”AXCP rəhbərliyinin əleyhinə ifadə almaq üçün işgəncə verirdilər”

Təqsirləndirilənlərin bəzisi bədənlərinə elektroşok verildiyini deyir

Source: Foto: sosial şəbəkə


Təqsirləndirilənlərin bəzisi bədənlərinə elektroşok verildiyini deyir

2020-ci ilin iyulunda – Tovuz hadisələri dövründə Bakıda keçirilən orduya dəstək yürüşüylə əlaqədar həbs olunan və şərti olaraq, “Qarabağ məhbusları” adlandırılan 37 nəfərdən 12-sinin işi üzrə martın 4-də məhkəmə istintaqı başlayıb. Onların arasında AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov da var.

Bu işə Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov baxır. Amma proses Bakı Apelyasiya Məhkəməsinin binasında keçirilir. Hakim məhkəmə prosesini izləməyə gələnlərin heç birini, o cümlədən jurnalistləri məhkəməyə buraxmayıb.

Məhkəmədə prokuror ittiham aktını elan edilib. Təqsirləndirilən 12 nəfərdən heç biri özünü təqsirli bilməyib. 8 nəfər ifadə verib, onların arasında AXCP funksionerləri Məmməd İbrahim və Ayaz Məhərrəmli də olub. Onların hər ikisi iyulun 14-dən 15-nə keçən gecə orduya dəstək yürüşündə baş verənlərin təşkilatçısı kimi təqdim olunur. Lakin AXCP funksionerləri nəinki təşkilatçı olmadıqlarını, ümumiyyətlə, həmin yürüşdə iştirak etmədiklərini bildiriblər. Bu cinayət işinin qondarma, ittihamların da saxta olduğunu, AXCP-nin keçirilən yürüşə və orada baş verənlərə heç bir aidiyyəti olmadığını vurğulayıblar. Əlavə ediblər ki, partiya üzvlərindən bəziləri yürüşə öz təşəbbüslərilə qatılıblar.

Təqsirləndirilən şəxslərdən AXCP-yə aidiyyəti olmayanlar ifadələrində bildiriblər ki, istintaq zamanı işgəncələrə məruz qalıblar. Hətta bəzilərinin bədəninə elektroşok verilib. Onlar bildirib ki, yürüşdə AXCP rəhbərliyinə daxil olan şəxslərin təlimatı əsasında iştirak etdikləri və Milli Məclisin binasına girdikləri barədə ifadə vermək tələb olunub.

Məhkəmə prosesi davam edir.

Məhkəmə prosesindən sonra Fuad Qəhrəmanlı Meydan TV-yə açıqlamasında bildirib ki, orduya dəstək yürüşü xalqın müştərək tədbiri idi. Bunu hər hansı təşkilata bağlamaq tədbirin mahiyyətinə kölgə salmaqdır: “Bu cinayət işi xalqın milli məsələ ilə bağlı həssaslığını siyasiləşdirib, repressiya məqsədilə bəhanə kimi istifadə etməkdir. AXCP-nin bu yürüşlə bağlı təşkilatçılığından söhbət gedə bilməz. Hətta həmin gün öz aramızda müzakirələrdə də partiya rəhbərliyinə daxil olan şəxslər bildirib ki, yürüşdə iştirak məqbul deyil, çünki hakimiyyət siyasiləşdirmək üçün bəhanə kimi istifadə edə bilər”.

Bu cinayət işi üzrə təqsirləndirilən 37 nəfər sırasında AXCP-nin 15 fəalı ilə yanaşı, Naxçıvan daxili işlər nazirinin sabiq müavini Səyavuş Mustafayev, Azərbaycan Demokratiya və Rifah Hərəkatının, Müsəlman Birliyi Hərəkatının da üzvləri var.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb.

AXCP bu ittihamların saxta olduğunu, üzvlərinin siyasi sifarişlə məsuliyyətə cəlb edildiyini bəyan edib.

Ana səhifəXəbərlər”AXCP rəhbərliyinin əleyhinə ifadə almaq üçün işgəncə verirdilər”