“Qarabağ” deyişməsi

Başqa təklifdə isə “ətraf rayonlar” adlanan beş rayon Azərbaycana geri qaytarılır və sonra danışıqların ikinci mərhələsi başlayır.

Seymur Həzi, Foto:: Meydan TV


Biz problemin lüğətini belə qura bilməmişik

İlham Əliyevin Paşinyanla Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Debat-görüşü” işğal məsələsini yenidən gündəmin qızğın məsələsinə çevirməliydi, amma çevirmədi. Əvəzində İlham Əliyevin təbliğatı yeni vüsət aldı. Axı nə baş verib? Torpaqlarımız gerimi alınıb? Masa arxasında diplomatik uğurmu əldə etmişik? Beynəlxalq birlik düşməni yamanlayan mövqemi sərgiləyib? Heç biri. Bəs məsələ nədir ki, bu qədər qızğın təbliğat gedir? Heç nə, İlham Əliyev uzun illərdən sonra cəmiyyətdə orta səviyyəli, orta təhsili olan şəxslərin də bildiyi, özü də sinədəftər bildiyi arqumentləri Paşinyanın üzünə səsləndirib. Bu işin populist tərəfidir. Əliyevin bu üstünlüyü daha çox ölkəmizin təbii üstünlüyüdür. Biz beynəlxalq birliyin ciddi subyektləri tərəfindən dəfələrlə haqlı elan edilmişik. BMT qətnamələri, AB qətnamələri buna sübutdur. Ancaq bütün bu üstünlük niyə real müstəvidə bizim köməyimizə çatmır? Və nədir bu real müstəvinin mənzərəsi?


Doqma-1

Ermənistan işğalçıdır və heç şübhə yoxdur ki, bu işğal faktının təşkilində tək deyil. Onun arxasında Rusiya, önündə isə separatçı dəstələr durur. Burada birmənalı olan budur ki, bizimlə dialoqun tərəfi Ermənistandır. Biz Ermənistan qoşunları ilə savaş halındaykən nə Rusiyanı tərəf kimi ittiham edə, nə də separatçı dəstəni tərəf kimi tanıya bilərik. Niyə? Çünki Rusiya sözdə özünü sülhdə maraqlı tərəf kimi göstərir. Göstərir, amma Ermənistanı silahlandırmaqdan da geri qalmır, bizə də silah satır. Minsk Qrupu çərçivəsindəki fəaliyyətini davam etdirir və yenə də formal olaraq sülhyaratma missiyasında yer alır. Separatçı dəstə isə əlbəttə, tanına bilməz. Çünki biz onların istinad etdiyi hüquq məntiqini qəbul etmirik və onlar Azərbaycan qanunları qarşısında konkret cinayətkardırlar.


Doqma-2

Azərbaycan işğala məruz qalıb. Bunu dünya belə qəbul edir. İşğal olunmuş rayonların sakinlərindən məhz “Qarabağ icması” düzəltmək kobud diplomatik səhvdir. Çünki bu Azərbaycanın unitar dövlət kimi öz ərazisində xalqın və ərazinin vahidliyi prinsipinə zidd olmaqla yanaşı, həm də “Qarabağ” anlayışını inzibati vahid kimi qəbul etməkdir. Halbuki, Azərbaycanın inzibati xəritəsində “Qarabağ” adında bostan yeri də yoxdur. Ermənistan isə konkret olaraq Azərbaycanın BMT-də tanınmış xəritəsi üzrə 11 inzibati vahidini tam və ya qismən işğal edib. Bunu danmaq mümkün deyil və bu cür rəsmi beynəlxalq üstünlük varkən, diplomatiyaya “Qarabağ”, “ətraf rayonlar”, “Yuxarı Qarabağ” kimi anlayışları buraxmaq mexaniki olaraq özünün konstitusion prinsiplərini mübahisələndirməkdir.


Gedişat və gedişlər

Gedişat budur ki, 1990-cı illərin əvvəlində AXC hakimiyyəti dövründə Azərbaycan və Ermənistan arasındakı ərazi münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını BMT-də 134 ölkə dəstəkləyirdi. 2011-ci ildə bu rəqəm 34 olmuşdu. Burada əlbəttə, statistika bizi narahat etməyə bilməz. Çünki bu beynəlxalq rəydə itirilən mövqelərin əmsallarıdır. Biz yüz dövlətin bizim lehimizə olan mövqeyini itirmişik. Bu reallığı qiymətləndirərkən heç bir “niyə” sualına cavab vermək istəmirəm. Qoy bunu müdrik xarici siyasətin müəllifləri açıqlasınlar. Biz isə öz şərhimizi saxlayırıq. Gedişlər odur ki, Azərbaycan tərəfi erməni azlığa ən yüksək muxtariyyat təklif edir. Bu təkliflərin bir neçə forması var. Məsələn,bir təklif belədir ki, azərbaycanlılar qayıdırlar öz vətənlərinə və beynəlxalq müşahidə altında 15 il ermənilərlə birgə yaşadıqdan sonra Qarabağın hüquqi statusuna dair elə həmin “bölgə”də referendum keçirilir. Bu təklif Azərbaycan konstitusiyasına ziddir. Azərbaycanın ayrıca bir ərazisində referendum keçirilə bilməz. Üstəlik nəzərdə tutulan ərazilərdə ermənilərin çoxluq təşkil etdiyi hər kəsə bəllidir.

Başqa təklifdə isə “ətraf rayonlar” adlanan beş rayon Azərbaycana geri qaytarılır və sonra danışıqların ikinci mərhələsi başlayır. Yəni konkret işğal olunan torpaqların iki ayrı qisim olduğunu Azərbaycan tərəfinə qəbul etdirmək istəyirlər.

Başqa bir təklifdə Kəlbəcər və Laçın danışıqlar predmeti olmadan, yəni ermənilərdə qalması şərtilə “ətraf rayonlar” və “yuxarı Qarabağ” məsələsi müzakirə olunur və mərhələli qaytarma təklif olunur ki, sonunda da ermənilər ən yüksək status tələb edir. Təbii ki, bu təkliflər qəbul edilməyib, amma bu, həm də diplomatiyanın hansı dalanda olduğunu, təklif verən deyil, təklif gözləyən mövqedə olduğunu göstərir.


Nədir əsas məsələ?

Biz problemin lüğətini belə qura bilməmişik. Tabuları və effemizmlərini yaratmamışıq. İtirdiyimizin geri alınması üçün lazım olanı dövlət səviyyəsində sıralamamışıq. Üstəlik, geri almaqda maraqlı kimi də görsənmirik. Debatlar yaxşıdır, amma axırında seçki olanda. Seçim olmayacaqsa, debat sadəcə, vaxt itkisidir.

Ana səhifəXəbərlər“Qarabağ” deyişməsi