Qırmızı orduda Stalin repressiyaları

Repressiyaların nə qədər insanı əhatə etdiyi barədə dəqiq rəqəmlər yoxdur

Foto: Meydan Tv


Repressiyaların nə qədər insanı əhatə etdiyi barədə dəqiq rəqəmlər yoxdur

21 noyabr 1935-ci il. Sovet hökumətinin qərarı ilə Qırmızı ordunun beş sərkərdəsinə – Kliment Voroşilova, Semyon Budyonnıya, Mixail Tuxaçevskiyə, Aleksandr Eqorova və Vasili Blüxerə ən yüksək hərbi rütbə – Sovet İttifaqı marşalı rütbəsi verilir. Həmin rütbə cəmi iki ay öncə təsis olunmuşdu və sadalanan şəxslər ona layiq görülən ilk şəxslər idilər.

Təxminən 3 il sonra bu şəxslərin üçü artıq həyatda yox idilər. Tuxaçevski və Eqorov "vətən xaini" damğası ilə güllələndilər, Blüxer isə istintaq zamanı məruz qaldığı dəhşətli işgəncələrə dözməyərək vəfat etdi. Müqayisə üçün deyək ki, İkinci dünya müharibəsi zamanı SSRİ cəmi bir marşalını itirdi: marşal Boris Şapoşnikov xəstəlikdən öldü.

Yanvar, 1941-ci il. Nasist Almaniyasının lideri Adolf Hitler öz generalları ilə "Barbarossa" planını – SSRİ-yə hücum əməliyyatını müzakirə edir. Bəzi generallar Böyük Britaniyanı təslim etmədən SSRİ-yə qarşı müharibəyə başlamağın əleyhinə çıxış edirlər, iki cəbhədə savaşmağın Birinci dünya müharibəsində olduğu kimi fəlakətli nəticələr doğura biləcəyini söyləyirlər.

Hitler isə Stalinin göstərişilə Qırmızı orduya qarşı 1937-ci ildə başlayan repressiyaları nəzərdə tutaraq onlara belə cavab verir: "SSRİ-də komandir kadrlarının 80%-i məhv edilib. Qırmızı ordu başsız qalıb və heç zaman olmadığı qədər zəifləyib. Bu, mənim qərarımın əsas amilidir. Nə qədər ki, yeni kadrlar yetişməyib, savaşmaq lazımdır".

***

İzahat: 1940-cı ilə qədər SSRİ-də general rütbələri mövcud deyildi. Onların əvəzinə aşağıdakı rütbələr vardı:

1-ci dərəcəli komandarm – Sovet İttifaqı marşalından sonra ən yüksək hərbi rütbə, ordu generalının analoqu;donanmada bərabəri: 1-ci dərəcəli donanma flaqmanı.

2-ci dərəcəli komandarm – general-polkovnikin analoqu; donanmada bərabəri: 2-ci dərəcəli donanma flaqmanı.

komkor – general-leytenant rütbəsinin analoqu; donanmada bərabəri: 1-ci dərəcəli flaqman.

komdiv – general-mayor rütbəsinin analoqu; donanmada bərabəri: 2-ci dərəcəli flaqman.

***

1936-cı ildə Moskvada Zinovyev, Kamenev, Smirnov və daha səkkiz köhnə bolşeviklər üzərində "Antisovet trotskist-zinovyevçi birləşmiş mərkəzin prosesi" adlanan (bir çox halda sadəcə "Birinci Moskva prosesi" də deyilir) məhkəmə prosesi keçirilir. İstintaq dövründə ağır işgəncələrə məruz qalan müttəhimlər həm özlərinin, həm də digərlərinin əleyhinə ifadələr veriblər.

İndi açıq məhkəmə prosesində ifadələrindən imtina etməyəcəkləri təqdirdə həyatlarının qorunacaqları vəd edilib (Zinovyev və Kamenevə bu vəd həbsxanadan birbaşa aparıldıqları Kremldə şəxsən Stalin tərəfindən verilib). Buna görə də Smirnov və Qoltsman istisna olmaqla digərləri həvəslə ifadələrini təsdiq edirlər, xeyli insanları şərləyirlər. Amma belə ləyaqətsiz davranış onlara kömək etmir, verilən vədin əksinə hamısı güllələnməyə məhkum olunurlar.

