“Oğlumu dubinka ilə döyüb, burnunu sındırıblar”

Bakının “Sovetski” ərazisində yaşayan Cəfərovlar ailəsini evlərindən çıxarırlar. Sakinlər iddia edir ki, dekabrın 22-də Yasamal Rayonu İcra Hakimiyyətinin işçiləri və polislər onlara zor tətbiq edib və ailə üzvlərini döyərək 26-cı polis bölməsinə aparıblar.

“Dünən yaşadığımız şoku ömrüm boyu yaddan çıxara bilmərəm. Mən həyatım boyu belə şey görməmişdim. Təsəvvür edin ki, olanları heç kinoda da görməmişəm. Gördüm ki, pəncərəni daşlayırlar. Yeniyetmə çağında uşağı aparıb gizlətdim çarpayının altında. Evə balonla qaz buraxırdılar. Mən də qışqıranda uşaq çıxdı yatağın altından. Tutdular onu. Gözümün qabağında dubinka ilə, təpiklə vurdular başına. Sürüyə-sürüyə palçığın içində apardılar”, – Elnarə Cəfərova belə deyir.

Cəfərovların yaşadığı 4 mərtəbəli bina keçmiş “Sovetski” ərazisindəki söküləcək obyektlər siyahısındadır. Ailə bazar qiymətlərinə uyğun kompensasiya tələb edir. Köçürülmə komissiyası isə onların bu istəklərini yerinə yetirmir.

“Saat 6 olardı. İcra nümayəndəsi gəldi, aşağıdan oğlumu çağırdı: “Tofiq, Tofiq”. Baxdıq ki, icra nümayəndələridir, yanında da çevik polis alayının əməkdaşları. Düşdülər aşağı. Bir göz qırpımında aləm qarışdı bir-birinə. Ondan bir gün əvvəl komissiyada olmuşuq. Deyiblər ki, adam çoxdur, sizi sonra qəbul edərik. Xəbərdarlıq olmadan, prokurorluğun sanksiyası olmadan onların nə ixtiyarı var 30 nəfər birdən gəlib mənim evimə keçsinlər? Gözyaşardıcı bibər qazını heç yerdə istifadə etmirlər. Mən mitinq keçirirdim evimin içində?! Uşağım bibər qazından zəhərlənib, dünəndən xəstəxanalardayıq”, – Sədaqət Cəfərova deyir.

Sakinlərin məlumatına görə, hadisə günü evdən 5 nəfər polisə müqavimət iddiası ilə 26-cı polis bölməsinə aparılıb. Daha sonra yetkinlik yaşına çatmayan Hüseyn Cəfərov evə buraxılıb. Həkimlər ona aldığı xəsarətlərə görə 3 günün içində burnundan əməliyyat edilməli olduğunu deyiblər.

“Polis idarəsində ərizə yazmışıq ki, bizi vurublar. Polis uşağa dedi ki, sən izahatını dəyiş, yoxsa atanı tutacağıq. Bu uşaqları da (əmisi oğlu və dostu) buraxmayacağıq. Başladılar uşağa təzyiq göstərməyə: “Yaz ki, sən yıxılmısan, onda burnun sınıb”, – Elnarə Cəfərova deyir.

79 yaşlı Faril Cəfərov nəvələrinin döyüldüyündən danışır:

“Aşağı düşəndə gördüm ki, nəvələrimi döyürlər. Yun çırpan kimi çırpırlar. Yaxınlaşdım, dubinka ilə başıma, əlimə vurdular. Nə qoca bildilər, nə cavan. Bunların Allahı yox imiş”.

Ailə üzvləri Prezident Administrasiyasına gedib və Yasamal Rayon Prokurorluğuna müraciət ediblər. Hadisə ilə bağlı bəzi sakinlərdən adlığımız məlumata görə, polis sakinlərdən həm də 3 min manat məbləğində rüşvət tələb edib ki, həbs edilənləri azadlığa buraxsın. İstirahət günü olduğundan müvafiq dövlət qurumlarından cavab ala bilmədik. DİN sözçüsü Orxan Mansurzadə isə iddialara sabah aydınlıq gətirə biləcəyini deyib.

Ana səhifəVideo“Oğlumu dubinka ilə döyüb, burnunu sındırıblar”