“Qardaşım polis şöbəsindəki işgəncələrdən 17 gün sonra öldü”

Xudat sakini Ramin Əliosmanovun aldığı xəsarətlərdən öldüyü güman edilir

Source: Meydan TV


Xudat sakini Ramin Əliosmanovun aldığı xəsarətlərdən öldüyü güman edilir

“Gecə saat 11-də məhəllədə dayanıb siqaret çəkirmiş, iki maşın polis tökülüşüb məhəlləyə, əlini-ayağını bağlayıb, atıblar maşına, aparıblar Xudat polis şöbəsinə… Səhərəcən işgəncə veriblər, səhər də ordan Xaçmaz Polis Şöbəsinə götürüblər”.

Bu il noyabrın 22-də Xudat sakini, 35 yaşlı Ramin Əliosmanovun meyiti yaşadığı evin vanna otağından tapılıb. Bacısı Nazilə Məlikova iddia edir ki, qardaşı Ramin ölümündən bir neçə gün əvvəl saxlanıldığı Xudat Polis Şöbəsində ona verilən işgəncələr nəticəsində aldığı xəsarətlərin təsirindən ölüb.

Nazilə Məlikovanın sözlərinə görə, qardaşı Ramin Əliosmanov noyabrın 2-də yaşadığı məhəllədə polislər tərəfindən maşına mindirilərək Xudat Polis Şöbəsinə aparılıb. Elə həmin gecə polislər Raminin dostuna məxsus avtomobili də gəlib məhəllədən aparıblar.


“Anamı aldadıb 300 manatını almışdılar”

“Əvvəl Ramini aparıblar, sonra da dostunun maşınını… Sabahı gün dostu maşının dalınca gələndə görüb ki, yerində yoxdur. Anama deyib, maşını Raminə verib getmişdim. Anamsa bildirib ki, Ramin də gecədən evdə yoxdur. Ramini günortaya qədər axtarıblar, günorta Raminin də, maşının da sorağı Xudat Polis Şöbəsindən çıxıb. Xudat Polis Şöbəsində anama deyiblər ki, Ramin içində cinayət törətdiyi üçün maşın şöbəyə gətirilib. Maşını geri qaytarmaq üçün anamdan 500 manat istəyiblər. Anam da yaşlı arvaddır, polislərə inanıb, ancaq 300 manat toplaya bilib və aparıb polislərə verib, maşını qaytarıblar. 3 gün sonra Ramin evə buraxılanda məlum olub ki, maşınlıq bir iş yox imiş, anamı aldadıblarmış. Biz ora-bura şikayət edəcəyimizi deyəndən sonra anamı çağırıb 300 manaı özünə qaytardılar”, – Nazilə Məlikova danışır.

Qadın deyir, qardaşı 1 gün Xudat, 2 gün Xaçmaz polis şöbələrində saxlanılıb, noyabrın 5-də barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Xaçmaz Rayon Məhkəməsinə götürülüb. Ancaq məhkəmədən evə buraxılıb.


“Hakim demişdi, adamları niyə bu vəziyyətə qoyursuz”

“Noyabrın 5-də axşamtərəfi evə gəldi. Başı-gözü, bədəni gömgöy idi. Dedi, “mənə çoxlu işgəncələr verilib. Məhkəməyə götürüləndə də halım üstümdə deyildi. Hakim mənə baxdı, polislərə acıqlandı, dedi, indi mən bunu Kürdəxanıya (istintaq təcridxanası) necə göndərim? Adamları elə günə qoyub bura gətirirsiz ki, burdan o tərəfə göndərmək olmur. Hakim həbs-qətimkan tədbiri seçmədi, məni evə buraxdılar ki, bir az müalicə olunum, sonra məhkəməm olacaq”. Raminə Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədilə narkotik vasitələri əldə etmə” maddəsi verilmişdi. Hamı məəttəl qalmışdı ki, o maddəylə adamı necə evə buraxarlar… Ramin evə buraxılan gündən həm müalicə olunmaqla, həm də şikayət yazmaqla məşğul idi. Xudat polis rəisi tez-tez evə xəbər göndərirdi ki, şikayətləri dayandırsın. Xaçmaz Polis Şöbəsinin müstəntiqi isə anamı çağırıb söz vermişdi ki, Ramin ora-bura şikayətlərini dayandırsa, 234.2-ni dəyişib 234.1-lə əvəz edə bilər”, – mərhumun bacısı danışır.


