Prezidentin əmisi qızının 5,5 milyon dolları müsadirə edilib

Azərbaycanlı cütlük Londonda və İbizada milyonluq əmlaka sahibdir

Source: The Times



Azərbaycanlı cütlük Londonda və İbizada milyonluq əmlaka sahibdir

Mikaela Jav adlı məşhur DJ pərəstişkarları qarşısında onlayn şəkildə şou göstərməyi sevirdi. “Facebook”da paylaşdığı ehtiraslı bir fotoşəkildə cazibədar “Santa Klaus” paltarında, qırmızı və ağ alt paltarında görünür.

"Bütün dostlarımın yeni ili mübarək !!!",- deyə o fonda Temza çayının cənub sahilindəki işıqların göründüyü balkonda poz verdiyi fotoşəkilə açıqlama kimi yazıb.

Fonda Londonun işıldayan yerləri və eyvanın hasarı görünən fotoşəkilin şəhərin ən prestijli yaşayış binalarından biri olan “Whitehall Court”da çəkildiyi görünür.

OCCRP keçən həftə Mikaela Javın əslində Azərbaycan Prezidenti İlham Əliyevin əmisi qızı olan İzzat Xanım Cavadova olduğunu ortaya çıxarıb.

O və əri Süleyman Cavadov, Azərbaycan elitasının istifadə etdiyi böyük bir yeraltı pul köçürmə sistemi olan, Azərbaycanın pulyuyan maşını da daxil olmaqla qeyri-şəffaf mənbələrdən 13,9 milyon funt sterlinq (təxminən 19,6 milyon ABŞ dolları) aldığı üçün İngiltərənin Milli Cinayət Agentliyi tərəfindən araşdırılır. Elə bu gün məhkəməyə müraciət etmək əvəzinə, cütlük işi həll edib və Süleymanın hesabındakı təqribən 4 milyon funt sterlinqin (5,5 milyon dollar) müsadirə edilməsini qəbul edib.

OCCRP, “Transparency International” təşkilatının İngiltərədəki şöbəsi ilə əməkdaşlıq edərək Cavadova və ərinin İngiltərədə biri “Whitehall Court”da olmaqla ən azı dörd mənzilın sahibi olduğunu ortaya çıxara bilib. Bu evlərdən üçü bu pul əməliyyatlarının edildiyi illərdə alınıb.

Bu müddət ərzində cütlük, Cavadovanın 2015-ci ildə DJ Mikaela Jav ləqəbiylə şənbə axşamları “Mikaela & Dostları”ziyafətlərini təşkil etdiyi İspaniyanın İbiza adasında iki əlavə daşınmaz əmlak alıb.

Cütlük aldıqları pulun Azərbaycandan qanuni yolla, icarə gəlirlərindən gəldiyini iddia edib. Vəkilləri isə pulun alıması sistemini etibarlı brokerlər şəbəkəsinin aralarında pul transferi etdikləri köhnə “həvalə” sisteminin bir hissəsi kimi xarakterizə edib.

İngilis müstəntiqlər Cavadovların sərvətinin mənbəyini müəyyənləşdirməyin istintaqın hüdudlarından kənar olduğunu söyləyib. Bununla yanaşı, onlar "[Cavadovların] həqiqətən kirayə gəlirləri olduğu görünsə də" və "böyük sərvət əldə etmək imkanı" olsa da, İngiltərədəki hesablara köçürülən vəsaitlərin daşınmaz əmlak gəliri olma ehtimalının olmadığını qeyd ediblər.

Milli Cinayət Agentliyi məhkəməyə Cavadovların "aldıqları pulları kirayəçilərdən deyil, çirkli pulların yuyulması ilə əldə etdiklərini bildiklərini" yazıb.

Süleyman Cavadovla İzzət Xanım Cavadova şərh istəklərinə cavab verməyib.