Verilən ifadələrdə bəzi hərbçilərin də adı çəkilirdi və onların əsasında bir neçə nəfər həbs olundu. Tutulanlar arasında Leninqrad hərbi dairəsinin komandan müavini, komkor Primakov və SSRİ-nin Böyük Britaniyadakı hərbi attaşesi komkor Putna daha tanınanlar idilər.

Lakin hərbçilər arasında repressiya maşınının işə salınması dərhal baş vermədi. NKVD-nin özündə kadr dəyişiklikləri gedirdi, xalq daxili işlər komissarı (1946-cı ilə kimi SSRİ-də nazirlər "xalq komissarı" adlanırdılar) Yaqoda işdən çıxarıldı, yerinə Yejov təyin olundu. Yalnız 1937-ci ilin aprelindən həbsdəki hərbçilərlə ciddi surətdə məşğul olmağa başladılar, işgəncə müxanizmi işə düşdü.

Primakovun işini aparmaq öz qəddarlığı ilə tanınan Aleksandr Avseeyeviç adlı müstəntiqə həvalə edildi. Mayın 8-də Primakov "sındı" və hərbçilər arasında "hərbi-faşist qəsdi"n mövcudluğunu etiraf etdi. Onun ifadələri arasında mayın 12-də Frunze adına hərbi akademiyanın rəisi, 2-ci dərəcəli komandarm Avqust Kork, mayın 15-də isə Moskva hərbi dairəsinin komandan müavini, komkor Boris Feldman həbs olundular.

SSRİ-nin bütün tarixi ərzində ən gənc yaşda (42) marşal rütbəsinə layiq görülən Mixail Tuxaçevski mayın 10-da xalq müdafiə komissarı birinci müavini vəzifəsindən azad edildi və Volqaboyu hərbi dairəsinin komandanı təyin olundu. Bu təyinat açıq-aşkar eniş idi.

Bəzi mənbələrə görə, Tuxaçevski təyinatın səbəbini öyrənmək üçün mayın 13-də Stalinin qəbulunda olur. Stalin marşala təmkinli davranmağı və çox tezliklə onun Moskvaya qaytarılacağını vəd edir. Sovet rəhbəri öz vədinə əməl edir. Mayın 22-də Kuybışev şəhərində həbs olunan Tuxaçevski iki gün sonra Moskvaya gətirildi. Onunla eyni gündə komkor Robert Eydeman da həbs edildi.

Moskvada marşalın başına nə oyun gətirdilərsə, günahlarını etiraf etməsi çox çəkmədi. Mayın 26-da Primakov, Putna və Feldman ilə üzləşdirildikdən sonra xalq daxili işlər komissarı Yejova ünvanlanan etiraf məktubu yazdı. Sonralar ekspertiza bu məktubdakı qonur ləkələrin qan izləri olduğunu təsbit edəcək.

Bundan sonra həbslər davam etdi. Mayın 28-də Leninqrad hərbi dairəsinin komandanı, 1-ci dərəcəli komandarm İona Yakir, ertəsi gün Belarusiya hərbi dairəsinin komandanı, 1-ci dərəcəli komandarm İeronim Uboreviç həbs edildilər.

Qırmızı ordunun Baş siyasi idarəsinin rəisi, 1-ci dərəcəli ordu komissarı (hərbi-siyasi heyət üçün ən yüksək rütbə) Yan Qamarnik vəzifədən çıxarıldığını və partiyanın Siyasi Bürosunun iclasında ittihamlara məruz qaldığını eşidəndə həbsinin uzaqda olmadığını anladı. İşgəncələrə məruz qalmasını, özünü və başqalarını şərləməsini istəməyən Qamarnik özünü güllələyərək intihar etdi.