“Daxili orqanları sıradan çıxmışdı”

Nazilə Məlikovanın sözlərinə görə, Ramin ona verilən işgəncələrlə bağlı Xaçmaz Rayon Prokurorluğuna ərizə ilə müraciət edib:

“Ramin evə qayıdandan sonra üstü açıldı ki, qapıdan maşını aparmaqda məqsədləri pul qoparmaq olub. Qeyd etdiyim kimi, bunu biləndən sonra anam prokurorluğa şikayət edəcəyini dedi və buna görə də polislər 300 manatı geri qaytardılar. İşgəncələrə gəlincə, Ramin danışırdı ki, onu Xudat Polis Şöbəsində qapının üstündəki dəmir barmaqlıqlara bağlayıb, döyüblər. Qardaşım dörd dəfə cərrahiyyə əməliyyatı keçirmişdi. Sonuncu dəfəki mədə əməliyyatından heç bir il keçməmişdi. O, bu barədə polislərə bildirmişdi ki, mədəsinə zərbələr vurmasınlar. Ancaq bunu biləndən sonra polislər onun mədəsinə çoxlu təpiklər vurmuşdular. Tələb etmişdilər ki, narkotiki aldığı adamların adlarını çəksin. Ramin evə buraxılandan sonra Xaçmaz Rayon Prokurorluğuna ərizə ilə müraciət etdi. Hətta rayon prokuroru şəxsən özü onu qəbul edib dinləmişdi. Ramin gecələr ağrılardan yata bilmirdi. Həkimə aparırdıq, daxili orqanlarını müalicə etdirirdik. O qədər vurmuşdular ki, bütün daxili orqanları sıradan çıxmışdı“.

Screenshot 2019-12-27 at 12.45.54.png
İşgəncə izləri


Meyiti vanna otağından tapılıb

Noyabrın 22-də axşam saatlarında yaşadığı mənzildəki hamama girən Raminin meyiti az sonra vannada suyun içərisində tapılıb. Ailə üzvləri onun ölümünə səbəbin 17 gün əvvəl aldığı işgəncələrin olduğunu iddia edirlər. Düşünürlər ki, aldığı zərbələrdən əzilən daxili orqanlarda qəfil qanaxma baş verib. Ailə üzvləri onun ölümündən sonra rəsmi qurumlara müraciət ediblər:

“Dədələrlə Daxili işlər nazirinə, Baş prokurora müraciət etmişik, hələ də bizi qəbul edib, dinləyən olmayıb. Həqiqətləri ört-basdır etməyə çalışırlar. Qəsdən söz yayırlar ki, guya Ramin narkotikdən normadan artıq qəbul etdiyi üçün zəhərlənib, ölüb. Bir tərəfdənsə deyirlər, hələ ekspertizanın rəyi gəlməyib. Ölümün nədən baş verdiyi hələ təsdiqlənməyibsə, belə məlkumatları yaymaqda nə məqsədləri var?”

Ramin Əliosmanovun qardaşı danışır:

“Meyiti özüm yudum. Polisdən buraxılmasından az qala 3 həftə keçmişdi, amma belində işgəncə izləri hələ də qalırdı, qapqara idi”.


“Ekspertiza rəyi olmadan danışmaq düzgün deyil”

Xaçmaz Rayon Prokurorluğundan bildirilib ki, Ramin Əliosmanov polis tərəfindən işgəncəyə məruz qalması ilə bağlı ölümündən bir neçə gün əvvəl prokurorluğa ərizə ilə müraciət edib. Onun ərizəsi araşdırıldığı müddətdə vəfat edib. Ramin Əliosmanovun ölümünün səbəbi ekspertiza rəyi prokurorluğa daxil olandan sonra bilinəcək.

Xudat və Xaçmaz polis şöbələrindən Meydan TV-yə bildirilib ki, müxbir əlavə məlumatı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən ala bilər. Qurumun mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb. Ancaq eyni məsələylə bağlı qurumun mətbuat xidmətinin rəisi Ehsan Zahidov “criminal.az” saytına açıqlama verib. Bildirib ki, araşdırmalar başa çatmadığından, ekspert rəyi olmadan Ramin Əliosmanovun polis şöbəsində döyülməsi ilə bağlı iddiaların səsləndirilməsi düzgün deyil: “… Aydınlıq üçün bildirim ki, bu il noyabrın 3-də Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Ramin Əliosmanov Xudat şəhəri ərazisində şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərində keçirilmiş şəxsi axtarış zamanı 0.332 qram tiryək, 0.281 qram heroin və 0.470 qram marixuana aşkar edilərək götürülüb. Fakt üzrə noyabrın 4-də Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb və noyabrın 5-də R. Əliosmanov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək sərbəst buraxılıb”.

Xəsarətlərə gəlincə, Ehsan Zahidov bildirib ki, hələ polis şöbəsində dindirilərkən Ramin Əliosmanov həmin xəsarətləri şöbəyə gətirilməmişdən bir neçə gün əvvəl həyətdə yıxılma nəticəsində aldığını bildirib və bu aktlaşdırılıb.

Ana səhifəBölgə“Qardaşım polis şöbəsindəki işgəncələrdən 17 gün sonra öldü”