Qatillər ölkəsi

Azərbaycanda mentaliteti nə qədər dəstəkləyirsənsə, idarə edən rejimi də o qədər dəstəkləyirsən

Source: Meydan TV


Azərbaycanda mentaliteti nə qədər dəstəkləyirsənsə, idarə edən rejimi də o qədər dəstəkləyirsən

Gənc şairə Günel Mövludun bir yazısı var. Gənclərimizin davranışlarındakı xoşagəlməzlikləri Qərbin, Avropa dəyərlərinin ayağına yazanlara şillə vuran yazıdır. Orada Günel deyir ki, hərbi xidmətdə 18 yaşlı uşaqlar olur adətən. Onların çoxu da nəinki Qərb mədəniyyəti ilə yaxından tanış ola bilməyib, ümumiyyətlə, Azərbaycandan qırağa çıxmayıb, elə öz mentalitetimizlə, adət-ənənələrimizlə böyüyüblər, ağsaqqal məsləhəti, ağbirçək nəsihəti həyat devizləridir, bir sözlə onlar Azərbaycan mentalitetinin saf məhsullarıdırlar. Bəs bu gənclər əsgərlikdə nə edirlər? – Bir-birlərini alçaldırlar, zorlayırlar, söyürlər, başlarını tualetə soxurlar, bir-birlərinin üzərlərinə işəyirlər, döyürlər, öldürürlər… Bunların hansını Qərb öyrədib onlara?!

Sadəcə mənim Günellə razılaşmadığım məsələ odur ki, burada əsas problem korrupsiyadır. Elə mentaliteti yaşadan da korrupsioner rejimdir. Amma hər bir halda cəmiyyətin necə olmasını bilmək üçün onun təsadüfi seçimlə yığılmış nümayəndələrinin çətin şəraitdə özlərini necə aparmalarına baxmaq lazımdır. Yəni həbsdə, hərbi xidmətdə, aclıq vaxtlarında, müharibədə və s. özlərini necə aparırlarsa, deməli, azad mülki həyatda da onlardan hər an o davranışı gözləmək olar.

Şəxsi təcrübəm bu sahədə kasıb deyil. Dedovşinanın tüğyan elədiyi 3 hərbi hissədə olmuşam, həbsdə də olmuşam, 1990-ları da yaşamışam. Əminəm ki, bizim insanlarımız sovet sisteminin təsiri altında hər şeyi dövlətdən, yuxarıdan gözləyirlər, bir az çətinə düşən kimi özlərini itirirlər. Azadlıqları, pulları, ailələri təhlükəyə düşən kimi dərhal mənəvi keyfiyyətləri unudur, ağlagəlməz rəzilliklər edə bilirlər.

6 il əvvəl minlərlə gənc ordudakı korrupsiyaya və dedovşinaya etiraz edirdi. Mitinqlər oldu, tutulanlar, işgəncə görənlər, uzun müddətliyə azadlıqdan məhrum edilənlər oldu. Bu gənclərin etirazları birbaşa ordudakı vəziyyətlə əlaqəli olsa da, onlar əslində bütün cəmiyyətdə olan korrupsiyanın, dedovşinanın əleyhinə çıxırdılar. Bəlkə kimlərəsə şişirdilmiş görünər, amma həqiqətən də bizim yaşadığımız xırda toplumlar – məktəb, bağça, iş yeri, universitet, küçə, məhəllə və s. sərt dedovşina qaydalarına uyğunlaşdırılıb, tolerans çox aşağı səviyyədədir.

Xeyli adam tanıyıram ki, xaricdə olanda aldıqları paltarları Azərbaycanda geyinmək üçün saxlayırlar. Çünki xaricdə hansı paltarı geyinsələr də, ictimai qınaq yoxdur. Azərbaycanda isə nəzarət var. “Tarqovı”ya çıxmaq, “Mall”a getmək, toya getmək, məhləyə çıxmaq – hamısı məsuliyyətdir, sərt qaydalar var, kimin nə geyinməsini cəmiyyət diktə edir. Qarşı çıxsan, hörmətdən düşürsən, etibarını itirirsən, çıxdaş olunursan.

