“Qalileyaya sülh” əməliyyatı və Bəşir Jmayelin qətli

Dünyəvi FAT-ın gedişindən sonra yaranan vakuumu islamçı təşkilatlar doldurdular.

Foto: Meydan Tv


Livana müdaxilə hərbi qələbə ilə yekunlaşsa da, siyasi cəhətdən İsrailin məğlubiyyəti oldu

İsrailin Londondakı səfiri Şlomo Arqov iyunun 3-də axşam Dorçester otelində banketdən çıxarkən üç nəfərin silahlı hücumuna uğradı. Başından ağır güllə yarası alan səfir üç aydan sonra komadan çıxsa da, ömürlük iflic oldu və 2003-cü ildə vəfat edənə qədər xəstəxanada saxlanıldı.

Hücumu Əbu Nidal (mübarizənin atası) ləqəbli Səbri Xəlilin təşkilatı həyata keçirmişdi. O, Yasir Ərəfatın rəhbərlik etdiyi FƏTH təşkilatının bir müddət üzvü olmuş, 1974-cü ildə ayrılaraq FƏTH-İŞ (inqilab şurası) adlı təşkilatnı yaratmışdı. Amma mətbuatda və tarixi əsərlərdə daha çox Əbu Nidalın təşkilatı adlandırılır. Əbu Nidal Yasir Ərəfatın bəzən İsraillə danışıqlara getməsini xəyanət hesab edir, yalnız silahlı mübarizəni keçərli sayırdı.

İsrail kəşfiyyatı London terrorunun arxasında FƏTH-İŞ təşkilatının durduğu barədə hökuməti xəbərdar etməsinə və onun Yasir Ərəfata, Fələstin Azadlıq Təşkilatına (FAT) münasibətinin sirr olmamasına baxmayaraq, Tel-Əviv Arqova hücumdan FAT-ı cəzalandırmaq üçün istifadə etmək qərarına gəldi.

İsrail aviasiyası iyunun 4-də Beyrutun FAT nəzarətində olan qərb hissəsini bombaladı. FAT cavab olaraq İsrailin şimal ərazilərini artilleriya atəşinə tutdu. Ertəsi gün İsrailin hava, FAT-ın artilleriya zərbələri davam etdi. İsrail zərbələri nəticəsində 300 nəfərin, o cümlədən 150 livanlının öldüyü deyilir. FAT zərbələri nəticəsində isə 1 israilli öldü, 11 nəfər yaralandı.

FAT-ın atəşkəs təkliflərinə baxmayaraq, dörd il əvvəl Misirlə bağlanan sülh sazişinə görə Ənvər Sadatla birlikdə Nobel sülh mükafatına layiq görülən Menaxem Beginin rəhbərlik etdiyi hökumətin göstərişilə İsrail ordusu (Tsahal) iyunun 6-da Livan ərazisinə daxil oldu. Tərkibində 11 diviziyanın olduğu 3 korpusun hər biri müxtəlif istiqamətlərdən irəlilədilər.

Müdafiə naziri Ariel Şaronun və Baş qərargah rəisi Rafael Eytanın rəhbərlik etdiyi əməliyyata “Qalileyaya sülh” adı verildi. Qalileya İsrailin şimalında, Livanla sərhəddən cənubda yerləşən ərazi idi. İsrail hökumətinin rəsmi mövqeyinə görə, əməliyyatın məqsədi Fələstin qüvvələrini İsrail-Livan sərhədindən 40 km şimala qovmaq və beləliklə, FAT-ın SSRİ-dən aldığı “katyuşa” raketlərilə Qalileyanın atəşə tutulmasını dayandırmaq idi. Amma gerçəkdə iş Livanın cənubu ilə məhdudlaşmadı.

İyunun 7-də Suriya və İsrail aviasiyası, ertəsi gün isə quru qoşunları arasında döyüşlər baş verdi. İyunun 9-da israillilər uğurla həyata keçirdikləri əməliyyat nəticəsində suriyalıların Livandakı hava hücumundan müdafiə sistemini, demək olar ki, tam məhv etdilər. Havada üstünlüyü ələ alan Tsahalın yerüstü hücumu daha asanlaşdı. Ölkənin cənubunu ələ keçirən israillilər FAT-ın mənzil qərargahının Beyruta yerləşdiyini əsas gətirərək Livan paytaxtının üzərinə yeridi. İndi Tel-Əviv FAT-ı ümumiyyətlə Livandan çıxarmaq istəyirdi.

