“Polis işçisi mənə iki dəfə cərimə yazdı, bir dəfə də rüşvət aldı”

“Polis işçisi Kamal Hacıyev barəsində tədbir görməkdənsə neçə gündür ki, Şamaxının yol polislərini üstümə xahişə göndərirlər”.

Source: Meydan TV


Xaçmazdan yaşadığı Şamaxıya gilas aparıb satan vətəndaş yol polisindən şikayətçidir

“Polis işçisi maşınımı cərimə meydançasına aparmaqla hədələyib məndən 100 manat rüşvət aldı. Mən də buna görə Daxili İşlər Nazirliyinin 102 Xidmətinə məlumat verdim. İndi hər gün üstümə adam göndərir, yalvarır ki, şikayəti dayandırım, məndən aldığı rüşvəti də qaytarmağa, mənə yazdığı ümumilikdə 300 manat cəriməni də ödəməyə hazırdır. Halbuki, o polis işçisi məni 100 manat üzü Xaçmaza gedərkən, 200 manat üzü Şamaxıya qayıdarkən tutub cərimələyəndə, satmaq üçün nisyə götürdüyüm 1000 manatlıq gilasımı zay eləyəndə, maşınımı cərimə meydançasına aparmamaq üçün 100 manat rüşvət alanda əlil balalarımı düşünməmişdi”.

Şamaxı sakini Valeh Etibarov sərbəst güləş üzrə idman ustasıdır, məşqçi-müəllim işləyir. Hazırkı karantinlə əlaqədar işləri dayanıb, dolanışığı çətinləşib. Üstəlik də üç azyaşlı övladından ikisi əlildir. Ailəsinin maddi tələbatlarını ödəmək üçün Xaçmaza gedir, həyətlərdən nisyə gilas alır, gətirib yaşadığı rayonun bazarında satır, satışdan topladığı pulun böyük hissəsi ilə məhsul götürdüyü adamların borcunu qaytarır, bir hissəsi ilə ailəsini dolandırır. Meydan TV-yə danışır ki iyunun 28-də Bakı-Şamaxı postunda iki dəfə cərimələnib. İddia edir ki, yol polis əməkdaşı cərimədən əlavə ondan 100 manat rüşvət də alıb:


Köhnə maşın, yol polisi, zay olmuş gilas…

“Köhnə bir maşınım var, elə vaxt olur ki, yollarda elə ya maşınımda, ya da maşını saxlayıb, yolun kənarında torpağın üstündə yatıb dincimi alıram. Hamısını xəstə balalarıma görə edirəm. Hökumət heç bir maddi yardım etmir, uşaqlarım bir tətəfdən acdır, bir tərəfdən də dərmanları… Rayondakı idman zalları bağlandığına və mən işsiz qaldığıma görə çıxış yolu kimi mövsümi işlərlə məşğul olmaq qərarına gəldim. Onsuz da vətəndaşına əl tutmayan hökumət öz başımızı saxlamağımıza da imkan vermir. Bazarın məndə icazə kağızı var, Şamaxıdan çıxanda postda saxladılar, icazə kağızımı göstərdim, atdılar üstümə, 100 manat cərimə yazdılar. Geri qayıda bilməzdim, çünki gilas tapşırdığım adamlar 1000 manatlıq meyvə yığıb saxlamışdılar, mənə görə zərərə düşməklərini istəmədim. Getdim, meyvəni maşınıma yükləyib qayıdanda eyni postda ikinci dəfə saxladılar. Bu dəfə məni saxlayan yol polisi Kamal Hacıyev 200 manat cərimə yazdı. Cəriməni yazan polis əməkdaşı sürücülük vəsiqəmi əlimdən almışdı, maşını da meyvəylə birlikdə cərimə meydançasına aparmaqla hədələyirdi. Sonra təklif elədi ki, ona 100 manat “hörmət” eləsəm, sürücülük vəsiqəmi qaytarar, maşınımı buraxar. Mən də maşındakı 1000 manatlıq gilasın zay olmaması üçün dediyi ilə razılaşmağa məcbur oldum. 100 manatı verdim, məni buraxdı”.


“Deyir, şikayət eləməsin, balalarım var”

Valeh Etibarov Şamaxıya çatan kimi Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng vuraraq ondan rüşvət almış polis əməkdaşı ilə bağlı məlumat verib. Ancaq deməsinə görə, hadisədən iki həftə ötsə də, heç bir tədbir görülməyib:

“Polis işçisi Kamal Hacıyev barəsində tədbir görməkdənsə neçə gündür ki, Şamaxının yol polislərini üstümə xahişə göndərirlər. Gəlib xahiş edirlər ki, şikayətimi geri götürsəm, həmin polis işçisi cərimələrimi ödəyəcək, aldığı rüşvəti geri qaytaracaq. Bu, necə sistemdir, dövlət qurumudur, idarəçilikdir, anlamıram, vətəndaş o boyda nazirliyə şikayət edir, ancaq ortada polislər gedib-gəlib, münasibəti düzəltməyə çalışır. Elə bil qonşu qonşudan şikayət edib, digər qonşular yığışıb aranı düzəltməyə çalışır. Mən o yol polisinə dəfələrlə anlatmağa çalışdım ki, evimdə üç azyaşlı balam acdır, çörək gözləyir, iki balam əlildir, dərmanlarını vaxtında almasam, vəziyyətləri ağırlaşar. O isə kobud şəkildə qolumdan yapışıb məni maşından düşürtdü, hələ yanındakılara da qışqırdı ki, post-patrul, aparın bunu bölməyə… Vətəndaş ağzını açıb danışanda da bölməyə aparmaqla, 15 sutka həbslə hədələyir. Özü İsmayıllıdandır, araşdırıb hansı polis işçi olduğunu da müəyyən ediblər. Həmin gün mənə cərimə yazan polisdir”.


“Məhsul xarab olur, uşaq acından ölür, əl-qolumuzu bağlayıblar evə…”

Valeh Etibarovun sözlərinə görə, nisyə götürdüyü gilasın bir hissəsi xarab olduğundan pulunu özü borc-xərclə ödəməli olub. Hazırda isə ailəsi ac olmasına baxmayaraq, Xaçmazda onun üçün saxlanılan məhsulları gedib götürə bilmir:

“Kasıbın əl-qolunu tamamilə bağlayıblar, sanki qəsdimizə durublar. Balalarım acından ölür, Xaçmazda saxlatdığım məhsullar çürüyür, məhsul sahibləri deyir, gəl apar, xarab olsa, dəyərini səndən tələb edəcəyik, gedib gətirə bilmirəm. Bizə bir çıxış yolu göstərsinlər, aylıq dolanışıq versinlər, adamları göz görə-görə acından öldürməsinlər. Mən uşaqları başa sala bilmirəm ki, atanızı yolda tutub cərimələyəcəklər deyə, sizi ac-susuz saxlamağa məcburdur. Uşaq səhər yuxudan oyanıb yemək istəyir”.

Şamaxı Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, vətəndaş ona yazılan protokoldan məhkəməyə şikayət, polis əməkdaşının ondan rüşvət alması ilə bağlı sübutu varsa, aidiyyəti qurumlara müraciət edə bilər.

Valeh Etibarov Daxili işlər naziri Vilayət Eyvazovdan başına gələnləri nəzarətə götürməsini istəyir. O, buna görə nazirə ayrıca müraciət də göndərib.

Ana səhifəBölgə“Polis işçisi mənə iki dəfə cərimə yazdı, bir dəfə də rüşvət aldı”