Pandora mücrüsü adlı Tarif Şurası

Xalqımız bu bazarlığı və rəqəmləri yadında saxladı və ürəyində xeyli sayda vurma-bölmə əməliyyatları apardı.

Source: Meydan.tv


Yunan əsatirindən məlumdur ki, Pandora mücrüsü açılan kimi insanların başına çoxlu müsibət gəlir

Xaliqdən gizli deyil, məxluqdan niyə gizli qalsın? Müzəffər ordumuzun tarixi qələbəsindən sonra çarəsiz qalan ümumdünya erməni lobbisi bizim Ali Baş Komandana qarşı azğın və məkrli əks-hücuma keçib.

Əllərindən nə gələ bilərdi? Ordu basılıb, neftləri-qazları yox, Putin İlham müəllimlə mehriban pıçıldaşır, diaspora imkanlıları əllərini cibinə salmır.

Təbii ki, qalır böhtan! Məşhuri-cahan Sorosun maliyyələşdirdiyi beynəlxalq araşdırmaçı jurnalist şəbəkəsinin qazıb eşdiyi maliyyə sənədlərini bu aşkar və gizli ermənilər mürəkkəb dəyyusluq əməliyyatları vasitəsilə çıxarıb töküblər İnternetə və adını qoyublar "Pandora sənədləri". Bu sənədlərdən bəlli olur ki, bizim möhtərəm prezidentimiz İlham Əliyev cənabları özünün və ailə üzvlərinin adına Londonda 700 000 000 dollarlıq mülk alıb.

Bu adamlar elə güman edirdi ki, bu rəqəm aşkar olan kimi Azərbaycan xalqı qəzəblənib üsyana qalxacaq.

Ay-hay! Bu erməni lobbisi necə də sadəlövh, deyərdim ki, səfeh insanlardır. Xalqımızın həqiqi mahiyyəti barədə onlarda azca da olsa dürüst təsəvvür yoxmuş.

Xalqımız bu rəqəm barədə eşitcək öz monolit birliyini bir daha nümayiş etdirib fərəh hissi keçirdi və bir ağızdan dedi ki, “Halal olsun sənə! Zəfər müqabilində bundan on dəfə çox halaldır Ali Baş Komandana!”

Ə, bə nə!

Belarusun prezidenti Aleksandr Lukaşenko 44 günlük müharibədən sonra yuxarı mərtəbədə gedən bazarlıq barədə bəzi sirləri avam camaata açdı və danışdı ki, “İlham Heydəroviç mənim vasitəmlə Serjik Azatoviçə təklif göndərmişdi ki, nəğd 5 milyard dollar verərəm, Qarabağı qaytarsın. Serjik bunu eşitcək demişdi ki, 6 milyard dollar mən verərəm ki, Qarabağdan əl çəksin”.

Xalqımız bu bazarlığı və rəqəmləri yadında saxladı və ürəyində xeyli sayda vurma-bölmə əməliyyatları apardı. Zəfərdən sonra Pandora mücrüsü mətləbi açılanda haqq-hesabdan başı yaxşı çıxan xalqımız hesab etdi ki, əslində itirməyib, qazanıb. Zira 700 milyon 5 milyarddan 7 dəfə azdır. Odur ki, xudaya, şükür sənin kəramətinə və bərəkətinə!

O biri tərəfdən prezident bu 700 000 000 dolların əhvalatını İtaliyanın “La Republika” qəzetəsi vasitəsilə xalqımıza çatdırdı. Yəni qəm yeməyin və ağlınıza heç bir pis fikir gəlməsin!

Sən demə, bu pullar ana südü kimi halalmış! Sən demə, İlham müəllim prezident olana qədər uğurlu sahibkarmış!

Zəfərdən sonra Ali Baş Komandanı hədsiz sevmiş xalqımız eyni dərəcədə tarixi, məntiqi və xüsusilə hesabı sevdiyindən, həm də əksəriyyəti işsiz-bekar olduğundan, girişdi bu vurma-bölmə əməliyyatlarına.

Deməli, İlham müəllim prezident olana qədər uğurlu sahibkarmış, çox gözəl, çox pakizə! Yəni 2003-cü ilə qədər? Xeyr, 2003-cü ilə qədər İlham müəllim sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzmiş, zira İlham müəllim dünyada canından artıq sevdiyi Azərbaycan Respublikasının qanunlarını pozmağı özünə rəva qılmazdı, bu qanunlar dövlət qulluqçularına sahibkarlıqla məşğul olmağı yasaq edirdi, prezident Heydər Əliyevin isə əziz-xələf oğlu İlham Əliyevi 1994-cü ildən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsinə təyin etmişdi. Deməli, İlham müəllim sahibkarlıqla bu təyinatdan əvvəl məşğul olubmuş.

Nə vaxt? Baxırıq Azərbaycan Respublikasının prezidentinin İnternetdə yerləşdirilmiş tərcümeyi-halına, oxuyuruq ki, 1990-1994-cü illərdə sahibkarlıqla məşğul olub. İlham müəllimin çoxtərəfli və çoxşaxəli fəaliyyəti barədə yenə İnternetdə yerləşdirilmiş müxtəlif mənbələri nəzərdən keçirdikdə məlum olur ki, onun Moskva şəhərində «Reçnoy vokzal” metro stansiyası yaxınlığında yerləşən gön-dəri məmulatı satan mağazası olub. Bu mağazada toqqalar, qayışlar və çantalar satılırmış.

