şöbəsindən İdrak Şirəliyev, Əlizamin Həsənov 10 sutka, Nəsimi şöbəsindən Baba Süleymanov 30 sutka, Şirvan şöbəsindən Rəşad Həsənov, Rəşad Qədirov 15 sutka, Yevlax şöbəsindən Natiq Əfəndiyev 10 sutka inzibati cəza alıblar”.

Sabiq müstəntiq Rüfət Səfərov isə 30 sutka inzibati cəza alıb.

Ana səhifəSiyasətVəkil: Tofiq Yaqubluya Nəsimi Polis İdarəsində 1 saat işgəncə veriblər (yenilənib)