İyunun 11-də Tuxaçevski, Yakir, Uboreviç, Primakov, Putna, Kork, Eydeman və Feldman üzərində məhkəmə oldu. Onları SSRİ Ali məhkəməsinin Xüsusi məhkəmə heyəti mühakimə edirdi. Bu heyətə marşallar Budyonnı və Blüxer, eləcə də digər yüksək rütbəli hərbçilər Alksnis, Belov, Şapoşnikov, Dıbenko, Kaşirin və Qoryaçov daxil idilər. Sədr rolunda isə məşum şöhrətli Vasili Ulrix idi.

İttiham aktına görə müttəhimlər antisovet trotskist hərbi təşkilatının üzvləri idilər. Guya Almaniya Baş qərargahı ilə əlaqəsi olan bu təşkilat SSRİ-nin Almaniyadan və Polşadan hərbi məğlubiyyətləri əsasında hakimiyyəti ələ keçirməyi qarşısına məqsəd qoymuşdu.

İttihama görə, təşkilatın üzvləri alman hərbçilərinə məxfi hərbi məlumatları ötürüblər; müharibə başlanacağı təqdirdə hərbi əməliyyatların əsas istiqamətində Qırmızı ordunun məğlubiyyətə uğraması planlarını hazırlayıblar; Siyasi büro və sovet hökuməti üzvlərinə qarşı terror akti planlayıblar; Kremlin silahlı yolla ələ keçirilməsini, partiya və hökumət rəhbərlərinin həbsini nəzərdə tutublar.

Məhkəmə qapalı şəraitdə keçirilirdi. Buna baxmayaraq, müstəntiqlər müttəhimlərlə "tərbiyəvi" iş apararaq istintaqa verdikləri ifadəni təsdiqləmələrini tövsiyə edirdilər. Onların sözlərinə görə, taleləri davranışlarından asılı idi. Yuxarıda adını çəkdiyim müstəntiq Avseyeviç 1950-ci illərdə istintaqa verdiyi ifadəsində bu yöndə Primakovla, başqa məhbuslarla isə digər əməkdaşların danışdığını qeyd edir.

1934-cü il dekabrın 1-də, Sergey Kirovun ölümündən sonra qəbul edilən qərara görə, terror təşkilatları barədə məhkəmə prosesi tərəflərin (ittiham və müdafiə) iştirakı olmadan keçirilməli idi. Yəni müttəhimlərin müdafiə hüququ yox idi. Yenə həmin qanun hökmdən kassasiya şikayəti və əfv vəsatəti verməyi qadağan edirdi.

Məhkəmə prosesi cəmi bir gün davam etdi. Müttəhimlər bəzi hallarda ifadələrini yumşaltmağa cəhd göstərsələr də, özlərini əsasən müqəssir saydıqlarını bildirdilər. Lakin bununla xilas olmaq ümidləri əbəs idi. Saat 23.35-də məhkəmə onların hamısını güllələnməyə məhkum etdi. Öncəki abzasda xatırladığım qanun isə belə hökmlərin dərhal yerinə yetirilməsini nəzərdə tuturdu.

İyunun 12-də sovet qəzetləri dünənə kimi Vətəndaş müharibəsinin əfsanəvi qəhrəmanları, Qırmızı ordunun sütunları kimi tanınan səkkiz sərkərdənin əslində casus və düşmən olduqlarını, məhkəmə hökmülə güllələndiklərini xəbər verdi: "Öz hökumətini, xalqını, ordusunu belə alçaqca aldadan iyrənc xainlər məhv ediliblər".

Tuxaçevski və digər 7 sərkərdə üzərində məhkəmə ilə Qırmızı orduya tutulacaq divanın əsası qoyuldu. Tezliklə minlərlə hərbçi, o cümlədən "Tuxaçevski işi"ndə Xüsusi məhkəmə heyətində təmsil olunan doqquz nəfərdən beşi – Blüxer, Dıbenko, Belov, Alksnis və Kaşirin repressiya qurbanı oldular, Qoryaçov isə həbs qorxusundan intihar etdi.

