“Qərar hakimiyyətin “Paşayevlər” klanının əlində cəmləşməsinin başa çatmasına hesablanıb”

“Normal Milli Məclis yaranmalıdırsa, proporsional seçki qaydası bərpa olunmalı, seçki qanunvericliyi təkmilləşməli, seçki kampaniyasının dövrü iki dəfə artırılımalıdır”.

Source:


“Daxili konfliktlərin qarşısını almağa cəhd göstəririlər”


Yeni Azərbaycan Partiyası

ndan olan deputatlar Milli Məclisə məktub yazaraq prezident İlham Əliyevə parlamentin buraxılması ilə bağlı müraciət etməyi təklif ediblər. YAP deputatlarına belə bir müraciətin hazırlanması hakim partiyanın Siyasi Şurasının noyabrın 28-də keçirilən iclasında tövsiyə edilib.

Bununla bağlı keçirilən mətbuat konfransında YAP icra katibi Əli Əhmədov bildirib ki, bu addım prezidentin islahatlar konsepsiyasının dəstəklənməsidir və bu çərçivədə parlamentin tərkibinin yenilənməsi lazımdır:

“Parlament bu islahatlardan kənarda qala bilməz. İlham Əliyevin islahatları cəmiyyətə ciddi şəkildə təsir göstərir və cəmiyyət bunu dəstəkləyir”.

Meydan TV yaranmış yeni siyasi situasiya ilə bağlı ekspertlərə, siyasi qüvvələrin liderlərinə sorğuyla müraciət edib.


“YAP-ın qərarı sürpriz deyil”

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov YAP-ın təşəbbüsünü Meydan TV-yə şərh edərkən bildirib ki, parlamentin buraxılmasının səbəbləri Konstitusiyada çox aydın göstərilib. Onun sözlərinə görə, YAP-ın belə bir iddia sürməsi qanunvericilikdə mümkün görünmür, ənənə də yoxdur:

“Qanunvericilikdə fraksiyanın müraciət edib və prezidentin də parlamenti buraxması maddəsi yoxdur. 2016-cı ildə formal keçirilən referendumun nəticələrinə görə Konstitusiyada parlamentin hansı halda buraxılması barədə konkret bəndlər var. Prezident də buna uyğun addım atmalıdır. Onsuz da hökumət dəfələrlə Milli Məclisin qəbul etdiyi qanunları və Konstitusiyanı pozub. Bu mənada YAP-ın qərarı sürpriz deyil”.

Hüquqşünas  Akif Qurbanov
Akif Qurbanov

Akif Qurbanov bildirib ki, bu barədə səbəb və arqumentlər özü-özlüyündə siyasi deyil. Onun fikrincə, YAP Siyasi Şurasının qərarı son trendə uyğundur. Sanki yaşlı məmurlar da prezidentin apardığı bu siyasətdə onların fiziki, bioloji göstəricilərinin sürət baxımından çatmadığını ifadə edirlər:

“Milli Məclis üzvləri arasında yaşlı şəxslər çox olduğundan parlament gedişatdan geridə qalır. Bu, məsələnin formal tərəfidir. Ancaq məsələnin mahiyyəti ölkədə yeni keçidin baş verməsindən doğur. Söhbət hakimiyyətin simasının formal olaraq dəyişməsindən gedir”.


“Gözlənilən parlament seçkilərindən sonra prezident seçikilərinə hazırlıq olacaq”

Akif Qurbanovun sözlərinə görə, hələ də hakimiyyət 2016-cı ildə gözlənilmədən referenduma getmək səbəblərini cəmiyyətə izah etmədiyindən müxtəlif ehtimallar yayılır:

