Ofşor zonalarda şirkət, əlillər üçün pulsuz təhsil, şagirdlərin məcburi üzgüçülüyü…

Deputatlar hökumətə təkliflər verdi

Source: Meydan TV


Deputatlar hökumətə təkliflər verdi

Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlament üzvləri müxtəlif təkliflərlə çıxış ediblər.



“Ofşor zonalarında bank və maliyyə şirkətləri yaradılsın”

Deputatlar Fəzail Ağamalı bildirib ki, ofşor zonalarında bank və maliyyə şirkətlərin yaradılması ölkənin maliyyə sisteminin əhəmiyyətli dərəcədə yüksəlməsinə xidmət edə bilər. O bildirib ki, xarici borclar alaraq iqtisadiyyatın inkişafına təkan verilməlidir. Deputatın sözlərinə görə, inkişaf etmiş ölkələrdə xarici borc ümumdaxili məhsuldan artıq olur:

“Amma bu, onların iqtisadi inkişafına mane olmur. Ölkədə maliyyə dövriyyəsinin gücləndirilməsi üçün bank sistemi sağlamlaşdırılmalıdır. Sığorta maliyyə şirkətlərindən, investisiya fondlarından ciddi maliyyə imkanları qazanaraq bank sistemini sağlamlaşdırmaq mümkündür”.



“Əlilliyi olan tələbələr təhsil haqqından azad edilsin”

Deputat Siyavuş Novruzov əlilliyi olan tələbələrin təhsil haqqından azad edilməsini təklif edib. O bildirib ki, bir qrup əlil tələbə təhsil haqqından azad edilməsi üçün müraciət edib. Deputatın sözlərinə görə, əlil tələbələrin sayı elə də çox deyil və onların təhsil haqlarının bir hissəsini dövlət, bir hissəsini universitetlər, bir hissəsini də sahibkarlar öz üzərinə götürsə, yaxşı olar:

“Onların təhsil haqqından hansısa formada azad olunması bu kateqoriyadan olan şəxsləri tam şəkildə təhsil almasına imkan yarada bilər. Bu cür tələbələrin sağlamlığının qayğısına qalmağa ehtiyacları var”.



“Şagirdlər məcburi şəkildə üzgüçülüyə cəlb edilməlidir”

Deputat Elmira Axundova da əlillərlə bağlı təklif verib. O bildirib ki, əlillərin işsizlik məsələsi ilə problemlər var:

“Baxmayaraq ki, qurumlarda bununla bağlı kvota tətbiq olunur, amma əllilərin işə götürülməməsi üçün əllərindən gələnləri edirlər. Bu da əllilərin işlə təmin olunması məsələsində ciddi problemlər yaradır".

Deputat həmçinin təklif edib ki, şagirdlər məcburi şəkildə həftədə bir dəfə hovuzda üzgüçülüyə cəlb edilməli və bu, dövlət hesabına həyata keçirilməlidir.

O təklifini belə əsaslandırıb ki, Azərbaycan böyük çaylar axır, hər il yüzlərlə insan Xəzər dənizi, Kür və Araz çaylarında boğulurlar:

“Avropa təcrübəsini öyrənəndə görürük ki, orada şagirdlərə üzgüçülüyü öyrətməyə çalışırlar. İnanın, heç bir artıq xərc insan həyatından önəmli deyil”.



“Milli Qəhrəmanlara ev verilsin”

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Qəhrəmanların evlə təmin olunmasını təklif edib. O bildirib ki, ölkədə Milli Qəhrəmanların İctimai Birliyi fəaliyyət göstərir: “Onlar ölkə başçısına Milli qəhrəmanlarla bağlı ayrıca qanunun hazırlanması təklifi ilə müraciət ediblər. Bu gün Azərbaycanda sağ olan və yaşayan çox az sayda Milli Qəhrəmanlar var, evlə təmin olunmayıblar. Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu nəzərə alıb, yaxın gələcəkdə onları evlə təmin etsə, yaxşı olardı”.

Deputat həmçinin Mingəçevirdə 1940-50-ci illərdə tikilmiş taxta konstruksiyalı evlərlə bağlı təklif verib:

“Fövqəladə Hallar Nazirliyi həmin evlərin qəzalı vəziyyətdə olması barədə rəy verib. Hökumət bu məsələ barədə Prezidentə məlumat versə, problemin həllinin tapacağına inanıram”.



