”Patriarxal cəmiyyət geyləri kişi olaraq görmür”


Vahid Əli: “LGBTİ gözəllik və incəsənət sahəsinə sıxışdırılıb…”


Vahid Əli Gender məsələləri və LGBTİ hüquqları aktivistidir. 3 ildir ki, bu sahə üzrə bir neçə təşkilatda aktivist, təlimçi və sərbəst araşdırmaçı kimi fəaliyyət göstərir. Hazırda gender və LGBTİ məsələlərini əhatə edəcək cib kitabı üzərində çalışır. Bugünlərdə Vahid Əlinin patriarxal toplumlarda cinsi azlıqların işə götürülərkən yaşadıqları diskriminasıya və bəzi sahələr istisna olmaqla başqa iş sahələrinə buraxılmamaları barədə yazdığı bloq bu mövzuda müsahibəmizə zəmin yaratdı.


– Vahid bəy, cinsi azlıqların iş həyatında problemləri hardan başlayır…

– Öncə qeyd etmək istəyərdim ki, əksər LGBTİ fərdi “cinsi azlıq” ifadəsinə qarşıdır. Bunun müxtəlif səbəbləri var: cinsi azlıq ifadəsi lazımsız yerə LGBTİ fərdlərinə onların diskriminasiyaya uğradıqlarını və azlıq olduqlarını xatırladır. LGBTİ icması xüsusi ayrılmış bir azlıq kimi deyil də, cəmiyyətin bir parçası kimi qəbul olunmalarını istəyirlər. Bundan əlavə, LGBTİ icması “cinsi azlıq” ifadəsini ona görə bəyənmir ki, termin özündə BDSM, svinqerləri və digər seksual təcrübələri əhatə edir. LGBTİ-nin iş problemi cəmiyyətin onları necə qəbul etməsindən asılıdır. LGBTİ insanlarının təkcə iş həyatı deyil, bütün həyatı problemlərlə doludur. LGBTİ insanlarının bütün problemlərinin başında heteroseksist mentallıq durur. Bu heteroseksist mentallığın səbəbi isə patriarxal ve androsentrik cəmiyyətdir. Seksual orientasiya və gender kimliyi əsaslı diskriminasiya iş yerlərində fərqli şəkildə özünü ifadə edir:

LGBTİ insanlar işə qəbul olunarkən, işdən çıxarılarkən, ixtisasartırma və ya vəzifəartırma kurslarında;

LGBTİ fərdləri adətən «açıq» deyillər. Gizlin qalmalarının səbəbi isə karyera artımı, vəzifə artımı və təlimlərə çıxışda üzləşəcəkləri çətinliklərdə;

Özünüifadəetmə azadlığına görə transfobik və homofobik zorbalıq və təkləmədə;

Heteroseksualların əldə etdiyi bəzi hüquqlardan məhrum olmaqla – atalıq, analıq məzuniyyəti, maddi yardımlar, kreditlər və s.


– LGBTİ fərdlərinin gözəllik, incəsənət sahələri kimi yerlərdən başqa işə qəbul edilməmələri təkcə bizim kimi patriarxal ölkələrdə, yoxsa bütün dünyada problemdir?

– Əlbəttə ki, daha proqressiv cəmiyyətlərdə LGBTİ fərdlərinin işlə təmin olunmasında seksual orientasiya və gender kimliyi əsaslı problemler yox dərəcəsindədir. Bütün hüquqlar qanunla qorunur. Ancaq bizim kimi patriarxal cəmiyyətlərdə LGBTİ fərdləri məcburi şəkildə incəsənət və gözəllik sahəsinə sürüklənirlər. Qonşu ölkələrin – Rusiya və Türkiyənin təcrübələrinə baxsaq, eyni görüntü ilə qarşılaşmış olarıq.


– Amma çox güman ki, ayrı-seçkilik hər yerdə olsa da, müasir və ənənəçi cəmiyyətlərdə fərqlər vardır. Sizcə, o fərqlər hansılardır?

– Müasir-proqressiv cəmiyyətlərdə LGBTİ fərdlərinin üzləşdiyi ayrı-seçkilik ənənəçi cəmiyyətlərlə bəzən eyni, bəzən də fərqli ola bilər. Fərq və eynilik kontekstdən asılı olaraq dəyişir. Ümumi mənzərə isə tamamilə fərqlidir. Hazırda, müasir cəmiyyətlərdə LGBT təşkilatları trans insanların hüquqlarının tam təmin olunmasına çalışırlar. Ənənəçi cəmiyyətlər isə LGBTİ fərdlərinə yaşamaq hüququ tanımaq belə isəmirlər, onları xəstə, lənətlənmiş, günahkar, Lut qövmünün nəvələri kimi görür, bu cəmiyyətin bir parçası deyil, sanki başqa planetdən gəlmiş kimi baxırlar. Azərbaycan kimi cəmiyyətlərdə seksual orientasiya və gender kimliyi əsaslı ayrı-seçkilik bir çox yerdə müşahidə olunur: təhsildə heteronormativ atmosferin olması, müəllimlərin homofobik davranışı LGBTİ fərdlərinə verilən təhsilin keyfiyyətini təhlükəyə atır. Trans qadınlar təhsil almaqda xüsusi çətinliklərlə üzləşirlər. Təhsil işlə təminolunma ilə birbaşa bağlıdır. Bu səbəbdən də trans qadınlar öz istədikləri peşəni seçməkdə maneə ilə qarşılaşır və məcburi şəkildə seks işçiliyinə sürüklənirlər. İş yerləri LGBTİ fərdlər üçün çox problemlər yaradır. Onlar açıq şəkildə öz seksual orientasiya və gender kimliklərini deyə bilmir, çünki əmindirlər ki, daha sonra diskriminasiyaya məruz qalacaqlar, hətta işdən də atıla bilərlər. Bundan sonra isə yenə həmin sahədə iş tapmaq onlar üçün daha çətin olur, “adları çıxır”.