“Hakimiyyətin cəmiyyətlə açıq dialoqda olmaması səbəbindən qapalı dairədə müxtəlif fərziyələr irəli sürmək olur. Məhz 28 noyabr olayı da 2016-cı ildəki hadisələrin davamıdır. Son günlərdə Birinci vitse-prezident üzərində bu məsələlərin qabardığı açıq görünür. Artıq Mehriban Əliyevaya prezidentin köməkçisi rolu yox, yeni siyasi rəhbər olacaq şəxsin rolu biçilib. İlham Əliyev isə daxildəki opponentləri ilə məşğuldur, köhnədən qalan qəzəb hisslərini ifadə edir. Hətta Avropadan gələcək tənqidləri də qabaqlamaq üçün əvvəlcədən hücuma keçir. Bununla da müsbət obraz Mehriban Əliyevanın üzərində fokuslamağa çalışılır. Keçidin baş verdiyi görünür. Belə olduqda hakimiyyətin digər qolundakı proses də tamamlanmalıdır. Çünki indiki icra strukturunda olanların “təmizlənməsi” prosesi gedirsə, bu proses qanunverici orqanda da davam etməlidir. Eyni zamanda, bununla guya növbəti prezident və parlament seçkilərinin üst-üstə düşməsinin qarşısı alınır. Əslində isə güman edirəm ki, gözlənilən parlament seçkilərindən sonra prezident seçikilərinə hazırlıq olacaq, 7 il müddəti gözləməyəcəklər”.

Akif Qurbanov hesab edir ki, müxalifət və dəyişiklik istəyən alternativ qüvvələr vəziyyəti düzgün qiymətləndirməlidir və məsələyə strateji yanaşmalıdır. Onun sözlərinə görə, bu məsələ ilə bağlı mövsümə uyğun hazırlaşıb “amandır, seçki prosesi başlayıb, hazırlaşıb yer götürək” tezisinə fokuslanmaq yanlışdır.

“Əlbəttə, yalnız boykot etmək də yanlışdır. Ona görə də strategiyanı dəyişmək lazımdır. Adətən, hökumət müxalifəti gözlənilməz vəziyyətlə üzləşdirib və prosesdən sıxışdırıb, çıxarmağa çalışıb. Ona görə müxalifət bu dəfə vəziyyətə strateji yanaşmalıdır. Müxalifət seçkilərdə formal olaraq nəticə əldə etməyə bilər, amma elə mənzərə yaratmalıdır ki, prosesin davamını gətirə bilsin. Növbəti seçkidən sonra ictimaiyyət yenə də dərin ümidsizliyə qapılmasın. Seçkilərin nəticələrinin dəyişdirib-dəyişdirməməsi cəmiyyətdən, hakimiyyətin davranışından və prosesin gedişatından asılıdır. Əgər əvvəlki səhvlərdən nəticə çıxarıb prosesi yetkin qiymətləndirə biləcəklərsə, cəmiyyət üçün uduş gətirəcəklər. Əks təqdirdə, cəmiyyəti ümidsizlik burulğanına salacaqlar”.


“Hakim ailə gedişatı sürətləndirir”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl parlamentin buxarılması məsələsinin hakimiyyətin ötürülmə səbəbindən gözlənilən olduğunu düşünür:

“Çünki qanunverici orqandakı hazırki çoxluq ötürülən tərəfin xeyrinə deyil. Yəni həmin çoxluğun hansısa fəaliyyət göstərəcəyi inandırıcı deyil. Sadəcə olaraq onlara dedilər qərar qəbul edin, onlar da etdilər. Hakim ailə gedişatı sürətləndirir. 2018-ci il prezident seçkilərində olduğu kimi siyasi qüvvələrin prosesə hazırlığının zaman kəsiyini xeyli daraldırlar”.

İlham İsmayıl hesab edir ki, parlamentin buxarılması qərarında daxili amil daha çox rol oynayır. Onun fikrincə, xarici güclər onsuz da prosesin idarə olunduğunu görür və qanunverici orqandan xüsusi təhlükə gözləmir.

İlham İsmayıl
İlham İsmayıl

O hesab edir ki, parlmentin yeni tərkibi xeyli fərqli olacaq. Onun sözlərinə görə, tərkib yeni formalaşacaq hakimiyyətin tələbinə cavab verməlidir.

İlham İsmayıl bildirib ki, müxalifət gözlənilən seçkilərə qatılmalıdır:

“Müxalifət seçkiləri boykot etsə, nə olacaq? Boykotu əsaslandırmaq lazımdır. Bütün hallarda mən mübarizə aparmağın tərəfdarıyam”.