Mikaela-in-Ibiza.jpeg
Cavadova İbizada onun ziyafəti ilə bağlı reklam afişasının önündə poz verir.



London və İbiza mənzərələri

Cavadova həm London, həm də İbizanı öz evi kimi təsvir edib.

2016-cı ildə məşhur musiqi kanalı “Toazted”ə verdiyi bir reportajda "Burada yaşayıram, burada daşınmaz əmlakım var",- deyə o bildirib: "Ürəyim İbizaya aiddir".

Ancaq müstəntiqlərlə danışdıqda, o və əri Londonun "dünyanın ən sevimli şəhəri" olduğunu və İngiltərə paytaxtında "kök salmaq" istədiklərini söyləyib.

Faktiki olaraq, cütlük hər iki yerdə də mülklərə sahibdir.

Hazırda İngiltərədə ilk aldıqları, Cavadovaya məxsus olan mülk Londonda “Whitehall Court”dakı mənzil olub. O, mənzili 2005-ci ildə nağd pulla alıb. Onun ödədiyi qiymət məlum deyil, ancaq bu gün bu mülkün dəyəri 6.9 milyon funt sterlinq (9.5 milyon dollar) olaraq qiymətləndirilir.

2014-cü ildə Cavadova mənzili 4.7 milyon funt sterlinq (7.7 milyon dollar) olaraq dəyərləndirib, lakin bura heç vaxt satılmayıb.

İzzət Xanım Cavadova “Whitehall Court”da mənzil sahibi olanda sadəcə 25 yaşında olub. O dövrdə atası Azərbaycan parlamentinin üzvü idi.

Bir neçə il sonra Cavadovlar pulyuyan şirkətlərindən pul almağa başladıqda, başqa qiymətli alış-verişlər də ediblər.

2010-cu ildə onlar birlikdə Londonun cənub-qərbində hazırda 3,3 milyon funt sterlinq (4,6 milyon dollar) dəyərində olan bir mənzil alıblar. 2014-cü ildə Süleyman Cavadov Londonun mərkəzində 820.000 funt sterlinqə (1.3 milyon dollar) bir mənzil alıb.

Növbəti il ​​Cavadov, eyni gündə qurulan bir ispan şirkətindən istifadə edərək 1.5 milyon dollara İbizada lüks bir villa da satın alıb. Bir il sonra isə həyat yoldaşı adanın o biri tərəfində qiyməti bilinməyən dördotaqlı mənzil və iki dayanacaq alıb.

Cala-Carbo-Spain.jpeg
Süleyman Cavadovun İspaniyanın İbiza şəhərindəki Cala Carbo çimərliyi yaxınlığında yerləşən dəbdəbəli məhəllədəki villası.



Sirli pul

Cavadovların vəkili, onların "kommersiya maraqları" arasında "Azərbaycanın qabaqcıl araq, konyak və şampan fabriki" olduğunu və onların quşçuluq, inşaat və kənd təsərrüfatı sahəsində aktiv olduqlarını söyləyib.

Lakin İngiltərədə aldıqları pulun çoxunun kirayə gəlirlərindən gəldiyini əlavə edib.

Süleyman Cavadov haqqında ictimai məlumat çox azdır. 2020-ci ildə Azərbaycandakı rəsmi COVID-19 fonduna 59.000 dollar bağışladığı zaman yerli media onun kim olduğunu müəyyənləşdirməkdə çətinlik çəkib. Məlum olub ki, o, Azərbaycanın keçmiş energetika nazirinin müavini Gülməmməd Cavadovun oğludur. Lakin o, öz ölkəsində hər hansı bir biznes sahibi kimi tanınmır.

Bir neçə Azərbaycan şirkətinə sahib olduğu bilindiyi üçün onun həyat yoldaşının biznes maraqlarını müəyyənləşdirmək daha asandır. Bir işdə məhkəmə qeydləri göstərir ki, məhkəmə çəkişməsindən sonra Bakının mərkəzində sayı 10-dan çox olan böyük binalar onun şəxsi mülkiyyətinə çevrilib.

