”Ora sanki dövlət idarəsi yox, atasının şirkəti idi”

R.Hüseynovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən Elnar Əsgərov da şahid qismində dindirilib

Source: google.az

Rahib Hüseynov: ''Dəmiryol İdarəsinə Arif Əsgərov və həyat yoldaşı Xatun şəxsi biznesləri kimi yanaşırdı, milyonlarla pul gəlirdi, xalam da yerbəyer eləyirdi''

2015-2017-ci illərdə nəqliyyat nazirinin müavini, ondan əvvəl isə 11 il “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri olmuş Arif Əsgərovu öz qohumu – baldızı oğlu Rahib Hüseynov büdcədən ayrılan milyonlarla vəsaiti mənimsəməkdə, dövlətin pullarını oğlunun pis əməllərini ört-basdır etmək üçün xərcləməkdə ittiham edib. R.Hüseynov bu ittihamları Bakı Apelyasiya Məhkəməsində çıxış edərkən səsləndirib.

R.Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 9 il azadlıqdan məhrum edilib. Lakin o, özünü təqsirli bilmir, Arif Əsgərovun oğlu Elnarın əməllərinə görə cəzalandırıldığını bildirir. Onun sözlərinə görə, xalası oğlu özü kimi məmur övladlarıyla oturub-dururdu. Həmin pulları da onlardan sələmlə almışdı. Deyilmişdi ki, xaricdən dəmiryoluna aid materiallar, qatarlar üçün yataq dəstləri gətiriləcək, baha qiymətə Dəmiryol İdarəsinə təhvil veriləcək. Alınan pulların müqabilində hər ay onlara faiz verilib:

“Bundan hamının xəbəri vardı, Arif Əsgərovun da, həyat yoldaşının da, yəni xalamın. Mən ikiayaqlı inkassator olmuşam. Məni göndəriblər ki, get, filan yerdən bu qədər pulu alıb gətirəcəksən. Getmişəm, dedikləri adamdan alıb gətirmişəm. Yaxud da apar filankəsə bu qədər pul ver, aparıb vermişəm. Elnar guya biznes qururdu özünə. Mən birinci instansiya məhkəməsinə kitabçalar təqdim etmişəm. Orada hamısı var, kimdən nə qədər alınıb, kimə nə qədər verilib. Tarixi ilə, imzasıyla… Adamların faizi verilməyəndə başladılar pullarını tələb etməyə, şikayət elədilər. Bunlar da məni irəli verdilər. Milyonları yeyənlər qalıb bir tərəfdə, mənə 9 il həbs cəzası verilib. Halbuki, mən adi fiquram, heç kiməm”.

R.Hüseynovun sözlərinə görə, 2013-cü ildə pul sahiblərinin şikayətindən sonra onun haqqında cinayət işi başlanıb, həbs edilib. Altı ay Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində, daha sonra beş ay da 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılıb. Bu müddətdə Arif Əsgərov adamların pullarını ödəyib:

“11 ayda Arif Əsgərov 30 nəfərə 48 milyon pul payladı. Adamdan soruşarlar ki, bu 48 milyonu hardan alıb payladın? Onda Dəmiryol İdarəsinin rəisi idi. Bu adamı ora təyin edəndə yazmışdılar ki, dövlətin pullarından özünə var-dövlət yığmaq, oğlunun əməllərini ört-basdır eləmək üçün istifadə elə? 48 milyon dövlətin pulu idi, Arif Əsgərov onu oğlunun əməllərinə sərf elədi. Çünki o idarə elə bil dövlət idarəsi yox, atasının şirkəti idi. Dəmiryol İdarəsinə Arif Əsgərov və həyat yoldaşı Xatun şəxsi biznesləri kimi yanaşırdı. Milyonlarla pul gəlirdi, xalam da yerbəyer eləyirdi. Vaqonlar üçün 30 manatlıq yataq dəsti 250 manata rəsmiləşdirilirdi. Büdcənin pullarını onların evində axtarmaq lazımdır”.

2013-cü ildə 11 ay ərzində pullar qaytarılandan sonra R.Hüseynov haqqında cinayət işinə xitam verilib, o, azadlığa buraxılıb. Pul sahiblərindən biri də Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovun oğlu, Baş Dövlət Yol Polisi İdarəsinin mayoru Qoşqar Zeynalov olub. O həm də Arif Əsgərovun oğlu Elnarın bacanağıdır. O, 2016-cı ildə şikayət edib ki, R.Hüseynov birgə biznes məqsədilə məndən aldığı pulu qaytarmayıb. R.Hüseynov isə hesab edir ki, bacanaqlar arasında problem yaranıb, çanaq onun başında sınıb:

“Qoşqarın ifadəsində yazılıb ki, 4 milyon 398 min manat pulu mənə guya Dəmiryol İdarəsində gətirib verib. Orada nə qədər kamera vardı, əgər belə bir hal olsaydı, o görüntüləri sübut kimi ortaya qoyardılar. O idarəyə işçilərə özlərinə nahara yemək gətirməyə imkan vermirdilər ki, yeməkxanada pul verib yeməlisiniz. Necə oldu, bu adam idarəyə mənim üçün torbada o qədər pul gətirdi, heç kim görmədi? Əlbəttə ki, yalandır”.

R.Hüseynov bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə ədalətli baxılmayıb, işin gerçək halalrı araşdırılmayıb. Ona görə də apellyasiya məhkəməsində araşdırma aparılmasını, Arif Əsgərov, Qoşqar Zeynalov və digərlərinin dindirilməsini istəyirdi.

Lakin məhkəmə onun vəkilinin bu barədə vəsatətlərini təmin etməyib.

Onun 9 il azadlıqdan məhrum edilməsi barədə hökm də qüvvədə saxlanıb.

R.Hüseynovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən Elnar Əsgərov da şahid qismində dindirilib. O, xalası oğlunun dediklərini təkzib edib, bildirib ki, qohumları onların adından sui-istifadə edirlər: “Şantaj edirlər. İstəyirlər ki, adamlara vurduqları ziyanı bizim hesabımıza ödəsinlər. Bizə böhtan atırlar, ləkələməyə çalışırlar”.

Sabiq nazir müavininin oğlu 2008-ci ildə 22 yaşında Londonda York Universitetində təhsil alarkən imtahana öz əvəzinə

Ceremi Dreanı

göndərmiş, bunun müqabilində onun bank hesabına pul köçürmüşdü. Bu məqsədlə üzərində 34 yaşlı fransızın şəkli olan saxta vəsiqə düzəldilmiş, sənəddə ad-soyad isə Elnar Əsgərov göstərilmişdi. Onların hər ikisi məhkəmədə əməlini etiraf etmişdi.

Ana səhifəXəbərlər”Ora sanki dövlət idarəsi yox, atasının şirkəti idi”