“Qərarın məqsədlərindən biri siyasi qüvvələri prosesdən kənarda qoymaqdır”

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli YAP-ın qərarının hakimiyyətin ən yüksək səviyyəsində razılaşdırıldığı qənaətindədir:

“Çünki hakim partiyanın heç bir halda prezidentin siyasi iradəsindən kənar qərar qəbul etməsi mümkün deyil. Ona görə YAP-ın qərarını hakim siyasi qüvvənin niyyəti kimi qəbul edirəm. Əlbəttə, qərar cəmiyyət üçün gözlənilməzdir, ictimaiyyətdə növbəti seçkilərin olacağı ehtimalı yox idi. Fakt budur ki, növbəti seçkilər üçün heç bir hüquqi və siyasi zəmin yox idi. Yəni seçkilər vaxtında keçirilməli və cəmiyyətin də bundan xəbəri olmalıdır, o cümlədən, siyasi qüvvələrin və vətəndaş cəmiyyətinin planları buna müvafiq olmalıdır”.

Anar Məmmədli xatırladıb ki, artıq ikinci dəfədir cəmiyyət oxşar halla qarşılaşır, iki ildə iki seçki keçirilir:

Anar Məmmədli
Anar Məmmədli

“Bu, onu göstərir ki, hakimiyyətin bildiyi, amma ictimaiyyətə bəlli olmayan bir böhran var. Görünür, bu böhranın daha ciddi mərhələyə keçməməsi üçün indidən parlamentin tərkibini daha inamlı şəkildə formalaşdırmaq istəyirlər. Qəfil seçki siyasi canlanmanın olmaması və müxalif qüvvələrin toparlanmamasına hesablanıb. Ümumiyyətlə, 2010-cu ildən sonra hakimiyyətin qəfil seçkilər keçirmək kimi bir dəsti-xətti var. Elə 28 noyabr qərarının məqsədlərindən biri siyasi qüvvələri prosesdən kənarda qoymaqdır”.

Mərkəz rəhbəri təxmin edir ki, növbədənkənar seçkilər fevral və ya mart aylarında keçirilə bilər:

“Çünki dekabrın 23-də bələdiyyə seçkiləri keçirilir. Əgər ondan sonra 60 günü hesablasaq fevralın sonuna düşür. Bu da vətəndaş cəmiyyəti, media, beynəlxalq təşkilatlar və nəhayət, müxalifətin hazırlaşmaq üçün az zamanının qaldığını deməyə əsas yaradır”.


“İslahat adı altında özlərinin cavan qohumlarını vəzifəyə gətiririlər”

AXCP sədri Əli Kərimli çox qısa müddətdə seçkidə iştirak edib-etməmək haqda qərar verəcəklərini deyib və əlavə edib ki, ölkədə demokratik seçki mühiti yoxdur.

Əli Kərimli parlamentin İlham Əliyevin islahatlar siyasətinə adekvat olmaması barədə tezisini gülünc sayır:

Əli Kərimli
Əli Kərimli

“Ümumiyyətlə, indiki parlament Əliyevin hansı göstərişinin, yaxud təklifinin əleyhinə səs verib? Orada olanları aşağılayırlarsa, hansı islahatlardan danışmaq olar. İslahat adı altında özlərinin cavan qohumlarını vəzifəyə gətiririlər. Heç bir idarəçilik fəlsəfəsi dəyişməyibsə, bu barədə danışmaq gülüncdür. Ümumiyyətlə, hakim partiya bu qərarı İlham Əliyevin göstərişi ilə verib. Qərar hakimiyyətin bir ailənin, Paşayevlər klanının əlində cəmləşməsinin başa çatmasına hesablanıb”.


