Ölkənin səviyyəsini göstərən yollar

Bunun 205 milyon manatı Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən, 11 milyon 400 min manatı isə Prezidentin Ehtiyat Fondundan ayrılıb.

Mənbə: Meydan TV


Bu ilin 6 ayında yollara 216 milyon 400 min manat ayrılıb

“Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”. Heydər Əliyev.

Bu sözü Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) saytına(www.aayda.gov.az), yazı dili ilə desək, epiqraf seçiblər. Ancaq o sözün bir az düzəlişə ehtiyacı var, çünki sovetlərin vaxtında qismən, müstəqil Azərbaycanda isə yol bütünlüklə yaxşı yeyinti yeri olaraq qalır (“Su həyat mənbəyi olaraq qalır” sözləri yada düşür). Ona görə şüar bir qədər dəyişməlidir: “Yol – iqtisadiyyat, mədəniyyət, sərvət, bir sözlə, həyat deməkdir”. Yəni yol çəkilişindən nə qədər çox qazansan, bir o qədər yaxşı həyat sürəcəksən, həm də təkcə özün yox; ailən, qohum-əqrəba, sürüçü, katibə, bir sözlə, sənə dəxli olan hər kəs…

Ziya Məmmədov nazir olduğu dönəmdə uzun illər yol işinə o baxdı. Onun dövründə, 2009-cu ildə 30 illik təminatla istifadəyə verilən Quba beton yolu (Bakı-Rostov), demək olar, bütünlüklə dağılıb. Həm də 3-4 ildən sonra. Həmin yola 200 milyon dollar xərc çəkilsə də, istismara veriləndən az sonra yol çökməyə başladı. Başbilən “yolçular” beton yolun dağılmış hissələrinə asfalt basdılar. Ancaq dağıntının qarşısını ala bilmədilər, yol tamamilə sıradan çıxdı. 2018-ci il fevralın 19-da İlham Əliyevin sərəncamıyla bu yolun yenidən qurulmasına dövlət büdcəsindən 150 milyon manat vəsait ayrıldı. Ötən ildən başlayaraq yolun müəyyən hissələri özülünə qədər qazılır, torpaqbərkitmə işi aparılmaqla yenidən asfalt çəkilir. İşin ləng aparılması onu deməyə əsas verir ki, bu il həmin yolla bağlı yeni sərəncam və ya sərəncamlar olacaq. 30 illik təminatla yol çəkənlərlə bağlısa hansısa tədbirlərin şahidi olmadıq. Ziya Məmmədov Quran oxumaqla, cənnət arzulamaqla mömin müsəlman statusu qazanıb, görünür, bu da onun cəzalandırılmasının qarşısını alan başlıca amildir.

Ziya Məmmədovdan sonra əldən-ələ keçən yol təsərrüfatımız artıq bir neçə ildir bütünlüklə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və onun sədri Saleh Məmmədova tapşırılıb. Qabaqlar Rayon İcra Hakimiyyətlərinə də yol tikintisi üçün vəsait ayrılırdı, Bakıda isə bu iş üçün vəsait əsasən Bakı Şəhər İcra Hakimiyyətinə verilirdi. İndi hər şey bir əldə – AAYDA-da cəmləşib – 18 oktyabr 2017-ci il tarixli prezident fərmanıyla yaradılan qurumda. Agentliyin Nizamnaməsində göstərilir: “6.1. Agentliyin fəaliyyətinə nəzarət Azərbaycan Respublikasının Prezidenti, həmçinin verilmiş təsisçi səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir”. Nazirlər Kabinetini boş verin, Artur Rasizadəyə qədər də, ondan sonra da o qurumun heç bir səlahiyyəti olmayıb; PA-dan nəyi necə məsləhət biliblərsə, elə də olub. Tabeçilik də ONAdır(agentliklə qarışdırmamalı), illik hesabat da yalnız prezidentə verilir. Yəni kimsə Saleh Məmmədovu və onun rəhbəri olduğu qurumu sorğulaya bilmir. Şərqdən

Qərbə, Şimaldan Cənuba yolların sərəncamı onun əlindədir. Elə yolla bağlı bütün prezident sərəncamlarında onun idarəsinin adı yazılır. Əvvəlcə gəlin bu ilin 6 ayını incələyək.

2019-cu ilin yanvar ayında 5 sərəncamla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 44 milyon 700 min manat ayrılıb.