***

Marşal Vasili Blüxer 1938-ci il fevralın 22-də ikinci dəfə Lenin ordeni ilə təltif olundu. Oktyabrda isə xalq müdafiə komissarı Voroşilov onu birlikdə istirahət etmək üçün Adlerdəki bağına dəvət etdi. Hər şey sanki ideal idi. Lakin oktyabrın 22-də Blüxer elə Voroşilovun bağında həbs edildi və qatarla Moskvaya aparıldı.

NKVD-nin qapalı həbsxanasına salınan Blüxer dəhşətli işgəncələrə məruz qaldı. Rezin dəyənəyin zərbəsindən hətta gözünün biri töküldü. Onunla eyni gündə həbs edilən keçmiş arvadının marşalla üzləşmədən sonra öz kamera yoldaşlarına "o, sanki tankın altından çıxıb" dediyi barədə iddialar var. İşgəncələrə dözməyən Blüxer noyabrın 6-dan başlayaraq antisovet təşkilatda üzv olması və hərbi sui-qəsddə iştirakı barədə ifadələr verməyə başladı. Noyabrın 9-da isə aldığı xəsarətlərdən öldü.

Marşal Aleksandr Yeqorov isə Blüxerdən də əvvəl, 1938-ci il martın 27-də həbs olunmuşdu. Onun həbsdə başına gələnlər haqqında məlumat azdır. Lakin məlumdur ki, həmin il iyulun 26-da xalq daxili işlər komissarı Nikolay Yejov güllələnməsini təklif etdiyi 139 hərbçinin siyahısını Stalinə təqdim edir. Həmin siyahıda casusluqda və sui-qəsddə günahlandırılan Yeqorovun da adı vardı.

Nifrət etdiyi Tuxaçevskidən fərqli olaraq Stalinin Yeqorova münasibəti birmənalı deyildi. Vətəndaş müharibəsində o, Yeqorov və Voroşilovla uzun müddət bir yerdə döyüşmüşdü. Buna görəmi, yoxsa nədənsə, Stalin marşalın adının üstündən xətt çəkdi və sənədin üzərinə "138 nəfərin güllələnməsinin tərəfdarıyam" dərkənarını yazdı. Lakin bu, Yeqorovu xilas etmədi. Yeddi ay sonra, 1939-cu il fevralın 23-də, sovet hərbçilərinin peşə bayramı günündə Yeqorov güllələndi.

***

Sovet ordusunda general rütbələri tətbiq edilənə qədər cəmi 9 nəfərə ikinci ali hərbi rütbə olan 1-ci dərəcəli komandarm rütbəsi verilmişdi. Onlardan biri (Sergey Kamenev) hələ 1936-cı ildə vəfat etdi. Beş nəfər isə (artıq xatırladığımız Yakir, Uboreviçlə yanaşı İvan Belov, İvan Fedko və Mixail Frinovski) repressiya qurbanı oldular. Daha biri, Qriqori Kulik marşal rütbəsi aldı, lakin 1950-ci ildə o da güllələndi.

2-ci dərəcəli komandarm rütbəsi 1935-ci ildə təsis edilərkən 10 nəfərə verilmişdi. Onların istisnasız olaraq hamısı 1937-1938-ci illərdə güllələndilər. Onlardan biri, öncəki abzasda xatırladığım İvan Fedko öncə 1-ci dərəcəli komandarm rütbəsinə yüksəldi, sonra güllələndi. Bu onluğa XI ordunun başında Azərbaycanı işğal edən Mixail Levandovski də daxil idi.

Ümumən 1937-1941-ci illərdə 20 nəfər 1-ci və 2-ci dərəcəli komandarmlar həbs olundular. Onlardan 19-u güllələndi, yalnız bir nəfər (sonralara marşal olacaq Meretskov) ölümdən qurtula bildi.

1937-1941-ci illərdə komkor rütbəsi daşıyan 69 nəfər həbs edildi. Onlardan 58-i güllələndi, dördü həbs şəraitində öldü, ikisi isə intihar etdi. Cəmi 5 nəfər Stalin dəyirmanından sağ çıxdı.

Həmin illərdə 153 nəfər komdiv rütbəli hərbçi həbs edilidi. Onlardan 122 nəfər güllələndi, 9 nəfər həbs şəraitində öldü. 22 nəfər isə sağ qurtula bildi. Sonuncuların sırasında İkinci dünya müharibəsi illərində SSRİ-nin ən uğurlu sərkərdələrindən sayılacaq Konstantin Rokossovski də vardı.