Korrupsiya piramidasının amansız qaydaları əsasında möhkəmləndirilmiş bu mentalitet bizi hər yerdə izləyir. Hətta yataqda da. Məsələn, kişilər öz “kruq”larında kunilinqus etdiklərini deyə bilməzlər. Orta-statistik kişilərin arvadları ilə yalnız klassik pozada, yalnız vaginal sekslə məşğul olduqları ehtimal olunur. Qalan şeylər üçün fahişələr var. Dükanda kişi üstü güllü, bəzəkli tuman ala bilmir, ayıbdır. Alt paltarımıza, o paltarın altındakılara da cəmiyyət nəzarət edir. Böyük qardaşın gözü hər yerdədir.

Həm də bu göz siyasi məsələlərə, etirazlara nəzarət edən gözdür, eyni qardaşdır. Hansısa söhbətdə “mən bu hökumətin devrilməsini istəyirəm” deməklə “mən kunilinqus edirəm” demək eyni qədər təhlükəli və bəyənilməyən hərəkətdir. Hər ikisində bunu deyən adamdan uzaq dururlar, onu çıxdaş edirlər, ona etibar etmirlər. Bizim mentalitet tam siyasidir. Dədə-baba adətini yaşatmaq elə YAP-çı olmaq deməkdir.

Axının əleyhinə getmək ləzzətli olsa da, bezdiricidir. Adam hər gün mübahisə edə-edə yaşaya bilməz, əsəb qalmaz. Ona görə də axına qarşı gedən adamlarımız da bir-iki sahəni seçib, o sahələrdə axın əleyhinə gedirlər, qalan yerlərdə özlərini buraxırlar axının ixtiyarına. Məsələn, kimsə müxalif partiyaya üzv olur, partiyanın bəzi tədbirlərinə gedir, bununla vicdanının axının əleyhinə getmək tələbini yerinə yetirir. Başqa sahələrdə isə axına qoşulur. Məsələn, arvadını evdə döyür. O, artıq evdə YAP-çıdır.

Azərbaycanda mentaliteti nə qədər dəstəkləyirsənsə, idarə edən rejimi də o qədər dəstəkləyirsən. Azərbaycanda siyasətə qarışmayanlar hamısı YAP simpatizanı olaraq, siyasi fəaliyyətlə məşğuldurlar. Məktəbdə yubkanın gödəkliyinə görə qızı aşağılamaq, evdə arvadı döymək, evlənmək üçün bakirə qız və ya pulu, evi, maşını olan dayı axtarmaq – hamısı bu rejimi dəstəkləməkdir. Nə vaxtsa, YAP getsə və yenə mentalitetə sadiq adamlar hakimiyyətə gəlsələr, o demək olacaq ki, rejim dəyişməyib.

Elinanı korrupsiya, o korrupsiyanın ayaqda saxladığı mentalitet, dedovşina öldürdü. Sosial şəbəkələrdə homofob çağırış edənlər, “petux” sözü ağızlarından düşməyənlər, “qız uşağı” barədə atalar sözlərini təkrarlayanlar, bakirəliyin “elmi əsasları”nı axtarıb “tapan”lar, evdə qızını döyüb dizini qoruyanlar, arvadını sosial şəbəkələrə buraxmayanlar, oğlunu “kişi” kimi böyüdənlər, qızına çəhrayı xəkəndaz, süpürgə oyuncaqları alanlar, uşaqlarının gözü qabağında zorakılıq edənlər… öldürdü Elinanı. Siz övladınıza homofob, vəhşi, ibtidai tərbiyə verdikcə, onun fərqli insanları, özünə oxşamayanları dedovşina etməsinə birbaşa səbəb olursunuz, gələcəyin qatillərini hazırlayırsınız. Elina pəncərədən yıxılandan sonra öldü, amma bu, onu ölümə aparan yeganə zərbə deyildi. Ona minlərlə zərbə dəyib – sosial şəbəkələrdəki, məktəblərdəki, ailələrdəki bullinq, qısnama ifadələri, hərəkətləri, jest və mimikaları ona indiyə qədər dəyən zərbələr idi. Özünüzü quruya çıxatmağa çalışmayın, bu qətldə sizin də duzunuz var.

Ana səhifəXəbərlərQatillər ölkəsi