Livanda gedən vətəndaş müharibəsi Beyrutu iki yerə bölmüşdü. Şərq hissəsinə xristianlar, qərb hissəsinə isə müsəlmanlar nəzarət edirdilər. İsrail ordusu da Qərbi Beyrutu mühasirəyə aldı (iyunun 13-də). İsraillilər çoxlu itki verə biləcəklərindən ehtiyat etdiklərindən şəhərdaxili əməliyyatlara başlamadılar. Düşünürdülər ki, onların artilleriya və aviasiya dəstəyi ilə xristian-maronitlər paytaxtın qərbini fələstinlilər və müttəfiqlərindən təmizləyəcəklər. Amma maronitlər də bunu etmək istəmədilər.

Livan xristianları anlayırdılar ki, fələstinlilərlə öz aralarında vuruşmaq başqa, İsrailin müttəfiqi kimi vuruşmaq başqadır. Onlar da ərəb idilər və bunu nəzərə almağa məcburdular. Kətaib partiyasının (Livan falanqası) lideri Pyer Jmayel müsahibələrinin birində İsrailə dəstək verməmələrini ərəb dünyasında yad ünsürə çevrilmək istəmədikləri ilə izah edirdi. Livanın xristian düşərgəsindən yalnız “Sidr keşikçiləri” təşkilatı İsraili açıq-aşkar dəstəklədi. Zatən bu təşkilatın ideologiyasına görə livanlılar kökəncə ərəb deyil, qədim finikiyalıların törəmələri idilər.

İki aya yaxın vaxt ərzində Qərbi Beyrut dəniz, hava və qurudan atəşə tutuldu. Dinc əhali bu atəşlə yanaşı, ərzaq və su çatışmazlığından əziyyət çəkirdi. Ariel Şaron hökumətdən şəhərə hücum etmək üçün icazə istədi, amma bəzi hökumət üzvləri istefa verəcəklərini bildirərək Şaronun müraciətinin qəbuluna mane oldular. FAT lideri Yasir Ərəfat da dinc əhalinin iztirablarına Şaron qədər etinasız idi.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Filip Həbib avqustun 10-da tərəflərə razılaşma təklif etdi. Bundan iki gün sonra Şaron Qərbi Beyrutu xüsusilə güclü aviasiya bombardmanına məruz qoydu: nəticədə ən azı 300 nəfər həlak oldu. Prezident Reyqan hadisəni “mənasız və anlaşılmaz” adlandıraraq irad bildirdi. İsrail hökuməti Şaronun qəddarlığının qarşısını almaq üçün onun səlahiyyətlərini məhdudlaşdırdı, indi o, baş nazirdən icazəsiz aviasiyadan istifadə edə bilməzdi.

Avqustun 18-də ABŞ-ın vasitəçiliyi ilə sülh əldə olundu. Şərtlərə görə fələstinli döyüşçülər və FAT-ın mənzil-qərargahı Livandan çıxacaq, İsrail ordusu isə Qərbi Beyruta daxil olmayacaqdı. Burada yaşayan müsəlmanlara maronitlərin hücum etməyəcəyinə isə ABŞ dövləti adından zəmanət verilirdi. Beyruta ABŞ, Fransa, İtaliya və başqa ölkələrdən 2130 sülhməramlı gətirildi. Fələstinli döyüşçilərin çoxu dəniz vasitəsilə Tunisə, bir hissəsi də quru yolla başqa ərəb ölkələrinə keçdi.

***

Vətəndaş müharibəsinin gedişində xristianların ən güclü fiquruna çevrilən Bəşir Jmayel (Kətaib partiyasının lideri Pyer Jmayelin 35 yaşlı oğlu) avqustun 23-də Livanın yeni prezidenti seçildi. Amma andiçmə mərasimi keçirib vəzifəsinin icrasına başlamaq ona qismət olmadı.

