Pinəçi dükanında yaşayan vətəndaş

“Mingəçevirin deputatı Aydın Mirzəzadə yataqxanaya gəlmişdi”.

Source: Specify Source


“Deputata dedim ki, gəl bir gecə burada qal, görüm bacarırsanmı…”

Mingəçevir avtovağzalından şəhərin mərkəzinə uzanan yolun kənarındakı ayaqqabı təmiri dükanında gecələr də işıq yanır. Ev-eşiyi olmayan Ramil Musayev burada həm işləyir, həm də yaşayır.


“Neçə gündür acam…”

Ramilə elə gəlir ki, biz onun burada yaşamasına inanmırıq. Sübut etməyə çalışır. Harada yatdığını göstərir. Hətta deyir ki, onun şəklini də çəkə bilərik. Əyləşdiyi taxtanın üzərinə uzanır, üstünə köhnə ədyalı çəkir, başına da nimdaş gödəkçəni keçirir. Deyir ki, başını örtməsə, soyuq dəyir, möhkəm xəstələnir.

“Gecələr çox soyuq olur. Bir təqaüdçü kişi var, şaxtalar olanda məni evinə aparır ki, burada donub ölməyim. Sonra heç kimə əziyyət verməmək üçün yenidən qayıdıb gəlirəm bura. Hər səhər əl-üzümü “Şəhidlər bulağı”nda buz kimi su ilə yuyuram. Ayaqyolu üçün yolun o üzündəki yataqxananın ikinci mərtəbəsinə gedirəm. O kişi evinə aparanda duşa da girirəm. Yemək də ki, nə tapsam… Çörəyi nisyə alıb yeyirəm. Bax, neçə gündür acam”, – Ramilin ac-susuz olmasını qurumuş dodaqlarından da bilmək olur.

Bir az sonra Ramilə bəzi məsələlərdə əl tutan Adil Fəhimi bizə yaxınlaşır. Təqaüdçü deyir ki, özü də başqasının verdiyi yerdə müvəqqəti yaşayır, amma dostuna biganə qala bilmir: “O da mənim balamdı. Yemək bişirirəm, onu da çağırıram. Ürəyim ağrıyır. Çox soyuq günlərdə getmək istəməyəndə məcbur aparıram”.

image_from_ios.jpg
“Hər səhər əl-üzümü “Şəhidlər bulağı”nda buz kimi su ilə yuyuram”.


“İcra hakimiyyətində hədə-qorxu gəldilər ki, şikayətini geri götür”

Ramil Musayev 7 ildən çoxdur pinəçi dükanında həyat sürür. Dediyinə görə, ailəli olub, hətta övladı da var. Amma ayrılıqdan sonra məhkəmə birlikdə yaşadıqları ata evindəki otağı qadına yaşayış hüququ predmeti olaraq verib. Keçmiş həyat yoldaşı da qapını bağlayaraq, qızı ilə birlikdə Yevlaxın Tanrıqulular kəndinə üz tutub. Bundan sonra Ramil işlədiyi iki-üç kvadratmetrlik yerə sığınmalı olub. Ata evində də onun yolunu gözləyən yoxdur…

“Mingəçevirin deputatı Aydın Mirzəzadə yataqxanaya gəlmişdi. Tutub saxladım. Dedim ki, səndən heç nə istəmirəm, amma gəl bir gecə burada qal, görüm bacarırsanmı? İlham Əliyevə, Mehriban Əliyevaya, Elmira Süleymanovaya məktublar yazmışam. Demək olar, bütün cavablarda yazılır ki, mənə ev düşür. Amma icra hakimiyyətində hədə-qorxu gəldilər ki, şikayətini geri götür”, – evsiz pinəçi belə xatırlayır.


“Bu gün cəmi 1 manat qazanmışam”

Ramil əllərinin qabarını göstərir. Hər gün işləyir, amma qəpik-quruş qazanır: “Bu gün cəmi 1 manat qazanmışam. Günə onsuz da uzağı 3-4 manat olur”.

Ramil cibindən şəxsiyyət vəsiqəsini çıxarır. Ad günü olduğunu göstərmək istəyir. 40 yaşı tamam olur. Hədiyyə? Yox, bu gün Ramilə hədiyyə verən olmayacaq. Deyir ki, ona heç vaxt ad günündə hədiyyə verməyiblər…

image_from_ios (3).jpg
“Dedim ki, səndən heç nə istəmirəm, amma gəl bir gecə burada qal, görüm bacarırsanmı?”

Onun indi yeganə istəyi yaşayış yerinin olmasıdır. Lap yataqxanada yaşamağa da razıdır. Dediyinə görə, 2-3 min manat rüşvət versə, problemi həll edərlər.

Adil kişi bizə diqqətlə qulaq asır. Gözləyir ki, söhbətimiz bitsin, Ramili götürüb evinə aparsın. Onun, heç olmasa, bu gün isti yeməyə haqqı çatır…

Ramil danışır ki, yayda iş olmur, çünki hamı başmaq geyinir. Pinəçi isti aylarda qarpız satmağa məcbur olur, yoxsa acından ölər…

Mingəçevir Şəhər İcra Hakimiyyətindən Ramin Musayevin dedikləri təkzib olunub. Qurumdan şəhər sakininin problemlərinin həlli üçün hansı addımlar atılacağına da aydınlıq gətirilməyib.

image_from_ios (1).jpg
“Amma icra hakimiyyətində hədə-qorxu gəldilər ki, şikayətini geri götür”, – evsiz pinəçi belə xatırlayır.
Ana səhifəBölgəPinəçi dükanında yaşayan vətəndaş