Azadlıq Radiosunun Azərbaycan ofisinin hazırladığı xəbərə görə, o, vəfat etmiş atası, Prezident Əliyevin əmisi Cəlal Əliyevlə birlikdə 1995-2002-ci illər arasında yaşayış kompleksləri inşa edən “Sahibtac” şirkətinin səhmdarlarından olub. 2010-cu ildə onlar şirkətin digər ortaqlarını şirkətin gəlirlərinin böyük hissəsini mənimsədikləri üçün məhkəməyə veriblər.

2011-ci ildə məhkəmə Cavadova və atasının lehinə qərar verərək, onları yalnız “Sahibtac”ın vəsaitlərilə deyil, həm də iş ortaqlarına məxsus başqa bir şirkətin vəsaitləri- 23 milyon dollar ilə mükafatlandırıb.

Talamanca-Ibiza.jpeg
İzzət Xanım Cavadova, İbizadakı bir qəsəbənin marinasında yerləşən bu binada dördotaqlı mənzil alıb.

Bakı Apelyasiya Məhkəməsi OCCRP-nin məhkəmə sənədlərinin təqdim edilməsi istəyinə cavab verməyib və məhkəməyə verdikləri ailə şərh verməkdən imtina edib.

2016-cı ildə ayrıca bir işdə, İngiltərədən deportasiya edilməsinə qarşı çıxan, adı açıqlanmayan bir azərbaycanlı məhkəmədə Cavadovanın ölən atasına arxalanan insanlar tərəfindən biznesinin ələ keçirilməsinə cəhd göstərildiyinə görə Azərbaycandan qaçdığını söyləyib. London Universitetinin beynəlxalq hüquq üzrə mütəxəssisi və işin şahidi Vilyam Bovrinq (William Bowring), Cavadovanın atasının "məhkəmədən [Azərbaycanda] keçmiş tərəfdaşlarına məxsus əmlakı müsadirə etmək üçün istifadə etdiyini" qeyd edib.



Gözlənilməz həll yolu

Adlarının açıqlanmasından imtina etdikləri üçün uzun bir məhkəmə çəkişməsində məğlub olan Cavadovlar, müstəntiqlərlə razılaşıblar və məhkəməyə müraciət etmək əvəzinə Süleymanın hesabında olan 4 milyon funt-sterlinqə əl qoyulmasını qəbul ediblər.

İngilis rəsmilər Cavadovlar tərəfindən Azərbaycanın pulyuyan maşınından alınan pulun bir hissəsinin ələ keçirilməsini hüquq-mühafizə orqanlarının qələbəsi kimi təqdim edirlər.

"Azərbaycanın pulyuyan maşınından istifadə edən heç kim rahat olmamalıdır, çünki İngiltərədəki aktivləriniz geri alınacaq",- deyə Milli Cinayət Agentliyinin aktivlərin satışa çıxarılması üzrə direktoru Andi Levis (Andy Lewis) qeyd edib.

“Pul pulyuyan maşın sistemi vasitəsi ilə köçürülərsə, bunun arxasınca gedə bilərik. İngiltərənin bu cür fəaliyyətlər üçün cəlbedici olmaması üçün əlimizdəki bütün vasitələrdən istifadə edəcəyik”,- deyə o əlavə edib.

Lakin Cavadovların əmlakları araşdırılmayıb və müsadirə təhlükəsi altında görünmür. Onların həll yolu cinayət işindən çox, mülki işin nəticəsini əks etdirir və onlar heç bir cinayətdə ittiham olunmayıblar.

Whitehall-Court.jpeg
Cavadovların mənzili olan Whitehall Court binası
Ana səhifəAraşdırmaPrezidentin əmisi qızının 5,5 milyon dolları müsadirə edilib