Boş-bekar azərbaycanlılar bu bir mağazadan yüzlərlə milyon dollar gəlirin necə və hansı yolla hasil olması barədə müxtəlif xoşniyyətli fərziyyələr söylədilər. Bu fərziyyələrin qızğın müzakirəsindən belə qənaət əldə olundu ki, prezidentimiz ilkin maya kimi hansısa nəcib bankdan 100 000 000 dollar kredit götürüb və 100 000 000 “kitayski” kəmər alıb. Sonra bu 100 000 000 “kitayski” kəməri satıb ruslara hərəsi 5 dollardan və öz ilk 400 000 000 dollarını qazanıb. Vicdanlı rus sahibkarı kimi qazancının 30%-ni verib hökumətə vergi kimi və alnıaçıq, əlitəmiz qazancının 200 000 000 dollarına hərəsi 20 dollardan 10 000 000 qadın çantası alıb. Sonra, canım sizə desin, bu çantaların hər birini 50 dollardan satıb ruslara və yenə 500 000 000 dollar qabağa düşüb.

Müxtəsər, sadiq və qəlbi saf xalqımız sevimli prezidentimizin uğurlu ticarət əməliyyatları barədə xeyli fərziyyələr qurandan sonra belə qəti nəticəyə gəlib ki, onun indiki əndazəyə sığmayan sərvətinin mayasının Azərbaycanda bəzi-bəzi pis adamların məşğul olduğu neft, qaz, vəzifə, silah, narkotika və torpaq alverinə heç bir aidiyyatı yoxdur və ola da bilməz.

Pulun ilk və halal hissəsi qayış və çantadan gəlib.

Prezidentin uğurlu sahibkarlıq fəaliyyəti sonra Türkiyədə trikotaj biznesi sahəsinə də yönəlib.

Türkiyədəki trikotaj biznesinin qəribə incəlikləri var. Məsələn, Anar Əlizadə namlı naxçıvanlı bir insan həmin bu Türkiyədə trikotaj biznesi ilə məşğul ola-ola gəlib çıxıb SOCAR-ın neftini dünya bazarında xırıd edən neft alverçisi mərtəbəsinə və o da öz növbəsində yüzlərlə milyon dollarlıq sərvətin sahibinə çevrilib.

Tam qanuni sualdır: əgər adi naxçıvanlı gənc insan Türkiyədə trikotaj alveri ilə məşğul ola-ola gəlib Azərbaycan neftindən yüz milyonlar qazanan bir vücuda çevrilə bilibsə, aya, həmin bu Türkiyədə trikotaj biznesi ilə məşğul olan İlham Əliyev nə üçün ondan qat-qat uğurlu bir sahibkara çevrilməsin?

Bu uğurun həddi barədə onu demək mümkündür ki, İlham müəllim onun başından yüzlərlə milyon dollarlıq gəliri aşırıb-daşırdan biznesi ailə üzvlərinə tərk edərək 1994-cü ildə ayda bir neçə min manat məvaciblə ARDNŞ-də müavin vəzifəsinə razılaşıb. Niyə?

Çünki pulu yox, Vətənini sevir!

Xalqımızın tarixi qələbəsini həzm edə bilməyən erməni lobbisi dövlət rəhbərimizə qarşı alçaq niyyətli böhtan kampaniyasını davam etdirmək üçün Pandora mücrüsünü açmaqdan qorxmayıb. Yunan əsatirindən məlumdur ki, Pandora mücrüsü açılan kimi insanların başına çoxlu müsibət gəlir. Bəli, Pandora mücrüsü açılan kimi Azərbaycan Respublikasının Tarif Şurası (xalq onu sevərək öz arasında Şurik adlandırır) əvvəl benzinin, sonra isə qazın və elektrik enerjisinin qiymətinin bahalaşması barədə qərarını açıqladı.

Qanuni sual yarana bilər ki, bəs suyu niyə bahalaşdırmadılar? Cavab cox sadədir: suyun qiymətini lap bu yaxınlarda qaldırmışdılar və suya məsul yezidlər bu artımdan gələn əlavə gəlirlərin oğurlanması mexanizmini tam mükəmməl səviyyəyə hələ gətirməyiblər.

Xatircəm olun ki, suyun qiyməti yenə qalxacaq, lakin hələ yox, bir azdan sonra.

Şurik bu bahalaşmanı nə ilə izah etdi? İzahın məntiqi, kəlamı və təhkiyəsi imkan verir ki, bu izah mətninin müəllifini respublikamızın Yazarlar Birliyinə fəxri üzv seçsinlər. Bu izahlar arasında dünya bazarının indiki mərhələdə xüsusiyyətləri, pandemiya, sənaye sahəsində haradasa artım və haradasa enim, qlobal miqyasda iqlim dəyişiklikləri və ölkəmizdə artan sürətlə gedən iqtisadi, sosial və inzibati islahatlar xatırlanmışdır.

Bircə və ən vacib amil unudulmuşdur: hakim zümrənin Ali Baş Komandanın heç cür cilovlaya bilmədiyi doymaq bilməyən iştahı, dövlət cihazının bivecliyi və suya, işığa və qaza məsul şəxslərin əliəyriliyi və bacarıqsızlığı!

Müstəqil dövlətimizin bi islaha qabil olmayan üzvi qüsurlarını pərdələyən zavallı Şurikin qaçılmaz bahalaşma qərarları Pandora mücrüsündən sıçrayıb çıxan və sızılıb axan müsibətlərdir ki, əhalimiz ona fitrətən mübtəladır və giriftardır.

Amin.

Ana səhifəMənim FikrimcəPandora mücrüsü adlı Tarif Şurası