Repressiyalar donanmadan da yan keçmədi. 1935-ci ildə ən yüksək hərbi donanma rütbəsi olan 1-ci dərəcəli donanma flaqmanı rütbəsinə layiq görülən hər iki nəfər – Mixail Viktorov və Vladimir Orlov 1938-ci ildə güllələndilər. Daha üç nəfər 2-ci dərəcəli donanma flaqmanı da repressiya qurbanı oldular.

Hərbi komissarlar da qətliama məruz qaldılar. Yan Qamarnikdən sonra 1-ci dərəcəli ordu komissarı rütbəsini alan Pyotr Smirnov 1939-cu ildə güllələndi. 1935-ci ildə 15 nəfərə 2-ci dərəcəli ordu komissarı rütbəsi verilmişdi. Onlardan biri həbs qorxusundan intihar etdi, qalan 14 nəfər isə istisnasız olaraq güllələndilər. Həmin rütbəyə 1937-ci ildə layiq görülən Yan Berzin də bir il sonra güllələndi.

Almaniya ilə 1941-ci il iyunun 22-də müharibə SSRi üçün fəlakətli başladı. Nəhəng ərazilər almanların nəzarətinə keçdi, yüzminlərlə hərbçi əsir düşdü. Sovet ordusunda təcrübəli sərkərdələrin çatışmadığı aşkar oldu. Buna baxmayaraq, repressiyalar dayanmadı.

1941-ci ilin oktyabrın 28-də xalq daxili işlər komissarı Lavrenti Beriyanın göstərişinə əsasən istintaq altında olan 20 nəfər hərbçi məhkəməsiz və hökmsüz güllələndi. Onların arasında aşağıdakı şəxslər vardı:

Qriqori Ştern – general-polkovnik, Sovet İttifaqı Qəhrəmanı;

Aleksandr Loktionov – general-polkovnik;

Yakov Smuşkeviç – aviasiya general-leytenantı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı;

Pavel Rıçaqov – aviasiya general-leytenantı, Sovet İttifaqı Qəhrəmanı (arvadı, mayor Mariya Nesterenko ilə birlikdə);

İvan Proskurov – aviasiya general-leytenantı, Sovet İttifaqı Qəhrəmanı;

Fyodr Arjenuxin – aviasiya general-leytenantı;

Georgi Savçenko – artilleriya general-mayoru;

Pavel Volodin – aviasiya general-mayoru və başqaları.

Almaniya ilə müharibənin uğursuz başlanmasının bütün günahı isə Qərb cəbhəsinin komandanı, ordu generalı və Sovet İttifaqı Qəhrəmanı Dmitri Pavlovun və tabeçiliyindəkilərin üzərinə qoyuldu. 1941-ci ilin yayında Pavlov və altı general "qorxaqlığa və yol verdikləri nöqsanlara görə" güllələndilər.

***

Qırmızı orduda repressiyaların nə qədər insanı əhatə etdiyi barədə dəqiq rəqəmlər yoxdur. Hərbi tarixçi, akademik Oleq Suvenirovun hesablamalarına görə, onların sayı 11 mindən artıqdır, özü də bu zaman ordudan tərxis olunandan sonra həbs edilənlər nəzərə alınmırlar. Bu şəxslərin kiçik qisminin, doğrudan da, hansısa cinayətlər nəticəsində həbs edildikləri ehtimalını nəzərə alsaq belə, qurbanların sayı xeyli böyükdür.

Qeyd etmək lazımdır ki, repressiyalar təkcə hərbçilərlə məhdudlaşmırdı, ailə üzvlərinə də şamil edilirdi. Kommunist Partiyası Siyasi Bürosunun 5 iyul 1937-ci il tarixli qərarına əsasən, "sağ-trotskiçi casus-diversiya təşkilatının məhkum olunmuş bütün üzvlərinin arvadlarını 5-8 ildən az olmayaraq" həbs düşərgələrinə göndərmək lazım idi. 15 yaşdan kiçik uşaqlar xüsusi uşaq evlərinə göndərilməli, 15 yaşdan böyük uşaqların məsələsi isə fərdi qaydada həll olunmalı idi.

