Penitensiar Xidmət Fəxrəddin Abbasovun ölümü ilə bağlı açıqlama yaydı

“O, həbsxanada saxlanıldığı son dövrlərdə Ordumuzun uğurlu əks hücum əməliyyatlarını və torpaqlarımızın azad edilməsi xəbərlərini hiddətlə qarşılayıb”.

Source: Meydan TV


Baş Prokurorluq cinayət işi açdığını bəyan edib

Fəxrəddin Abbasovun saxlanıldığı Qobustan həbsxanasındakı ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Məlumatı Baş Prokurorluğun mətbuat xidmətindən “Turan” İnformasiya Agentliyinə bildirilib.

Fəxrəddin Abbasov dövlətə xəyanətdə təqsirləndirilirdi.

Noyabrın 9-da Penitensiar Xidmət onun saxlanıldığı kamerada intihar etdiyini açıqlamışdı.

“Həbsxana əməkdaşları onu dərhal müəssisənin tibb-sanitariya hissəsinə keçirib. İlkin təcili tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb”.

Penitensiar Xidmətdən APA-ya verilən rəsmi açıqlamaya görə, Fəxrəddin Abbasov Şuşanın işğaldan azad olunmasından dərin psixoloji sarsıntı keçirərək intihar edib: "O, həbsxanada saxlanıldığı son dövrlərdə Ordumuzun uğurlu əks hücum əməliyyatlarını və torpaqlarımızın azad edilməsi xəbərlərini hiddətlə qarşılayıb, Şuşa şəhərinin işğaldan azad olunmasından isə dərin psixoloji sarsıntı keçirib və özünə qəsd etməyə əl atıb".

Ermənistan xüsusi xidmət orqanının əməkdaşıyla əlaqədə, Azərbaycan əleyhinə çağırışlarda suçlanan Fəxrəddin Abbasova 16 il həbs cəzası kəsilmişdi.

Bu il fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılmışdı. O, Cinayət Məcəlləsinin (CM) 274 (Dövlətə xəyanət), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar ) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələri ilə təqsirli sayılmışdı.

Xeyli müddət Rusiyada müvəqqəti yaşayış hüququ ilə yaşayan F.Abbasov haqqında ötən ilin fevralında Moskva vilayəti Lyuberetsk şəhər Məhkəməsi deportasiya qərarı çıxarmışdı. Əsas kimi isə müvəqqəti yaşayış müddətinin bitməsi göstərilmişdi.

O, fevralın 28-də Rusiyadan vətəndaşı olduğu Azərbaycana göndərilmişdi və Bakıda elə hava limanındaca saxlanılmışdı.

Ardınca da Dövlət Təhlükəsizliyi Xidməti onun haqqında rəsmi açıqlama yaymışdı.

Bildirilmişdi ki, F.Abbasovun Ermənistana səfərləri, bu ölkənin xüsusi xidmət orqanının əməkdaşıyla görüşü, əlaqələri, orada keçirilən, mediada, sosial şəbəkələrdə yayılan tədbirlərə canlı yayımda qoşulub Azərbaycan əleyhinə çağırışlar etməsi və başqa məsələlər araşdırılır.

F.Abbasov məhkəmədə özünü təqsirli bilməyib. Ermənistanın xüsusi xidmət orqanlarıyla əməkdaşlığı barədə deyilənlərin yalan olduğunu deyib.

Ana səhifəSiyasətPenitensiar Xidmət Fəxrəddin Abbasovun ölümü ilə bağlı açıqlama yaydı