Tel-Əviv oğul Jmayelin prezident seçilməsindən məmnun idi və onu öz satellitinə çevirəcəyni düşünürdü. Amma Livanın seçilmiş prezidenti o qədər zəif adam deyildi. Sentyabrın 1-də Beginlə görüşən Jmayel İsrailin şərtlərilə sülh müqaviləsi imzalamayacağını söylədi. Begin bildirdi ki, belə olduqda, İsrail ordusu Livanın cənubunda qalacaq. Qəzəblənən Jmayel “mən Livanı FAT və suriyalılardan təmizləmək üçün 7 ildir ona görə mübarizə aparmıram ki, onların yerini İsrail tutsun” deyərək görüşü tərk etdi.

Vətəndaş müharibəsinin gedişində tərəflərdən birinin rəhbəri olan Bəşir Jmayelin FAT-ın ölkədən çıxarılmasından yeni situasiyanın yaranmasını nəzərə alaraq milli barışıq yolunda bir sıra addımlar atdı. Hələ vəzifəsinin icrasına başlamasa da, Beyrutda Livan ordusunun hərbçilərindən başqa döyüşçülərin, o cümlədən Kətaib döyüşçülərinin (falanqaçılar) hərbi formada və silahla görünmələrini qadağan etdi. Paytaxtda iqtsadi həyat canlanmağa başladı.

Jmayel ABŞ nümayəndələri ilə əlaqə saxlayaraq milli konsensusun yaranması və sabitliyin bərpasına qədər sülhməramlı qüvvələrin hələ bir müddət Livanda qalmalarını istədi. Amma onun xahişi eşidilmədi və sentyabrın 10-da sülhməramlı qüvvələr ölkədən çıxdı. Bu, fəlakətli səhv idi.

Bəşir Jmayel sentyabrın 11-də nüfuzlu sünni siyasətçi, altı dəfə Livanın Baş naziri olmuş Sahib Salami ilə görüşdü. Yəqin ki, prezident olandan sonra hökumət qurulmasını ona tapşırmaq istəyirdi. Amma bu görüşdən üç gün sonra, sentyabrın 14-də Bəşir Jmayel vəzifəsinin icrasına başlamamış öldürüldü.

Kətaib Partiyasının mənzil-qərargahı üçmərtəbəli binanın ikinci mərtəbəsində yerləşirdi. Üçüncü mərtəbədə isə Suriya xüsusi xidmət orqanlarının casusu olan Həbib Şartuni yaşayırdı. O, öz mənzilinə xeyli partlayıcı maddə toplamışdı. Partlayıcı, Kətaibin iclas salonunda rəyasət heyətinin olduğu yerin üzərinə yığılmışdı.

Sentyabrın 14-də oğul Jmayel prezident vəzifəsinə başlamazdan öncə Kətaib üzvləri qarşısında vida çıxışı etmək üçün partiyanın mənzil-qərargahına gəldi. Onun çıxışa başlamasından az sonra Həbib Şartuni uzaqdan komanda ilə bombanı partlatdı. Nəticədə 27 nəfər həlak oldu. Üzü tanınmaz hala düşən Bəşir Jmayelin cəsədi barmağındakı üzük və cibindəki məktublar sayəsində müəyyənləşdirildi. Həbs olunan Şartuni əməlinə “Bəşirin ölkəni İsrailə satması” ilə haqq qazandırdı.

Livandakı vətəndaş müharibəsinin bütün komandirləri kimi Bəşir Jmayel də bir sıra cinayətlərə imza atmışdı. Zatən vətəndaş müharibəsi onun əmri ilə törədilən “Avtobus qırğını”ndan sonra başladı. Bəşir fələstinlilərə nifrət edirdi. 1970-ci ildə onlar tərəfindən oğurlanmış, döyülmüş və səkkiz saat sonra azad edilmişdi. Öz ölkəsində gəlmələr tərəfindən belə rəftara məruz qalması onun üçün xüsusilə təhqiramiz idi.

Bəşir hətta özünün vahid liderliyini qəbul etməyən digər marunit dəstələrinə qarşı da amansız idi (bu hadisələr haqqında əvvəlki məqaləmdə bəhs etmişəm). Bununla belə, prezident seçildikdən sonra atdığı addımlar göstərir ki, Jmayel Livanın həqiqətən müstəqil olmasını istəyən və fələstinlilərin gedişindən sonra milli barışığa can atan siyasətçi idi. Onun ölümü Livan üçün böyük itki oldu.