Lakin həbs düşərgələrinə 5-8 illiyə o qadınlar göndərilirdilər ki, onlara ayrıca ittiham irəli sürülmürdü. Hərbçilərin bir çoxunun arvadına qarşı isə casus ərinə yardım, ən azı "bilib xəbər verməmək" ittihamı irəli sürülürdü. Məsələn, marşal Tuxaçevskinin arvadı, iki qardaşı, iki bacısının ərləri güllələndilər, anası sürgündə öldü. Qızı, dörd bacısı, güllələnən qardaşlarının arvadları həbsə, sürgünə məruz qaldılar.

Vasili Blüxer üç dəfə evlənmişdi. İlk iki arvadı güllələndi, sonuncusu 8 il həbsə məruz qaldı. Marşalın hərbi təyyarəçi olan qardaşı da güllələndi. Müxtəlif nikahlardan olan övladları uşaq evlərinə verildi. Həbsdən qayıdan üçüncü arvadı özünün qızını tapsa da, ayrıldığı zaman südəmər olan oğlunu tapmadı. Belə halları güllələnən digər hərbçilərlə bağlı da sadalamaq olar.

***

Beynəlxalq vəziyyətin kifayət qədər gərgin olduğu və növbəti müharibənin ayaq səsləri eşidildiyi bir zaman Stalinin orduya tutduğu divanın səbəbləri haqqında müzakirələr bu gün də davam edir və müxtəlif versiyalar səsləndirilir. Əslində isə Stalin repressiyaları Oktyabr çevrilişindən sonra həyata keçirilən bolşevik terrorunun davamı idi. Bolşevik terroru bir partiyanın hakimiyyətinin bərqərar olmasına yönəlmişdisə, Stalin repressiyaları bir nəfərin hakimiyyəti üçün idi.

Leninin ölümündən keçən 10 il ərzində partiya və hökumət daxilində bütün rəqiblərini zərərsizləşdirən Stalin öz hakimiyyəti üçün növbəti təhlükəni orduda görürdü. 1918-1925-ci illərdə hərbi və dəniş işləri üzrə xalq komissarı olan Lev Trotskinin Qırmızı ordunun yaranmasında müstəsna xidmətləri vardı. Buna görə də Stalin ordudan ehtiyat edirdi.

Hətta Trotskini əvəz edən Mixail Frunzenin 1925-cı ildə müəmmalı ölümündən sonra hərbi nazirliyə öz əlaltısı Kliment Voroşilovu təyin etməsi də Stalini arxayınlaşdırmadı. Voroşilovun hərbçilər arasında nüfuzu çox aşağı idi. Tuxaçevski və bəzi hərbçilər onun nadanlığını, müasir dövrün tələblərinə cavab vermədiyini əsas gətirərək dəyişdirilməsini istəyirdilər. Bu istək isə Stalinin gözündəki qorxunu daha da böyütdü, Tuxaçevskinin bonapartizmə meylli olduğu qənaətini gücləndirdi.

Qırmızı orduya tutulan divan 1939-1940-cı illərdə Finlandiyaya qarşı, xüsusən də Almaniya ilə müharibədə özünü göstərdi. Müharibənin ilk vaxtlarında sovet ordusunda vermaxt generallarına bərabər olacaq sərkərdələr gözə dəymirdi. Buna görə də SSRİ çox ağır məğlubiyyətlərə düçar oldu.

Lakin almanlardan yedikləri zərbələrdən dərs alan Jukov, Rokossovski, Timoşenko, Konev və başqa yeni sərkərdələr yetişdi. Bu amil və eləcə də antihitler koalisiyasının müqayisəolunmaz dərəcədə böyük potensialı İkinci dünya müharibəsinin gedişində dönüş yaradaraq qalib gəlməyə imkan verdi.

Ana səhifəMənim FikrimcəQırmızı orduda Stalin repressiyaları