“Azərbaycan vətəndaşları tarixi məqamdan istifadə etməlidirlər”

ReAL Partiyasının sədri İlqar Məmmədov xatırladıb ki, onlar qanunverici orqana təkliflər paketi göndərəndə indiki mənzərənin olacağı barədə ehtimallarını səsləndirmişdilər. Konstitusiyanın 98.1 maddəsinə görə prezident Milli Məclisi buraxmalıydı:

“Biz o zaman öz mövqeyimizi ifadə etsək də, prezidentin bu istiqamətdə addım atmağa gücü və ya cəsarəti çatmadı. Halbuki, bununla bağlı Konstitusion səbəb vardı. Hər bir halda partiyamız qərara hazır idi və hər kəsi də hazırlaşmağa çağırırdı. İndi də hər kəsi seçkilərdə iştiraka çağırırıq, özümüz də iştirak edəcəyik. Azərbaycan vətəndaşları tarixi məqamdan istifadə edib cümhuriyyətə səs verməlidir, monarxiyaya yox. YAP-ın qərarı islahatlarla bağlı deyil. Sadəcə, sülalə rejimini möhkəmlətmək üçün mövcud addımlar atılır”.

ReAL Partiyasının sədri İlqar Məmmədov
İlqar Məmmədov

Ancaq İlqar Məmmədov özü də daxil olmaqla partiyanın 3 üzvünün seçkilərdə iştirak edə bilməyəcəyini qeyd edib:

“Azərbaycan hökuməti hələlik Avropa Məhkəməsinin mənim haqqımda qəbul etdiyi qərarı tanımır. Eyni zamanda, Rəsul Cəfərov və Zaur Qurbanovun da hüquqları tanınmır. Yaxın həftələrdə hüquqi addımlarımızı atacağıq. İlkin siyahımıza uyğun olaraq isə 80-90 nəfər iştirak edəcək. Digər partiyalarla da dairələrin bölüşdürülıməsi yönündə danışıqlara hazırıq”.


“Hakimiyyət ölkədə qarşıdurmanın yaranacağından narahatdır”

Müsavat Partiyasının başqanı Arif Hacılı Milli Məclisin xalqın iradəsi ilə formalaşmaması səbəbindən buraxılmalı olduğunu hesab edir:

“Ancaq YAP-ın qərarı bununla bağlı deyil. Hakim partiya siyasi hakimiyyətin göstərişi əsasında belə bir qərar qəbul edib”.

Arif Hacılı hakimiyyətin parlamenti buraxmasının səbəbini hakimiyyət daxili ziddiyyətlərin çox yüksək həddinə çatması ilə bağlı olduğunu düşünür:

“Sadəcə, bu qərarın ardınca bir sıra addımlar atmaqla daxili konfliktlərin qarşısını almağa cəhd göstəririlər. Amma nəticə proseslərin gedişatından asılı olacaq. Yəqin ki, hakimiyyətin son vaxtlar müxalifətin üzərinə hücumları bununla bağlıdır. Hakimiyyət ölkədə qarşıdurmanın yaranacağından, yəni müxalifətin vəziyyətin dəyişəcəyinə cəhd göstərməsindən narahatdır. Ona görə cəmiyyəti müxalifətə qarşı kökləməyə çalışırlar. Əgər müxalifət düzgün qərarlar qəbul etsə, hakimiyyətin siyasi iradəsi olsa, heç olmasa, normal qanunverici orqanın olması üçün təşəbbüs göstərsə, ölkə böhrandan çıxa bilər. Amma Əliyevin son çıxışları belə nikbin proqnozlara əsas vermir”.

ARIF HAJILI – Musavat (2).jpg
Arif Hacılı

Arif Hacılı Müsavat Partiyasının seçkilərə qatılacağı haqda suala konkret cavab vermədi:

“Noyabrın 29-da Divanın növbədənkənar iclasında məsələ müzakirə ediləcək. Biz ReAL və AXCP-yə təklifimizi təqdim etmişik. Normal Milli Məclis yaranmalıdırsa, proporsional seçki qaydası bərpa olunmalı, seçki qanunvericliyi təkmilləşməli, seçki kampaniyasının dövrü iki dəfə artırılımalıdır”.

Azərbaycan Milli Məclisinə seçkilər sonuncu dəfə 2015-ci ildə keçirilib. Milli Məclisdə çoxluq Yeni Azərbaycan Partiyasına məxsusdur. Növbəti seçkilər 2020-ci ildə keçirilməli idi. Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, Milli Məclis buraxılır.

Ana səhifəSiyasət“Qərar hakimiyyətin “Paşayevlər” klanının əlində cəmləşməsinin başa çatmasına hesablanıb”