Maraqlıdır ki, Həbib Şartuni özü də xristian-marunit idi. Amma siyasi mübarizəni məzhəb çərçivəsində aparmayan, Livanın Suriyaya birləşdirilməsini və Böyük Suriya yaradılmasını arzulayan Suriya sosial-nasionalist partiyasının üzvü idi. Hadisədən sonra onun valideynləri, əmisi və qardaşı qəzəblənmiş falanqaçılar tərəfindən öldürülsələr də, özü 1990-cı ilə kimi məhkəməsiz həbsdə qaldı və həmin il suriyalılar tərəfindən azad edildi. Onun indi də Suriyada yaşadığı güman olunur.

***

Falanqaçılar Bəşir Jmayelin qisası olaraq iki gün sonra Səbra və Şətila qaçqın düşərgələrində yüzlərlə fələstinlini öldürdülər (bu qətliamdan növbəti məqaləmdə bəhs edəcəm). Hərçənd, dediyim kimi, qatil nə fələstinli, nə də müsəlman deyildi. İsrail hərbçilərinin Səbra və Şətila cinayətinə şərait yaratmaları bütün dünyada, eləcə də İsrailin özündə böyük rezonans doğurdu.

Tsahal FAT-la razılamanın şərtlərini pozaraq sentyabrın 15-də Qərbi Beyrutu tutdu. Amma ABŞ-ın təkidilə 5 gün sonra oranı tərk etdi və paytaxta ABŞ, Böyük Britaniya, Fransa və İtaliyanın sülhməramlı qüvvələri daxil oldu. Bir il sonra Tsahal İsrail-Livan sərhədindən 40-45 km şimalda axan Avali çayına qədər, 1985-ci ildə isə bir qədər də cənuba, “Təhlükəsizlik zonası”na çəkildi və 2000-ci ilə qədər burada qaldı. Yalnız həmin ildə israillilər Livanı tam tərk etdilər.

Livana müdaxilə hərbi qələbə ilə yekunlaşsa da, siyasi cəhətdən İsrailin məğlubiyyəti oldu. Əgər ərəb ölkələrinə qarşı əvvəlki müharibələr beynəlxalq ictimaiyyət tərəfindən əsasən müdafiə xarakterli və ədalətli qiymətləndirilirdisə, bu müharibədə təcavüzkar kimi tanındı. Üstəlik, həm Beyrutun mühasirəsi zamanı bombardmanlar, həm də Səbra və Şətila qırğını İsrailin beynəlxalq nüfuzunu xeyli zədələdi.

Həm də “Qalileyaya sülh” əməliyyatı gözlənilən nəticəni vermədi. Dünyəvi FAT-ın gedişindən sonra yaranan vakuumu islamçı təşkilatlar doldurdular. Məhz bu dövrdə daha radikal şiələr Amal təşkilatından ayrılaraq İranın dəstəyilə Hizbullahı yaratdılar. 2006-cı ildə İsrailin baş naziri Ehud Barak söyləyirdi: “Biz Livana daxil olanda Hizbullah yox idi. Cənubdakı şiələr bizi gül-çiçəklə qarşıladılar. Bizim orada qalmağımız Hizbullahı yaratdı”.

İsrail ordusu 1982-1985-ci illərdə 654 nəfər itki verdi, daha 4 nəfər itkin düşdü, 8 nəfər isə əsir alındı (onlar minlərlə fələstinli və livanlı əsirlə, eləcə də 1972-ci ildə Lod aeroportunda 28 nəfərin ölümü ilə nəticələnən terror aktına görə ömürlik həbsə məhkum olan Közö Okomoto ilə dəyişdirildilər). Suriya, Fələstin və yerli əhali arasında itkilərlə bağlı rəqəmlər isə çox müxtəlifdir.

İsrailin Livana müdaxiləsi Türkiyənin ASALA teror təşkilatına qarşı mübarizəsndə önəmli rol oynadı. Ermənilərin xristian olmasına baxmayaraq, ASALA sol görüşlü təşkilat idi və buna görə, fələstinlilərlə əməkdaşlıq edirdi. Təşkilatın üzvlərinin çoxu Livan ermənilərindən ibarət olurdu, onlar fələstinlilərin qaçqın düşərgələrində təlim keçirdilər. 1982-ci ildə FAT ilə birlikdə ASALA da Livanı tərk etməli oldu və bu, onu xeyli zəiflətdi.

Ana səhifəXəbərlər“Qalileyaya sülh” əməliyyatı və Bəşir Jmayelin qətli