Fevral ayında 6 sərəncamla 30 milyon 850 min manat;


Mart ayında 2 sərəncamla 9 milyon 200 min manat;


Aprel ayında 11 sərəncamla 68 milyon 750 min manat;


May ayında 4 sərəncamla 32 milyon 300 min manat;

İyun ayında 4 sərəncamla 30 milyon 600 min manat vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bu isə o deməkdir ki, 2019-cu ilin 6 ayında, yəni birinci yarımillikdə AAYDA-ya dövlət büdcəsindən 216 milyon 400 min manat vəsait ayrılıb.

Bunun 205 milyon manatı Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən, 11 milyon 400 min manatı isə Prezidentin Ehtiyat Fondundan ayrılıb.

Yetərincə böyük məbləğdir. Bəs Agentlik bu vəsaiti necə xərcləyir, ildə nə qədər tender keçirir? “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanının 2-ci bəndinə əsasən 50.000 (əlli min) manat və ondan yuxarı həcmdə bütün dövlət satınalmaları tender vasitəsi ilə həyata keçirilir. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti 5.000 (beş min) manatdan 50.000 (əlli min) manatadək olan satınalmalar qanunvericilik tələblərinə riayət etməklə kotirovka sorğusu üsulu ilə həyata keçirilə bilər…” Çox gözəl. Bunu Agentlik öz saytında (www.aayda.gov.az) da yazıb. Deməli, qanundan xəbərləri var. Çünki həmin qanunun başqa bir bəndində yazılıb: “5.3. Tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat 5 bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilir”.

Bəs görək bu 6 ay ərzində AAYDA mətbuatda nə qədər elan yerləşdirib? Bizdə tender elanları “Respublika” qəzetində dərc olunur. Ancaq xeyli vaxt itirib kitabxanada çox axtarsaq da, bu ilin 6 ayı ərzində çıxan “Respublika” qəzetində AAYDA-nın hər hansı elanını tapa bilmədik. Elan yoxdursa, təbii olaraq tenderin nəticələri ilə bağlı da hər hansı satınalma müqaviləsi barədə xəbər də yoxdur. Niyə? 2010-cu il Kür daşqınlarından sonra selin vurduğu ziyanın aradan qaldırılması üçün dövlət büdcəsindən 300 milyon manatdan çox vəsait ayrılmışdı. O vaxt FHN işlərin guya operativ yerinə yetirilməsini əsas gətirərək ona ayrılan vəsaiti tendersiz, yəni müsabiqəsiz xərclədi, bunun üçün Nazirlər Kabinetindən icazə aldı, işi də istədiyi şirkətlərə verdi. Bəlkə, yol çəkilişi də belə “operativlik” tələb edir?!

Qanuna görə tender elanları həm qəzetdə dərc edilməli, həm də tender keçirən qurumun saytında satınalmalar bölməsi olmalıdır. Təəssüf ki, tender elanları və onların nəticələri, qalib şirkət və firmalara bağlı Agentliyin saytında hər hansı xəbər tapa bilmədik.

“Yol mədəniyyət, rahatlıq, müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir” – bu sözləri də İlham Əliyev deyib. AAYDA-nın saytında da yazıblar bunu. Məncə, yolların, həm də ölkənin indiki durumu bu cümlədə daha yaxşı ifadə olunub. Elə təkcə Quba yolunu ömründə ilk dəfə gedən turist Azərbaycanın hansı səviyyədə olduğunu öz gözləriylə görür.

“…Mənə elə gəlir ki, cənab Prezident gələn ilin əvvəlində yəqin ki, Qubada olacaq, çünki oradakı buraxılış obyektləri hazırdır. Birdən Prezident bu yolla getsə, biz hansı vəziyyətdə qalarıq?” – bu sözləri Milli Məclisin 22 noyabr 2017-ci il tarixli iclasında Yevda Abramov çıxışında deyib.

Elə həmin ilin dekabrında, 2018-ci ilinsə oktyabrında İlham Əliyev Qubada oldu, bir sıra obyektlərin açılışında qırmızı lent kəsdi. Bu səfərlər vaxtı Yevda Abramovun hansı vəziyyətdə qaldığını bilmədik, ancaq səfərlə bağlı yayılan şəkillərdən prezidentin məmnun olduğu aşkar görünürdü, baxmayaraq ki, ora həmin dağılmış yolla getmişdi.

Ana səhifəXəbərlərÖlkənin səviyyəsini göstərən yollar