“Tibbi sığortanın tətbiqi səhiyyədə qanunsuz ödənişlərin qarşısını alacaq”

Deputat Rəşad Mahmudov səhiyyəyə dövlət maliyyəsinin artırılmasını təklif edib. O bildirib ki, gələn ildən Azərbaycan ərazisində icbari tibbi sığorta sistemi tətbiqindən sonra səhiyyə sistemində qanunsuz ödənişlərin qarşısı alınacaq, tibb işçiləri qanuni şəkildə gəlir əldə etmək imkanı əldə edəcəklər.

R.Mahmudov qeyd edib ki, Azərbaycanda lazımi tibbi xidmət göstərmək üçün bütün imkanlar var:

“Son illər 700-dən çox texnika ilə təmin edilən xəstəxanalar məhsuldarlığın artırılmasına imkanlar yaradır. Bütün bunlarla yanaşı tibbi xidmətin əlçatanlığı, xidmətin keyfiyyətinin artırılması vacibdir”.



Vitse-spiker yataqxanalar tikilməsini təklif edir

Parlamentin vitse-spikeri Valeh Ələsgərov Azərbaycanda tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürüb. O deyib ki, 2016-cı ilə Milli Məclis tərəfindən "Tik-idarə et-təhvil ver" (TİT) modeli ilə bağlı qanun qəbul edilib:

“Dünyanın bir çox ölkəsində bu modeldən səmərəli istifadə olunur, körpülər, tunellər hava limanları tikilir. Bu qanuna lazım olan dəyişiklilkləri etsək, ona uyğun qaydalar, normativ aktlar hazırlasaq, şəhərciklərin tikilməsi və lazımı səviyyədə istismarı üçün qanunvericilik bazanı yarada bilərik.

Bunlar hazır olandan sonra Təhsil Nazirliyi müvafiq qaydaları müəyyən edir, həmin qaydalara uyğun tenderlər keçirilir və şəxsi mülkiyyətdə olan şirkətlər o tenderdə iştirak edərək qalib gəlir. Həmin şirkətlər yataqxana tikə, onları istismar edə bilər və bizim tələbələr üçün yetərincə yüksək səviyyədə şərait yaradaraq onların oxuması və yaşaması üçün şərait yarada bilərik”.

V.Ələsgərov bu yataqxanaların tikintisi üçün maliyyə mənbəyi tapmaqla bağlı təkliflərini də irəli sürüb. Sədr müavininin sözlərinə görə, dövlət bu yükü öz üzərinə götürsə, qısa bir müddətdə həll edə bilməyəcək, ona görə də, biznes strukturlarını bu işə cəlb eməyi məqsədəuyğun hesab edir.



“Ağsu çayı üzərində bənd salınsın”

Deputat Tahir Kərimli Ağsu çayı üzərində bənd salınmasını təklif edib. O bildirib ki, son 10 ildə Ağsu çayı ətrafında cəmi 200 metrlik bənd salınıb:

“Hər dəfə bu çay daşanda onun fəsadlarının aradan qaldırılması üçün xeyli vəsait sərf olunur. Nazirlər Kabinetinə təklif edirəm ki, Ağsuda dəymiş ziyanın qarşısını almaq üçün çayın kənarı 2 km uzunluğunda bəndləşdirilsin. Bu, həm şəhərimizi gözəlləşdirər, həm də təsərrüfat həyatımızı yaxşılaşdırar. Mən indiki vəziyyətdə cürət edib Ağsu çayı qarşısında süni göl yaratmağı demirəm. Bununla Kürdəmirə qədər suvarma işlərini təmin etmək, balıqçılığı inkişaf etdirmək, elektrik stansiyası tikmək olar və s. Bunlar çox vəsait tələb edir. Amma bəndatma işlərini həyata keçirmək olar”.

Müzakirələrdən sonra Nazirlər Kabinetinin illik hesabatı səsə qoyularaq təsdiq edilib.

Ana səhifəXəbərlərOfşor zonalarda şirkət, əlillər üçün pulsuz təhsil, şagirdlərin məcburi üzgüçülüyü…