– Adlarını çəkdiyimiz iş sahələri LGBTİ-lərin (xüsusi ilə geylerin) könüllü seçimidir, yoxsa onlar sadəcə bu sahələrə sıxışdırılıblar?

– Patriarxal cəmiyyət geyləri kişi olaraq görmür. Çünki bizim binar düşüncəli cəmiyyətə görə kişidən ancaq qadın xoşlana bilər və bu səbəbdən də avtomatik olaraq geyləri kişi deyil, qadın kimi görür. Bu sosial basqı geylərin həyatında çox böyük təsir qoyur. Belə ki, gey özünü kişi deyil, qadın kimi qəbul edir, femininliyi daha çox ifadə edir və cəmiyyət tərəfindən ya incəsənət, ya da gözəllik sahəsində çalışacaq gücə, bacarığa sahib biri kimi assosiasiya olunur. Qısacası, cəmiyyətimiz geyləri rəssam, modelyer, stilist, “disk daşıyan” kimi görür.


– Niyə cəmiyyət onları məhz sənətdə, gözəllik industriyasında görür?

– Təbii ki, adlarını çəkdiyimiz iş sahələrini özləri seçən LGBTİ fərdləri də var. Belə bir fikir də var ki, LGBTİ fərdləri daha yaradıcı, daha həssas olurlar. Ancaq bu, o demək deyil ki, onlar incəsənət və gözəllik sahəsindən başqa sahənin öhdəsindən gələ bilməyəcəklər. Çox güman ki, incəqəlbli, humanist, yaradıcı olmaları və cəmiyyət tərəfindən onlara verilən və ya yüklənən gender rolları toplumun LGBTİ fərdlərini ancaq incəsənət və gözəllik sahəsində görməsinə gətirib çıxarıb.


– Bloqunuzda cinsi identifikasiyasını gizləməyə məcbur qalanlar barədə də oxudum. Sizə elə gəlmir ki, iş xətrinə cinsi mənsubiyyətini gizləmək heteroseksual çoxluğa «siz haqlısınız, homoseksuallıq pisdir, şərdir» -mesajını verməkdir?

– Feminist insanların heç xoşuna gəlmədiyi bir şeydir ki, başqası, xüsusilə hansısa bir KİŞİ qadınlar üçün nəyin daha yaxşı və ya pis olacağını desin. Təbii ki, mən də deyə bilmərəm ki, hər kəs açıq şəkildə özünün seksual orientasiya və gender identikliyini deməlidir. Bir şeyi qeyd etmək istərdim ki, Qərb cəmiyyətlərində LGBTİ icmasının uğurunun səbəbi məhz LGBTİ fərdlərinin artıq gizlin yaşamaqdan bezməsi, onların da VAR olduqlarının cəmiyyətə çatdırılması, hər yerdə LGBTİ insanların mövcudluğunun vurğulanması oldu, çünki onlar bu cəmiyyətin bir hissəsidir.


– Sizcə, konkret iş həyatında homoseksualları dəstəkləmək, onlara qarşı diskriminasiyanı aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

– Seksual orientasiya və gender identikliyi problemi politik məsələdir. Diskriminasiyanın aradan qalxması bilavasitə yeridilən siyasətdən asılıdır. Əgər “Anti-diskriminasiya aktı” qəbul olunsa, məktəblərdə, iş yerlərində, polisdə, hərbidə, sağlamlıq mərkəzlərində, poliklinikalarda, ümumiyyətlə, həyatın bütün sahələrində LGBTİ fərdlərinə qarşı ayrı-seçkilik halları azalacaq. Çünki bu akt bütün insanların qanun qarşısında cinsindən, yaşından, irqindən, vətəndaşlığından, etnik kimliyindən, dinindən, mental və fiziki bacarıqlarından, cinsi orientasiyasından, gender kimliyindən, siyasi baxışlarından və s. asılı olmayaraq bərabər olduğunu deyir.

Alternativ variantlar kimi çox vaxt hər hansısa bir sahədə çalışan şəxslər insanların maariflənməsini xüsusi olaraq vurğulayır. İstəklərdə radikal olmağı daha məqsədəuyğun görürəm. LGBTİ və qadın məsələləri siyasidir və hər bir siyasi qurumun siyasi platformasına daxil edilməlidir.

Diskriminasiya hallarını azaltmaq üçün isə yaxşı olardı ki, jurnalistlərə, müəllimlərə, hüquqşünaslara, sosial işçilərə, psixoloqlara və həmkarlar ittifaqlarında çalışanlara xüsusi təlimlər təşkil olunsun; anti-diskriminasiya tədris planı hazırlansın; media, sağlamlıq, ev və işlə təminolunma, məktəblər, universitetlərdə monitorinqlər keçirilsin; insanlara Azərbaycan və digər dünya ölkələrindən pozitiv nümunələr təqdim olunsun.

Ana səhifəVideo”Patriarxal cəmiyyət geyləri kişi olaraq görmür”